Sürətli və davamlı
inkişafın ilk beş ili
İqtisadi inkişafının yeni keyfiyyət mərhələsini yaşayan Azərbaycan cəmiyyəti aşkarlıq və şəffaflıq tələb edən vətəndaş cəmiyyətinə transformasiya mərhələsini uğurla adlamaq üzrədir. Keçid mərhələsini başa vurmaqda olan respublikamız demokratik inkişaf yolunun dönməzliyini və əbədiliyini özü üçün tam yəqinləşdirərək xalqın gələcək inkişafında bu mütərəqqi dəyərlərin rolunu və əhəmiyyətini xüsusi önə çəkir. Bu mərhələnin səciyyəvi cəhətlərindən biri də effektli dövlət idarəçiliyi sisteminin yaradılması məqsədilə demokratik ruhlu islahatların dərinləşdirilməsi, habelə vətəndaş cəmiyyəti institutlarının inkişafına, liberal siyasi mühitin formalaşmasına xidmət edən kompleks tədbirlər sisteminin həyata keçirilməsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə davamlı və yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat sisteminə inteqrasiyası mümkün deyildir. Eləcə də iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər əsasən uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi ilə bir araya sığmır. Bu baxımdan Azərbaycan Prezidenti hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şərtilə real hesab edir.
Dövlət başçısı hesab edir ki, kəskin sıçrayışlarla müşayiət olunan bütün islahatlar, təfəkkürün tez bir zamanda yenidən formalaşması praktik olaraq qeyri-mümkündür. Belə radikal islahatlar inkişafa deyil, keçid prosesinin ləngiməsinə gətirib çıxarır. Azərbaycanda mərhələlərlə gerçəkləşdirilən siyasi-hüquqi islahatların əsas qayəsində isə ölkədə liberal dəyərlərin, insan və vətəndaş hüquq və azadlıqlarının prioritetinə əsaslanan, cəmiyyətdə təkamül yolu ilə əxz edilən suveren demokratiya modelinin formalaşdırılması məqsədi dayanır.
Qısa müddətdə demokratik inkişaf yolunda qazandığı nəticələrlə qətiyyən kifayətlənməyən Azərbaycan bu qlobal proseslərdə yerini, rolunu, iştirak formalarını və imkanlarını müəyyənləşdirmək üçün inkişaf etmiş bir sıra dövlətlərin beynəlxalq inteqrasiya xüsusiyyətlərini, mütərəqqi dəyişikliklərə və islahatlara necə nail olduqlarını dərindən öyrənməyi də vacib sayır. Respublikamız demokratiyanın universal prinsiplərindən uzaqlaşmamaq şərtilə özünün milli-tarixi adət-ənənələrini, siyasi-mədəni köklərini, milli-mənəvi dəyərlərini ehtiva edən demokratiya modeli formalaşdırmağa çalışır. Tranzit mərhələsini yaşayan postsosialist dövlətləri, eləcə də müstəqil Azərbaycan üçün demokratikləşmə tendensiyasının əsas hədəfi totalitar siyasi sistemin - bütün institutları, strukturları və münasibətləri ilə birlikdə tamamilə yeni siyasi sistemə transformasiyasından ibarətdir. Son 5 ildə respublikamızda demokratikləşmə prosesinin dövlətin siyasi, iqtisadi, sosial, mədəni həyatının modernləşdirilməsi, əhalinin maarifləndirilməsi, təfəkkürünün və vərdişlərinin tədricən dəyişdirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə birlikdə həyata keçirilməsi deməyə tam əsas verir ki, Azərbaycanda demokratik transformasiya milli inkişaf strategiyasının ana xəttinə çevrilmişdir.
Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində respublikamızda politoloji və fəlsəfi elmin qarşısında duran başlıca vəzifələrdən biri də dünyadakı qlobal proseslər fonunda Azərbaycanın demokratik inkişaf strategiyasının nəzəri əsaslarını müəyyənləşdirmək, fərqli yanaşmalar ortaya qoymaqdır. Son illər qloballaşma, demokratik inkişaf və modernləşmə məsələləri ilə bağlı cəmiyyətə təqdim olunan elmi tədqiqatlar sırasında Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin əsərləri elmi sanbalı, politoloji-fəlsəfi məzmunu, aktuallığı ilə fərqlənir. Bu əsərləri oxuyan hər bir şəxs təkcə Azərbaycanda deyil, bütün dünyada cərəyan edən demokratikləşmə prosesləri, yeni demokratik meyillər, nəzəriyyələr barədə dolğun və hərtərəfli təsəvvürə malik olur.
