Parlament Konstitusiya islahatları ilə bağlı müzakirələrə
başladı
Dekabrın 18-də Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
məsələləri və İnsan hüquqları daimi
komissiyalarının birgə iclası keçirildi. İclasda
"Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr
və dəyişikliklər edilməsi haqqında"
Referendum Aktının layihəsi müzakirə edildi.
Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu məsələləri
daimi komissiyasının sədri Əli Hüseynov bildirdi ki,
son dövrlər cəmiyyətimizdə Konstitusiyaya dəyişikliklər
edilməsi ilə bağlı ciddi müzakirələr gedir. Xatırladaq
ki, parlamentin sonuncu iclasında Yeni Azərbaycan
Partiyasının sədr müavini, partiyanın icra katibi,
Milli Məclisin deputatı Əli Əhmədov və digər
deputatlar Konstitusiyaya dəyişikliklərin edilməsinin zəruriliyi
məsələsini bir daha vurğulamışlar. Bununla əlaqədar
Milli Məclisin Sədri Oqtay Əsədov tərəfindən
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri
və İnsan hüquqları daimi komissiyalarına
tapşırıq verilib, parlamentdə işçi qrup
yaradılıb. Qısa zaman çərçivəsində
işçi qrup Konstitusiyaya əlavələr və dəyişikliklər
edilməsi ilə bağlı Referendum Aktı layihəsini
hazırlamışdır.
Əli Hüseynov
bildirdi ki, 1995-ci ildə ümumxalq referendumu ilə müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul
olunub, 2002-ci ildə isə ona çox əhəmiyyətli əlavələr
və dəyişikliklər edilib. Azərbaycanın siyasi,
iqtisadi inkişafı, sürətlə həyata keçirilən
siyasi islahatlar, bu islahatların iqtisadi islahatlarla paralel
keçirilməsi, demokratik inkişaf sahəsində əldə
edilən uğurlar bu gün Konstitusiyaya bir daha nəzər
salmağı, Əsas Qanunu daha da təkmilləşdirməyi
zərurətə çevirib. Qarşıda duran ən vacib vəzifə
Azərbaycan dövlətinin Konstitusiya əsaslarını
möhkəmləndirməkdən ibarətdir. Bugünkü
ictimai-siyasi vəziyyət, mövcud şərait konstitusion əsasları
daha da möhkəmləndirməyi zəruri edir.
Əli Hüseynov
Referendum Aktı layihəsi barədə ətraflı məlumat
verdi. Onun sözlərinə görə, əlavə və dəyişikliklər
Konstitusiyanın insan hüquqları və azadlıqları
hissəsində hüquqların təminatını daha da
genişləndirir. Bunun bariz nümunəsini qanunun 17-ci maddəsinə
edilən əlavələrdə görmək olar. Dövlət
rəmzlərinə hörmət məsələsi hər
zaman aktual olub. Layihədə 75-ci maddəyə II hissə
kimi əlavə edilən "Dövlət rəmzlərinə
hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən
edilmiş məsuliyyətə səbəb olur" müddəasının
Konstitusiyada əksini tapması mühüm məsələdir.
Layihənin qanunvericilik
hakimiyyəti bölməsinə təklif edilən düzəliş
də maraq doğurur. Konstitusiyanın 84-cü maddəsinin I
hissəsinə bu məzmunda cümlənin əlavə edilməsi
təklif olunur: "Müharibə şəraitində hərbi
əməliyyatların aparılması Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərin
keçirilməsini mümkün etmədikdə Azərbaycan
Respublikası Milli Məclisinin çağırışının
səlahiyyət müddəti hərbi əməliyyatların
sonunadək uzadılır. Bu barədə qərar seçkilərin
(referendumun) keçirilməsini təmin edən dövlət
orqanının müraciətinə əsasən Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən
qəbul edilir."
Əli Hüseynovun
sözlərinə görə, Milli Məclisin nizamnaməsində
parlament iclaslarının qapalı və açıq
keçirilməsi məsələsi öz əksini tapıb.
Amma bu məsələnin Konstitusiyada öz əksini
tapması əhəmiyyətli olardı. Ona görə layihədə
88-ci maddəyə aşağıdakı məzmunda IV hissə
əlavə edilib: "Azərbaycan Respublikası Milli Məclisinin
sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan
Respublikası Milli Məclisinin 83 deputatının tələbi
ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi
ilə Azərbaycan Respublikası Milli Məclisinin
sessiyasının qapalı iclası keçirilə bilər."
92-ci maddəyə təklif
edilən dəyişiklik uzun müddətdir deputatlar tərəfindən
səsləndirilən bir məsələnin həllidir. Məlumdur
ki, parlamentdə daimi komissiyalar fəaliyyət göstərir.
