Elmi-intellektual inkişafı təmin edən lider

 

Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixilik qazanmış 2008-ci ilin 15 oktyabr seçkiləri respublikamızın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoymuş, xalqın azad siyasi iradəsini, mövcud siyasi kursa dərin ictimai inamı özündə əks etdirmişdir. Ötən müddətdə respublikada sürətli sosial-iqtisadi, mənəvi və elmi-intellektual inkişafa etibarlı zəmin formalaşdıran, ictimai-siyasi sabitliyi daha da möhkəmləndirən, qlobal enerji layihələrinin təminatçısına çevrilən, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirən cənab İlham Əliyevin son seçkilərdəki möhtəşəm qələbəsi xalqımızın təkamülə əsaslanan demokratik inkişaf tərəfdarı olduğunu, konkret planlara malik çevik komandaya güvəndiyini bir daha təsdiqləmişdir.

 

Müstəqil Azərbaycanın son illərdə ciddi iqtisadi uğurlara imza atması, ümumi daxili məhsulun artım tempinə görə dünyada lider mövqelərini qoruyub saxlaması, regional layihələrin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış etməsi məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasının inamla davam etdirilməsi qısa müddətdə Azərbaycanı MDB məkanında ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətə çevirmişdir.

Azərbaycan Prezidentinin oktyabrın 24-də keçirilmiş təntənəli andiçmə mərasimi respublikanın son beş ildə keçdiyi inkişaf yolunun uğurlarını bir daha qabarıq üzə çıxarmaqla yanaşı, cənab İlham Əliyevin çoxşaxəli vətənpərvər siyasətində xalqa layiqli xidmət məramının ön planda dayandığını təsdiqləmişdir. Dövlət başçısı respublikanın davamlı inkişafı naminə bütün zəruri tədbirlərin həyata keçiriləcəyini vurğulamış, Azərbaycanın yaxın perspektivdə qüdrətli və müasir, inkişaf etmiş dövlətə çevriləcəyinə inamını ifadə etmişdir: "Bizim siyasətimiz açıqdır, aydındır. Bir daha demək istəyirəm ki, bu siyasətin əsas təməl prinsipləri Azərbaycan dövlətinin milli maraqlarının qorunmasıdır və bu işdə biz böyük uğurlara nail ola bilmişik. Bizim bütün siyasətimiz, bütün siyasi addımlarımız bir məqsədi güdür. Bu da Azərbaycanın möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşamasıdır".

Dövlət başçısı İlham Əliyev son beş ildə ölkə həyatının bir çox strateji əhəmiyyətli sahələri kimi, təhsilə, elmə də xüsusi qayğı ilə yanaşmış, bu sahələrdə yeni dövrün tələbləri ilə səsləşən islahatların həyata keçirilməsini təmin etmişdir. 2003-cü ildən dövlət büdcəsi vəsaitlərinin ilbəil əhəmiyyətli dərəcədə artımı elm və təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bir çox problemlərin məhz hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırmış, təhsilə dövlət investisiyalarının həcmcə artımını təmin etmişdir. 2003-cü ildən təhsilə ayrılan illik büdcənin artım dinamikası da bu sahənin inkişafı ilə bağlı kifayət qədər dolğun təsəvvür formalaşdırır: 2003-cü ildə təhsilə 243 milyon, 2007-ci ildə 758 milyon manat ayrılmışdısa, 2008-ci ildə bu rəqəm 1,1 milyard manata yüksəlmişdir. Elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə 16,6 milyon manat təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 64 milyon manata yüksəlmişdir.

Təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, ali və orta məktəblərdə tədrisin keyfiyyətinin monitorinqini həyata keçirmək, təhsil sahəsində mövcud problemləri vaxtaşırı təhlil edərək müvafiq tədbirlərin görülməsinə nail olmaq məqsədilə dövlət başçısı İlham Əliyev hələ 30 may 2005-ci il tarixdə "Azərbaycan Respublikasının Prezidenti yanında təhsil üzrə xüsusi komissiyanın yaradılması haqqında" sərəncam imzalamışdır. Komissiya təhsilin strateji inkişaf istiqamətləri ilə bağlı təkliflər verir, fundamental islahatların həyata keçirilməsi mexanizmlərini irəli sürür.

