Azərbaycan Prezidenti İlham Əliyev "Zəngəzur" tankerinin
istismara verilməsi mərasimində iştirak
etmişdir
Dekabrın 20-də Dövlət Xəzər Dəniz Gəmiçiliyinin "Zəngəzur" tankerinin istismara buraxılması münasibətilə mərasim keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Prezident İlham Əliyevi tankerin yan aldığı Yaxt klubda Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov qarşıladı. Gəminin kapitanı tankerin istismara tam hazır olması barədə dövlətimizin başçısına raport verdi.
Prezident İlham Əliyev gəminin xidmət və yaşayış sahələri ilə yaxından tanış oldu, dənizçilərin
iş və həyat şəraiti ilə maraqlandı. Dövlətimizin başçısına
məlumat verildi ki, "Zəngəzur"
tankeri Rusiyanın Nijni Novqorod şəhərindəki "Krasnoye
Sormovo" gəmiqayırma
zavodunda inşa olunmuşdur. Tankerdən
əsasən Qazaxıstan
neftinin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixracı üçün Səngəçal
terminalına daşınmasında
istifadə ediləcəkdir.
Eyni vaxtda bir neçə növ neft və
neft məhsulları daşımaq üçün
nəzərdə tutulan
gəmi "Prezident Heydər Əliyev" tankeri ilə eyni layihədəndir və bu tip
tankerlər Xəzərdə
istismar olunan ən iri gəmilərdir.
Dövlət Xəzər
Dəniz Gəmiçiliyinin
6 belə tankeri var. Gəmiçiliyin sifarişi ilə daha bir belə
gəmi inşa edilir və 2009-cu ilin sonuna qədər
istismara veriləcəkdir.
"Zəngəzur" tankerinin
yükgötürmə qabiliyyəti
13 min tona bərabərdir. Gəminin
uzunluğu 150 metr, eni 17,3 metr, suya oturumu isə
7,14 metrdir. Bu, gəmiçiliyin
sayca 79-cu gəmisidir. Onlardan 42-si tanker, 37-si quru yük gəmisidir.
Prezident İlham Əliyev gəminin kapitan körpüsünə baxdı. Dövlət başçısına məlumat
verildi ki, kompüter sistemi ilə idarə edilən gəmi ən müasir naviqasiya avadanlığı
və cihazları ilə təchiz olunmuşdur. Prezident İlham
Əliyev gəminin istismara verilməsini bildirən düyməni basdı.
Daha sonra dövlətimizin başçısı gəminin
ən yuxarı göyərtəsinə qalxaraq
buradan şəhərin
panoramını seyr etdi. Gəminin heyətinə
xoş arzularını
çatdıran Prezident
İlham Əliyev müvafiq tövsiyə və tapşırıqlarını
verdi.
AzərTAc
Azərbaycan.-2008.-21 dekabr.-S.1.