Xalqa və dövlətə layiqli xidmət missiyası

 

Müasir qloballaşma dövründə hər bir dövlətin demokratik inkişaf yoluna sadiqliyi bir sıra meyarlarla yanaşı, həm də azad, ədalətli və şəffaf seçkilərə münasibət əsasında müəyyənləşir. Hüquqi cəmiyyət quruculuğu yolunda böyük nailiyyətlər əldə etmiş dövlətlərin təcrübəsi göstərir ki, sabit vətəndaş cəmiyyətinin, müstəqil dövlətin mütərəqqi inkişafı ilk növbədə demokratik seçkilərdən keçir. Seçkilərin beynəlxalq səviyyədə qəbul olunmuş meyarlar əsasında keçirilməsi sivil siyasi münasibətlər sisteminin, siyasi mədəniyyətin, hüquq düşüncəsi və mədəniyyətinin formalaşması, habelə xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açır. Hansısa siyasi qüvvənin seçkilərdə möhtəşəm qələbə qazanaraq hakimiyyət olimpinə yüksəlməsi isə onun konkret zaman intervalında həyata keçirdiyi siyasətin mahiyyətindən asılı olur.

 

Son prezident seçkilərində uzun illərin sınağından çıxmış rasional siyasətin - ümumxalq mənafeyinə xidmət edən siyasi, hüquqi, sosial-iqtisadi və humanitar mütərəqqi islahatların davamlılığının təmin edilməsi zərurəti mütləq çoxluğun qətiyyətli mövqeyi, yekun qənaəti kimi özünü göstərmişdir. Həm də ona görə ki, ötən beş ildə xalqa layiqli xidmət, vətəndaşa həssas münasibət məsələləri Prezident İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini, başlıca ideya istiqamətini təşkil etmişdir. Ötən müddətdə Azərbaycanda sürətli sosial-iqtisadi, elmi-intellektual inkişafa etibarlı zəmin formalaşdıran, ictimai-siyasi sabitliyi daha da möhkəmləndirən, qlobal enerji layihələrinin təminatçısına çevrilən, respublikanın beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirən cənab İlham Əliyevin seçkilərdəki möhtəşəm qələbəsi xalqımızın təkamülə əsaslanan demokratik inkişaf tərəfdarı olduğunu bir daha təsdiqləmişdir.

2003-cü ildən bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qıza zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə sadiqliyini sübuta yetirmişdir. Cənab İlham Əliyevin praqmatik lider və rəhbər kimi fəaliyyətinin üstün cəhəti bundan ibarətdir ki, o, mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməyi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır. Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsini dərindən mənimsəmiş cənab İlham Əliyev ulu öndərin möhkəm təməllər üzərində formalaşdırdığı idarəçilik ənənələrini davam etdirmək üçün zəruri liderlik keyfiyyətlərinə malikdir.

Tərəqqi və inkişaf yüksək idarəçilik keyfiyyətlərinə malik rəhbərin və qarşıda duran vəzifələrə doğru inamla irəliləyən işlək komandanın səmərəli fəaliyyətinin məntiqi nəticəsi olan mütərəqqi prosesdir. Dəqiq sosial-iqtisadi strategiya əsasında qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən liderlər həm də ümumilikdə cəmiyyətin inkişafa yönəlik məqsədlərini gerçəkləşdirməyə nail olurlar. Bu prizmadan cənab İlham Əliyevin yeritdiyi uğurlu sosial-iqtisadi strategiya nəticəsində ötən beş ildə ilk növbədə respublikanın qüdrətli dövlətə çevrilməsi yolunda mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmış, cəmiyyətin ümumi potensialının ümummilli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi təmin etmişdir. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar, xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət, çevik idarəçilik mexanizminin formalaşdırılması, diplomatik münasibətlərdə balanslaşdırma prinsipinin qorunması, mövcud imkanlardan Azərbaycan vətəndaşlarının rifahı naminə maksimum istifadə müasir tariximizin son 5 illik dövrünü səciyyələndirən xarakterik xüsusiyyətlərdəndir.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının davam etdirilməsi, Azərbaycanı Cənubi Qafqaz regionunda böyük nüfuz sahibinə çevirən qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması kimi mühüm məqamlar 2003-2008-ci illərdə cənab İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Sosial-iqtisadi nailiyyətlərdən söhbət gedərkən, Prezident İlham Əliyevin dövlətə rəhbərliyinin ilk aylarına təsadüf edən 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanın əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu fərmanla start verilmiş, habelə yeni şəraitə adekvat islahatlar kursunun fundamental istiqamətləri müəyyənləşdirilmişdir. Sözügedən fərman sonrakı mərhələlərdə imzalanaraq bu gün də uğurla icra edilən dövlət proqramları üçün bir növ baza rolunu oynamış, qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə böyük təkan vermişdir. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.

Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı isə Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, mərkəzdə və əyalətlərdə özəl sektorun yüksəlişi, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun inkişafı hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirmiş, uğurlu nəticələrlə yadda qalmışdır. İcrası bu il yekunlaşan Dövlət Proqramı çərçivəsində atılmış ardıcıl addımlar indiyə qədər regionlarımızın sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri nəzərəçarpacaq səviyyədə aradan qaldırmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə maddi zəmin yaratmışdır. Respublikanın paytaxtında olduğu kimi, əyalət şəhərlərində, hətta ən ucqar rayonlarda, kəndlərdə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, qaz, su, rabitə təminatı kimi sosial problemlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə yol açmışdır.

Dövlət başçısı İlham Əliyev 2008-ci il oktyabrın 24-də keçirilmiş andiçmə mərasimindəki çıxışı zamanı bölgələrə səfərlərinə də toxunmuş, ötən beş ildə rayonlarla paytaxt arasındakı fərqin azaldığını xüsusi vurğulamışdır: "Bölgələrdəki vəziyyətlə çox yaxından tanışam və göstərilən bütün təşəbbüslər, atılan bütün addımlar Azərbaycan xalqı tərəfindən dəstəklənmişdirESon beş il ərzində əksər rayonlarda iqtisadi artım 2 dəfədən çox olubdur. Bəzi rayonlarda ümumi daxili məhsul 2,5 dəfə, 2,7 dəfə, 3 dəfə artıbdır. Bizim rayonlarda neft hasilatı yoxdur. Yəni nəyin hesabına artıbdır? Bax, yaradılan iş yerlərinin hesabına, qoyulan investisiyaların hesabına, açılan zavodların, fabriklərin hesabına. Bu gün Azərbaycanda işləmək istəyən böyük dərəcədə iş tapa bilər".

Hər zaman, hər bir fəaliyyət sahəsində yalnız milli maraqları, Azərbaycanın çağdaş və perspektiv mənafelərini əsas götürərək bu istiqamətdə hərəkət edən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən beş ildə qazanılan sosial-iqtisadi nailiyyətlər həm də statistik rəqəmlərdə əksini tapır. 2003-cü ildə cəmi 1,3 milyard dollar təşkil edən Azərbaycanın dövlət büdcəsi 2008-ci ildə 16 milyard manata çatmış, hərbi xərclər 11 dəfə artmışdır. Əgər 2003-cü ildə adambaşına düşən milli gəlirin həcmi 888 ABŞ dolları təşkil edirdisə, bu rəqəm 2008-ci ildə isə 5800 dollara çatmışdır. Ötən müddətdə ölkə iqtisadiyyatı ümumilikdə 96 faiz artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 15,7 faizə düşmüş, ÜDM-in illik orta artım göstəricisi 26 faiz təşkil etmiş, yeni açılmış iş yerlərinin sayı 750 minə çatmışdır. 2003-cü ilin oktyabrında cəmi 5,5 manat təşkil edən \minimum əməkhaqqı 75 manata yüksəlmiş, vətəndaşların orta aylıq pensiyası təxminən 4 dəfə artmışdır.

