Milli Məclis Əsas Qanuna nəzərdə tutulan islahatlara baxılmaq üçün Konstitusiya Məhkəməsinə göndərdi

 

Dekabrın 19-da Milli Məclisin növbəti iclası keçirildi. Parlamentin sədri Oqtay Əsədov gündəliyə təklif olunan məsələlər barəsində məlumat verdikdən sonra deputatlar qanun layihələrinin müzakirəsinə başladılar.

Öncə "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi başlandı. Deputat Rafael Cəbrayılov bildiridi ki, 1997-ci ildə "Əhalinin sağlamlığının qorunması haqqında" çərçivə qanunu qəbul edilib adı çəkilən qanunda əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri, hər bir insanın fiziki ruhi sağlamlığının mühafizəsi, eləcə digər məsələlər öz əksini tapıb. Ayrıca reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsinə lüzum görməyən deputat R.Cəbrayılov bəzi insanların bu qanundan öz maraqları naminə istifadə edə biləcəklərini mümkün saydı. Deputat sənədin "surroqat ana metodundan istifadə hüququ"ndan bəhs edən maddəsinə mənfi münasibət bildirdi.

Deputat Musa Quliyev dünyanın bir çox ölkələrində anoloji qanunun qəbul edildiyini diqqətə çatdırdı. Bildirdi ki, nigahda olan şəxslər yalnız qarşılıqlı razılaşmaya əsasən köməkçi reproduktiv texnologiyalardan istifadə edə bilər. Sonsuzluqla əlaqədar köməkçi reproduktiv texnologiyalardan istifadəyə ehtiyacı olan ailə "surroqat metodu"ndan istifadə etməklə valideyn olmaq hüququna malikdir. Deputat layihədə milli-mənəvi dəyərlərlə ziddiyyət təşkil edən hər hansı bir müddəanın olmadığını da qeyd etdi.

Deputat Qənirə Paşayeva ölkəmizdə qadın və kişi sonsuzluğu probleminin olduğunu bildirdi. Onun fikrincə, bu qanun reproduktiv sağlamlığın qorunmasına və ailə planlaşdırılmasına mühüm töhfə olacaqdır.

Deputat yetkinlik yaşına çatmayanların reproduktiv hüquqlarının qorunması məsələsinin sənəddə əksini tapmasını müsbət qiymətləndirdi.

"Qanun layihəsində bir sıra maddələrdə dəqiqləşdirməyə ehtiyac var. Qanun layihəsində surroqat ana metodundan istifadə hüququndan bəhs edən maddəyə yenidən baxılmalıdır", - deyən deputat Rafiq Məmmədhəsənov bunun yenidən işlənməsini təklif etdi.

Parlamentin Sədri Oqtay Əsədov deputatlar tərəfindən səslənən irad və təklifləri də nəzərə alıb qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılmasını məqsədəuyğun saydı.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsini təqdim etdi. Komissiya sədri bildirdi ki, 1995-ci ildə ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub. 2002-ci ildə Əsas Qanuna çox əhəmiyyətli əlavə və dəyişikliklər edilib. Ölkəmizin sürətli iqtisadi inkişafı, həyata keçirilən siyasi islahatlar və bunun iqtisadi islahatlarla paralel keçirilməsi, demokratik dövlət quruculuğu yolunda əldə edilən nailiyyətlər bu gün Konstitusiyaya bir daha nəzər salmağı və onu təkmilləşdirməyi zərurətə çevirib. Qarşıda duran ən vacib vəzifə Azərbaycan dövlətinin Konstitusiya əsaslarını möhkəmləndirməkdən ibarətdir. Bugünkü ictimai-siyasi vəziyyət, mövcud şərait konstitusion əsasları daha da möhkəmləndirməyi zəruri edir. Komissiya sədri Ə.Hüseynov Referendum Aktı layihəsi barədə geniş məlumat verdikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov Əsas Qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərin Konstitusiya Məhkəməsinə rəyə göndərilməsini təklif etdi. (Referendum Aktı layihəsi qəzetin bugünkü nömrəsində dərc olunur).

Deputatlar təklifi yekdilliklə dəstəklədilər.

"Azərbaycan Respublikasının Şəhərsalma Məcəlləsi" barədə qanun layihəsini İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə təqdim etdi. Komissiya sədrinin sözlərinə görə, şəhərsalma haqqında qanunvericilik ərazi planlaşdırmasını, şəhərsalma zonalaşdırmasını, memarlıq-inşaat layihələndirməsi üzrə münasibətləri, əsaslı tikinti obyektlərinin inşasını, onların yenidən qurulmasını tənzimləyəcək. Şəhərsalma norma və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Z.Səmədzadə şəhərsalma fəaliyyəti sahəsində dövlətin vəzifələri, ərazi planlaşdırmasının təyinatı və ərazi planlaşdırması sənədlərinin növləri, ərazi zonalarının müəyyənləşdirilməsi qaydası barədə məlumat verdi.

Qanun layihəsinin müzakirəsində deputat Əli Məsimov sənədin şəhərsalma sahəsində meydana çıxan problemləri aradan qaldıracağını bildirdi. Qanun layihəsində, həmçinin yeni inşa olunmuş binaların ətrafında parkların, xiyabanların salınması ilə bağlı məsələlərin də əks olunmasını vacib bildi.

Layihədə şəhərsalmanın estetik standartları müəyyənləşdirilməlidir - deyən deputat Nizami Xudiyev bir sıra təkliflər irəli sürdü. Bildirdi ki, layihədə Bakının müxtəlif ərazilərində salınan yeni şəhərciklərlə bağlı məsələlər də nəzərə alınmalıdır və bu, baş plana uyğunlaşdırılmalıdır. Qanun layihəsinin əhəmiyyətindən danışan deputat Çingiz Əsədullayev qeyd etdi ki, bu sənəd qəbul edildikdən sonra fiziki və hüquqi şəxslər şəhərsalma fəaliyyətinin qaydalarına əməl edəcəklər.

Deputat İsa Həbibbəyli təqdim olunan qanun layihəsinin ölkəmizin sürətli iqtisadi inkişafına cavab verdiyini bildirdi. Onun fikrincə, aparılan tikinti işləri zamanı milli-memarlıq ənənələrinə riayət edilməsi, tarixi abidələrin qorunması və şəhərin baş planına uyğun aparılması məsələsi sənəddə əks olunmalıdır. Deputat Əhməd Vəliyev Şəhərsalma Məcəlləsində mülkiyyətçi ilə sahibkar arasında münasibətləri tənzimləyən müddəanın əks olunmasını təklif etdi.

Müzakirələrin yekununda deputatlar Şəhərsalma Məcəlləsinə birinci oxunuşda səs verdilər.

 

Azərbaycan.-2008.-20 dekabr.-S.1-2.