Azərbaycan xalqı İlham Əliyevin
prezidentliyini qüdrətli dövlətçiliyin, firavan gələcəyin
və dinamik inkişafın yeganə təminatçısı
kimi qəbul edir
Başa çatmaqda olan 2008-ci il ölkəmizin ictimai-siyasi həyatı üçün mühüm hadisələrlə əlamətdardır. Təbii ki, ilin ən mühüm siyasi hadisəsi prezident seçkiləri idi. Seçkilərdə yüksək fəallıq nümayiş etdirən Azərbaycan xalqı cənab İlham Əliyevin növbəti müddətə ölkəyə rəhbərlik etməsinə səs verməklə bir daha göstərdi ki, cəmiyyətimizdə ulu öndər Heydər Əliyevin ideyalarının alternativi yoxdur. Uzun müddətdir cəmiyyətdə müzakirə predmeti olan Konstitusiya islahatlarının müzakirəsinin də son günlər aktuallaşması və Milli Məclis tərəfindən Konstitusiya islahatları ilə bağlı Referendum Aktının layihəsinin müzakirəsi ilin mühüm siyasi hadisələrindən sayıla bilər.
Həmsöhbətimiz Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov da bu mövzuları yalnız bitməkdə olan il üçün deyil, ümumiyyətlə, ölkəmizin gələcəyi baxımından böyük əhəmiyyətli məsələlər kimi səciyyələndirir.
- Əli müəllim, Azərbaycanda
son prezident seçkisindən iki aydan artıq vaxt keçməsinə
baxmayaraq, bu mövzu siyasi kuluarlarda hələ öz
aktuallığını itirməyib. İstərdim söhbətimizin
əvvəlində prezident seçkisi ilə bağlı qənaətlərinizi
bir daha bölüşəsiniz...
- Həqiqətən də prezident seçkisinin nəticələri hələ də cəmiyyətdə müzakirə edilməkdədir. Bu, onu göstərir ki, 2008-ci ilin prezident seçkisi Azərbaycan cəmiyyəti və ictimai fikri üçün kifayət qədər diqqət mərkəzində olan məsələlərdən biri olub. Bu da təsadüfi deyil. Çünki prezident seçkisi beş il ərzində ölkənin inkişafını, hər bir insanın taleyini müəyyənləşdirən çox mühüm siyasi hadisədir. Bu mənada həm seçki ərəfəsində, həm də seçkinin nəticələri bəlli olduqdan sonra müəyyən müddət ərzində ictimaiyyət arasında seçki və onun nəticələri barədə fikir mübadiləsinin aparılması tamamilə təbiidir. YAP-ın seçki ilə bağlı gəldiyi və dərin köklərə söykənən qənaət bundan ibarətdir ki, Azərbaycan cəmiyyəti prezident seçkilərinə seçimini və rəyini qəti şəkildə müəyyənləşdirərək getdi. Bu əhval-ruhiyyə ilə Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin 2008-ci ildə prezident seçkilərinə getməsinin kökündə dayanan başlıca səbəb 2003-cü ilin prezident seçkilərindən sonra Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi-sosial həyatında, eyni zamanda ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyində baş verən əhəmiyyətli dəyişikliklər idi.
Qısa müddət ərzində iqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycan nəinki bölgənin ən güclü iqtisadiyyata malik dövlətinə çevrildi, eyni zamanda dünya üzrə bir neçə il dalbadal, - o cümlədən indi də bu mövqeyini saxlamaqdadır, - ən sürətli iqtisadi inkişafa malik dövlət imicini qazandı. Bunun məntiqi nəticəsi bir yandan Azərbaycanın regionda və beynəlxalq aləmdə nüfuzunun artması, digər tərəfdən insanların sosial rifahının yaxşılaşması ilə müşayiət olunur. Qürur hissi ilə qeyd etməliyik ki, ötən beş il Azərbaycanın müasir tarixinə yalnız iqtisadiyyatın sürətli inkişafı ilə həkk olunmayıb. Yola salmaqda olduğumuz beş ilin ən mühüm əhəmiyyəti həm də Azərbaycan vətəndaşlarının sosial rifahında dəyişikliyin baş verməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər iqtisadi inkişaf insanların rifahında hər hansı dəyişiklik yaratmırsa, onların yaşayışını yaxşılaşdırmırsa, onda belə iqtisadi inkişafın cəmiyyət üçün mənası və əhəmiyyəti qalmır. Bu, əslində İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqini müəyyənləşdirən başlıca həqiqətdir. İqtisadi inkişafı təmin etməyin qarşısında duran başlıca hədəf insanların rifahını yaxşılaşdırmaqdan, güzəranını yüksəltməkdən ibarətdir.
Ona görə bu fikri ümumiləşdirərək qəti şəkildə demək istəyirəm ki, vətəndaşlarımızın 2008-ci ilin prezident seçkilərinə hələ seçkilərin başlanmasından xeyli əvvəl öz rəylərini müəyyənləşdirərək getmələrinin kökündə dayanan əsas səbəblərdən biri məhz cənab İlham Əliyevin birinci prezidentliyi dövründə ölkədə yaşayış səviyyəsinin yüksəlməsi idi. Bu əhval-ruhiyyə prezident seçkisinin nəticəsində özünü göstərdi. Vətəndaşlarımızın baxışlarının seçkinin nəticələri ilə üst-üstə düşməsi bugünkü ictimai ovqatın ən müəyyənləşdirici məqamlarından biridir. Bu baxımdan prezident seçkisi ilə bağlı məsələlərin Azərbaycan cəmiyyətində müzakirə predmeti olaraq gündəmdən düşməməsi vətəndaşlarımızın bütövlükdə seçkilərin nəticələrindən razı qalmasından xəbər verir. Bugünkü ictimai ovqatın mahiyyəti ondan ibarətdir ki, insanlar prezident seçkilərinin məhz bu cür yekunlaşmasını məmnunluq hissi ilə qeyd edirlər. Bu məmnunluq hissinin qayəsini təşkil edən əsas cəhət həm də ondan ibarətdir ki, insanlar növbəti beş ilin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın növbəti inkişaf mərhələsi kimi tarixə düşəcəyinə dərindən inanırlar.