Bir qayda olaraq dovlət büdcəsi "iqtisadiyatın güzgüsü" adlandırılır. Bu baxımdan 2009-ci ilin dövlət büdcəsi də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi strategiyanın məntiqi nəticəsi olmaqla, ölkə iqtisadiyyatının yeniləşməsini, dinamik xarakter daşıyan sosial-iqtisadi inkişaf meyillərini, geniş vüsət alan struktur dəyişikliklərini özündə əks etdirir. Beynəlxalq Valyuta Fondunun açıqlamalarına əsasən, 2009-cu ildə Azərbaycanda ümumi iqtisadi artım 12 faiz təşkil edəcəkdir və bu da MDB-də ən yüksək göstəricilərdən biridir. Bu rəqəm eyni zamanda Azərbaycan iqtisadiyyatının yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu göstərir. Respublikamızın bir çox xarici dövlətlərlə, hətta inkişaf etmiş qabaqcıl ölkələrlə müqayisədə qlobal iqtisadi böhrana yaxşı hazırlaşdığı da nüfuzlu beynəlxalq qurumlar tərəfindən etiraf olunur. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanda səfərdə olan missiyasının rəhbəri, Fondun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktor müavini Valeriya Fikera ölkənin qlobal maliyyə böhranı fonunda 2009-cu ili də arxayınlıqla başa vuracağını və bu böhranın yarada biləcəyi çətinliklərə hazır olduğunu bildirmişdir.

Prezident İlham Əliyevin ötən beş illik fəaliyyətində qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması məqsədilə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar öz ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti xüsusilə cəlb edir. Ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən Azərbaycandakı yerli və xarici sahibkarların böyük hamisinə çevrilmiş dövlət rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmişdir. Cənab İlham Əliyevin son beş ildə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər), "Korrupsiyaya qarşı mübarizə haqqında", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və başqa fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun yüksəlişini stimullaşdırmışdır.

Prezident İlham Əliyev çıxışlarında daim xüsusi vurğulayır ki, ölkədəki dinamik uğurların əldə olunmasında sahibkarların, iş adamlarının da böyük rolu vardır. Dövlət başçısı iş adamlarının himayədarı olduğunu qətiyyətlə vurğulayır. "Kiçik və orta sahibkarlığın inkişafı daha da sürətlə getməlidir, burada süni müdaxilələr olmamalıdır. Baxmayaraq ki, onlar azalıb, amma yenə də faktlar var. Məlumatlar gəlir ki, hüquq-mühafizə orqanları biznes strukturlarına müdaxilə edirlər, incidirlər, əsassız tələblər irəli sürürlər. Bunu yığışdırın. Düzdür, indi azalıbdır, amma var. Unutmayın ki, yeni iş yerlərinin tam əksəriyyəti özəl sektorda yaradılıbdır. İndi dövlət müəssisəsi tikmirik ki, orada iş yeri yaradılsın. Yaxud da dövlət aparatını artırmırıq ki, orada iş yeri açılsın. Bu, özəl sektorda yaradılır. Yaxşı, belə olan halda, biz gərək özəl sektora bütün şəraiti yaradaq. Mənim siyasətim bundan ibarətdir. Unutmayın ki, mən bu sahəyə ciddi yanaşıram və iş adamlarını dəstəkləyirəm".

Azərbaycanda Dövlət İnvestisiya Şirkətinin yaradılması barədə verilən qərar da Prezident İlham Əliyevin bu sahədə həyata keçirilən dövlət siyasətinin vahid mərkəzdən tənzimlənməsi, respublikanın investisiya cəlbediciliyinin daha da artırılması məqsədindən irəli gəlmişdir. Başlıca vəzifə kimi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin edərək bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışan şirkət eyni zamanda xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə, onlarda inam və etimadın güclənməsinə nail olmalıdır. Eyni zamanda şirkət Azərbaycanın sənaye potensialının güclənməsi yönumündə müəyyən addımlar atır. Əlbəttə, ölkənin sənaye potensialının gücləndirilməsi məqsədilə istehsal-emal müəssisələrinin yaradılması heç də dövlətin vəzifəsi deyildir. Dövlət bu prosesi həyata keçirən xarici və yerli sərmayədarlara yalnız dəstək verməyə çalışır. Yerlərdə icra edilən infrastruktur layihələri, sahibkarlığa kömək yönündə atılan addımlar, xarici sərmayədarlarla birgə qlobal layihələrin reallaşdırılması üçün etibarlı təminat mexanizmlərinin yaradılması dövlətin bu sahədə üzərinə düşən missiyanı uğurla yerinə yetirdiyini göstərir.

