Xaricdəki diasporumuz fəaliyyətini daha da gücləndirir
Diasporumuzun tarixində
yeni mərhələnin əsasını qoymuş Dünya Azərbaycanlılarının
I Qurultayı xarici ölkələrdə yaşayan
soydaşlarımızın təşkilatlanması prosesinə
təkan verməklə yanaşı, həmvətənlərimizin
ictimai-siyasi həyatda iştirak səviyyəsini yüksəltdi,
azərbaycanlı ziyalıların diaspor quruculuğu prosesinə
daha fəal qoşulmalarına stimul verdi. Bu müddətdə
Azərbaycan həqiqətlərinin dünya birliyinə
çatdırılması, milli birlik və həmrəyliyin
möhkəmləndirilməsi, digər xalqların diaspor təşkilatları
ilə əlaqələrin inkişaf etdirilməsi, eyni zamanda
türk dünyasının birliyi istiqamətində müvəffəqiyyətlər
qazanıldı. Bu missiyanın yerinə yetirilməsində
2003-cü ildə yaradılmış Birləşmiş Ərəb
Əmirliklərində Azərbaycan Cəmiyyəti də
mühüm rol oynayır. Cəmiyyət respublikamızla ərəb
ölkələrinin ictimaiyyəti arasında mənəvi-psixoloji,
siyasi-ideoloji bağlılığı daha da gücləndirməyi
qarşısına məqsəd qoyub. Təşkilatın rəhbəri
Samir İmanov qəzetimizin əməkdaşı ilə
söhbətində bu istiqamətdə görülən
işlərdən söbət açıb:
- Birləşmiş Ərəb
Əmirliklərində Azərbaycan Cəmiyyəti artıq 5
ildir ki, daimi fəaliyyət göstərir. Biz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında Ərəb
Əmirliyinin, eyni zamanda körfəz ölkələrinin vətəndaşlarına
məlumatların verilməsinə, işğal olunmuş ərazilərimiz
barədə həqiqətlərin
çatdırılmasına, mədəniyyətimizin və
incəsənətimizin təbliğinə
çalışırıq. Mətbuat vasitəsilə qəsb
edilmiş ərazilərimiz haqqında Birləşmiş Ərəb
Əmirliyinin ictimaiyyətini mütəmadi olaraq məlumatlandırırıq.
Bu ölkənin vətəndaşları ilə
görüşlərimizdə Dağlıq Qarabağ
probleminin əsil mahiyyətini açıqlayırıq. Yaydığımız
informasiyalar daha 6 körfəz ölkəsinin ictimaiyyətinə
çatdırılır. Eyni zamanda işğal edilmiş
torpaqlarımızın geri qaytarılması istiqamətində
Azərbaycan hakimiyyətinin apardığı haqq işinə
BƏƏ ictimaiyyətinin dəstəyini gücləndirməyə
səy göstəririk. Təşkilatımız
yarandıqdan sonra həmin ölkədə yaşayan azərbaycanlılar
arasında ünsiyyət, bundan sonra isə birlik meyilləri
daha da gücləndi. Soydaşlarımız bir araya gələrək
bir-birlərini daha yaxından tanıdılar, fəaliyyətlərini
daha sıx əlaqələndirdilər və böyük icma
tərkibində birləşdilər. Azərbaycan mədəniyyətinin
təbliğində təşkilatımızın nümayəndələri
yaxından iştirak edirlər.
- Dünya Azərbaycanlılarının
II Qurultayından sonra Dünya Azərbaycanlılarını Əlaqələndirilmə
Şurasının fəailyyətindəki irəliləyişlər
sizin icmanın işində hansı keyfiyyət dəyişikliklərinə
səbəb olub?
- 2003-cü ildə
möhtərəm Prezident İlham Əliyev dövlət
başçısı seçildikdən sonra Azərbaycan cəmiyyətində,
eyni zamanda hərbi, iqtisadi, humanitar, sosial, hüquq sahələrində
böyük nailiyyətlər əldə olunmuşdur. Bu,
diaspor təşkilatlarımızın fəaliyyətlərinin
gücləndirilməsində, icmalarımızın birləşməsində
və mütəşəkkil formada təşkilatlanmasında
özünü açıq şəkildə büruzə
verdi. II Qurultayda Dünya Azərbaycanlılarını Əlaqələndirilmə
Şurasının tərkibi seçilməsi və
Şuranın yeni tərkibdə işə başlaması ilə
əvvəllər kortəbii şəkildə iş aparan
diaspor təşkilatlarımız fəaliyyətlərinin
yeni mərhələsinə qədəm qoydular. Dünyanın
aparıcı ölkələrində yaradılan icma və cəmiyyətlərimizin
ümumi işinin uzlaşdırılması və təşkilatlanması
davam etdirilir. Diaspor rəhbərləri qarşısında
müəyən tələblər qoyulub və hədəflər
müəyyənləşdirilib. Dünya Azərbaycanlılarını
Əlaqələndirilmə Şurasının icaslarında
diaspor təşkilatlarının rəhbərləri hesabatla
çıxış edərək gördükləri işlər
barədə məlumat verirlər. Bu məlumatlardan aydın
görünür ki, diaspor icmalarının işində irəliləyişlər
mövcuddur. Biz bu işi daha da gücləndirməli, fəaliyyət
dairəsini genişləndirməliyik. Hər bir icma rəhbəri
yaşadığı ölkədə mətbuatla və
dövlət orqanları ilə sıx əlaqə qurmalı
və bu ünsiyyətdən dövlətimiz naminə istifadə
etməlidir. Birləşmiş Ərəb Əmirliyindəki
Azərbaycan Cəmiyyətinin rəhbəri kimi deyə bilərəm
ki, son illər Azərbaycanda baş verən müsbət
proseslər, yüksək sürətli inkişaf, müstəqil
dövlətimizin tərəqqisi xaricdə də izlənilir
və bu, bizim fəaliyyətimizin səmərəsinə də
təsir edir.
Anar RASİMOĞLU
Azərbaycan.-2008.-20 dekabr.-S.5.