ABŞ Azərbaycanla iqtisadi əlaqələrini daha da genişləndirir

 

Son illər ABŞ-Azərbaycan münasibətləri təkcə siyasi sahədə deyil, həm də iqtisadi sahədə uğurla inkişaf edir. Rəsmi Vaşinqtonun Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir.

İki dövlətin strateji müttəfiqliyi dönməz xarakter daşımaqla, bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından da vacib əhəmiyyət kəsb edir.

2001-ci ildən Azərbaycan-ABŞ münasibətləri strateji müttəfiqlik istiqamətində yüksələn xətlə inkişaf etmişdir. 1998-2005-ci illərdə ölkələrimiz arasındakı əlaqələr bütün sahələrdə - siyasi, iqtisadi, regional əməkdaşlıq, beynəlxalq təhlükəsizlik və hərbi məsələlər üzrə genişləndirilmiş, real tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Xatırladaq ki, məhz bu illərdə ABŞ-Azərbaycan əlaqələri tamamilə yeni mərhələyə qədəm qoymuş, "Azadlığı müdafiə aktı"na ədalətsiz 907-ci düzəlişin aradan qaldırılması nəticəsində ikitərəfli əlaqələrdə nəzərəçarpacaq dönüş yaranmışdır. Ağ ev administrasiyası xüsusən də beynəlxalq terrorizmlə mübarizənin təşkili, regionda sülh və təhlükəsizliyin təmin olunması sahəsində Azərbaycanın malik olduğu potensialı yüksək qiymətləndirir. Rəsmi Bakının 11 sentyabr terror hadisələrindən sonra bu bəlaya qarşı barışmaz mövqe tutması və antiterror koalisiyasına fəal surətdə qoşulması ABŞ hökuməti tərəfindən təqdir olunur. Antiterror koalisiyasının fəal üzvünə çevrilmiş Azərbaycan son 5 ildə Əfqanıstanda və İraqda həyata keçirilən hərbi əməliyyatlara hərbi-siyasi, mənəvi dəstək vermişdir.

Qarşılıqlı etimadın nəticəsi olaraq son illərdə ABŞ-Azərbaycan münasibətləri daha sürətli inkişaf mərhələsinə qədəm qoymuş, xüsusən də iqtisadi sahədə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Rəsmi Vaşinqton indiyədək TRASEKA, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi qlobal layihələrin reallaşmasına öz dəstəyini vermişdir. Hazırda Transxəzər və "Nabukko" boru kəmərləri layihələrinin gerçəkləşməsi də rəsmi Vaşinqton üçün prinsipial əhəmiyyət kəsb edir. Ötən il Azərbaycanla ABŞ arasında Transxəzər boru kəməri layihəsinin iqtisadi əsaslandırılmasına dair qrant sazişinin imzalanması da iqtisadi sahədə əməkdaşlığın yaddaqalan məqamlarındandır. 1,7 milyon ABŞ dolları məbləğindəki layihə çərçivəsində ekspertlər 2 boru kəmərinə dair araşdırma aparmalıdırlar. Bunlar Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə və Qazaxıstanın, eləcə də regionun digər ölkələrinin qazının Azərbaycan vasitəsilə nəqli üçün nəzərdə tutulan boru kəmərləridir.

ABŞ-ın "Ekson-Mobil", "Statoyl" kimi nüfuzlu şirkətləri respublikamızda müxtəlif neft-qaz layihələrində iştirak edirlər. Amerikalı iş adamlarının Azərbaycandakı fəaliyyəti neft-qaz sahəsi ilə yanaşı, iqtisadiyyatın digər sahələrini də əhatə edir. Son illərdə əməkdaşlığın hüdudları daha geniş xarakter almış, biznes proqramları energetika, nəqliyyat, infrastruktur, informasiya texnologiyaları, kənd təsərrüfatı, yeyinti sənayesi və digər bölmələri əhatə etmişdir. Amerikanın iş adamları Azərbaycanda kənd təsərrüfatına sərmayə qoymaq istəyilə son bir ildə hökumətlə müzakirələrə başlamışlar. Respublikamızın pambıqçılıq, üzümçülük, çayçılıq və zeytun emalı sənayesi amerikalıların xüsusi maraq dairəsindədir. ABŞ-ın 2010-cu ilədək kənd təsərrüfatına ən azı 47 milyon dollar sərmayə yatırması nəzərdə tutur.

Hələ 2008-ci ilin yanvarında Davos Forumu çərçivəsində ABŞ-ın "Sisko" və "Microsoft" şirkətləri Azərbaycanla İKT sahəsində əməkdaşlığa maraq göstərdiklərini bəyan etmişlər. "Sisko" şirkəti əsasən, Azərbaycanda yeni tipli informasiya infrastrukturunun qurulmasına, xüsusi iqtisadi zonaların yaradılmasına, bu sektora sərmayələrin gətirilməsinə və digər məsələlərə maraq göstərir. Şirkət respublikamızda texnoloji tutumlu iqtisadi sektorların, o cümlədən informasiya texnologiyalarının inkişafına yönəldilmiş dövlət siyasətini təqdir etməklə yanaşı, respublikamızla bu sahədə sıx əməkdaşlıq istəyini açıq ifadə edir.