Məlum olduğu kimi, hazırda bütün dünyada iqtisadi böhran yaşanmaqdadır. Güclü iqtisadiyyata malik ölkələr iqtisadi sarsıntılar keçirirlər. Bir çox ölkələrdə istehsal müəssisələrinin iflasa uğraması nəticəsində işsizlik problemi daha da aktuallaşıb. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, dünyanı lərzəyə salan beynəlxalq iqtisadi böhran Azərbaycan iqtisadiyyatına elə də ciddi təsir göstərmədi. Bu ondan xəbər verir ki, Azərbaycanda həyata keçirilən iqtisadi siyasət modeli ölkə iqtisadiyyatını mümkün olan bütün təhdidlərdən qorumaq iqtidarındadır. Dünya iqtisadiyyatında yaranan böhranlı vəziyyətin Azərbaycan iqtisadiyyatına o dərəcədə böyük təsir göstərə bilməməsinin səbəblərindən biri də ölkəmizin iqtisadi modelinin kifayət qədər etibarlı, möhkəm təməl üzərində qərar tutmasıdır. Məhz insanların ovqatında olan müsbət məqamlar həm də onunla möhkəmlənir ki, Azərbaycan iqtisadiyyatı təkcə əlverişli şəraitdə inkişaf etmək qabiliyyətini göstərməklə kifayətlənmir, həm də təlatümlü dövrlərdə özünü mühafizə etmək, qorumaq parametrlərinə və xüsusiyyətlərinə malikdir. Bütün bunlar isə vətəndaşlarımızda o qənaəti möhkəmləndirir ki, cənab İlham Əliyevə səs verməklə, onu növbəti dəfə dəstəkləməklə ən doğru yolu seçiblər. Bununla da vətəndaşlarımız ölkəmizin iqtisadi inkişafı üçün yeni bir şansın yaranmasına öz mövqelərini bildirdilər, həm də bütün bunların fonunda hər bir ailənin həyatının etibarlı təminatı üçün gələcək əldə etməsinə şərait yarandı. Bütün bunların hamısı həm prezident seçkiləri ərəfəsində, həm də sonrakı dövrdə ictimai ovqatı müəyyənləşdirən başlıca keyfiyyətlərdir.
- Prezident seçkilərindən sonra yəqin ki, YAP-ın seçki ərəfəsindəki fəaliyyət proqramını təhlil etmisiniz. YAP öz namizədinin dəstəklənməsi üçün vəzifəsini necə yerinə yetirdi?
- Əgər
seçkilərin yekunları məlumdursa, bundan
çıxış edərək YAP-ın təmsilçisi
kimi haqqımız çatır bu fikri söyləyək ki,
partiyamız seçki kampaniyasının keçirilməsi
ilə əlaqədar qarşısına qoyduğu
bütün çətin, lakin şərəfli vəzifələrin
öhdəsindən gələ bildi. YAP seçki
kampaniyasının uğurla keçirilməsi
üçün malik olduğu bütün resursları səfərbər
etdi. Bildiyiniz kimi, YAP geniş resurslara malikdir. Bu, birincisi,
partiyamızın nüfuzundan, ideologiyasının insanlar
arasında geniş yayılmasından ibarət olan resursdur. İkincisi, YAP-ın malik
olduğu insani və geniş təşkilati resursdur.
Bütün bu resurslar tərəfimizdən ciddi şəkildə
səfərbər edildi. YAP fəalları seçki
kampaniyasının bütün mərhələlərində
yaxından iştirak etdilər. Eyni zamanda, Prezident İlham Əliyevin
namizədliyinin dəstəklənməsi və onun həyata
keçirdiyi siyasətin bir daha insanlar arasında təbliğ
və təşviq edilməsi üçün YAP-ın
bütün nüfuzlu insanları, ayrı-ayrı bölgələrdə,
Azərbaycanın bütün yaşayış məskənlərində
seçicilərlə çoxlu sayda görüşlər
keçirdilər. İnsanların İlham Əliyevə səs
verməsinin onların özlərinin həyatı
üçün gərəkli və zəruri olduğunu bir
daha vətəndaşlarımızın diqqətinə
çatdırdılar. Əlbəttə, insanlar İlham Əliyevə
məhz bu təşviqat nəticəsində səs vermədilər.
Bayaq qeyd etdiyim kimi, seçki kampaniyalarından hələ
xeyli əvvəl seçicilər öz seçimlərini
etmişdilər. Amma hər seçkinin öz məntiqi var.
Seçki məntiqinin isə kökündə dayanan həqiqətlərdən
biri ondan ibarətdir ki, seçicilərlə
görüşlər, söhbətlər, bir daha seçki
kampaniyasının bütün nüanslarını
insanların diqqətinə çatdırmaq
bütövlükdə kampaniyanın uğurla keçməsini
və qələbənin təmin edilməsini şərtləndirən
amillərdir. Bu mənada seçki kampaniyasının
bütün parametrlərinə görə azad və demokratik
şəkildə, həm də İlham Əliyevin qələbəsinin
təmin edilməsi baxımından yüksək səviyyədə
keçirilməsi üçün
- Prezident seçkisinin azad, ədalətli
və şəffaf keçirilməsinə rəğmən
yenə də onun nəticələrinə kölgə
salmağa cəhd göstərildi...
- Biz dəfələrlə
ölkəmizə qarşı, o cümlədən Azərbaycandakı
siyasi proseslərlə bağlı bir sıra beynəlxalq təşkilatların
ikili standartlardan çıxış etməsi ilə əlaqədar
narahatçılığımızı ifadə etmişik.
