Azərbaycan iqtisadi tərəqqi dövrünü
yaşayır
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son beş il ərzində ölkəmizin davamlı inkişafı təmin edilmiş, ictimai-siyasi sabitlik qorunmuş, böyük diplomatik məharətlə həyata keçirilən balanslaşdırılmış xarici siyasət xətti başqa dövlətlərlə münasibətlərin səmərəli əməkdaşlıq müstəvisində davam etdirilməsinə şərait yaratmışdır. Ölkəmiz bütün geopolitik maraqların üst-üstə düşdüyü, beynəlxalq mübahisələrin diskussiyaya doğru yönəldiyi dialoq meydanı kimi bütün maraqları özündə bir araya gətirdi. Azərbaycan dövləti hazırda tarixinin yüksəliş mərhələsini yaşayır.
Azərbaycanın Cənubi Qafqazın lider dövləti kimi iqtisadi potensialı ildən-ilə güclənir. Uğurla davam etdirilən iqtisadi siyasət xətti nəticəsində Azərbaycan dünyanın ən sürətli inkişaf tempinə malik dövlətinə çevrilib. Ölkəmizə investisiya axını güclənir və xarici kapital yatırımına görə respublikamız Şərqi Avropa məkanında lider mövqeyini qoruyub saxlayır. Əldə edilən bütün nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi siyasət strategiyasının məntiqi nəticəsidir.
Ölkə vətəndaşlarının ciddi narahatlığına səbəb olmuş sosial-iqtisadi problemlərin həlli məqsədilə ötən müddətdə mühüm layihələr həyata keçirilmişdir. Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə imzaladığı və uğurla həyata keçirilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bölgələrin tarazlı, davamlı inkişafını, qeyri-neft sektorunun möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastruktun yeniləşdirilməsini təmin edən kompleks sənəd oldu. Sosial-iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edən bu fundamental proqramın vaxtından əvvəl başa çatdırılması bölgələrin simasını dəyişdirmiş, paytaxtla rayonlar arasında kəskin inkişaf fərqini aradan qaldırmış, əhalinin məşğulluq problemini həll etmişdir. Prezident İlham Əliyev iqtisadi islahatların davam etdiriləcəyini bildirmişdir: "Ölkədə aparılan iqtisadi islahatlar bizim iqtisadi gücümüzü əhəmiyyətli dərəcədə artırmışdır. Son dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından dünya miqyasında birinci ölkədir. Bizim iqtisadiyyatımız son beş il ərzində təxminən üç dəfə artıbdır. Büdcə xərcləri 12 dəfə artıb, sənaye istehsalı böyük dərəcədə artıbdır. Bizim imkanlarımız genişlənibdir. Yoxsulluqla mübarizədə böyük uğurlar əldə edilibdir. Dörd il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşüb və əminəm ki, bu ilin yekunlarına görə daha da aşağı düşəcəkdir.
Azərbaycanda uzun illər ərzində ən böyük və çətin problem olan işsizliklə mübarizə uğurla gedir. Son beş il ərzində 740 mindən artıq yeni iş yeri açılımşdır. Bütün bölgələrdə quruculuq, inkişaf gedir. Bir sözlə, Azərbaycan özünü iqtisadi cəhətdən tam şəkildə təmin edir".
İqtisadi sahədə əldə olunan böyük nailiyyətlər ölkə əhalisinin mənafeyinə xidmət göstərir. Xalqımızın firavan həyatının təmin olunması üçün çoxsaylı dövlət proqramlarının icrası bu gün də uğurla davam etdirilir. Ötən beş il ərzində yüzlərlə təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa edilmişdir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə real resursların dayanıqlı mənbəyi yaradılmışdır. 2008-ci ilin yanvar-sentyabr aylarında əhalinin pul gəlirləri ötən dövrün müvafiq dövrü ilə müqayisədə 36,5 faiz, adambaşına düşən gəlirləri 34,1 faiz, əmək pensiyalarının orta aylıq məbləği 62,5 faiz artmışdır. Sığorta-pensiya sistemi yenidən qurulmuş, əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün davamlı tədbirlər həyata keçirilmişdir.
Prezident İlham Əliyev səmərəli iqtisadi islahatlar kursunu inamla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirir. Bölgələrimizdə sahibkarlığın inkişafına yönələn diqqət hesabına özəl sektor da ildən-ilə inkişaf edir. Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır.
Ünvanlı dövlət sosial yardımı üzrə proqram da uğurla həyata keçirilir. Aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən genişmiqyaslı tədbirlər bu kateqoriyadan olan vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Hazırda vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi üzrə kompleks tədbirlərin yeni mərhələsinə start verilib. Onun başlıca tərkib hissələrindən birini tibbi-reabilitasiya xidmətinin yenilənməsi təşkil edir ki, bu da əlillərin toplum həyatına daha fəal şəkildə qatılmasını təmin edəcəkdir.
İqtisadi inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə respublikanın regionlarının tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması əldə edilən mühüm nailyyətlərdəndir. Ötən beş ildə yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması və milli iqtisadiyyatın müxtəlif sferalarına qoyulan sərmayələrin qeyri-neft sektoruna yönəldilməsi iqtisadi siyasətdə prioritetlik təşkil etmişdir. Bunun nəticəsi kimi müstəqil Azərbaycan iqtisadi cəhətdən günbəgün möhkəmlənir, qüdrətlənir, sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir.
Azərbaycanda aparılan uğurlu iqtisadi tədbirlər nəticəsində dünyada yaşanan maliyyə böhranının ölkəmizə ciddi təsiri olmadı. Dövlət Neft Fondunda toplanan vəsaitlərdən dövlət büdcəsinə transfertlərin nəzərdə tutulması da mövcud reallıqlar nəzər alınmaqla atılan məqsədyönlü tədbirlərdən sayılmalıdır. Bütövlükdə, 2008-ci ildə ölkəmizin maliyyə mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənmiş, dövlətin ümumi valyuta ehtiyatları cari ilin əvvəlinə nisbətən 80 faizdən çox artmışdır. Qeyri-neft sahələrində ciddi inkişaf meyillərinin müşahidə olunması, məhsul istehsalının ümumilikdə artması da iqtisadiyyatın şaxələndirilməsi siyasətinin səmərəli nəticəsindən xəbər verir. Əminliklə qeyd etmək olar ki, ölkə rəhbərliynin elmi əsaslara söykənən iqtisadi inkişaf xətti Azərbaycanı daha parlaq gələcəyə aparır.
Tahir SÜLEYMANOV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2008.-23 dekabr.-S.4.