Qəbələdə şəhər
bələdiyyələrinin respublika yığıncağı
keçirilib
Dekabrın 22-də Qəbələ
şəhərində Azərbaycanın Şəhər Bələdiyyələri
Milli Assosiasiyasının (ŞBMA) yığıncağı
keçirilmişdir.
AzərTAc xəbər
verir ki, respublikanın 61 şəhər bələdiyyəsi
sədrinin iştirak etdiyi toplantıda "Bələdiyyə:
yerli özünüidarəetmənin yeni mərhələsi"
adlı sənədli film nümayiş etdirildikdən sonra
ŞBMA-nın sədri Əbülfəz Babayev 2008-ci ildə
görülmüş işlər, qarşıda duran vəzifələr
barədə məruzə etmişdir. Bildirmişdir ki, ötən
dövr ərzində qurum ölkə bələdiyyələrinin
fəaliyyətini canlandırmaq, onların qabaqcıl təcrübəyə
yiyələnməsi üçün məqsədyönlü
iş aparmışdır. Mütəxəssislər bələdiyyələrə
ezam olunmuş, onların həyata keçirdiyi işlər
öyrənilmiş, müqayisələr, ümumiləşdirmələr
aparılmış, nəticələr müzakirə
edilmişdir. Müxtəlif bölgələrdə konfrans və
"dəyirmi masalar" keçirilmiş, bu tədbirlərdə
bələdiyyələrin qarşısında duran vəzifələrdən
söz açılmış, təcrübə mübadiləsi
aparılmışdır.
Ə.Babayev "Bələdiyyə
torpaqlarının torpaq hərracları və ya müsabiqələri
vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi barədə" 2008-ci il 28 oktyabr tarixli qanunu və
onun təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin
imzaladığı 2008-ci il 10 dekabr tarixli fərmanı
xatırlatmışdır. Qeyd etmişdir ki, bu sənədlər
ölkəmizdə bələdiyyə institutunun
inkişafına göstərilən ardıcıl dövlət
qayğısına növbəti bariz nümunədir. Bələdiyyələr
bu qayğını yüksək qiymətləndirir, qüvvələrini
ölkəmizin inkişafı naminə səfərbər
edirlər. Şəhər, qəsəbə və kənd bələdiyyələrinin
milli assosiasiyaları müxtəlif təşəbbüslər
irəli sürmüşlər. "Bir bələdiyyə-bir
layihə" təşəbbüsü yerli əhəmiyyətli
məsələlərin həlli istiqamətində
görülən işlərə təkan vermiş, ölkə
üzrə 3 minə yaxın müvafiq layihə
reallaşdırılmışdır.
Vurğulanmışdır
ki, fəaliyyətini əhalinin sosial sifarişləri əsasında
quran bələdiyyələr daha böyük uğur
qazanırlar. Bunu nəzərə alaraq, assosiasiyalar hər
ayın birinci çərşənbə gününü respublikada
"Bələdiyyə günü" elan etmişlər. Bununla
yanaşı, "Seçicilərimizi eşidək",
"Abad şəhər", "Abad kənd", "Təmiz
məhəllə", "Bizim ünvan" və digər
layihələr də bələdiyyələrin
potensialının açılmasına imkan
yaratmışdır. "Azərbaycanda yerli demokratiya həftəsi"
ölkədə vətəndaş cəmiyyətinin
qurulmasında və demokratik prinsiplərin tətbiqində əhəmiyyətli
rol oynamışdır. Onun ənənəvi olaraq hər il
keçirilməsi barədə qərar qəbul edilmişdir.
"Bələdiyyə: yeni forma, yeni məzmun" adlı
kitab çap edilərək paylanmışdır. Vətəndaşlarla
birbaşa əlaqə üçün "qaynar telefon" xətləri,
internet saytlarında "Bələdiyyəyə sözüm
var" pəncərələri
açılmışdır. Yaşayış məntəqələrində
"Bələdiyyə poçtu" qutuları qoyulmuş,
"Məlumat lövhələri"
quraşdırılmışdır. Bütün bunlar və
digər tədbirlər vətəndaşlar tərəfindən
razılıqla qarşılanmış, onların bələdiyyələrə
inamını artırmışdır.