Azərbaycan Prezidentinin 31 yanvar 2008-ci il tarixli "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam da ölkə təhsilinin Avratlantik məkana inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunduğu kimi, 2001-ci ildən etibarən Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması, habelə respublikanın dünyada analoqu olmayan iqtisadi inkişaf tempi ümumavropa təhsil məkanına inteqrasiya proseslərinin daha da sürətləndirilməsini və bu sahədə həyata keçirilən işlərin intensivləşdirilməsini tələb edir.

Ötən müddətdə keçmiş ittifaq dövründə inşa edilən və müasir tələblərə cavab verməyən məktəblərin təmiri və bərpası, yenidənqurulması da ilk növbədə təhsilin forma və məzmunca təkmilləşdirilməsi zərurətindən irəli gəlmişdir. Bu problemin həlli - məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi hələ 11 fevral 2004-cü il tarixli Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramında əksini tapmışdır. Eyni zamanda "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu illər)" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Bu proqramlar əsasında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində respublikanın bütün bölgələrində yeni məktəblərin tikintisi, təmiri və yenidənqurulması prosesi geniş vüsət almışdır. Mübaliğəsiz demək olar ki, qısa müddətdə 1600-dək yeni məktəb binasının tikilməsi çağdaş təhsil sisteminin ən parlaq uğurlarından birinə çevrilmişdir. İctimai statusda fəaliyyət göstərən Heydər Əliyev Fondunun bu prosesdə yaxından iştirakı, "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində 240-dək yeni məktəbin inşa olunması da xüsusi vurğulanmalıdır.

Elmdə və təhsildə innovasion yeniliklərin, kompüter və informasiya texnologiyalarının geniş tətbiqi də hazırkı "sürət əsri"ndə xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısı İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrə şəhərində keçirilən ümumdünya sammitində çıxış edərkən demişdir ki, Azərbaycanda neftdən sonra prioritet sahə informasiya və kommunikasiya texnologiyaları olmalıdır. Bu transformasiyanın əsasında məhz Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır.

Məktəblərin kompüterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmini və informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar da məhz bu məqsədin gerçəkləşdirilməsinə xidmət edir. 2004-cü il 21 avqust tarixdə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında" fərman imzalayan dövlət başçısı İlham Əliyev gənclərin müasir bilikləri və informasiya texnologiyalarını dərindən mənimsəməsinə elmi-texniki zəmin yaratmışdır. Bu proqramın 2005-2007-ci illərdə uğurla həyata keçirilməsinin nəticəsidir ki, hazırda orta ümumtəhsil məktəblərinin V-XI siniflərində hər 29 şagirdə 1 kompüter düşür. Halbuki 2003-cü ildə 1000 nəfərə cəmi 1 kompüter düşürdü. 2008-ci il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir.

Ölkə rəhbərliyinin kadr hazırlığına xüsusi diqqətlə yanaşması da respublikada demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlir. Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" sərəncamı da bu sahədə həyata keçirilən dövlət siyasətində ardıcıllığın və sistemliliyin təmin olunması məqsədi daşıyır. Dövlət Proqramı məhz azərbaycanlı gənclərin müəyyən elmi istiqamətlər üzrə dövlət hesabına xaricdə təhsil almalarını nəzərdə tutur. Sərəncam əsasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" hazırlanaraq Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur.

Dövlət başçısının 5 sentyabr 2007-ci il tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın 2007-2008-ci tədris ilində maliyyələşdirilməsi haqqında" Sərəncamına əsasən, 2007-2008-ci tədris ilində Azərbaycan gənclərinin Amerika Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə və digər ölkələrdə təhsil almalarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,2 milyon (iki milyon iki yüz min) manat məbləğində vəsait ayrılmışdır.

Ötən beş ildə elmi inkişafın təmin edilməsi, bu sahədə həllini gözləyən problemlərin çözümü də xüsusi diqqət mərkəzində olmuşdur. Bu diqqət və qayğının nəticəsi olaraq Azərbaycan Milli Elmlər Akademiyası hazırda özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əmək haqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə diqqət və qayğısının bariz ifadəsidir.

Azərbaycan Prezidentinin "Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında" 16 aprel 2004-cü il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası sistemində, elmi-tədqiqat və təhsil müəssisələrində, habelə digər sahələrdə çalışan işçilərin elmlər doktoru və elmlər namizədi alimlik dərəcələrinə görə vahid tarif cədvəli üzrə vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin məbləği 2004-cü ilin iyulundan artırılmışdır. Prezident İlham Əliyevin 2004-cü il 19 aprel tarixli "Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" sərəncamı yetişməkdə olan gənc nəslin intellektual potensialını yüksəltmək, onların elmə olan marağını daha da gücləndirmək məqsədi daşımışdır.

