"Əbədiyaşar ömrün manifesti" kitabının təqdimatı keçirilmişdir

 

AzərTAc xəbər verir ki, dekabrın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Əbədiyaşar ömrün manifesti" kitabının təqdimat mərasimi keçirilmişdir.

Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş kitab görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevə həsr edilmişdir.

Mərasimdə elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Kitabın müəllifi, Rusiyanın Novosibirsk şəhərində yaşayıb fəaliyyət göstərən şair-publisist, "Qızıl qələm", "Məmməd Araz" mükafatları laureatı Mirkazım Seyidov tədbirdə çıxış etmişdir. Müəllif poemada professor Mir Cəlal Paşayevin böyük ziyalı, vətəndaş, təəssübkeş alim və ustad pedaqoq, həmçinin nəcib, nurlu şəxsiyyət obrazını yaratmaq istədiyini bildirmişdir.

On altı fəsildən ibarət olan poemada müəllif Bahar obrazı ilə bütöv bir xalqın həyatını əks etdirən yazıçının dünyagörüşünü, cəmiyyətdə tutduğu mövqeyi canlandırmışdır. Eyni zamanda bu böyük şəxsiyyətin yaşadığı dövrü, mühiti və bu mühitin onun büllur mənəviyyatına təsir edə bilmədiyini qabarıq şəkildə göstərməyə müvəffəq olmuşdur.

Nəfis tərtibatla çapdan buraxılmış kitabda Mir Cəlal Paşayevin həyatının müxtəlif anlarını əbədiləşdirən 22 rəngli fotoşəkil də yer almışdır.

"Nurlan" nəşriyyatında çap olunmuş kitabın redaktoru AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovdur.

 

 

Azərbaycan.-2008.-18 dekabr.-S.2.