Bu baxımdan filosofun "Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" sərlövhəli yeni əsəri respublikamızda son beş ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi inkişaf və demokratikləşmə proseslərinə, eyni zamanda inkişafın perspektiv hədəflərinin düzgün müəyyənləşdirilməsinə yönəlmiş sanballı tədqiqat əsəri, yeni futuroloji yanaşma kimi ciddi maraq doğurur. Əsəri diqqətlə nəzərdən keçirərkən bu reallıq bir daha tam təsdiqini tapır ki, Qərb dövlətlərinin bir neçə yüzillikdə keçdiyi kapitalist inkişaf yolunu respublikamız çox qısa müddətdə keçmiş, siyasi mühitin liberallaşması, demokratikləşmə sahəsində həlledici uğurlara imza atmış, avrostrukturlara inteqrasiya sahəsində inamlı addımlar atmışdır. Cənab İlham Əliyev özünün praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, respublikanın iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır. 2003-2008-ci illərdə respublikada elmi əsaslara söykənməklə həyata keçirilən siyasət sabit iqtisadi və siyasi sistemin yaradılması, sosial vəzifələrin həlli, əhalinin sosial-rifah halının, alıcılıq qabiliyyətinin yüksəldilməsinə, cəmiyyətdə ictimai konsensusun əldə edilməsinə yönəlmişdir. Qazanılan uğurlar Azərbaycanın davamlı və sonu görünməyən demokratiya magistralında uğurla irəliləməsinə, dünya miqyasında nüfuzunu yüksəltməsinə, özünüifadəsinə geniş imkanlar yaratmışdır.
Akademik dərin müqayisə və elmi təhlil əsasında qələmə aldığı "Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" əsərində cənab İlham Əliyevin birinci müddətə Prezident seçildiyi dövrü mürəkkəb, çətin və məsuliyyətli bir mərhələ kimi səciyyələndirir. Filosofun qənaətincə, Azərbaycan Prezidenti zaman etibarilə qısa bir müddətdə həyata keçirdiyi qlobal layihələrdə xalqın öz taleyini ona etibar etməkdə qətiyyən yanılmadığını təsdiqləmiş, ulu öndərin hakimiyyəti dövründə zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirmişdir. Azərbaycanın taleyində yeni epoxanın başlanğıcına çevrilmiş 2003-cü ilin 15 oktyabr seçkiləri, eyni zamanda cəmiyyətin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşdiyini, demokratik seçki mübarizəsində şüarçılığa, populizmə və qeyri-real vədlərə yer olmadığını təsdiqləmişdir. Respublikanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında yeni intibah mərhələsinin əsasını qoymuş bu seçkilər, eyni zamanda xalqın strateji seçiminin alternativsizliyini və dəyişməzliyini sübuta yetirmiş, mütləq çoxluq gələcək taleyini etibar edə biləcək sınanmış komanda və Liderə etimad göstərmişdir. Təkamülə əsaslanan demokratik inkişaf tərəfdarı olan xalqımız konkret planlara malik çevik, işlək və monolit komandaya güvəndiyini bir daha təsdiqləmişdir.
Akademik Ramiz Mehdiyevin yüksək elmi-politoloji siqlətə malik əsərində yer almış əsas qənaətlərdən biri də məhz budur ki, 2003-cü ildə Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin labüdlüyünü şərtləndirən ən başlıca amil, şübhəsiz, bu kursun bütünlüklə Azərbaycanın dövlətçilik maraqlarının həyata kecirilməsinə yönəlməsindən ibarət olmuşdur. Bu siyasətin varisliyinin qorunub saxlanılması zərurəti Azərbaycan cəmiyyətinin sosial sifarişi kimi ortaya çıxmaqla yanaşı, dünyanın bir çox fövqəlgüc dövlətlərinin, aparıcı mərkəzlərinin strateji maraq dairəsində olmuşdur. Cənab İlham Əliyevin bu siyasi kursa dair baxışlar sisteminin institutlaşmış xarakter daşıması, bu baxışların taktiki, strateji və perspektiv rakursunda Heydər Əliyev siyasətinin ehtiva etdiyi prioritetlərin dayanması, praqmatik, müasir lider imicinə malik olması onun ictimai rəydə önə çıxmasını şərtləndirmişdir.