Elmlər Akademiyasının 60 illik yubileyi ilə əlaqədar dövlət başçısının xüsusi sərəncamlar imzalaması və görkəmli elm xadimlərini yüksək dövlət mükafatları ilə təltif etməsi, bir sıra alimlərə elmi adların, prezident təqaüdünün və mənzillərin verilməsi cənab İlham Əliyevin bu sahəyə yüksək qayğısını əyani surətdə əks etdirir. 2005-ci ilin dekabrında Akademiyanın 60 illik yubiley mərasimində çıxış edən dövlət başçısı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ənənələrinə sadiq qalacağını bir daha bəyan etmişdir: "Mən çox şadam ki, bu bayramda sizinlə birlikdəyəm. Çalışacağam ki, akademiyanın inkişafında bundan sonra da öz əməyimi əsirgəməyim. Mən bir daha demək istəyirəm, bu, qəti fikrimdir ki, hər bir ölkənin normal inkişafı üçün ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır".

Hər bir vədini əməli işi ilə doğruldan dövlət başçısı İlham Əliyev 2007-ci ilin əvvəllərindən başlayaraq elm xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra sərəncamlar imzalamışdır. Dövlət başçısının 23 yanvar 2007-ci il tarixdə imzaladığı sərəncamla AMEA sistemində çalışan vətəndaşların məvacibləri 50 faiz qaldırılmış, eləcə də fevral ayının 1-dən aspirantların təqaüdündə əsaslı artım baş vermişdir. Cənab İlham Əliyevin 18 aprel 2007-ci il tarixdə imzaladığı daha bir sərəncamla AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşı 1000 manat, müxbir üzvlərin aylıq rütbə maaşları isə 700 manat civarında müəyyənləşdirilmişdir. Bununla belə, cənab İlham Əliyev hesab edir ki, elm adamlarının hazırkı məvacibi ümumən qənaətbəxş sayıla bilməz və ölkənin iqtisadi imkanları artdıqca, bu sahəyə göstərilən diqqət və qayğı da artmalıdır. 2008-2009-cu dərs ili qarşısında AMEA sistemində çalışanların məvaciblərinin 25 faiz artırılması da elmin inkişafı naminə həyata keçirilən davamlı dövlət siyasətində növbəti addımdır.

Azərbaycanın inkişafının yeni keyfiyyət mərhələsində elm xadimlərinin qarşısında bir sıra mühüm vəzifələr dayanır. İqtisadi inkişafın elmi sütunlar üzərində aparılması, ölkənin gələcək sosial-iqtisadi inkişafı ilə bağlı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi dünya elminə inteqrasiyanın təmin edilməsi baxımından son dərəcə vacibdir. Ölkədə həyata keçirilən fundamental islahatların elmi bazası möhkəmləndirilməli, iqtisadiyyatla elmin vəhdəti innovasion yeniliklərin əsasına çevrilməlidir. Dövlət qurumları, sənaye və kənd təsərrüfatı müəssisələri, özəl şirkətlərlə elmi-tədqiqat institutları arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, xüsusən də informasiya və kommunikasiya texnologiyaları, ekologiya və iqtisadi inkişaf sahələrində elmi potensiala geniş istinad olunması respublikanın ümumi inkişaf strategiyasının mahiyyətindən irəli gələn tələbdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamı da məhz elmi sferada həllini gözləyən bir sıra problemlərin həlli məqsədinə xidmət edir. Sərəncamda uğurlarla yanaşı Azərbaycan elminin hazırda üzləşdiyi bəzi problemlərə də toxunulur və vurğulanır ki, Azərbaycanda ümumən elmin maliyyələşmə mexanizmləri və elmi işçilərin sosial təminatı məsələləri hələlik günün tələbləri səviyyəsində deyildir. Ölkədə aparıcı alimlər nəslinin yaşlaşması və gənc nəslin elmə axınının zəifləməsi elmdə kadr potensialının aşağı düşməsi təhlükəsini yaratmışdır. Mövcud vəziyyət ölkənin inkişafının üstün istiqamətlərindən olan elm sahəsində ən qısa zamanda islahatların aparılması və bununla əlaqədar bir çox vəzifələrin təxirə salınmadan sürətlə öz həllini tapması zərurətini meydana çıxarmışdır. Bütün bunlarla yanaşı, sərəncamda Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunması məsələləri əksini tapmışdır.

