Təhsil sahəsi dövlətin qayğısı ilə əhatə olunmuşdur

 

Bu sahədə imzalanan qərar və sərəncamlar, gerçəkləşən proqram və layihələr bunu təsdiqləyir

 

Ulu öndər Heydər Əliyevin təhsil siyasəti bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Birləşmiş Millətlər Təşkilatının "Təhsil əsri" elan etdiyi XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşmasında və davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında bu sahənin rolu heç vaxt indiki qədər aktual olmamışdır.

 

Xüsusilə, son illər orta və ali təhsilin inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar olduqca təqdirəlayiqdir. Ali təhsilin inkişafı məqsədilə "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" ölkə başçısının 31 yanvar 2008-ci il tarixli sərəncamına əsasən "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsinə, eyni zamanda, YUNESKO və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğun olaraq hazırlanmış ixtisasların yeni siyahısı tərtib olunmuşdur. Proqram layihəsində bir sıra mühüm məsələlərlə yanaşı, ali təhsil müəssisələrinin strukturunun və idarə olunması sisteminin müasir tələblər baxımından modemləşdirilməsi də öz əksini tapmışdır.

Ölkədə həyata keçirilən təhsil islahatları, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər tədbirlər ADPU-da, o cümlədən mühəndis pedaqoji və bədii qrafika fakültəsinin fəaliyyətinə də öz müsbət təsirini göstərmişdir. Son on il ərzində fakültədə struktur dəyişiklikləri edilməklə yeni ixtisaslar açılmışdır. "Peşə təlimi", "Ümumtexniki fənnlər üzrə fizika" və "Rəsm, rəsmxətt, əmək təlimi" dövrün tələbinə uyğun yeni ixtisaslardır. Kafedralar həmin ixtisaslara uyğunlaşdırılaraq yenidən qurulmuş və bura gənc kadrlar cəlb edilmişdir.

Ötən illər ərzində təhsilin keyfiyyətini yüksəltmək, tələbələrin intellektual səviyyəsini qaldırmaq, fakültənin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Universitetin rəhbərliyi tərəfindən semestr imtahanlarının testlə keçirilməsi qaydası qoyulmuşdur. Hazırda yeni sistemə - kredit sisteminə keçilməsi üzərində ciddi iş aparılır. Belə ki, akademik borcu olan tələbələr kursdan-kursa keçirilsələr də, aşağı kurslardakı mühazirələrdə iştirak edib fənni öyrənməklə borclarını vermək imkanı qazanacaqlar.

Universitetdə, o cümlədən fakültəmizdə imtahan prosesinin obyektiv aparılması qazandığımız ən böyük nailiyyətlərdən biridir. Fakültədə tədrisin keyfiyyətini yüksəltmək məqsədilə texniki avadanlıqlar, əyani vəsaitlər, laboratoriya üçün texniki cihazlar alınaraq istifadəyə verilmişdir. Ali məktəb tələbələrini, o cümlədən mühəndis pedaqoji və bədii qrafika fakültəsinin tələbələrini zəruri dərs vəsaiti ilə təmin etmək məqsədilə "Elektrotexnika", "Radiotexnika", "Dövrələr nəzəriyyəsinin əsasları", "Avtomatika və elektron hesablama texnikası" və digər nəşrlər çap olunmuş, eyni zamanda, 100-ə qədər elmi məqalə dərc edilmişdir.

Bu gün tələbələrin mənəvi cəhətdən zənginləşməsində, onların bilik və bacarıqlarının üzə çıxarılmasında və hərtərəfli dünyagörüşə malik ixtisaslı kadrlar kimi yetişməsində müəllimlərin pedaqoji məharəti mühüm rol oynayır. Bu baxımdan, fakültədə təcrübəli, bacarıqlı pedaqoji kollektiv çalışır. Hazırda müasir mütəxəssisi şərtləndirən başlıca xüsusiyyət onun əmək bazarının tələblərinə cavab verməsidir. Bunun üçün indi ali təhsil müəssisələrində ən çox diqqət yetirilən nəzəri hazırlıq kifayət deyil, digər bacarıq və keyfiyyətlər də tələb olunur. Onların sırasında mütəxəssisin tənqidi təfəkkürə, mədəni intellektual səviyyəyə, İKT-dən istifadəyə malik olması, daim öyrənməyə və ixtisas səviyyəsini təkmilləşdirməyə meyil göstərməsi, yaradıcılığı, təşəbbüskarlığı, intizamlılığı ilə fərqlənməsi, sağlam rəqabətə dözümlü olması, birmənalı şəkildə qəbul edilən xüsusiyyətlərdir. Ona görə də müəllimlərimiz tələbələrin hazırlıq sisteminin təkmilləşdirilməsinə, onların tələb olunan səviyyəyə yüksəlməsinə yönəlmiş tədbirlərə xüsusi diqqət yetirir, bilik və bacarıqlarını ixtisaslı kadrların hazırlanmasına, cəmiyyət üçün əsl vətəndaş kimi yetişmələrinə yönəldirlər.

Bu ilin ən əlamətdar hadisələrindən biri də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 30 ölkənin 200-dək təhsil ekspertinin iştirak etdiyi "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda Bakıda keçirilən YUNESKO-nun regional konfransı olmuşdur. Bu təhsil tariximizdə mühüm hadisə olmaqla bərabər, dünyada Azərbaycanın qabaqcıl tendensiyalarını dəstəkləyən ölkə imicini daha da yüksəltmişdir. Belə tədbirlər ölkəmizin təhsil sistemində əsaslı islahatların aparıldığı bir vaxtda fəaliyyətimizin məzmun və mahiyyətinə yenidən baxmağı, təhsilimizin perspektiv inkişaf istiqamətlərini müasir yanaşmalar əsasında dəqiqləşdirməyi tələb edir.

Təhsil, bilik, müasirlik, gələcəyə açılmış geniş üfüqlər deməkdir. Azərbaycan xalqının intellektual gələcəyini təmin etməyin yeganə yolu məhz bu sahənin inkişafı, təhsil ocaqlarının ən müasir tələblər səviyyəsinə çatdırılması ilə əlaqədardır.

Hazırda respublikanın ali məktəblərində həyata keçirilən elmi fəaliyyət mahiyyət etibarilə bütövlükdə Azərbaycan elminin, təhsilinin mühüm tərkib hissəsinə çevrilməklə onun nailiyyətlərinin artırılmasına xidmət edir. O cümlədən, fakültənin pedaqoji kollektivi də bu istiqamətdə fəaliyyət göstərir və yüksək səviyyəli müəllim kadrlarının hazırlanması üçün var qüvvəsi ilə çalışır.

 

Həşim HƏŞİMOV,

Azərbaycan Dövlət Pedaqoji Uni-

versitetinin mühəndis

pedaqoji və bədii qrafika

fakültəsinin dekanı, professor

 

Azərbaycan.-2008.-23 dekabr.-S.5.