Beynəlxalq Valyuta Fondu Azərbaycanda iqtisadiyyatın artım tempini 12 faiz proqnozlaşdırır

 

AzərTAc xəbər verir ki, dekabrın 17-də Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) büdcə missiyasının rəhbəri Valeriya Fikera səfərinin yekunlarına dair mətbuat konfransı keçirmişdir.

2009-cu ilin büdcəsi ilə tanış olan V.Fikera hökumətin bu dəfə daha ehtiyatlı davrandığından razı qaldığını vurğulamışdır. Neftin qiymətinin dünya bazarlarında düşməsi amilinə diqqət yetirən qonaq bunun Azərbaycan büdcəsinə risk təsirinin elə də böyük olmayacağını demişdir. "Əgər qiymətlər bu həddə, yəni bareli 30-40 dollar arası dəyişməkdə davam edərsə, onda bu məsələ hökuməti və bizi narahat edə bilər. Yalnız bu zaman risk barədə düşünməyə və dəyişiklik etməyə dəyər".

BVF-nin gələn il Azərbaycanla bağlı proqnozuna toxunan missiya rəhbəri ölkə iqtisadiyyatında artımın 12 faiz olacağının gözlənildiyini bildirmişdir. Bunun 6 faizi qeyri-neft sektorunun payına düşəcəkdir. Bu proqnoz gələn ilin iyununda bir daha nəzərdən keçiriləcəkdir. İnflyasiya göstəricilərinin də aşağı salınmasının makroiqtisadi vəziyyətə müsbət təsiri olacaqdır.

Milli Bankda və Maliyyə Nazirliyində keçirdiyi görüşlərə toxunan V.Fikera ölkənin pul siyasətində atılmış addımların alqışlanmağa layiq olduğunu söyləmişdir. Onun sözlərinə görə, xüsusilə Milli Bankın son 1 ayda faiz dəhlizini aşağı salması böhranın qarşısını almaq istiqamətində ən vacib əməliyyatdır. "Milli Bankdakı görüşümdə mən bir daha əmin oldum ki, ölkənin mərkəzi bankı hər bir riskə hazırdır",- deyə o vurğulamışdır.

Sonda Valeriya Fikera jurnalistləri xəbərlərdə və proqnozlarda təhrifə yol verməməyə çağırmışdır: "Belə təhriflər çox pis nəticələrə gətirib çıxarır. Xahiş edirəm, belə incə məqamlarda daha diqqətli olasınız".

 

 

         Azərbaycan.-2008.-18 dekabr.-S.2.