Yeni dövrdə elmin inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin ardıcıl və sistemli şəkildə aradan qaldırılması məqsədi daşıyan mühüm bir sərəncamın imzalanması göstərir ki, dövlət başçısı İlham Əliyev elmi intibahı müstəqil Azərbaycanın davamlı və sabit inkişafının əsas meyarı, mühüm şərti hesab edir. Elmə dövlət qayğısının ildən-ilə artdığı hazırkı şəraitdə elmi-tədqiqatların səviyyəsinin yüksəldilməsi, eləcə də müdafiəsi keçirilmiş elmi işlərin ekspertizasının lazımi səviyyədə həyata keçirilməsi də qarşıda duran əsas məsələlərdən biridir. Yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində dövlət siyasətini həyata keçirən vahid dövlət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) da fəaliyyətini yeni dövrün tələbləri səviyyəsində qurmağa, dövlət başçısının müəyyənləşdirdiyi vəzifələrin reallaşdırılması prosesinə töhfəsini verməyə çalışır.

Xatırlatmaq lazımdır ki, AAK 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış, həmin ilin 29 oktyabrında Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası haqqında" və "Alimlik dərəcələri və elmi adların verilməsi qaydaları haqqında" müvəqqəti əsasnamələr qəbul olunmuşdur. Ali Attestasiya Komissiyasının yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını aparan dövlət orqanı kimi fəaliyyətinin təkmilləşdirilməsinin əsasını qoyan ümummilli lider Heydər Əliyev özünəməxsus müdriklik və uzaqgörənliklə onun cəmiyyətdəki yeri və rolunu da yüksək dəyərləndirmişdir. Ulu öndərin 6 yanvar 1994-cü il tarixli fərmanı ilə AAK bilavasitə Azərbaycan Respublikası Prezidentinə tabe edilmiş, beləliklə, onun tam müstəqilliyi təmin olunmuş, statusu yüksəlmişdir.

2003-cü ildə ümummilli lider Heydər Əliyevin göstərişi əsasında elmi və elmi-pedaqoji işçilərin attestasiyası sahəsində yeni normativ-hüquqi aktlar işlənib hazırlanmış, 21 fevral 2003-cü il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında" və "Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında" yeni əsasnamələr təsdiq edilmişdir. Bununla da respublikada yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində dövlət siyasətini həyata keçirən, onların respublikanın tələbatına uyğun olaraq hazırlanmasında və səmərəli istifadə olunmasında, habelə elmin, texnikanın, mədəniyyətin və incəsənətin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində iştirak edən dövlət orqanı kimi Ali Attestasiya Komissiyasının fəaliyyəti elmin inkişafının müasir tələblərinə cavab verərək daha konkret və məqsədyönlü xarakter almışdır. Yeni əsasnamələrin və normativ-hüquqi aktların qəbulundan sonra AAK elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin bütün sahələri üzrə alimlik dərəcələrinin (elmlər namizədi, elmlər doktoru) və elmi adların (dosent və professor) verilməsi ilə bağlı elmi müəssisələrdən və ali məktəblərdən daxil olan attestasiya işlərinin ekspertizasını daha yüksək keyfiyyətlə həyata keçirmişdir.

İctimai münasibətlər sistemi inkişaf etdikcə, təbii olaraq hər bir qanunun, normativ-hüquqi aktın, əsasnamənin təkmilləşdirilməsi və yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsinə ehtiyac yaranır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2008-ci il 5 iyun tarixli "Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında əsasnamə"yə və "Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında əsasnamə"yə əlavələr və dəyişikliklər edilməsi barədə" fərmanı da məhz yeni dövrün tələblərindən irəli gəlmişdir. Dövlət başçısının bu fərmanı AAK-ın fəaliyyətinin daha da təkmilləşməsinə, elmi işlərin ekspertizasının daha yüksək səviyyədə və keyfiyyətdə həyata keçirilməsinə imkan yaratmışdır. Yeni əsasnamədə əksini tapmış dəyişikliklərin əsas məqsədi, eyni zamanda müdafiə olunan dissertasiyaların keyfiyyətini yüksəltmək, alimlik dərəcələrinin və elmi adların iddiaçılarına tələbkarlığı artırmaqdır.

"Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamda da göstərildiyi kimi, hazırda elmi kadr potensialının möhkəmləndirilməsi, eləcə də elmə səmimi marağı olan gənclərin dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunması mühüm vəzifələr sırasındadır. Son illərdə dövlət səviyyəsində elm adamlarına göstərilən yüksək diqqətin nəticəsi olaraq elmi-tədqiqat işlərinə maraq göstərən gənclərin sayı əhəmiyyətli dərəcədə artmışdır.

Müdafiəsi keçirilən dissertasiyaların mövzu aktuallığının və elmi yeniliklərinin arzuolunan səviyyəyə yüksəldilməsi qarşıda duran ən mühüm məsələlərdən biridir. Unutmamalıyıq ki, AAK bir qayda olaraq yekun nəticəyə qiymət verir, elmi-tədqiqatların ekspertizasında isə daha çox elmi-tədqiqat institutlarının və ali məktəblərin elmi şuraları və yüksək ixtisaslı mütəxəssisləri iştirak edirlər. Bu mənada, dissertasiyaların elmi cəhətdən lazımi tələblərə cavab verməsi, keyfiyyətliliyi, mövzu baxımından aktuallığı, ən başlıcası, alimlik dərəcəsinə iddiaçıların dərin biliyə, intellektə, dünyagörüşünə malik olması AAK-a qədərki mərhələlərdə - dissertasiya şuralarında dürüst, obyektiv, şəffaf həllini tapmalıdır. Azərbaycan elminin gələcək taleyi, kadr potensialı məhz bu gün alimlik dərəcəsinə yiyələnən gənc tədqiqatçılardan asılı olduğundan, bu məsələlərə kifayət qədər ciddiliklə yanaşmaq lazımdır.

Son illərdə digər MDB ölkələrində olduğu kimi, Azərbaycanda da humanitar sahədə müdafiə olunan dissertasiyaların sayının kəskin artması, fundamental elmlər sahəsində isə əksinə, geriləmə müşahidə olunur. Bu hal bütün sahələrdə yeniləşən Azərbaycanın hazırkı dinamik sosial-iqtisadi inkişafı ilə uzlaşmır. "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamda haqlı olaraq vurğulanır ki, elmin ölkənin müasir tələblərinə uyğun istiqamətləri hələ də müəyyən olunmamışdır. Dünya elminə sürətli inteqrasiyanın təmin edilməsi, istehsalatla elmin səmərəli surətdə əlaqələndirilməsi, habelə innovasiya resurslarının, nanotexnologiyaların inkişafı baxımından fizika, riyaziyyat, neft-kimya və informasiya texnologiyaları sahəsində elmi-tədqiqatlara daha çox ehtiyac duyulur. Son illər respublika üzrə elmi ixtira və kəşflərin sayının azalması da fundamental elmlər sahəsində elmi-tədqiqatların lazımi keyfiyyət və kəmiyyətdə aparılmadığına dəlalət edir. Halbuki müasir dövrdə ölkədə güclü insan kapitalının formalaşdırılması baxımından fundamental elmlərin inkişafı, bu sahədə tədqiqatların yüksək elmi prinsiplər əsasında aparılması daha məqsədəuyğundur.

Sərəncamda əksini tapmış məsələlərdən biri də elmin maliyyələşmə mexanizmlərinin müasir dövrün tələblərinə cavab verməməsidir. Bu baxımdan elmin maliyyələşməsinin səmərəliliyinin artırılması, milli elmin qısa və orta müddətli inkişafı prioritetləri əsasında elmə ayrılacaq vəsaitlərin ünvanlı istifadəsinin, həmçinin elmi fəaliyyətin nəticələri üzərində lazımi nəzarətin təşkili üçün elmin mövcud dövlət maliyyələşdirilməsi sistemində əsaslı islahatların aparılması vacibliyi də haqlı olaraq önə çəkilmişdir. İnanırıq ki, fəaliyyətdə olan dövlət komissiyası bu reallığı əsas tutaraq elmin maliyyələşdirilməsinin dövrlə səsləşən daha faydalı və səmərəli sxemlərini təklif edəcəkdir. Təklif olunan mexanizmin nəticəsi olaraq elmə ayrılan vəsaitlər daha çox praktik səmərə verəcək, beynəlxalq səviyyədə patentlərə layiq görüləcək elmi yeniliklərin tətbiqinə yönəldilməlidir. Eyni zamanda AMEA faydalı elmi-tədqiqatların maliyyələşdirilməsində qrantların ayrılması praktikasından da istifadə edə bilər.