Assosiasiyanın nəzarət-təftiş
komissiyasının sədri, Xırdalan şəhər bələdiyyəsinin
sədri Eldar Əhmədov, Qəbələ, Göygöl,
Xudat, İmişli, Nərimanov bələdiyyələrinin sədrlərinin
hesabatları dinlənilmişdir.
Çıxışlarda
bələdiyyələrin fəaliyyətinin daha da təkmilləşdirilməsinə
dair fikirlər səsləndirilmişdir. Bələdiyyələrin
milli assosiasiyaları ilə əlaqəli işləmək,
qabaqcıl təcrübənin öyrənilməsi, vətəndaşlarla
səmimi münasibətlər qurulması, vergilərin
toplanmasına kömək məqsədilə müvafiq
qanunvericilik aktları barədə əhalinin məlumatlandırılması,
büdcənin artırılması üçün
kiçik istehsal müəssisələri və xidmət
obyektlərinin yaradılması tövsiyə edilmişdir.
Tədbirdə Azərbaycan
Respublikası Prezidenti İcra Aparatının regional idarəetmə
və yerli özünüidarəetmə orqanları ilə
iş şöbəsinin baş məsləhətçisi
Rüfət Əliyev, Ədliyyə Nazirliyinin bələdiyyələrlə
iş mərkəzinin rəisi Mehdi Səlimzadə, Azərbaycan
Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri
Şəmistan Yusifov çıxış etmişlər. Natiqlər
bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi,
onların işinin daha da canlandırılması məqsədilə
dövlətin apardığı uğurlu siyasətdən,
yaradılmış imkanlardan danışmışlar. Tövsiyə
etmişlər ki, bələdiyyələr özlərinin
maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin
ehtiyaclarından irəli gələn məsələlərin
həll edilməsi, yerlərdə vətəndaşların kənd
təsərrüfatı məhsulları istehsalına
marağının artırılması istiqamətində
lazımi tədbirlər görsünlər. Qanunvericiliklə
müəyyən edilmiş vergilərin toplanmasında və
digər məsələlərdə bələdiyyələrin
üzləşdikləri çətinliklərin aradan
qaldırılması yollarından söz
açılmış, onların digər qurumlarla daha sıx
əlaqəli şəkildə işləməsinin vacibliyi
qeyd edilmişdir.
Tədbirdə bələdiyyələrin
əldə etdiyi uğurlarla,
qarşılaşdığı çətinliklərlə
yanaşı, mövcud nöqsan və
çatışmazlıqlara da toxunulmuşdur. Qeyd
olunmuşdur ki, ötən dövrdə 15 bələdiyyənin
fəaliyyətində ciddi qanun pozuntusu aşkar edilmişdir. Bu
istiqamətdə prokurorluq orqanları tərəfindən
araşdırma aparılır. İki bələdiyyə sədri
barəsində isə cinayət işi
açılmış və barələrində həbs qətimkan
tədbiri seçilmişdir.
Yığıncaqda bələdiyyələrin
fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə
bağlı çoxlu təkliflər səsləndirilmiş,
bələdiyyə sədrlərinin sualları
cavablandırılmışdır. Gələn il bələdiyyələrin
fəaliyyətinin 10 illik yubileyi münasibətilə həvəsləndirici
mükafatların təsis edilməsi təklifi maraqla
qarşılanmışdır.
Xatırladaq ki,
dekabrın 24-də Abşeron rayonunun Saray qəsəbəsində
Qəsəbə Bələdiyyələri Milli
Assosiasiyasının, dekabrın 26-da isə Ucar rayonunun
Qazıqumlaq kəndində Kənd Bələdiyyələri
Milli Assosiasiyasının ümumi yığıncağı
keçiriləcəkdir.
Azərbaycan.-2008.-23 dekabr.-S.2.