Bu narahatçılıqlar təkcə Azərbaycandakı
seçkilərlə əlaqədar olmayıb. Həm də
ölkəmizin üzləşdiyi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin aradan
qaldırılması ilə bağlı bəzi beynəlxalq
təşkilatlar Azərbaycana münasibətdə ikili
standartlardan çıxış edirlər. Bu, bir yandan siyasi
konyunktura, digər tərəfdən ola bilsin Azərbaycana
qarşı hansısa beynəlxalq təşkilatların təmsilçilərinin
heç də xoş olmayan münasibəti ilə də
bağlıdır. Digər səbəblər də ola bilər.
Burada regionla bağlı siyasət də, beynəlxalq güclərin
bölgə ilə bağlı mövqeləri də təsirini
göstərə bilər. Nəticə ondan ibarətdir ki,
ikili standart ortadadır.
Azərbaycandan əvvəl bəzi
qonşu ölkələrdə prezident seçkiləri
keçirildi. Bizdəki seçkilərlə digər ölkələrdəki
seçkilərin ən yumşaq müqayisəsi belə
açıq şəkildə Azərbaycandakı seçkilərin
nə qədər demokratik, xalqın iradəsini ifadə etməsi
üçün əlverişli şəraitin
yaradıldığı bir mühitdə keçirildiyini
sübuta yetirir. Bunu təsdiq etməkdən ötrü
xüsusi səy göstərməyə də ehtiyac yoxdur.
Amma buna baxmayaraq, Azərbaycandakı seçkilərlə
müqayisədə daha çox təzyiqlərlə
müşayiət olunan seçkilərə münasibətdə
loyallığın nümayiş etdirilməsi, daha çox
demokratik məziyyətləri ilə seçilən bizdəki
seçkilərə qarşı isə tənqidi münasibət
göstərməyə meyilliliyin olması ikili standartdan xəbər
verir. Təbii ki, biz beynəlxalq təşkilatların rəyinə
hörmətlə yanaşırıq. Çünki Azərbaycan
dünya birliyinin üzvüdür. Dünya birliyinin
üzvü kimi Azərbaycanın dövlət olaraq üzərinə
müəyyən öhdəliklər düşür. Digər
yandan Azərbaycan dünyada gedən proseslərə inteqrasiya
edir, bundan sonra da inteqrasiya etmək niyyətindədir. Bu mənada
dünya birliyinin bütün strukturları ilə Azərbaycanın
səmərəli əməkdaşlıq etmək niyyəti
ortadadır. Belə olan halda təbii ki, ölkəmiz
üçün beynəlxalq təşkilatların rəyi
mühüm əhəmiyyət kəsb edir. Amma bu rəy Azərbaycan
xalqının rəyindən və iradəsindən heç
zaman üstün ola bilməz. Azərbaycandakı bütün
siyasi proseslər, o cümlədən seçkilər və
onun nəticələri yalnız Azərbaycan xalqının rəyinə
istinad edir. Hər hansı bir qərəzli mövqenin ortaya
qoyulması Azərbaycanda keçirilən seçkilərin nəticələrinin
üzərinə kölgə salmaq iqtidarında deyil.
Digər tərəfdən
2008-ci ilin seçkiləri ilə əlaqədar beynəlxalq
təşkilatların və onları təmsil edən
çoxsaylı müşahidəçilərin əksəriyyətinin
Azərbaycandakı seçkilər və siyasi proseslərlə
bağlı düşüncələrində müsbət
irəliləyişlərin olduğunu da ayrıca
vurğulamaq lazımdır. Ölkəmizdə son prezident
seçkilərini 1200-dən çox beynəlxalq
müşahidəçi izləmişdir. Bildiyiniz kimi,
ölkə üzrə 5 mindən yuxarı seçki məntəqəsi
var və 1200-dən yuxarı beynəlxalq müşahidəçinin
imkanı var idi ki, əksər seçki məntəqələrini
gəzsin, seçkinin gedişini ətraflı izləsin. Bu o
demək idi ki, Azərbaycan hakimiyyəti əvvəlcədən
ölkədə keçirilən seçkilərin demokratik
olacağına qəti şəkildə
inandığından hər bir məntəqədə
seçki prosesini izləyə biləcək sayda beynəlxalq
müşahidəçinin Azərbaycana dəvət edilməsinə
razılıq vermiş və bu addımı
atmışdı. Bizdən böyük ölkələrdə
seçkiləri müşahidə edən beynəlxalq
müşahidəçilərin sayı Azərbaycandakı
seçkiləri müşahidə edən müşahidəçilərin
sayından qat-qat az olur. Bu onu göstərir ki, Azərbaycanın
seçkilərin bütün mərhələlərini beynəlxalq
müşahidəçilərinin gözü
qarşısında keçirmək kimi çox cəsarətli
addım atmağa təpəri vardı və bunu da etdi. Ona
görə beynəlxalq təşkilatlar nə qədər qərəzli
mövqedən çıxış etsələr də,
faktdan yayınmaq mümkün deyil.
1200-dən çox beynəlxalq
müşahidəçinin gözü qarşısında
keçirilən seçkilərin nəticəsinin üzərinə
kölgə salmaq qeyri-mümkündür. Amma, eyni zamanda təəssüf
hissi ilə qeyd etmək istəyirəm ki, bir sıra beynəlxalq
təşkilatların ya bütövlükdə mövqelərində,
ya da onları təmsil edən ayrı-ayrı adamların
düşüncələrində və
baxışlarında Azərbaycana olan əvvəlki stereotiplər
hələ də sınmayıb. Bu, bizi narahat edir.
Biz Azərbaycanla
bağlı bütün beynəlxalq təşkilatların və
onların təmsilçilərinin baxışlarının
Azərbaycanın həqiqətlərinə uyğun
olmasını istəyərdik. İstərdik ki, bu
baxışlar təhriflərə və yaxud hər hansı
konyunkturaya əsaslanmasın. Güman edirəm ki, 2008-ci ilin
prezident seçkiləri bu stereotipləri xeyli dərəcədə
sındırıb. Bu, tarixi hadisədir və gələcək
illərdə biz daha qətiyyətlə həmin stereotipləri
sındıra biləcəyik.
