"İlham ƏLİYEV:
İnkişaf - məqsədimizdir"
çoxcildliyinin birinci
kitabı çapdan çıxmışdır
"Azərbaycanı
çox gözəl gələcək gözləyir... Böyük
planlarımız var, böyük perspektivlərimiz, gələcəyimiz
var. Bunu həyata keçirmək üçün,
qarşımızda duran planları reallaşdırmaq
üçün Azərbaycanda Heydər Əliyevin siyasəti
davam etməlidir. Azərbaycan xalqı öz seçimini
edibdir. 1993-cü ildə bu siyasətə öz səsini
veribdir. Bu siyasətə alternativ yoxdur və ola da bilməz. Hər
bir alternativ siyasət Azərbaycana böyük faciələr
gətirə bilər... Biz Heydər Əliyevin siyasətini
davam etdirəcəyik, Azərbaycanı zəngin, qüdrətli
dövlətə çevirəcəyik... Biz istəyirik ki,
Azərbaycanın hər bir bölgəsi, lap ən balaca,
kiçik kəndi, qəsəbəsi, rayonu da inkişaf
etsin... Bizim məqsədimiz budur. Əminəm ki, bu,
bütövlükdə Azərbaycan xalqının məqsədidir
və amalıdır". Hamımıza tanış olan bu
sözlər, fikirlər "İlham Əliyev: inkişaf - məqsədimizdir"
çoxcildliyinin Azərnəşr tərəfindən yenicə
çapdan buraxılmış birinci kitabından, 2003-cü
il oktyabrın 11-də Siyəzəndə zavodun istifadəyə
verilməsi mərasimində çıxışdan
götürülmüşdür. O vaxtdan ötən beş
il xalqımıza və ümumən dünyaya da göstərdi
ki, həmin çıxışda və sonralar digər tədbirlərdə,
görüşlərdə səslənən bu fikirlər
indi artıq reallıqdır. Çoxsaylı xarici
qonaqların da etiraf etdikləri kimi, bu illər ərzində
Azərbaycanın mənzərəsi göz qabağında dəyişmişdir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının həyata keçirilməsi nəticəsində
görülmüş, həqiqətən, nəhəng
işlər başqa bir vaxtda on illərə kifayət edərdi.
Ölkəmiz iqtisadi artımın sürətinə görə
dörd ildir dalbadal dünyada birincidir. Azərbaycanın beynəlxalq
nüfuzu daha da möhkəmlənmişdir və indi o,
müstəqil siyasət yürüdən, öz sözü
olan, etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunda lider
kimi tanınan və qəbul edilən dövlətdir. Yaxın
illərədək qaz idxal edən, xarici sərmayələrin
cəlbinə çalışan, indi isə Avropanın enerji
təhlükəsizliyinə töhfə verən, özü
xaricdə sərmayə qoyan, özünü təmin edən
ölkədir.
Hər bir vətənpərvər
azərbaycanlının qürur duyduğu bu faktlar yuxarıda
sitat gətirilən sözlərin artıq həyati gerçəkliyə
çevrildiyini bir daha sübut edir.
Yeni nəşrin
buraxılışına məsul Prezidentin İcra
Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
AzərTAc xəbər
verir ki, ümummilli lider Heydər Əliyevin 2003-cü il
oktyabrın 1-də uzaq Klivlenddən "Azərbaycan
xalqına müraciət"i ilə açılan cilddə
İlham Əliyevin Azərbaycanın Baş naziri olduğu
dövrdəki (2003-cü il avqust-oktyabr)
çıxışları, nitqləri, müsahibələri,
görüşləri, bəyanatları toplanmışdır.
Bu materiallar arasında
"Vaşinqton post" qəzetinə, Rusiyanın kütləvi
informasiya vasitələrinə, "Assoşieyted Press"
agentliyinin müxbirinə, 15 oktyabr prezident seçkiləri ilə
əlaqədar xarici ölkələrin kütləvi
informasiya vasitələrinin nümayəndələrinə
geniş müsahibələri, Türkiyəyə
işgüzar səfəri, Rusiya Prezidenti Vladimir Putinlə
söhbəti, Azərbaycan idmançıları, Rus mətbuatının
V Ümumdünya Konqresinin iştirakçıları ilə
görüşləri, Azərbaycan ziyalıları ilə
görüşdə çıxışı mühüm
yer tutur.
Xalqımızın və
ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi məsələsi
kitabdakı materialların bir çoxunda öz əksini
tapmışdır. Bu baxımdan, Baş nazir İlham Əliyevin
2003-cü il sentyabrın 24-də BMT Baş Məclisinin 58-ci
sessiyasındakı çıxışı xüsusi
vurğulanmalıdır. Həmin çıxışında
o, Ermənistanın ölkəmizə qarşı
işğalçılıq və terrorçuluq siyasəti
yürütməsini ən mötəbər beynəlxalq təşkilatın
tribunasından dünyaya bir daha bəyan etmiş, bu məsələdə
respublikamızın prinsipial mövqeyini açıqlamışdır.
Eyni zamanda bildirmişdir ki, Azərbaycan güclü, demokratik
dövlət, bazar iqtisadiyyatı qurmaq siyasi xəttinə qəti
sadiqdir, ölkəmizin, xalqımızın iradəsi və
arzusu beynəlxalq sülh və təhlükəsizliyə
töhfə verməkdir.
AzərTAc-ın
materialları əsasında hazırlanmış cildin sonunda
verilmiş qeydlər, şəxs adları və coğrafi
adlar göstəriciləri oxuculara bəhs edilən məsələlərlə
bağlı əlavə məlumat almaq imkanı da yaradır.
AzərTAc
Azərbaycan.-2008.-20 dekabr.-S.2.