İndiki çağırış və ötən
çağırışda deputatlar bununla bağlı
Konstitusiyaya "komitə" sözünün də əlavə
edilməsini təklif ediblər. Əli Hüseynovun sözlərinə
görə, bu, çox əhəmiyyətli və bir
çox ölkələrin parlament ənənələrinə
uyğun olan bir məsələdir.
95-ci maddəyə iki dəyişiklik
tətbiq olunur. Bunlardan biri "bələdiyyələrin
hesabatlarının dinlənilməsi" məzmununda 20-ci bənddir.
Bu, Milli Məclisin səlahiyyətlərinin
artırılması ilə bağlı əhəmiyyətli
bir məsələdir. Əlbəttə, bələdiyyələr
müstəqildir, amma onların məhz parlamentdə hesabat
verməsi məsələsi həm hesabatlıq, həm də
bütövlükdə demokratik islahatlar baxımından əhəmiyyətli
bir addımdır.
Əli Hüseynov
96-cı maddə ilə bağlı məlumat verərək
bildirdi ki, I hissəyə "Ali Məhkəməsinə"
sözlərindən sonra "Azərbaycan
Respublikasının seçki hüququ olan 50 min vətəndaşına"
sözlərinin, II və III hissələrə "Ali Məhkəməsinin"
sözlərindən sonra "Azərbaycan
Respublikasının seçki hüququ olan 50 min vətəndaşının"
sözlərinin əlavə edilməsi təklif olunur. Komissiya
sədri bildirdi ki, Azərbaycanda demokratiyanın
inkişafının indiki mərhələsində bu,
çox mühüm töhfə ola bilər. Bu, siyasi
islahatlar baxımından da əhəmiyyətli bir dəyişiklik
kimi qiymətləndirilə bilər.
Komissiya sədri daha
sonra Konstitusiyanın icra hakimiyyəti ilə bağlı hissəsinə
təklif olunan əlavə və dəyişikliklər barədə
məlumat verdi. Bildirdi ki, Azərbaycan dövlətinin indiki
inkişaf, iqtisadi-siyasi, demokratik islahatlar mərhələsində
xalqımızın yüksək təfəkkürü və
formalaşmış müasir siyasi mədəniyyəti istənilən
formal bir məhdudiyyəti istisna edir. Bütün tarixi
sınaqlardan və çaxnaşmalardan uğurla
çıxmış Azərbaycan xalqının buna həm
haqqı var, həm də siyasi mədəniyyəti kifayət
qədərdir. Əli Hüseynovun sözlərinə görə,
Milli Məclisin Sədri Oqtay Əsədov tərəfindən
Konstitusiyanın 101-ci maddəsinin V hissəsinin başqa bir
formada verilməsi ilə bağlı işçi qrupuna təklif
daxil olmuşdur. Təqdim olunmuş layihədə həmin təklif
öz əksini tapıb. 101-ci maddənin V hissəsinin bu
redaksiyada ifadə edilməsi təklif olunur: "V. Müharibə
şəraitində hərbi əməliyyatların
aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin
keçirilməsini mümkün etmədikdə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi
əməliyyatların sonunadək uzadılır. Bu barədə
qərar seçkilərin keçirilməsini təmin edən
dövlət orqanının müraciətinə əsasən
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
tərəfindən qəbul edilir".
108-ci maddənin
mövcud mətninin I hissə hesab edilməsi və maddəyə
aşağıdakı məzmunda II hissənin əlavə
edilməsi təklif olunur: "II. Əvvəllər Azərbaycan
Respublikasının Prezidenti seçilmiş şəxsin təminat
qaydaları Konstitusiya Qanunu ilə müəyyən
edilir". Bu, eks-prezident institutunun Konstitusiya Qanunu ilə
müəyyənləşdirilməsini ehtiva edir.
Bundan əlavə, layihədə
Milli Bankla əlaqədar olaraq "Milli" sözünün
"Mərkəzi" sözü ilə, Prezidentin İcra
Aparatı ilə əlaqədar olaraq "İcra
Aparatı" sözlərinin
"Administrasiyasının" sözləri ilə əvəz
olunması təklif olunur.
Dəyişikliklərin
bir qismi məhkəmə hakimiyyəti ilə
bağlıdır. Əli Hüsyenov bildirdi ki, Konstitusiyada məhkəmə
qərarlarının icrasının vacibliyi xüsusi olaraq
qeyd olunur. Amma Konstitusiyanın 129-cu maddəsinin icrası ilə
bağlı problemlər meydana çıxır. 129-cu maddəyə
təklif edilən əlavələr məhkəmə qərarlarının
icrasının konstitusion təminatını gücləndirir.