- Seçkidən sonra
ölkədəki mövcud siyasi situasiyanı necə dəyərləndirirsiniz?
- Hər bir seçki ölkənin
siyasi həyatında əlamətdar hadisə olur və təbii
ki, siyasi qüvvələrin həm nisbətini müəyyənləşdirir,
həm də yeni konstruksiyasını formalaşdırır.
2008-ci ilin prezident seçkisi Azərbaycanda İlham Əliyevin
rəhbərlik etdiyi YAP-ın mövqelərinin nə qədər
möhkəm olduğunu təsdiqlədi. İkinci tərəfdən,
Azərbaycan cəmiyyətinin İlham Əliyevə və
onun həyata keçirdiyi siyasətə nə qədər dərindən
inandığını sübuta yetirdi.
Üçüncüsü, bu seçkilər Azərbaycanda
alternativ siyasi baxışların
daşıyıcılarının nə qədər zəif
ictimai mövqeyə malik olduğunu daha təkzibedilməz
şəkildə təsdiqləmiş oldu. Əlbəttə,
Azərbaycan demokratik ölkədir və burada fikir və
siyasi plüralizmin mövcudluğu gərəkli və
qaçılmazdır. Amma digər həqiqət ondan ibarətdir
ki, İlham Əliyevin təmsil etdiyi siyasi güc Azərbaycanın
ictimai düşüncəsində həlledici mövqelərə
malikdir. Bunu inkar etmək mümkün deyil. Bu mənada
seçkilər sanki seçkilərdən sonrakı mərhələnin
siyasi konstruksiyasının daha da möhkəmlənməsinə
imkan yaratmış oldu. Bu gün YAP-ın ictimai-siyasi
mövqeyi həddən artıq güclüdür. Bunun
müqabilində bizim rəqiblərimizin mövqelərinin
seçkilərdən sonra daha da zəiflədiyinin şahidi
olduq. Bunun məlum olan səbəblərindən savayı digər
bir amil də prezident seçkilərində özlərini
müxalifətçilər adlandıran bir sıra
partiyaların seçki kampaniyasına qoşulmaması idi.
Bütövlükdə siyasi qüvvələrin mövqeyini
seçki kampaniyasında müəyyənləşdirmək
və dəyərləndirmək mümkündür. Siyasi
qüvvələr seçki kampaniyasından kənarda
qaldıqda isə, təbii ki, siyasi proseslərdən özlərini
kənarda qoymuş olurlar. Buna görə də seçkidə
iştirak etməyən qüvvələr Azərbaycanın
siyasi həyatının başlıca proseslərindən kənardadırlar.
Reallıq bundan ibarətdir.
Onlar özlərini nə qədər
müxalifətçi adlandırsalar da, nə qədər bəyanatlar
versələr də, bu bəyanatların və fəaliyyətin,
- əgər buna fəaliyyət demək mümkündürsə,
- Azərbaycanın ictimai düşüncəsinə və
ovqatına təsiri yoxdur. Çünki onlar özlərini
başlıca siyasi proseslərdən kənarda qoyublar. Azərbaycanda
özünü radikal müxalifət adlandıran düşərgəyə
alternativ ola biləcək yeni bir müxalifət qüvvəsinin
meydana gəlməsi zərurəti aydın şəkildə
özünü göstərməkdədir. Bir halda ki zərurət
var, demək, zərurətə uyğun şəkildə
proseslərin getməsi də qaçılmazdır. İndi
cücərtiləri görünən yeni prosesin yaxın
zamanlarda daha aydın şəkildə özünü ifadə
edən nəticələri ortaya çıxacaq. Bəlkə
də bir-iki ildən sonra Azərbaycanın siyasi
konstruksiyasında qüvvələr nisbətinin əhəmiyyətli
dərəcədə dəyişməsinə gətirə
bilməsə də, amma müxalifət düşərgəsində,
alternativ düşərgədə konstruksiyanın əhəmiyyətli
dərəcədə dəyişməsinə gətirə
biləcək proseslər gedəcək. Ola bilsin növbəti
seçkilərdə bizim yeni rəqiblərimiz ortaya
çıxacaq ki, onlar da ənənəvi
inkarçılıq mövqeyində dayanan müxalifətçilərdən
fərqli olaraq, bəlkə daha konstruktiv mövqe üzərində
öz fəaliyyətini quran siyasi qüvvələr olacaq.
Bunu, əlbəttə, zaman göstərəcək.
Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanın
ictimai ovqatında və əhval-ruhiyyəsində Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasət və bu
siyasəti həyata keçirən ictimai güc
üstünlük təşkil edir. Bu, insanların bilavasitə
Prezident İlham Əliyevə, onun həyata keçirdiyi Heydər
Əliyev siyasətinə olan inamı və etibarı ilə əlaqədardır.
- Bu gün xüsusilə
müxalifət mətbuatının toxunduğu əsas
mövzulardan biri iqtidar-müxalifət dialoqudur. YAP-ın
sosial bazası olmayan və ənənəvi
inkarçılıq mövqeyində dayanan müxalifətlə
dialoqa, polemikaya gedəcəyi nə dərəcədə
realdır?
- Dialoq haqqında müxalifət
meyilli mətbuatda həqiqəti əks etdirməyən o qədər
təhlillər aparılıb ki, bu barədə hər
hansı fikir söyləmək də mənasız
görünür. Prinsip etibarilə dialoq nə deməkdir?