Eləcə də "Microsoft" şirkəti kompüter, noutbuk və digər elektron avadanlığı istehsalı və ixracı sahəsində məşhurlaşmışdır. Şirkət Azərbaycanda xüsusi iqtisadi-texnoloji zonalar yaradılması işinə sərmayə qoymaq, istehsalla məşğul olmaq niyyətini açıq ifadə edir. Bu isə gələcəkdə Azərbaycanın elektron avadanlıqlarının ixracatçısına çevrilməsini təmin edə bilər. "Microsoft" şirkəti Azərbaycanla İKT sahəsində əməkdaşlığa dair müqavilə imzalamağı planlaşdırır. Həmin müqavilədə Azərbaycanda intellektual mülkiyyətin qorunması, proqram təminatının leqallaşdırılması və "Microsoft"un Azərbaycanda sərmayə layihələrini həyata keçirməsi əksini tapacaqdır.

2007-ci ilin fevral ayında təsis edilmiş ABŞ-Azərbaycan hökumətlərarası komissiyası iqtisadi sahədə gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə 2009-cu ildə Azərbaycanda ABŞ-ın Kommersiya Departamentinin ofisinin açılması da planlaşdırılır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq iki ölkə arasında ticarət dövriyyəsinin həcmi də durmadan artır. 2007-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 497 milyon dollar, 2008-ci ilin 7 ayı ərzində isə 4,2 milyard dollar təşkil etmişdir. İlin sonunda bu göstəricinin 5 milyard dollar təşkil edəcəyi bildirilir ki, bu da kifayət qədər yüksək göstəricidir.

ABŞ ticarət nazirinin müavini Con Sallivanın son bir ildə Bakıya intensivləşən səfərləri də məhz ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Bu ilin oktyabr ayında Bakıda səfərdə olan amerikalı qonaq Azərbaycanda əldə olunmuş uğurların ölkəsinin diqqət mərkəzində olduğunu söyləyib. Con Sallivan Azərbaycanın Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business-2009" hesabatında dünyada "islahatçı ölkə" elan edilməsinin investisiya axınının güclənməsində əhəmiyyətini də xüsusi vurğulayıb. Hökumət üzvləri görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü məsələsinə ABŞ-ın dəstəyi də geniş müzakirə obyekti olub. Amerika respublikamızın ÜTT-yə üzvlüyü üçün ölkəmizə texniki yardımı gücləndirmək niyyətindədir.

Rəsmi Vaşinqtonun Azərbaycana ilbəil artan yardımları da ölkədəki demokratik inkişafın bariz təcəssümüdür. Hazırda ABŞ hökuməti Azərbaycana münasibətdə müəyyən məhdudiyyətlər yaradan "Cəkson-Venik düzəlişi"nin ləğvinə çalışır. Xatırladaq ki, 1974-cü ildə keçmiş SSRİ-nin antisemitizm və yəhudi emiqrasiyasının məhdudlaşdırılması siyasətinə cavab olaraq qəbul olunmuş bu düzəliş ittifaqın süqutundan sonra da MDB dövlətlərinin ABŞ-la ticarət əlaqələrinə müəyyən məhdudiyyətlər qoyur. Son illər Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin intensiv inkişafına ciddi əngəl törədən başlıca amillərdən biri də məhz həmin düzəliş olmuşdur. Mövcud reallıqda isə ABŞ bu düzəlişin onun Cənubi Qafqaz regionundakı maraqlarına ciddi xələl gətirdiyini yaxşı başa düşür.

ABŞ eyni zamanda Azərbaycana və Kosovoya Baş Prefensiyalar Sistemi (BPS) çərçivəsində ticarət güzəştləri etməyi planlaşdırır. ABŞ Prezidenti Corc Buşun dekabrın 19-da bu məqsədlə Konqresə rəsmi məktub göndərməsi də bunun əyani təsdiqidir. Sənəddə deyilir ki, Azərbaycan və Kosovo BPS-də "İnkişafda olan ölkələr" kateqoriyasına aid edilməlidir. Məktubda Corc Buş bildirmişdir ki, o, Azərbaycan ilə iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini qərara almışdır. Məlumat üçün bildirək ki, ABŞ-ın hökumət proqramı olan BPS 132 ölkədən 5 min adda məhsulun Birləşmiş Ştatlara rüsumsuz gətirilməsini təmin edir. Yeri gəlmişkən, ABŞ-dan əvvəl Avropa Komissiyası inkişaf etməkdə olan 16 ölkəyə Avropa İttifaqı ərazisinə minlərlə adda məhsulun rüsumsuz ixracını həyata keçirməyə icazə verib və onların sırasında Azərbaycan da var. Avropa Komissiyasının bəyanatında deyilir ki, respublikamız 2009-cu ilin əvvəlindən 2011-ci ilin sonuna qədər Ümumi İmtiyazlar Sistemi planı çərçivəsində xüsusi ticarət üstünlükləri əldə edəcəkdir.

Bütün bunlar Azərbaycan iqtisadiyyatının sürətlə dünya iqtisadiyyatına inteqrasiya etdiyini, respublikamızın beynəlxalq iqtisadi münasibətlər sistemindəki rolunun və çəkisinin artdığını göstərir. Respublikamız öz iqtisadi potensialına görə hazırda aparıcı dünya dövlətlərinin, o cümlədən ABŞ-ın nəhəng şirkətlərinin diqqət mərkəzindədir. Ölkə iqtidarının iradəsi ilə Azərbaycanda formalaşdırılmış əlverişli biznes mühiti xarici şirkətləri Azərbaycana daha böyük həcmdə sərmayə yatırmağa həvəsləndirir.

 

S.ELMANOĞLU

 

Azərbaycan.-2008.-23 dekabr.-S.1-2.