Azərbaycan ilə Misir arasında əlaqələr uğurla inkişaf edir

 

AzərTAc xəbər verir ki, dekabrın 17-də Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Misir Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən MDB ölkələri ilə Texniki Əməkdaşlıq üzrə Fondun baş katibi xanım Safiya İbrahim Aminlə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ölkələrimiz arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilmiş, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olunmuşdur.

S.İ.Amin rəhbərlik etdiyi fondun ölkəmizlə əməkdaşlığı çərçivəsində Azərbaycanın xarici siyasət idarəsinin vasitəsi ilə bir çox sahələrdə müxtəlif təlimlərin keçirildiyini, habelə Azərbaycan XİN-in Diplomatik Akademiyası ilə səmərəli iş birliyinin mövcudluğunu xüsusi vurğulayaraq, bu tədbirlərin Misirlə Azərbaycan arasında geniş səpkidə uğurla inkişaf edən əlaqələrə töhfə verdiyini demişdir.

E.Məmmədyarov Misir Texniki Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətini vurğulamışdır. Nazir Azərbaycanda dərin ənənəyə malik Şərq dillərinin tədrisi sisteminin olmasını qeyd edərək, bu fond tərəfindən XİN-in əməkdaşları üçün ərəb dilinin təkmilləşdirilməsi üzrə təlimlərin keçirilməsinin məqsədəmüvafiqliyini bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2008.-18 dekabr.-S.2.