Dialoq bərabər güclər arasında fikir mübadiləsinin
aparılmasıdır. Güclərin bərabər
olmadığı halda dialoqun hər hansı bir məzmunlu
forma və yaxud format alacağını düşünmək
çətindir. Azərbaycanda siyasi güclərin nisbəti
məlumdur, bu barədə artıq fikir söylədik. Təbii
ki, belə olan halda siyasi güclər və münasibətlər
konstruksiyasında dialoqa yanaşma da fərqli olmalıdır.
Yəni mən mahiyyət etibarilə siyasi təşkilatlar
arasında fikir mübadiləsinin aparılmasının əleyhinə
deyiləm. Biz dəfələrlə YAP olaraq müxtəlif
siyasi partiyalar arasında müzakirələrin, fikir
mübadiləsinin aparılmasının tərəfdarı
olduğumuzu həm bəyan etmişik, həm də hərəkətlərimizin
verdiyimiz bəyanatlarla ziddiyyət təşkil etmədiyini
sübut etmək üçün praktiki addımlar da
atmışıq.
Bilirsiniz ki, bizim təşəbbüsümüzlə
müxalifət partiyaları ilə YAP arasında bir neçə
"dəyirmi masa" keçirilib. Bu "dəyirmi
masa"lar niyə davam etdirilmədi? Niyə bizim bu təşəbbüsümüzün
davamı təmin edilmədi? Bunun səbəbi opponentlərimizin
dialoq məsələsinə çox bəsit şəkildə
yanaşmaları idi. Daha məzmunlu və rasional dialoq
az-çox bərabər güclər arasında mümkün
ola bilər. Həddən artıq fərqli güclər
arasında isə opponentlərimizin təklif etdiyi və ya
arzu etdiyi formada dialoqun aparılması sadəcə
mümkün deyil. Mən nəyi nəzərdə tuturam. Hər
hansı dialoq haqqında söhbət gedən kimi opponentlərimiz
müxtəlif şərtlər irəli sürürlər.
İqtidar bizə nə verəcək? İqtidar bizim
üçün nələri güzəştə gedəcək?
Təbii ki, belə olan halda sual yaranır: iqtidar
güclüdürsə və onun opponentləri bu qədər
zəifdirsə, iqtidarı nə vadar edə bilər ki,
güzəştə getsin? Və niyə güzəştə
getməlidir? Niyə opponentlərimiz düşünürlər
ki, YAP onların siyasi fəaliyyətinin səmərəli
olması üçün imkan yaratmalıdır. Hər bir
partiya fəaliyyətini təmin edəcək şəraiti
özü yaratmalıdır. Əgər kimsə YAP-dan
opponentlərinə onunla mübarizə aparmasında güc
verə biləcək imkan yaratmağı tələb edirsə,
hesab edirəm ki, bu, siyasi proseslərə və siyasi rəqabətə
çox bəsit yanaşma nümunəsidir. YAP bir partiya
olaraq qarşısına qoyduğu məqsədlərə
çatmaq uğrunda rəqabət mübarizəsi aparır.
Eynilə də bizim opponentlərimiz məqsədlərinə
çatmaq üçün mübarizə aparırlar. Demək,
biz bir-birimizlə mübarizə aparan qüvvələrik.
Bir-biri ilə rəqabət mübarizəsi aparan qüvvələrin
birinin digərindən hər hansı güzəştlər
istəməsi anormallıqdır.
Güzəştlər o
zaman məcburi xarakter daşıyır ki, qüvvələr
nisbətində bərabərlik və yaxud bərabərliyə
yaxın bir mövqe, münasibət olsun. Bu gün YAP həddən
artıq güclü, onun opponentləri isə özlərinin
apardığı siyasətin insanlar tərəfindən qəbul
edilməməsi ucbatından zəifdirlər,
dağınıqdırlar. YAP Azərbaycanda müxalifət
adı altında parçalanan 50-60 partiyanın hansı ilə
dialoq aparsın? Belə olan şəraitdə mən yenə
də YAP-ın dialoqdan imtina etməsinin məntiqini təsdiqləmək
və bu fikri söyləmək istəmirəm. Sadəcə
olaraq dialoqun mahiyyətinə və formatına münasibətin
dəyişdirilməsinin zəruri olduğunu vurğulamaq istəyirəm.
YAP istənilən siyasi partiya ilə, normal mövqedə
dayanan, inkarçılıqdan əl çəkən siyasi təşkilatlarla
dialoq və yaxud fikir mübadiləsi aparmaq ideyasından kənara
çəkilmir. Ola bilsin ki, biz yaxın zamanlarda hər
hansı bir təşəbbüsün yenə də
şahidi olacağıq. Yenə də bu təşəbbüsün
müəllifi YAP olacaq. Amma prinsip etibarı ilə dialoq məsələsinin
bu şəkildə ortaya qoyulması hər hansı perspektivdən
məhrumdur.
- AŞ PA-nın Azərbaycandakı
prezident seçkiləri ilə bağlı hesabatında
müxalifət partiyaları öz aralarında dialoqa
çağırılıb. Necə
düşünürsünüz, AŞ PA-nın bu məsələdə
məqsədi nə ola bilər?
- Deyə bilmərəm ki,
AŞ PA-nın bu çağırışının
arxasında hansı konkret niyyətlər dayanır. Amma
bütövlükdə bəzi hallarda Azərbaycandan kənarda
olan müxtəlif qüvvələr ölkəmizdə
müxalifəti birləşdirmək və vahid gücə
çevirmək istiqamətində səylər göstərirlər.
Biz bu səyləri müxtəlif zamanlarda müşahidə
etmişik, hətta 2000-ci illərin əvvəllərində
bəzi beynəlxalq təşkilatların bu işi təşkil
edəcək nümayəndələri də Azərbaycana təşrif
buyurmuşdular ki, parçalanmış müxalifəti
güclü YAP-a qarşı daha səmərəli şəkildə
mübarizə apara bilmək məqsədilə birləşdirsinlər.
İnanmıram ki, bu niyyətlərin arxasında saf istək
dayansın.
