"Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr və
dəyişikliklər edilməsi haqqında" Referendum
Aktı
1. 12-ci maddənin I hissəsinə
"azadlıqlarının" sözündən sonra ",
Azərbaycan Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin" sözləri əlavə
edilsin.
2. 15-ci maddənin II hissəsinə
"əsasında" sözündən sonra "sosial
yönümlü" sözləri əlavə edilsin.
3. 17-ci maddə "Ailə,
uşaqlar və dövlət" adlandırılsın, maddəyə
aşağıdakı məzmunda III, IV, V və VI hissələr
əlavə edilsin:
"III. Valideynləri və
ya qəyyumları olmayan, valideyn qayğısından məhrum
olan uşaqlar dövlətin himayəsi altındadırlar.
IV. Uşaqları onların
həyatına, sağlamlığına və ya mənəviyyatına
təhlükə törədə bilən fəaliyyətə
cəlb etmək qadağandır.
V. 15 yaşına
çatmamış uşaqlar işə götürülə
bilməzlər.
VI. Uşaq
hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarət edir."
4. 18-ci maddənin II hissəsində
"dinlərin" sözündən sonra "(dini cərəyanların)"
sözləri əlavə edilsin.
5. 19-cu maddənin II hissəsində
"Milli" sözü "Mərkəzi" sözü
ilə əvəz edilsin.
6. 25-ci maddəyə
aşağıdakı məzmunda IV və V hissələr əlavə
edilsin:
"IV. Heç kəsə
yuxarıda göstərilən əsaslara görə zərər
vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə
bilməz, yaxud güzəştlərin və ya imtiyazların
verilməsindən imtina oluna bilməz.
V. Hüquq və vəzifələrlə
bağlı qərarlar qəbul edən dövlət
orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin
daşıyıcıları ilə münasibətlərdə
hər kəsin bərabər hüquqları təmin
edilir."
7. 29-cu maddənin IV hissəsindən
"və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.
8. 32-ci maddədə:
II hissənin ikinci cümləsində
"şəxsi həyata" sözləri "şəxsi
və ailə həyatına" sözləri ilə əvəz
edilsin və həmin hissəyə aşağıdakı məzmunda
cümlə əlavə edilsin:
"Hər kəsin şəxsi
və ailə həyatına qanunsuz müdaxilədən
müdafiə hüququ vardır.";
III hissəyə
aşağıdakı məzmunda cümlə əlavə
edilsin:
"Qanunla müəyyən
edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri
olmadan və ya etirazına baxmadan izlənilə bilməz,
video və foto çəkilişinə, səs
yazısına və digər bu cür hərəkətlərə
məruz qoyula bilməz.";
aşağıdakı məzmunda
V hissə əlavə edilsin:
"V. Qanunla müəyyən
edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında
toplanmış məlumatlarla
9. 39-cu maddəyə
aşağıdakı məzmunda III və IV hissələr əlavə
edilsin:
"III. Heç kəs ətraf
mühitə, təbii ehtiyatlara qanunla müəyyən
edilmiş hədlərdən artıq təhlükə
törədə və ya zərər vura bilməz.
IV. Dövlət ekoloji
tarazlığın saxlanılmasına, yabanı bitkilərin
və vəhşi heyvanların qanunla müəyyən
edilmiş növlərinin qorunmasına təminat verir."
10. 48-ci maddəyə
aşağıdakı məzmunda V hissə əlavə
edilsin:
"V. Heç kəs öz
dini etiqadını və əqidəsini ifadə etməyə
(nümayiş etdirməyə), dini mərasimləri yerinə
yetirməyə və ya dini mərasimlərdə iştirak
etməyə məcbur edilə bilməz."
11. 50-ci maddəyə
aşağıdakı məzmunda III hissə əlavə edilsin:
"III. Hər kəsin
hüquqlarını pozan və ya mənafelərinə xələl
gətirən, kütləvi informasiya vasitələrində dərc
edilən məlumatı təkzib etmək və ya ona cavab vermək
hüququna təminat verilir."