Əsərdə Azərbaycan Prezidenti İlham Əliyevin ilk gündən dövlətçiliyin, ictimai-siyasi sabitliyin təmini istiqamətində həyata keçirdiyi prinsipial addımlar da xatırladılır, dövlət başçısı ekstremal situasiyalara hazır qətiyyətli lider kimi dəyərləndirilir. Həqiqətən də, 2003-cü ilin postseçki mərhələsinin nihilist, radikal və ziddiyyətli siyasiləşmə ilə müşayiət olunmasına rəğmən cənab İlham Əliyev siyasi iradə göstərərək bu neqativ meyillərin qarşısını əzmkarlıqla almış, ölkənin yenidən xaos və anarxiya mühitinə yuvarlanmasına yol verməmişdir. Seçki ərəfəsində və sonra respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş xarici və daxili təzahürlərin qətiyyətlə aradan qaldırılması dövlət başçısının xalqın dəstəyinə arxalanan, dövlətçiliyin müdafiəsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirmişdir. "2003-cü ildə proseslərin gedişi müxtəlif istiqamətlərə, vektorlara və oriyentirlərə yönələ bilərdi. Əvvəla, ümummilli liderin banisi olduğu, möhkəm təməllərə söykənən suveren Azərbaycanın tarixində dahi siyasətçinin həyatdan getməsi kimi sarsıntıdan doğan gərginlik, tərəddüd ovqatı mövcud idi. Əvəzolunmaz siyasət öndərini əvəzləyə biləcək hər bir şəxsiyyət bu zirvə-etalonla müqayisə edilirdi. Azərbaycan tarixində də dəfələrlə baş verən uğursuzluq mərhələsinin təkrar olunma ehtimalı istisna deyildi. Ancaq müstəqillik illərində əldə edilən inkişafın yüksələn xəttinin durğunluqla əvəzlənəcəyi proqnozu nisbətən qeyri-real idi. Çünki Azərbaycan Yaponiya və ya nə vaxtsa Böyük Britaniyanın olduğu kimi, dünya siyasi xəritəsində nisbətən təcrid olunmuş ada dövləti deyildi. Tarixi taleyin hökmü ilə Azərbaycan həmişə öz seçimindən asılı olmayaraq, qlobal geosiyasi maraqların cəlb edildiyi məkan olmuşdur. Elə 2003-cü ilin ən müxtəlif mənbəli mətbuatını izləsək, Azərbaycanın yüksəlişinin əleyhdarları olan qüvvələrin nə qədər fəallaşdığını aşkar görərik. Lakin onların bütün cəhdlərinə baxmayaraq, 2003-cü ilin prezident seçkiləri ən müasir tariximizin dönüş nöqtəsi oldu" - deyə akademik Ramiz Mehdiyev cənab İlham Əliyevin dövlətçilik sınağından uğurla çıxdığını və ölkəni sürətli inkişaf yoluna çıxardığını vurğulayır.
Akademik Ramiz Mehdiyev respublikamızın bu mərhələdən üzləşdiyi problemlərə də diqqət çəkərək demokratik cəmiyyətin yaradılmasında təkamül yoluna üstünlük verilməsi ideyasını müdafiə edir. 2003-2005-ci illərdə bəzi MDB dövlətlərinə ixrac edilən "məxməri inqilab" ssenariləri təsdiqləmişdir ki, demokratik proseslərin inqilabi yolla sürətləndirilməsi, kor-koranə transferi xalqa uğurlu heç nə vəd etmir. Hər bir ölkənin daxilində mütləq demokratik proseslərin getməsinə real zəmin yaradılmalı, tətbiq olunan yeniliklər ictimai şüur tərəfindən tam şəkildə mənimsənilməlidir. Bu yanaşma tərzi öz iddiasını dünyaya qəbul etdirməyə çalışan, milli məxsusluğa arxa çevirib, dünyaya yeni mövcudluq üsulu vermək istəyən ayrı-ayrı siyasi mərkəzlərə, alimlərə, fikir sahiblərinə ən tutarlı cavabdır.