Çox dərinə getmək
istəmirəm, amma Azərbaycanın milli maraqlarından
çıxış edərək bildirirəm ki, yalnız Azərbaycan
xalqı öz taleyinin sahibidir. Yalnız Azərbaycan xalqı
müəyyənləşdirir ki, ölkəmizdə hakimiyyət
necə olmalı, seçkilər nəticəsində konkret
hansı siyasi təşkilat iqtidarda olmalıdır. Ona
görə də müxalifətin birliyə dəvət
olunması, birləşməsi ilə bağlı
çağırışlar Azərbaycandan kənardan səsləndiriləndə
bu çox qeyri-adi təəssüratlar, assosiasiyalar
yaradır. Hər bir ölkənin daxili işi onun
xalqının səlahiyyətlərinə aiddir. Daxili işlərə,
proseslərə müdaxilə etmək yalnız xalqın
ixtiyarındadır. Azərbaycandakı prosesləri kənardan
sadəcə izləmək olar. Bu proseslərə kənardan
müdaxilə etmək, hansısa siyasi qüvvələri
birləşdirmək səyləri ölkənin daxili işlərinə
qarışmaq kimi bir şeydir.
- Müasir dövrdə siyasi
partiyanın fəaliyyətində yeni fəaliyyət
metodlarından istifadə daha çox tələb olunur. Elə
YAP-ın funksionerləri də zaman-zaman bunu digər
partiyalardan tələb edirlər. Bəs, YAP özü bu
prinsiplərə necə əməl edir?
- Həyat inkişaf edirsə,
siyasi partiyalar da həyatın sürətli inkişafından
geri qalmamaq üçün yeniləşməli və
müasirləşməlidirlər. Partiyalar həyatın tələblərinə
uyğunlaşmağa çalışmalıdırlar. YAP bu
prinsipi daim öz fəaliyyətində əsas
götürür. Bu günə qədər YAP-ın
bütün seçkilərdə qazandığı uğurların
çoxsaylı səbəblərindən biri də fəaliyyətını
həyatın irəli sürdüyü tələblər səviyyəsinə
uyğunlaşdırmasıdır. Bütün seçkilərdə,
seçkilərarası dövrlərdə də biz daim təhlillər
aparırıq: bu gün biz həyatın tələblərinə
uyğun fəaliyyət göstərə bilirikmi? Davranışlarımız,
hərəkətlərimiz, həyata keçirmək istədiyimiz
layihələr, qarşımıza qoyulan məqsədlər
həyatın irəli sürdüyü vəzifələrə
uyğun gəlir, yoxsa gəlmir? Bu məsələlər daim
diqqətimizdədir. YAP 2008-ci ildə 2000-ci ildəki səviyyəsindən
əhəmiyyətli dərəcədə fərqlənir. Fərq
təkcə partiyanın üzvlərinin sayının
artmasında, təşkilati resurslarının
çoxalmasında deyil. Fərq eyni zamanda fəaliyyət
metodlarının təkmilləşdirilməsində və
yeniləşməsindədir.
YAP 2003-cü il prezident
seçkilərində seçki kampaniyasına tamamilə
yeni bir nəfəs gətirdi. O zaman biz seçki
kampaniyasında şoulardan istifadə etdik. Bu özünü
doğrultdu. O zaman bizi buna görə tənqid edən
müxalifət 2005-ci ilin parlament seçkiləri zamanı
YAP-ın tətbiq etdiyi bu yeniliyi təkrarlamağa
çalışdı. Düzdür, uğur qazana bilmədi,
çünki YAP-ın tətbiq etdiyi metodun mahiyyətini dərk
edə bilməmişdi. Eynilə 2008-ci ildə də
seçki kampaniyasının keçirilməsində yeni
metodlar ortaya çıxdı. Bütün bunların
hamısı daim həyatın qarşımızda qoyduğu
vəzifələrin təhlili nəticəsində tətbiq
etdiyimiz yeni üsullar və metodlardır. Uğur
qazanmağın çox vacib şərtlərindən biri
müasirləşmə, yeni üsul və metodların tətbiqidir
ki, bunu da YAP daim diqqət mərkəzində saxlayır.
- Hazırda YAP istisna olmaqla
heç bir siyasi partiya ölkə üzrə geniş təşkilati
şəbəkəyə malik deyil. Bilmək istərdik,
YAP-da yerli təşkilatlarla əlaqələr necə həyata
keçirilir, partiyanın qərarları yerlərdə necə
icra olunur?
- YAP bu gün vahid orqanizm
kimi fəaliyyət göstərir. Hazırda YAP üzvlərinin
sayı 500 minə yaxındır. Yəqin ki, 2009-cu ildə
üzvlərimizin sayının 500 minə
çatmasının şahidi olacağıq. Bundan savayı,
YAP-ın ölkəmizin bütün inzibati bölgələrində
yerli təşkilatları var. YAP-ın səmərəli fəaliyyəti
yalnız partiyanın icra katibliyinin fəaliyyətində
öz ifadəsini tapmır. Bütövlükdə YAP-ın
səmərəli fəaliyyəti anlayışına həm
icra katibliyinin, həm də yerli strukturların səmərəli
fəaliyyəti daxildir. Bütün yerli
strukturlarımızın səmərəli, o cümlədən
partiyanın qarşıya qoyduğu vəzifələrin həyata
keçməsi üçün hər cür fədakarlıqla
fəaliyyət göstərməsi təmin edilib. Bu, yerlərlə
mərkəzin qarşılıqlı əlaqələrinin
kifayət qədər intensiv şəkildə həyata
keçməsi ilə əlaqədardır. YAP-ın qəbul
etdiyi bütün qərarlar çox operativ şəkildə
yerlərə çatdırılır. Təbii ki, həmin qərarların
yerlərdə icrası da operativ həyata keçirilir. Həmçinin
tapşırıqların icrasına nəzarət edilməsi
mexanizmi fəaliyyət göstərir. Partiyanın
bütün strukturları gərək səmərəli fəaliyyət
göstərsin ki, qarşıya qoyulan məqsədlərə
də çatmaq mümkün olsun. Təsadüfi deyil ki,
YAP-ın bütün yerli təşkilatlarında internetə
sürətli çıxış təmin edilib. İcra
katibliyi və yerli təşkilatlar arasında
yazışmaların bir qismi internet vasitəsilə operativ
şəkildə həyata keçirilir. Ən əsası,
YAP-ın yerli təşkilatlarında səriştəli
üzvlərimiz çalışırlar. Bütün
bunların hamısı YAP-ın vahid orqanizm kimi fəaliyyət
göstərməsini təmin edir və biz bundan çox məmnunuq.
