Konstitusiya islahatları ilə bağlı təşəbbüs beynəlxalq aləmdə müsbət qarşılanır

 

"Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı qəbul ediləcəyi təqdirdə, Azərbaycanın baş qanunu əvvəlkilə müqayisədə artıq yeni təkmil məzmun kəsb edəcəkdir. Əlbəttə ki, bunun nə dərəcədə real olması xalqın öz iradəsini ifadə etməsindən sonra məlum olacaqdır. Hələlik isə Azərbaycanda yeni Konstitusiya islahatları çərçivəsində bir sıra dəyişikliklər, o cümlədən prezidentin səlahiyyət müddətilə bağlı təkliflər təkcə ölkə daxilində yox, beynəlxalq aləmdə də maraq doğurmaqda və geniş təhlil olunmaqdadır.

 

Yeni Konstitusiya islahatları təşəbbüsü xarici ekspertlər tərəfindən də məqbul qarşılanır

 

Xarici ekspertlərin çoxu yeni Konstitusiya islahatlarının mütərəqqi xarakter daşıması və bu çərçivədə prezidentin səlahiyyət müddətinin artırılmasının məqbul olduğu qənaətindədir. Rusiyanın "KRN İnternational" Araşdırma Mərkəzinin eksperti Yuri Byalı bununla bağlı qeyd edir ki, əslində belə bir dəyişiklik normal qəbul olunmalıdır: "Bildiyiniz kimi, Rusiyada prezidentin və parlamentin səlahiyyət müddəti uzadılır. Özü də bu böyük çoxluğun istəyilə həyata keçrilir. Əlbəttə ki, seçim xalqa məxsusdur. Xalq bir şəxsi, lideri müdafiə edəcəksə, o da seçiləcəkdir. Azərbaycanda isə Prezident İlham Əliyevin alternativi yoxdur. Məhz onun ilk 5 illik fəaliyyəti nəticəsində Azərbaycan daha sürətli inkişaf yoluna qədəm qoyub. Ümumi daxili məhsulun artım tempinə görə, Azərbaycan hələ də lider dövlətdir. Ölkədə digər sahələrdə də böyük islahatlar həyata keçirilib. O da qəbul olunur ki, İlham Əliyevə altenativ yoxdur və mövcud siyasi qüvvələrin güc, nüfuz, idarəçilik və digər bu parametrləri baxımından İlham Əliyev birinciliyi uzun müddət qoruyub saxlayacaq və bu da ona əsas siyasi lider statusunda çıxış etməsinə imkan verir. Bu mənada onun daha uzun müddətə prezident vəzifəsində qalması təbii qarşılana bilər. Son prezident seçkilərində İlham Əliyevə yüksək etimad göstərilməsi xalqın onu dəstəklədiyini bir daha nümayiş etdirdi".

"Pressentr" elektron portalı isə yazır: "Prezidentin seçilməsində məhdudiyyətlərin aradan qaldırılması məsələsi cəmiyyətdə çoxdan aparılan müzakirənin nəticəsidir. Hakim partiya, sadəcə olaraq, cəmiyyətin geniş təbəqəsini maraqlandıran bu məsələni parlamentin müzakirəsinə çıxarıb. İqtidarda olan partiyanın təmsilçiləri belə hesab edirlər ki, cəmiyyətin geniş dəstəyinə malik bacarıqlı bir şəxsin prezident seçilmə müddətində qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır".

Ona da diqqət çəkilir ki, Azərbaycanın geosiyasi vəziyyəti, dünyanı daha çox maraqlandıran neft-qaz ehtiyatlarının ixracı və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından dövlət başçısının öz siyasətini həyata keçirməsində məhdudiyyət olmamalıdır.

Adıçəkilən mətbu orqan Azərbaycanda prezidentin seçilməsinə qoyulan məhdudiyyətin ləğvinin sosial sifariş xarakteri daşımasını görkəmli rəssam Tahir Salahovun məktubu fonunda izah edir: "Tanınmış rəssam prezidentə məktubunda bildirir ki, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin özü demokratik prinsiplərə ziddir əslində bu həm xalqın seçim hüququnun məhdudlaşdırılmasıdır. Buna görə , həmin məhdudiyyətin ləğvi xalqın öz iradəsini azad şəkildə ifadə etməsinə imkan verir".

