Prezident İlham Əliyevin qayğısı
nəticəsində Azərbaycan
diasporu indi inkişafının yeni mərhələsini yaşayır
"Dünya Azərbaycanlılarının
Həmrəylik Xartiyası" diaspor təşkilatlarımız
qarşısında tarixi vəzifələri müəyyənləşdirərək
soydaşlarımız arasında birliyi təmin edən əsas
istinadgah olacaq. Bu sənəd həmçinin Azərbaycan
dövlətçiliyini və xalqımızın mənafeyini
əks etdirən prinsiplər ətrafında formalaşan vahid
konsepsiyanın hazırlanması baxımından da
mühüm əhəmiyyət kəsb edir. Xartiya həmvətənlərimizin
məskunlaşdıqları ölkələrdə əsas
hüquq və azadlıqlarını yerli qanunvericilik, beynəlxalq
hüquq normaları çərçivəsində təmin
edilməsinin prinsip və mexanizmlərini müəyyənləşdirir,
azərbaycanlıların ictimai-siyasi fəallığının
yüksəldilməsi, cəmiyyətə inteqrasiyası
prosesində qarşıya çıxan problemlərin aradan
qaldırılması üçün zəmin yaradır. "Belçika
Azərbaycan Evi"nin rəhbəri Bülənt
Gürçam əməkdaşımızla söhbətində
"Dünya Azərbaycanlılarının Həmrəylik
Xartiyası"ndan irəli gələn vəzifələrə
toxunub:
- Diaspor təşkilatları
olaraq bizim bu sənədə ciddi ehtiyacımız var idi. İllərdən
bəri irəli sürdüyümüz təkliflər,
narahatlıqlarımız "Dünya Azərbaycanlılarının
Həmrəylik Xartiyası"nda əksini tapıb. Biz
artıq əsas vəzifələrimizi və hədəfləri
müəyyənləşdirmişik. Sənəddə
göstərilmiş müddəalar əsasında iş
aparacağıq. Əvvəllər ən böyük problemlərimiz
informasiya çətinliyindən və maddi
imkanlarımızın azlığından ibarət idi. Bütün
məsələləri respublikamızdan kənarda
lazımınca anlada, xarici ölkə vətəndaşlarına
öz dillərində informasiya verə bilmirdik. Amma bundan sonra
fərqli olacaq. İndiyə qədər
apardığımız fəaliyyətin tərkib hissəsi
kimi, əcnəbi dillərdə Azərbaycanla bağlı bir
neçə kitab nəşr etdirmişik. Lakin bunlar da yetərli
deyil. Əgər informasiya kitablarını sistematik olaraq nəşr
etdirsək, təbliğat məsələsində mövcud
olan çətinliklərimiz aradan qalxacaq. Hazırda
Belçikada qəzet nəşr edirik.
- "Dünya Azərbaycanlılarının
Həmrəylik Xartiyası"nın müəyyənləşdirdiyi
fəaliyyət istiqamətləri sırasında təbliğat-təşviqat
tşlərinə önəm verilir. Bu istiqamətdə
hansı işlər görəcəksiniz?
- İlk olaraq
Belçikada 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə tədbirlər
keçirəcəyik. Bu mərasimlər Avropada yaşayan
soydaşlarımızın bir araya gəlməsi
üçün önəmli olacaq. 31 dekabr həmrəyliyimizlə
bağlı olan əlamətdar gündür. Eyni zamanda, gələn
il bir sıra irimiqyaslı tədbirlər təşkil etməyi
planlaşdırırıq. Bununla əlaqədar yeni layihələr
hazırlamışıq. İki il idi ki, həmin layihələrin
üzərində işləyirdik. Mayın 10-da Belçikada
3 günlük "Azərbaycan günləri" düzənləyəcəyik.
Brüsselin mərkəzindəki kilsənin parkında,
böyük çadırda mədəniyyət, incəsənət
nümunələrimizi nümayiş etdirəcəyik. Həmin
tədbirlərə Azərbaycandan rəsmi şəxslər,
iş adamları, rəssamlar və müğənnilər dəvət
olunacaqdır. Böyük sərginin təşkil olunması
nəzərdə tutulub. Tədbirə Belçikanın
ayrı-ayrı sahələrindən olan müxtəlif təbəqəli
insanları, sadə vətəndaşları, ictimai xadimləri
dəvət edəcəyik. Məlumdur ki, sıravi
avropalıların bir qisminin respublikamıza gəlmək, Azərbaycan
həqiqətləri, Dağlıq Qarabağ probleminin acı
nəticələri ilə yerindəcə tanış olmaq
imkanı yoxdur. Bu səbəbdən də Brüsselin mərkəzindəki
kilsənin parkında böyük sərgi təşkil etməyə
çalışırıq ki, bura gələnlər Azərbaycan
barədə kifayət qədər məlumat toplaya bilsinlər.
Xocalı faciəsi ilə bağlı fransızca nəşr
etdirdiyimiz "Əsir torpaq Qarabağ" kitabı artıq
Belçikada satışa çıxarılıb. Avropada
fransız dilində danışan insanlar həmin kitabı
oxuyurlar. Fevralın sonlarında Xocalı
soyqırımının növbəti ildönümü
münasibətilə digər türk diaspor təşkilatları
ilə birlikdə mitinqlər, yürüşlər
keçirəcəyik. Türkiyənin şirkətlərindən
biri Xocalı faciəsi ilə bağlı film çəkir.
Onlar bizə müraciət edərək dəstək istədilər.
İstanbul şəhərində şirkətin nümayəndələri
ilə görüşdük. Xahiş etdik ki, Amerikadakı
ortaq şirkətlər də bu filmin çəkilişinə
cəlb edilsin. Film Xocalı faciəsinin dəhşətlərini
görmüş, məhrumiyyətlərini yaşamış
bir uşağın xatirəsi əsasında lentə
alınacaq. Əgər çəkilişi uğurla başa
çatdırsaq, bu, soyqırımının dünyaya
çatdırılmasında əyani vasitə olacaqdır.
2006-cı ildən
ötən dövr diaspor təşkilatlarımızın fəaliyyəti
üçün dönüş mərhələsi
olmuşdur. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının rəhbəri
seçilməsindən sonra vahid birliyimiz üçün təşkilatlanmağımıza
inam hissimiz gücləndi. Prezident İlham Əliyevin
tapşırıqlarını yerinə yetirmək daha məsuliyyətlidir.
Azərbaycan Prezidentinin qayğısı və diqqəti nəticəsində
diasporumuz indi inkişafının yeni mərhələsini
yaşayır. Belçikada yaşayan bütün azərbaycanlılar
adından Prezident İlham Əliyevə diaspor təşkilatlarına
göstərdiyi qayğıya görə təşəkkür
edirik.
Anar RASİMOĞLU
Azərbaycan.-2008.-21 dekabr.-S.2.