Akademik Ramiz Mehdiyev həmçinin qeyd edir ki, müasir dünyada demokratik dəyərlərin yayılması kifayət qədər sabit xarakter alsa da, özlüyündə demokratiya mücərrəd anlayışdır və nəzərdə tutulan son məqsədə çatmaq üçün hansısa bir konkret çıxış nöqtəsi kimi baxmağa imkan vermir. Bu baxımdan demokratiya xalq hakimiyyəti ideyalarının yad, yaxud yeni olduğu məkanlarda yalnız təkamül və inkişaf yolu ilə keçirilməlidir. Hər bir nəzəriyyə kimi, o da əvvəlki stereotiplərin bütünlüklə yox edilməsini, habelə başqa davranış normaları və standartlarının formalaşması üçün vaxt tələb edir. Bütün bunlara nəzərən akademik Ramiz Mehdiyev "narıncı inqilab" ssenarisinin məhz Azərbaycanda iflasa uğradığını da haqlı olaraq qeyd edir: "Ötən beş ilin hadisələr və ideyalarla bol olan qlobal və milli mənzərəsinə hətta sistemli, "panoram baxış" da onların hamısı üzərində dayanmağa imkan vermir. Postsovet məkanını bürüyən "narıncı inqilab" dalğasının doğurduğu sərməstlik, kənar mənbələrdən yönəldilən, müstəqil fəaliyyətə, dövlətçilik şüuruna malik olmayan müxalifətin sabitliyi pozmaq, dövlət çevrilişi etmək cəhdləri, ulu öndərin siyasi xətti nəticəsində qlobal geosiyasi enerji layihələrinin mərkəzinə çevrilmiş Azərbaycanın uğurları ilə müqayisədə uğursuzluq zolağına qədəm qoyan ölkələrin dövlətimizin Qərblə strateji enerji tərəfdaşlığının hər vəchlə qarşısını almaq cəhdləri və sair - bütün bunlar İlham Əliyevin prezidentliyinin ilk mərhələsində mövcud olan problem və təhdidlərin hələ tam olmayan siyahısıdır. Xalqın seçimi ilə hakimiyyətə gələn dövlət başçısı Azərbaycanı istəməyən qüvvələrə birmənalı, sərt bəyanat verdi: "Azərbaycanda çevriliş və inqilab üçün heç bir əsas yoxdur. Dövlət və vətəndaşın milli konsolidasiyası bu cür cəhdləri puça çıxarır!" - deyən görkəmli filosofun diqqəti çəkən mülahizələrindən biri də budur ki, 2003-cü ilin prezident seçkiləri siyasi sistemin demokratik transformasiyasında siyasi mədəniyyəti sarsılmaz ənənəyə, Azərbaycanda demokratik dövlət quruculuğunun siyasi-intellektual fenomeni səviyyəsinə yüksəltmiş, ölkədə davamlı və işlək siyasi texnologiyanın gerçəkləşməsinin başlanğıcı qoyulmuşdur.
Əsərin ideya məzmununda yer alan əsas qənaətlərdən biri də ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı son beş ildə özünün keyfiyyətcə yeni və həlledici mərhələsinə qədəm qoymuş, bir sıra sahələrdə kardinal islahatların aparılmasına siyasi, hüquqi və maddi zəmin hazırlamışdır. Respublikamızda formalaşmaqda olan yeni makroiqtisadi mühit - ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, beynəlxalq iqtisadi münasibətlər sisteminə uğurlu transformasiya, habelə qlobal enerji-kommunikasiya, innovasiya layihələrinin həyata keçirilməsi nəticə etibarilə demokratikləşmə və vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişafına, tətbiq olunan mütərəqqi yeniliklərin total şüurda mənimsənilməsinə imkan yaratmışdır. Azərbaycanın sürətli iqtisadi inkişaf tempi cəmiyyətdə ictimai konsensusun əldə olunmasına, liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun daha da genişləndirilməsini də obyektiv zərurətə çevirir.