- Əli müəllim, Milli
Məclisin ötən iclaslarının birində Konstitusiyaya
düzəlişlərin edilməsini, bir şəxsin iki dəfədən
artıq prezident seçilməsi ilə bağlı müddəanın
Əsas Qanundan çıxarılmasını təklif
etdiniz. Artıq Konstitusiyaya dəyişikliklərlə
bağlı Referendum Aktının layihəsi Milli Məclisdə
qəbul olunub və Konstitusiya Məhkəməsinə
göndərilib. Sizin təklif etdiyiniz dəyişikliyin
Konstitusiyaya edilməsi hansı zərurətdən irəli gəlir?
- Uzun müddətdir Azərbaycan
ictimaiyyətində bir şəxsin iki dəfədən
artıq prezident seçilməsinə Konstitusiyada qoyulmuş
məhdudiyyətlə bağlı müzakirələr gedir.
Bu müzakirələrin yaratdığı ümumi əhval-ruhiyyə
fonu ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti məhdudiyyətin
aradan qaldırılmasının tərəfdarıdır.
Dünya dövlətlərinin seçki sistemlərində bu
cür məhdudiyyətlərin həm tətbiq edildiyi, həm
də heç bir məhdudiyyətin olmadığı
variantlar var. Məlum olduğu kimi, 1947-ci ilə qədər
ABŞ-da prezidentin neçə dəfə seçilməsi
ilə bağlı məhdudiyyət olmayıb. Buna qədər
ABŞ-ın tarixində bir şəxsin 4 dəfə
seçilməsi ilə bağlı fakt var. Ruzvelt 4 dəfə
Amerikanın Prezidenti seçilib. Fransa kimi demokratik ənənələrə
malik ölkədə prezidentin neçə dəfə
seçilməsi ilə bağlı məhdudiyyət yoxdur.
Deməli, bir şəxsin neçə dəfə prezident
seçilməsinə məhdudiyyətin qoyulması və ya
qoyulmaması ölkənin demokratikliyini və yaxud seçki
praktikasının demokratikliyini kölgə altına sala bilməz.
Prezidentin nəzərdə
tutulmuş müddətə, yəni 5, yaxud 6 il ərzində
prezidentlik səlahiyyətlərini həyata keçirməsi
tamamilə demokratik xarakterli bir məhdudiyyətdir.
Çünki bunun sayəsində insanlar konkret şəxsə
səs verməklə nə qədər düzgün qərar
qəbul etdiklərini müəyyənləşdirə bilirlər.
Əgər xalq etdiyi seçimin düzgün
olmadığı qərarına gələrsə, növbəti
seçkilər zamanı başqa namizədə səs verməklə
öz iradəsini ifadə etmiş olar. Beləliklə də
bir, iki müddətə seçilmək və yaxud
seçilməməklə bağlı məhdudiyyətin
qoyulmaması ölkənin demokratikliyinə və yaxud
seçki prosesinin demokratikliyinə təsir göstərmir.
Çünki seçilən şəxs yalnız xalqın
iradəsinin ifadəsi nəticəsində prezident
kürsüsünə gələ bilər. Əgər
bütün bunların fonunda əlavə bir məhdudiyyət
tətbiq edilirsə ki, prezident bir və ya iki dəfədən
artıq seçilməsin, bu, bir yandan konkret bir şəxsin
seçilmək hüququnu, digər tərəfdən isə
xalqın seçmək hüququnu məhdudlaşdırır.
Xalq iki dəfə seçilmiş, lakin yenə də prezident
görmək istədiyi bir adam səs vermək istəyirsə,
bu onun iradəsinin ifadəsidir, demokratiyanın məğzidir.
Xalq iradəsindən savayı demokratiya mümkün deyil! Əgər
xalq doğrudan da, prezident seçmək istədiyi şəxsə
səs verə bilmirsə, bu xalqın seçim hüququnun məhdudlaşdırılması
deməkdir. Bu mənada, Azərbaycan Konstitusiyasında bir
şəxsin iki dəfədən artıq prezident seçilməməsi
ilə bağlı müddəanın götürülməsi
sosial sifariş olaraq yaranıb. Bu müddəanın ləğvinin
demokratiyaya zidd olması barədə fikirlər tamamilə ədalətsizdir.
Məlumdur ki, müxtəlif
ölkələrdə fərqli seçki sistemləri
mövcuddur. Bəzi ölkələrdə prezident təmsilçilik
funksiyasını yerinə yetirir. Bu o ölkələrdədir
ki, orada respublika quruluşu parlament tiplidir. Həmin
respublikalarda icra funksiyası, yəni ölkənin idarə
edilməsi parlament vasitəsilə baş nazirə həvalə
edilir. Əsas icraedici fiqurun baş nazir olduğu respublikalarda
onun neçə dəfə seçilməsinə məhdudiyyət
yoxdur. O ölkələrdə prezidentin seçilməsinə
müddət etibarilə məhdudiyyət ona görə
qoyulur ki, orada prezident geniş icra səlahiyyətlərinə
malik deyil. Sadəcə, təmsilçilik funksiyasını
yerinə yetirir. Ona görə həmin ölkələrdə
iki dəfə seçilməyin heç bir mənası
yoxdur. Amma ölkəni idarə edən baş nazirlər isə,
- məsələn, Türkiyədə, Almaniyada olduğu
kimi, - say etibarilə məhdudiyyət qoyulmadan seçilirlər.