Mühüm məsələlərdən biri də elmin təhsillə bağlılığının təmin olunmasıdır. İnkişaf etmiş ölkələrdə əsrlər boyu ali təhsil ocaqları nəzdində elmi-tədqiqat müəssisələri (laboratoriyalar, elmi mərkəzlər, elmi-tədqiqat institutları) fəaliyyət göstərirlər. Magistraturada təhsil alanlar həmin müəssisələrdə elmi işlə məşğul olur və magistraturanı bitirərkən elmi dərəcə ("Master Degree") qazanırlar. Yəni magistratura elmi fəaliyyətin ilkin mərhələsi sayılır, "master" elmi dərəcəsi elmdə ilkin elmi dərəcə kimi qəbul olunur. "Master" dərəcə sahibləri daha yüksək elmi dərəcə qazanmaq üçün universitetlərin nəzdində olan elmi-tədqiqat müəssisələrində elmi fəaliyyətlərini davam etdirirlər. Elmin təhsillə bağlılığının möhkəmlənməsi həmin ölkələrin davamlı və sabit inkişafına əsaslı zəmin yaradır.

Azərbaycan təhsili hazırda Bolonya sisteminə qoşulmuş, ikipilləli (bakalavratura və magistratura) ali təhsil sistemi tətbiq edilmişdir. Bu işdə Bolonya sisteminə zahiri oxşarlıqlar olsa da, mahiyyət etibarilə fərq də qalmaqdadır. Bu fərq ondan ibarətdir ki, magistratura təhsili bakalavratura təhsilindən əhəmiyyətli dərəcə seçilmir. Bunun əsas səbəblərindən biri də universitetlərin əksəriyyətinin nəzdində elmi-tədqiqat müəssisələrinin olmamasıdır. Magistratura pilləsi üzrə kadr hazırlığı yalnız xüsusi kadr potensialı, maddi-texniki bazası, elmi məktəbi olan universitetlərdə aparılmalıdır. Hazırda bir çox universitetlərdə mövcud olan elmi laboratoriyalar müasir dövrün tələblərinə cavab vermir. Bu sahədə vəziyyəti düzəltmək üçün ya universitetlərin nəzdində elmi-tədqiqat müəssisələri yaradılmalı (yaxud mövcud elmi-tədqiqat institutları universitetlərin tabeliyinə verilməli), ya da elmi-tədqiqat institutlarının nəzdində - ilk növbədə Milli Elmlər Akademiyasının institutlarında magistratura açılmalıdır. Fikrimizcə, hər iki imkandan istifadə edilməsi elmi inkişafın təmini baxımından səmərəli nəticələr verə bilər.

Nəhayət, islahatların aparılmasında elmin hüquqi bazasının yaradılması da vacib məsələlərdən biri kimi qarşımızda durur. Hazırkı mərhələdə elm sahəsində vahid dövlət siyasətinin hüquqi tənzimlənməsini effektiv şəkildə həyata keçirmək, qarşıda duran strateji hədəfləri gerçəkləşdirmək baxımından "Elm haqqında" Azərbaycan Respublikası Qanununun qəbuluna ehtiyac yaranmışdır. Azərbaycanın elmi ictimaiyyətinin yaxından iştirakı ilə belə bir qanun hazırlanmalı, elmi sahədə hər bir yenilik, səmərəli rəy və təkliflər sənəddə konkret əksini tapmalıdır.

 

Müasir dünyada ölkələr arasında iqtisadi və siyasi müstəvidə rəqabətə tab gətirmək üçün, ilk növbədə, elmə, təhsilə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin elmin və təhsilin problemlərinin həlli, dünya elminə və təhsilinə inteqrasiyanın sürətləndirilməsi istiqamətində həyata keçirdiyi strategiya əldə edilmiş uğurların davamlılığına ən etibarlı zəmindir. Azərbaycanda inamla həyata keçirilən tədbirlər göstərir ki, respublikamız yaxın gələcəkdə dayanıqlı iqtisadi inkişaf tempini heç də neft-qaz gəlirləri hesabına deyil, məhz bilik, müasir informasiya texnologiyaları, elmtutumlu sahələrin dinamik inkişafı, güclü insan kapitalının formalaşması sayəsində təmin edəcəkdir.

 

Arif MEHDİYEV,

Azərbaycan Respublikası Prezidentinin yanında

Ali Attestasiya Komissiyasının sədri, akademik

 

Azərbaycan.-2008.-19 dekabr.-S.2.