Əsərdə 2008-ci ilin prezident seçkilərinə də xüsusi toxunulur, seçki kampaniyası ölkədə siyasi mədəniyyətin, iqtidar-müxalifət münasibətlərinə sivil baxışın formalaşması baxımından yeni mərhələ kimi səciyyələndirilir. Akademikin fikrincə, hər bir ölkədə seçkilərin gedişi ərazi quruluşu, idarəetmə formaları və ən başlıcası, siyasi mədəniyyət və ənənələrdən asılı olaraq fərqlənir. Siyasi stratifikasiyanın tərkibindən asılı olaraq, təşviqat və təbliğat sivil və ya qəddar formalarda həyata keçirilir: "Yalnız zaman duyumu, vətəndaşla dialoqa yönəmli siyasi liderin şəxsi nümunəsi və iradəsi hər hansı formanın seçimini, sivil istiqamətə yönəlməsini təmin edə bilər. Dünya birliyi 2008-ci ilin seçkilərində qeyri-korrekt texnologiyanın, falş-piarların tətbiq edilmədiyini etiraf etdi. Azərbaycan xalqı isə siyasi yetkinliyə doğru daha bir çox önəmli addımlar atdı" - deyə əsərdə vurğulanır.
Əsərdə ölkədə yeni siyasi münasibətlər sisteminin, siyasi mədəniyyətin formalaşması inkişaf prosesinin mühüm stimulvericisi kimi önə çəkilir. Xüsusi vurğulanır ki, ölkədə siyasi sistemin, iqtisadiyyatın, institusional strukturun və infrastrukturun modernləşməsinin ən mühüm amili kimi inkişaf edən siyasi mədəniyyətin qazanılmış səviyyəsi növbəti uğurların real zəminidir. Siyasi mədəniyyət milli dövlət identifikasiyasından bəhrələnərək, ümumbəşəri dəyərləri də əhatə etməli, siyasi proseslərdə bütün ictimai-siyasi qüvvələrin tarazlığını təmin edərək, demokratiyanı süni şəkildə tətbiq etmək, genişləndirmək cəhdlərinə sədd çəkməlidir. Bu da öz növbəsində milli birliyin, həmrəyliyin gücünə əsaslanır.
Əsərdə belə bir fikir də diqqəti çəkir ki, hazırda Azərbaycan cəmiyyətini maraqlandıran əsas sual demokratik cəmiyyətdə yaşayıb-yaşamayacağımız deyildir. Çünki demokratiya inkişaf xəttimizin əsas mahiyyəti və başlıca elementinə çevrilmişdir. Ölkənin hər bir düşüncəli vətəndaşı üçün əsas sual Azərbaycan demokratiyasının hansı istiqamətdə inkişaf edəcəyi perspektivləridir. Bu sual müasirliyi, dünyəviliyi, inkişafı prioritet elan etmiş Azərbaycan dövləti üçün mühüm məsələlərdən biridir.
Ümumilikdə, əsərin ideya qayəsindən bir daha bəlli olur ki, son beş ildə ölkədə milli maraqlara əsaslanmaqla həyata keçirilən siyasət Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ açmaqla yanaşı, qısa müddətdə reallaşdırılması inanılmaz görünən böyük uğurlara imkan yaratmışdır. Zamanın "sürət" simvolu ölkəyə rəhbərlik edən siyasi liderin həssas fəhmi sayəsində fəth edilmiş, sürət tempi milli məqsədlərə tabe olunmuşdur. Bu, Azərbaycanın XXI yüzillikdə "gecikən ölkələr" qismində tarixi proseslərin autsayderi deyil, məhz dəyişikliklərin dinamik lideri olan dövlət kimi perspektivdə daha böyük uğurlara imza atacağına ən ciddi təminatdır.
İlham MƏMMƏDZADƏ,
AMEA-nın Fəlsəfə və
Siyasi-Hüquqi Tədqiqatlar
İnstitutunun direktoru
Azərbaycan.-2008.-18 dekabr.-S.3.