130 və 131-ci maddələrə təklif edilən əlavələrlə
Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarının
dərc edilməsi Konstitusiyada əksini tapır.
Milli Məclisin İnsan
hüquqları daimi komissiyasının sədri Rəbiyyət
Aslanova Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri
Konstitusiya islahatı kimi dəyərləndirdi. Onun sözlərinə
görə, ölkəmizdə ictimai-siyasi, iqtisadi, sosial
gerçəklikdə baş verən keyfiyyət dəyişiklikləri,
siyasi modernləşmənin vüsəti bu gün məhz
hüquqi gerçəklikdə də əhəmiyyətli dəyişikliklərin
edilməsi zərurətini yaradır. Bu gün Konstitusiyada bir
sıra müddəaların daha da təkmilləşdirilməsi
tarixi zərurətə çevrilmişdir. Konstitusiya
islahatı əslində, yeni Konstitusiyanın qəbulu və
ya Konstitusiya qanunlarının təftişi demək deyildir. Bu,
Konstitusiyada öz əksini tapmış müddəaların
daha da genişləndirilməsinə, insan hüquq və
azadlıqlarının təminatına geniş şərait
yaradılmasına əsas verən amildir. Konstitusiya təkcə
bir hüquqi akt deyil, həm də ideoloji sənəddir, milli
qanunvericiliyimizin mənbəyidir. Ona görə də bu ali sənədə
edilən hər hansı bir dəyişiklik çox ciddi
yoxlanılmalı və münasibət bəslənilməlidir.
Rəbiyyət
Aslanovanın sözlərinə görə, 1995-ci ildə qəbul
edilmiş Azərbaycan Respublikasının Konstitusiyası
dövlətimizin ictimai-siyasi həyatında mühüm rol
oynayır. Amma 1995-ci ildən bugünə kimi Azərbaycanın
ictimai-siyasi, sosial, mədəni həyatında baş verən
inkişafa uyğun Konstitusiyada dəyişikliklərin edilməsi
zərurətə çevrilib. Biz bu islahata getməliyik. Dəyişikliklərin
olduğu müddəalar cəmiyyətimizin buna hazır
olduğunu göstərir. Yeni bir mərhələyə qədəm
qoyuruq. Bu gün Azərbaycan Konstitusiyasının təftişə
ehtiyacı yoxdur və biz Əsas Qanunumuzu dəyişdirmirik,
sadəcə, Konstitusiyamızda olan müddəaları
dövrün, zamanın tələbinə uyğun olaraq, Azərbaycanın
dünyadakı yerinə, milli və beynəlxalq qanunvericiliyin
müddəalarına uyğun olaraq mükəmməlləşdirməyə
çalışırıq. İnsan hüquq və
azadlıqlarına gəldikdə isə, ilk növbədə,
hər bir Azərbaycan vətəndaşının
hüquqları ilə yanaşı, həm də Azərbaycan
Prezidentinin hüquqlarının təmin olunması məsələsi
təklif olunan dəyişikliklərdə öz əksini
tapır. Azərbaycan vətəndaşı bu gün
çox sabit bir cəmiyyətdə yaşayır. O, rəqabətə
davamlı bir ölkənin vətəndaşıdır və
böyük proqramları gerçəkləşdirən
dövlət başçısının fəaliyyətinin
davam etdirilməsi arzusundadır. Konstitusiya islahatı gələcəkdə
Azərbaycan qanunvericiliyinin daha da təkmilləşdirilməsinə
təkan verəcək.
Yeni Azərbaycan
Partiyasının sədr müavini, partiyanın icra katibi,
Milli Məclisin deputatı Əli Əhmədov
çıxışına Konstitusiyaya dəyişikliklərlə
bağlı deputatların təkliflərinə operativ reaksiya
verildiyinə görə təşəkkür etməklə
başladı. Onun sözlərinə görə, Konstitusiya
dövlətin elə bir vacib siyasi sənədidir ki, ona
bütün vətəndaşlar, bütövlükdə cəmiyyət
böyük hörmətlə yanaşır. Amma bu hörmət
və ehtiram, eyni zamanda, Konstitusiyanın zamanın tələblərinə
uyğunlaşdırılmasını da özündə
ehtiva edir. Biz Konstitusiyaya ehkam kimi yanaşsaq, ona hörmətlə
yanaşmaq yox, həyatdan ayrılmış və zamanın tələblərinə
cavab verməyən sənədə çevrilməsinə
yol vermiş olarıq. Bu gün burada müzakirə olunan əlavə
və dəyişikliklər onu göstərir ki, doğrudan
da, Konstitusiyada bir sıra məsələlərin təkmilləşdirilməsinə
ehtiyac var. Bu mənada Konstitusiyaya əlavə və dəyişikliklərlə
bağlı edilən təkliflərin böyük əksəriyyəti
əsas etibarilə Azərbaycanda insan hüquq və
azadlıqlarının daha etibarlı təminatının və
mexanizminin yaranmasına xidmət edir.
