Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələri Baş
Qərargah rəisinin
müavini, ordu generalı Hasan İğsızın başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də
Türkiyə Silahlı Qüvvələri Baş Qərargah
rəisinin müavini, ordu generalı Hasan
İğsızın başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Dövlətimizin
başçısı Azərbaycanla Türkiyə arasında
dostluq və qardaşlıq münasibətlərinin
bütün sahələrdə uğurla inkişaf etdiyini
bildirdi. Türkiyənin Baş Qərargah rəisinin bir
müddət əvvəl Azərbaycana səfərini
xatırladan Prezident İlham Əliyev ölkələrimiz
arasında hərbi sahədə əməkdaşlığın
əhəmiyyətini və bunun bölgədə
sülhün təmin olunmasındakı rolunu vurğuladı.
Dövlətimizin başçısı Türkiyə
Silahlı Qüvvələri Baş Qərargah rəisinin
müavini, ordu generalı Hasan İğsızın
başçılıq etdiyi nümayəndə heyətinin
ölkəmizə bu səfərinin də əməkdaşlıq
imkanlarını müzakirə etmək və faydalı
danışıqlar aparmaq baxımından əhəmiyyətli
olacağına ümidvar olduğunu bildirdi.
Dost və qardaş
ölkə olan Azərbaycana səfərindən məmnunluğunu
söyləyən ordu generalı Hasan İğsız ölkələrimiz
arasında bütün digər sahələrdə olduğu
kimi, hərbi sahədə də əlaqələrin
böyük əhəmiyyət kəsb etdiyini və səfərin
bu sahədə əməkdaşlığın daha da
genişləndirilməsinə xidmət edəcəyinə əminliyini
vurğuladı.
Azərbaycan.-2008.-23 dekabr.-S.1.