Məsələyə
bütün bunların kontekstindən yanaşdıqda
prezidentin həm də icraedici hakimiyyətin rəhbəri
olduğu ölkələrdə iki dəfədən artıq
seçilməsinə məhdudiyyət qoyulması, xalqın
iradəsinə məhdudiyyət qoyulması anlamına gəlir.
Eləcə də, Azərbaycanda indiki şəraitdə bir
şəxsin iki dəfədən artıq seçilməsinə
məhdudiyyətin qoyulması prinsip etibarilə insanların
seçmək hüququnu, öz iradəsini tam şəkildə
ifadə etmək hüququnu məhdudlaşdırır.
Nəhayət, çox vacib
bir məsələni qeyd etmək istəyirəm. Bu da ondan
ibarətdir ki, Azərbaycanın indiki reallıqları şəraitində
ölkəyə rəhbərlik edən cənab İlham Əliyev
ölkəmizin inkişafı üçün uzun illər
böyük töhfələr vermək imkanlarına və
resurslarına malikdir. 2003-2008-ci illərdə Azərbaycanın
sürətli inkişafı, insanların Prezident İlham Əliyevə
böyük etimad göstərməsi, vətəndaşların
öz liderinin rəhbərliyi altında ölkəmizin
üzümüzə gələn 5 ildə də böyük
inkişaf yolu keçəcəyinə dərindən
inamı cəmiyyətimizi bu qənaətə gətirir ki,
növbəti dəfə də cənab İlham Əliyev
malik olduğu bütün resursları səfərbər edərək
Azərbaycanın inkişafına daha böyük töhfələr
verə bilər. Amma Konstitusiya buna imkan vermir. Demək,
İlham Əliyevin növbəti dəfə seçkilərdə
iştirak etmək imkanlarına malik olmaması əslində,
bugünkü reallıqlar, Azərbaycan vətəndaşlarının
İlham Əliyevə olan inamı və etimadı fonunda
ölkəmizin inkişafının ən yaxşı
variantının həyata keçirilməsinə məhdudiyyətin
qoyulması deməkdir.
Biz nəyi seçməliyik?
Azərbaycanın inkişafına xidmət edən ən
yaxşı variantı seçməliyik, yoxsa, formal məhdudlaşdırıcı
normalara istinad edərək, ən yaxşı seçim
variantından yan keçərək, nəticəsi tam
aydın olmayan alternativ axtarışları ilə məşğul
olmalıyıq. Yaxşı variant hansıdır? Əlbəttə,
ən yaxşı variant formal normanı dəyişdirərək,
inkişafın gedişatına öz töhfələrini verə
biləcək adamın növbəti dəfə seçilməsinə
imkanın yaradılmasıdır. Bu, cənab İlham Əliyevin
növbəti dəfə prezident seçilməsi
üçün imkan yaratmaq yox, Azərbaycan xalqının və
ölkəmizin inkişafının növbəti 5 illikdə
də təmin edilməsinə imkan yaratmaq deməkdir. Bu,
xalqın iradəsinin ifadəsi olmaqla yanaşı, həm də
xalqın öz gələcəyini təmin etməklə
bağlı istək və arzularını
reallaşdırması cəhdlərindən başqa bir
şey deyil. Bunun əleyhinə çıxmaq, Azərbaycanın
inkişafının əleyhinə çıxmaqdır.
Opponentlərimizin bir şəxsin iki dəfədən
artıq prezident seçilməsinə qarşı
çıxmasına və yaxud bunu Azərbaycanda
demokratiyanın boğulması kimi təqdim etməsinə gəldikdə
isə qeyd etmək istəyirəm ki, istənilən halda Azərbaycanda
hakimiyyət xalq tərəfindən
formalaşdırılır. İstənilən halda prezident
xalqın verdiyi səslərlə seçilir. Məhdudiyyət
qaldırıldıqdan sonra da xalqın səs verməyəcəyi
şəxs prezident olmayacaq.
Hazırda Konstitusiyada olan
müddəaya əsasən bir şəxsin iki dəfə
prezident seçilmək hüququ o demək deyildi ki, birinci dəfə
seçilən şəxs hökmən ikinci dəfə də
prezident seçiləcək. Azərbaycanın uzun olmayan
demokratik inkişaf tarixində seçildiyi müddəti
başa vura bilməyən prezidentlər də olub. Demək,
xalqın rəyi olmadan kiminsə prezident seçilməsi
mümkün deyil. Ona görə də prezidentin iki dəfədən
artıq seçilməsinə qoyulan məhdudiyyətin aradan
qaldırılması kiminsə fasiləsiz olaraq prezident olmaq
iddiasını həyata keçirmək anlamına gətirməməlidir.
Beləliklə də opponentlərimizin bu məhdudiyyətin
aradan qaldırılmasını Azərbaycanda demokratiyanın
boğulması kimi və yaxud ömürlük prezidentlik
presedentinin yaradılması kimi təqdim etmələri, əslində,
reallığın təhrif olunması cəhdlərindən
başqa bir şey deyil. Biz bunu qətiyyətlə pisləyirik
və təbii ki, Azərbaycan vətəndaşları da bu
cür cəhdlərin arxasında tamamilə başqa niyyətlərin
durduğunu aydın şəkildə bilir. İnanırıq
ki, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti
Konstitusiyaya təklif olunan əlavələri və dəyişiklikləri
dəstəkləyəcək. Çünki bu əlavələr
və dəyişikliklər Azərbaycan xalqının gələcəyinin
təmin edilməsi niyyəti və məqsədlərinə
xidmət edir.
Müsahibəni apardı:
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2008.-24 dekabr.-S.2-3.