Əli Əhmədov
101-ci maddənin V hissəsi ilə əlaqədar bildirdi ki, bu
məsələ indiyə qədər cəmiyyətdə
geniş müzakirə edilib. Əli Əhmədov 101-ci maddənin
V hissəsinin yeni şəkildə verilməsini yüksək
qiymətləndirdi. Onun sözlərinə görə, Azərbaycanın
Prezidenti, eyni zamanda, Silahlı Qüvvələrin Ali Baş
Komandanıdır. Ona görə də müharibə şəraitində,
döyüşün getdiyi bir zamanda ölkənin Ali Baş
Komandanının seçkilərinin keçirilməsi Azərbaycanın
dövlət və milli maraqlarına problem yarada bilər. Belə
bir müddəanın Konstitusiyada olmaması boşluqdur və
təklif olunan müddəa həmin boşluğun
doldurulmasına xidmət edir. Əli Əhmədovun sözlərinə
görə, bir şəxsin iki dəfədən artıq
seçilməsinə qoyulan məhdudiyyətin aradan
qaldırılması ilə Azərbaycanda demokratik prinsiplərin
pozulmasından söhbət gedə bilməz.
Konstitusiyaya təklif
olunan dəyişikliklərlə bağlı fikirlərini
bölüşən deputat Siyavuş Novruzovun sözlərinə
görə, xalqın seçmək hüququ demokratiyanın ən
mühüm göstəricisidir. Əgər hakimiyyətin mənbəyi
xalqdırsa, onun seçim hüququnu məhdudlaşdırmaq
olmaz. Konstitusiyaya dəyişikliklərin zamanın tələbi
olduğunu deyən deputat Mübariz Qurbanlı isə bildirdi
ki, məhdudiyyətin aradan qaldırılması
demokratiyanın fəlsəfəsinə uyğundur.
Deputatlardan Qüdrət
Həsənquliyev, Fazil Mustafayev, Madər Musayev, Rafael Cəbrayılov,
Pənah Hüseyn, Rövşən Rzayev, Ülvi Quliyev, Nizami
İsgəndərov, Azay Quliyev, Sabir Hacıyev, Çingiz Əsədullayev
və Yevda Abramov Konstitusiyaya təklif olunan əlavə və
dəyişiklikləri yüksək qiymətləndirdilər,
eyni zamanda, təkliflərini irəli sürdülər.
Müzakirələrdə
çox dəyərli fikirlər söyləndiyini qeyd edən
Milli Məclis Aparatının rəhbəri, işçi
qrupun üzvü Səfa Mirzəyev bildirdi ki, deyilən
mülahizələr işçi qrupda dəqiqliyi ilə
araşdırılacaq, səmərəli təkliflər nəzərə
alınacaq. Sonra o, çıxışlarda səslənmiş
bir sıra məsələlərə, o cümlədən
sosial məsələlərə, uşaqların 15 yaşdan
işə götürülməsinə münasibət
bildirdi, Referendum Aktı layihəsində 101-ci maddənin V
hissəsinə edilən dəyişikliyə də
aydınlıq gətirdi. Səfa Mirzəyev qeyd etdi ki, layihədə
irəli sürülən dəyişikliklər zamanın tələbindən
doğur, burda məqsəd gələcəkdə Azərbaycan
cəmiyyətində hüquqi baxımdan heç bir
nöqsana yol verməmək, Azərbaycan xalqının
hüquq və azadlıqlarını qorumaqdır.
Parlamentin iki
komissiyasının birgə iclasında aparılan geniş
müzakirələrdən sonra deyilən təkliflərə
baxılması üçün fasilə elan olundu. İşçi
qrupda Referendum Aktı layihəsi bir daha nəzərdən
keçirildi və sənəd verilmiş səmərəli
təkliflər əsasında təkmilləşdirildi.
Fasilədən sonra
işini davam etdirən Hüquq siyasəti və dövlət
quruculuğu məsələləri və İnsan
hüquqları daimi komissiyalarının birgə iclasında Əli
Hüseynov sənədə edilmiş düzəlişlər
barədə məlumat verdi. Buna müsbət münasibət
bildirən deputatların yekun qərarında "Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr və
dəyişikliklər edilməsi haqqında" Referendum
Aktının layihəsi Konstitusiya Məhkəməsinə təqdim
olunmaq üçün Milli Məclisin müzakirəsinə
tövsiyə edildi.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2008.-19 dekabr.-S.1-4.