Ədliyyə Nazirliyi ilə ATƏT arasında ikitərəfli əməkdaşlıq
yüksək səviyyədədir
AzərTAc xəbər
verir ki, Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq
Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda
fəaliyyət müddəti başa çatan ATƏT-in
Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola ilə
görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən
bildirmişlər ki, Prezident İlham Əliyevin
tapşırıqlarına əsasən məhkəmə-hüquq
sisteminin təkmilləşdirilməsi üzrə
genişmiqyaslı tədbirlərin
görüldüyünü vurğulayan F.Məmmədov,
hakimlərin ən mütərəqqi üsullarla
seçimini, onların xarici mütəxəssislərin
iştirakı ilə tədrisinin beynəlxalq standartlara
uyğun keçirildiyini bildirmişdir.
Bu proseslərə ATƏT-in
verdiyi töhfələr və Xose Luis Herrero Ansolanın xidmətləri
qeyd olunaraq, ona təşəkkur edilmiş, yeni təyinatında
müvəffəqiyyətlər arzulanmışdır.
İkitərəfli əməkdaşlığın
ən yüksək səviyyəyə
çatdığını deyən qonaq Azərbaycanda
çalışdığı müddətdə mütərəqqi
proseslərin şahidi olduğunu bildirmiş, o cümlədən
regionlarda apellyasiya məhkəmələrinin
yaradılmasını mühüm nailiyyət kimi qiymətləndirmişdir.
Ədliyyə Nazirliyi ilə qurulmuş sıx işgüzar əlaqələrdən
məmnunluğunu ifadə edən səfir, məhkəmə
sisteminin inkişafı, hakimlərin treninqi və Avropa Məhkəməsi
presedent hüququnun öyrənilməsi, əhaliyə hüquqi
yardımın göstərilməsi və s. sahələr
üzrə əməkdaşlığın bundan sonra da davam
etdiriləcəyini vurğulamışdır.
Azərbaycan.-2008.-23 dekabr.-S.2.