Azərbaycan yaxın günlərdə Əfqanıstana yeni hərbi kontingent göndərəcəkdir

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir, general-polkovnik Səfər Əbiyev dekabrın 17-də Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Rangin Dardfar Spanta ilə görüşmüşdür.

Nazirlər Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlığın mövcud vəziyyəti onun daha da inkişaf etdirilməsi barədə ətraflı fikir mübadiləsi aparmışlar.

Səfər Əbiyev Azərbaycan Prezidenti İlham Əliyevin Əfqanıstanla əlaqələrə böyük əhəmiyyət verdiyini qonağın diqqətinə çatdırmışdır.

Görüşdə Əfqanıstanda xidmət göstərən Azərbaycan sülhməramlılarının fəaliyyəti yüksək qiymətləndirilmişdir. S.Əbiyev yaxın günlərdə yeni hərbi kontingentin Əfqanıstana yola düşəcəyini bildirmişdir.

 

Azərbaycan.-2008.-18 dekabr.-S.2.