Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Yasamal rayonunda parkın, Heydər Əliyev məktəb-muzeyinin rayon icra hakimiyyətinin binasının açılışında iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 20-də Bakının Yasamal rayonunda mədəniyyət və istirahət parkının, Heydər Əliyev məktəb-muzeyinin və rayon icra hakimiyyətinin yeni binasının açılışında iştirak etmişdir.

Prezident İlham Əliyevin Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən, rayonun daxili imkanları hesabına tamamilə yeniləşdirilmiş və paytaxtımızın bu hissəsinə xüsusi yaraşıq verən park şəhər sakinlərinin sevimli istirahət guşələrindən biri olacaqdır.

Rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, 1,7 hektar sahəsi olan, vaxtilə Nazim Hikmət küçəsi ilə Mətbuat prospektinin kəsişməsində salınmış və uzun müddət baxımsız qalmış park xüsusi layihə əsasında bir il ərzində müasir səviyyədə tamamilə yenidən qurulmuşdur. Burada yaraşıqlı fəvvarələr və şəlalələr kompleksi yaradılmış, ən hündür yerdə Azərbaycanın dövlət bayrağı ucaldılmışdır. Parkda hər cür hava şəraitinə davamlı materiallardan hazırlanmış 254 oturacaq qoyulmuş, 8,5 min kvadratmetr sahədə çəmənlik salınmış, 3500-dən çox müxtəlif ağac və gül kolları əkilmişdir. Əraziyə yüksək keyfiyyətli mərmər döşənmiş, ən müasir işıqlandırma sistemi və 20 kvadratmetrlik monitor quraşdırılmışdır. Ətraf binalarda da əsaslı təmir və abadlıq işləri görülmüşdür.

Prezident İlham Əliyev sonra Heydər Əliyev məktəb-muzeyinin açılışında iştirak etdi. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, məktəb-muzeylə tanış oldu.

Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan məktəb-muzeydə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Bunlar "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi və mənəvi inkişafına xidmət olub" - deyən ulu öndərin zəngin və çoxcəhətli fəaliyyəti, ümumən Azərbaycan tarixinin bütöv bir qərinəsi barədə dolğun təsəvvür yaradır. Daim, ən çətin anlarda da xalqına arxalanan, Azərbaycanın müstəqilliyini qoruyub saxlayan, onu parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən xilas edən, beynəlxalq birliyin layiqli üzvləri sırasına çıxaran Heydər Əliyev haqlı olaraq dünyanın ən nüfuzlu siyasətçilərindən biri kimi tanınmışdır.

Azərbaycanın iqtisadi dirçəlişi, mədəniyyətinin, elminin, təhsilinin inkişafı bilavasitə onun adı ilə bağlıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda Heydər Əliyevin siyasətinin alternativi yoxdur və onun davam etdirilməsi ölkəmizin tərəqqisinin təminatıdır.

Ümummilli liderin irsini təbliğ edəcək məktəb-muzeydəki zəngin kitabxana və kompüter otaqları gənclərin ulu öndərin zəngin irsindən yararlanmasına kömək edəcəkdir. Bu irs hər zaman Azərbaycan gəncliyini sabaha aparan yol olacaqdır.

Dövlətimizin başçısı məktəb-muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı.

Prezident İlham Əliyev daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin yeni binasının açılışında iştirak etdi. Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, ölkəmizin inkişafındakı fəaliyyətini əks etdirən fotoguşə yaradılmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, beşmərtəbəli binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Bu isə icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcəkdir. 300 nəfərlik iclas salonunda ən müxtəlif tədbirlər keçirmək mümkün olacaqdır. Zəruri avadanlıqla təchiz edilmiş binada qonaqlar üçün gözləmə otağı xidməti otaqlar da var.

Prezident İlham Əliyev otaqları ilə tanış oldu, yaradılmış şəraitdən, habelə ərazidə aparılmış yenidənqurma abadlıq işlərindən razılığını bildirdi.

 

AzərTAc

 

Azərbaycan.-2008.-21 dekabr.-S.1.