12. 67-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"Maddə 67. Tutulanların,
həbsə alınanların və cinayət törədilməsində
təqsirləndirilənlərin hüquqları
I. Səlahiyyətli dövlət
orqanlarının tutduğu, həbsə aldığı,
cinayət törədilməsində təqsirləndirdiyi hər
bir şəxsə dərhal onun hüquqları bildirilir və
tutulmasının, həbsə alınmasının və
cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri
izah edilir.
II. Cinayət törədilməsində
təqsirləndirilən hər kəs məhkum edilməzdən
əvvəl dinlənilməlidir."
13. 71-ci maddədə:
II hissəyə
aşağıdakı məzmunda cümlə əlavə
edilsin:
"Hər kəsin hüquq
və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən
edilmiş əsaslarla, habelə digərlərinin hüquq və
azadlıqları ilə məhdudlaşır.
aşağıdakı məzmunda
IX və X hissələr əlavə edilsin:
"IX. Hər kəs qanunla
qadağan olunmayan hərəkətləri edə bilər və
heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri
etməyə məcbur edilə bilməz.";
X. Dövlət orqanları
yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən
edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə
bilərlər."
14. 72-ci maddənin I hissəsinə
aşağıdakı məzmunda cümlə əlavə
edilsin:
"Hər kəsin üzərinə
vəzifələr yalnız bu Konstitusiya ilə və ya
qanunla qoyula bilər".
15. 75-ci maddənin mövcud
mətni I hissə hesab edilsin, maddəyə
aşağıdakı məzmunda II hissə əlavə
edilsin:
"II. Dövlət rəmzlərinə
hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən
edilmiş məsuliyyətə səbəb olur".
16. 84-cü maddənin I hissəsinə
aşağıdakı məzmunda cümlə əlavə
edilsin:
"Müharibə şəraitində
hərbi əməliyyatların aparılması Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərin
keçirilməsini mümkün etmədikdə Azərbaycan
Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət müddəti
hərbi əməliyyatların sonunadək uzadılır. Bu
barədə qərar seçkilərin (referendumun)
keçirilməsini təmin edən dövlət
orqanının müraciətinə əsasən Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən
qəbul edilir."
17. 88-ci maddəyə
aşağıdakı məzmunda IV hissə əlavə
edilsin:
"IV. Azərbaycan
Respublikası Milli Məclisinin sessiyalarının iclasları
açıq keçirilir. Azərbaycan Respublikası Mili Məclisinin
83 deputatının tələbi ilə və ya Azərbaycan
Respublikası Prezidentinin təklifi ilə Azərbaycan
Respublikası Milli Məclisinin sessiyasının qapalı
iclası keçirilə bilər."
18. 92-ci maddədə
"daimi və başqa" sözləri "komitələr
və" sözləri ilə əvəz edilsin.
19. 95-ci maddədə:
I hissənin 4-cü bəndinə
"dövlətlərarası" sözündən sonra
"və Azərbaycan Respublikasının qanunlarından fərqli
qaydalar nəzərdə tutan hökumətlərarası"
sözləri əlavə edilsin;
aşağıdakı məzmunda
20-ci bənd əlavə edilsin:
"20) bələdiyyələrin
hesabatlarının dinlənilməsi."
20. 96-cı maddədə:
I hissəyə "Ali Məhkəməsinə"
sözlərindən sonra "Azərbaycan
Respublikasının seçki hüququ olan 40 min vətəndaşına"
sözləri, II və IV hissələrinə "Ali Məhkəməsinin"
sözlərindən sonra "Azərbaycan
Respublikasının seçki hüququ olan 40 min vətəndaşının"
sözləri əlavə edilsin;
III hissədə
"orqanın" sözü "subyektin" sözü ilə
əvəz edilsin;
aşağıdakı məzmunda
VI və VII hissələr əlavə edilsin:
"VI. Azərbaycan
Respublikasının seçki hüququ olan 40 min vətəndaşının
qanunvericilik təşəbbüsü hüququndan istifadə
etməsi qaydası qanunla müəyyən edilir.
