Bakıda doktorantlar üçün simpozium keçirilir
Dekabrın 19-da Bakıda, "Retro club"da
Azərbaycan Diplomatik Akademiyasının (ADA) ilk dəfə
olaraq doktorantlar üçün təşkil
etdiyi ikigünlük simpozium işə başlamışdır.
ADA-nın təlim
proqramları üzrə direktoru Fariz İsmayılzadə
bildirmişdir ki, simpoziumdan məqsəd elmi dairələrdə
Azərbaycan haqqında biliklərin artırılması və
təhsil ocağında davamlı akademik debatların təşkili,
azərbaycanlı və xarici elm adamları arasında
qarşılıqlı əlaqələrin
stimullaşdırılması, ölkəmizdə həyata
keçirilən təhsil islahatlarına xidmət edəcək
əlaqələrin qurulması, araşdırma və tədris
metodları sahəsində təcrübə mübadiləsi
aparılmasıdır.
Kadrların yetişdirilməsi
və "beyin axını"nın
geriyə, Azərbaycana yönəldilməsinin ADA-nın
prioriteti olduğunu qeyd edən xarici işlər nazirinin
müavini Vaqif Sadıqov vurğulamışdır ki,
Diplomatik Akademiya "qara qızılın insan
qızılına çevrilməsi" istiqamətində fəaliyyət
göstərir. Bu isə neft ehtiyatlarından bu
məqsədlərlə faydalanan Azərbaycanı digər neft
ixracatçılarından fərqləndirir.
V.Sadıqov
bildirmişdir ki, simpoziumun keçirilməsindən məqsəd
ABŞ və Avropa ölkələrindəki azərbaycanlı
elm adamlarını bir araya gətirmək və onları tədqiqat
işlərinə cəlb etməkdir. Hazırda ABŞ və Avropada təhsil
alan 16 doktorant, elmi işçi Azərbaycana
cəlb edilmişdir.
Azərbaycanın regiondakı digər ölkələrə təsirinin böyük olduğunu deyən Cons Hopkins Universitetinin professoru Frederik Starr, ADA-nın və Haifa Universitetinin professoru Brenda Şaffer hesab edirlər ki, ölkəmiz barədə məlumat yaymaq üçün gənc alimlərin üzərinə böyük yük düşür.
Əsas diqqətin sosial, xüsusilə beynəlxalq hüquq və münasibətlər,
iqtisadiyyat elmlərinə
yönəldilmiş simpoziumda
yerli və xarici elm adamları
arasında qarşılıqlı
əlaqələrin stimullaşdırılması
da qərara alınmışdır.
Azərbaycan.-2008.-20 dekabr.-S.3.