 

Azərbaycanın mövqeləri daha da möhkəmlənib

 

Digər rusiyalı ekspert Anatoli Malaxov isə bildirir ki, əslində İlham Əliyevin dövlət başçısı kimi uğurları Azərbaycan xalqının ona daha uzun müddətə etimad göstərməsinə səbəb olub: "Aydındır ki, xalq İlham Əliyevi uzun müddət prezident kimi görmək istəyir. Digər tərəfdən, Konstitusiyaya təklif olunan islahatlar təkcə prezidentin səlahiyyət müddətilə bağlı deyil. Burada bir sıra digər vacib məqamlar da var. Əlbəttə ki, Azərbaycan hakimiyyətini istəməyən qüvvələrin bu dəyişikliklər ətrafında səs-küy salması da təbii qarşılanmalıdır. Ancaq unutmaq lazım deyil ki, Konstitusiya dəyişikliklərində son sözü xalq deyəcək. Əgər xalq bu dəyişikliklərə, xüsusən prezidentin səlahiyyət müddəti məsələsinə müsbət cavab versə, digərlərinin buna qarşı çıxmaq üçün tutarlı arqumenti olmayacaqdır. Razılaşaq ki, İlham Əliyevin prezident kimi bu vaxta qədər göstərdiyi fəaliyyət Azərbaycanın mövqelərini daha da möhkəmləndirib. Bu, regionda baş verən son hadisələr fonunda öz təsdiqini bir daha tapdı. Azərbaycan Prezidentinin qonşularla digər dünya ölkələrilə münasibətdə yeritdiyi balanslı siyasət bu gün ölkənin təhlükəsizlik təminatında çox mühüm rol oynayır. Bundan başqa, Azərbaycan hələ dünyanın ən qüdrətli ölkələri üçün çox cəlbedici məkan olaraq qalmaqdadır. Əlbəttə ki, belə vəziyyətdə hamı ilə xoş münasibətlər saxlamaq bacarıqlı uzaqgörən siyasət tələb edir. İlham Əliyev isə bütün bunların öhdəsindən məharətlə gəlməkdədir".

Ekspert hesab edir ki, cənab İlham Əliyevin daha uzun müddətə prezident postunda Azərbaycanı idarə etməsi perspektivdə ölkənin inkişaf tempinin bir qədər sürətlənməsi ilə müşayiət olunacaqdır: "İlham Əliyev ona miras qalan inkişaf siyasətini çox uğurla davam etdirmək qabiliyyətində olduğunu təsdiqləyib. İndi bu inkişaf siyasətinin davam etdirilməsi öz məntiqi nəticəsinə çatması üçün İlham Əliyevin daha uzun zamana ehtiyacı var. Mən burada Azərbaycanın inkişaf etmiş ölkələr cərgəsində yer almasını nəzərdə tuturam. Dağlıq Qarabağ münaqişəsinin tam şəkildə həlli üçün daha uzun zamana ehtiyac ola bilər. Bu istiqamətdə Azərbaycanın ciddi uğurları var. Əgər siz Ermənistanda son siyasi hadisələrə ictimai fikirə nəzər salsanız, orada belə bir mövqe formalaşıb ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq Ermənistan iqtidarı Azərbaycanın şərtlərilə razılaşacaq. Halbuki əvvəllər ermənilər tam fərqli mövqedən çıxış edir, Qarabağın müstəqil olacağını bildirirdilər. Ancaq Azərbaycanın həyata keçirdiyi siyasət artıq Qarabağ ətrafında hadisələrin indi Bakının istədiyi kimi inkişaf etməsinə gətirib çıxarıb. Deməli, bu siyasətin öz məntiqi nəticəsini verməsi üçün hazırkı Azərbaycan Prezidentinə imkan verilməlidir. Əlbəttə ki, burada imkan deyilərkən ilk növbədə zaman amili nəzərdə tutulur. Əslində bir şəxsin bir neçə dəfə dövlət başçısı seçilmə hüququna malik olmasında da demokratiya amili mövcuddur. Demokratiya özü sərhədi olmayan bir anlayışdır. Əgər bir şəxsi xalq dəstəkləyirsə o, daha uzun müddətə ölkəni idarə etmək gücünə malikdirsə, nəyə görə onun seçim imkanı məhdudlaşdırılmalıdır?"

 

Rasim BAYRAMOV

 

Azərbaycan.-2008.-20 dekabr.-S.3.