VII. Qanun və qərar layihələri
əsaslandırılmalı və onların qəbul edilməsinin
məqsədləri göstərilməlidir."
21. 101-ci maddənin V hissəsi
aşağıdakı redaksiyada ifadə edilsin:
"V. Müharibə şəraitində
hərbi əməliyyatların aparılması Azərbaycan
Respublikası Prezidenti seçkilərinin keçirilməsini
mümkün etmədikdə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların
sonunadək uzadılır. Bu barədə qərar seçkilərin
(referendumun) keçirilməsini təmin edən dövlət
orqanının müraciətinə əsasən Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən
qəbul edilir."
22. 108-ci maddənin mövcud
mətni I hissə hesab edilsin, maddəyə
aşağıdakı məzmunda II hissə əlavə
edilsin:
"II. Əvvəllər Azərbaycan
Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı
qaydaları Konstitusiya qanunu ilə müəyyən
edilir."
23. 109-cu maddənin I hissəsində:
10-cu bənddə
"Milli" sözü "Mərkəzi" sözü
ilə əvəz edilsin, bəndə aşağıdakı
sözlər əlavə edilsin:
", Azərbaycan Respublikası
Mərkəzi Bankı İdarə Heyətinin üzvləri
sırasından Azərbaycan Respublikası Mərkəzi
Bankının sədrini təyin edir;";
13-cü bənddə
"İcra Aparatını" sözləri
"Administrasiyasını" sözü ilə əvəz
edilsin;
17-ci bənddə
"dövlətlərarası beynəlxalq" sözləri
"dövlətlərarası və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə
tutan hökumətlərarası" sözləri ilə əvəz
edilsin.
24. 125-ci maddəyə
aşağıdakı məzmunda VII hissə əlavə
edilsin:
"VII. Məhkəmə
icraatı həqiqətin müəyyən edilməsini təmin
etməlidir."
25. 129-cu maddənin mövcud
mətni I hissə hesab edilsin, maddəyə
aşağıdakı məzmunda II və III hissələr əlavə
edilsin:
"II. Məhkəmə qərarının
icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə
səbəb olur.
III. Məhkəmə qərarı
əsaslandırılmalı və sübuta yetirilmiş
olmalıdır."
26. 130-cu maddənin IX hissəsinə
aşağıdakı məzmunda cümlə əlavə
edilsin:
"Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarları
dərc edilməlidir."
27. 131-ci maddəyə
aşağıdakı məzmunda III hissə əlavə
edilsin:
"III. Azərbaycan
Respublikası Ali Məhkəməsinin qərarları dərc
edilməlidir."
28. 146-cı maddənin
mövcud mətni V hissə hesab edilsin, maddəyə
aşağıdakı məzmunda I, II, III və IV hissələr
əlavə edilsin:
"I. Bələdiyyələr
öz səlahiyyətlərini həyata keçirməkdə
müstəqildirlər, bu isə bələdiyyə ərazisində
yaşayan vətəndaşlar qarşısında onların
məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin
seçilməsi, səlahiyyətlərinin
dayandırılması və ya səlahiyyətlərinə
xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl
buraxılması halları və qaydası qanunla müəyyən
edilir.
II. Bələdiyyələrin
öz səlahiyyətlərini müstəqil həyata
keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl
gətirə bilməz.
III. Dövlət bələdiyyələrin
fəaliyyətinə nəzarət edir.
IV. Qanunla müəyyən
edilmiş hallarda və qaydada bələdiyyələr öz
fəaliyyətləri barəsində Azərbaycan
Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər."
29. 149-cu maddəyə
aşağıdakı məzmunda VIII hissə əlavə
edilsin:
"VIII. Normativ hüquqi
aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən
normativ hüquqi aktın icrasına (ona riayət olunmasına)
məcbur edilə bilməz və belə aktın icra
olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə
cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc
edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən
edilir."
Azərbaycan.-2008.-20 dekabr.-S.2.