2008-ci il 1 yanvar tarixindən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının "vahid pəncərə" sistemi əsasında prinsipi əsasında aparılması, bu məqsədlə Vergilər Nazirliyində çox çevik fəaliyyət göstərən sistemin yaradılması da son dərəcə təqdirəlayiq addımlardan biridir. Dövlət başçısı İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanı ilə gerçəkləşdirilən bu sistem çoxpilləli biznesə başlama prosedurlarının sadələşdirilməsini, bu sahədə mövcud olan bürokratik əngəllərin, süründürməçilik hallarının aradan qaldırılmasını nəzərdə tutur. Əvvəllər dövlət qeydiyyatından keçmək üçün müxtəlif bürokratik maneələrlə üzləşən sahibkar artıq 3 gün müddətində bu problemini asanlıqla həll edə bilir.

Bir neçə gün əvvəl gömrük sistemində də "vahid pəncərə" sisteminin tətbiq olunması sahibkarlara idxal-ixrac əməliyyatları zamanı üzləşdikləri çətinlikləri, habelə süni maneələri aradan qaldırmaq məqsədi daşıyır. Yeni sistemə əsasən, sənədləri qaydasında olan yüklərin cəmi 20 dəqiqə ərzində gömrük məntəqələrindən keçirilməsi nəzərdə tutulur və bu da iş adamlarının mənafeyinə uyğun atılmış addımdır.

Sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın beynəlxalq səviyyədə islahatçı ölkə kimi tanınmasını təmin edir, ölkə xarici investisiyaların cəlbinə imkan yaradır. Son illərdə Ümumdünya İqtisadi Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, "Qoldman Saks" təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır. Davos Dünya İqtisadi Forumunun 2008-ci il üzrə hesabatında Azərbaycan rəqabətqabiliyyətlilik sahəsində 66-cı, "Qoldman Saks" təşkilatının analoji hesabatında isə 61-ci yerləri tutmuşdur. Beynəlxalq Maliyyə Korporasiyasının dünya ölkələrində biznes mühitinə dair hazırladığı "Doing Business - 2009" hesabatında Azərbaycanın "islahatçı ölkə" elan edilməsi - investisiya mühitinin cəhlbediciliyi baxımından respublikamızın 33-ü yeri tutması olduqca yüksək göstəricidir.

İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin sınaqdan çıxmış təcrübəsi göstərir ki, siyasi hakimiyyətin müəyyən zaman intervalında əldə etdiyi uğur və nailiyyətləri şərtləndirən başlıca amil məhz sosial məsuliyyət prinsipidir. Cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirən hakimiyyət komandası xalqa layiqli xidmət məramını əsas tutmaqla, ölkənin bütün mövcud resurslarını qarşıya qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edir, siyasətində hər bir fərdin maraq və mənafeyini nəzərə almağa çalışır. Fəaliyyətini hər zaman ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran Azərbaycan Prezidenti İlham Əliyev də məhz fenomenal liderlik keyfiyyətləri sayəsində respublikamızı qısa müddətdə bütün sahələrdə sürətli inkişaf yoluna çıxarmışdır. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də cənab İlham Əliyevin birinci prezidentlik dövrünün əsas istiqamətlərindən biri kimi diqqəti çəkmişdir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və sadəliklə onların problemlərini dinləyən və həlli üçün qəti tapşırıqlar verən dövlət başçısının bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırmışdır. 2003-2008-ci illərdə Azərbaycanın demək olar ki, bütün rayonlarına səfərlər edən, eləcə də Bakıətrafı kənd və qəsəbələrdə olan cənab İlham Əliyev insan amilinə necə yüksək dəyər verdiyini, bütün fəaliyyətində vətəndaşların maraq və mənafeyini, firavanlığını uca tutduğunu əməli işi ilə təsdiqləmişdir.

Cənab İlham Əliyevin yetirdiyi məqsədyönlü strategiya nəticəsində Azərbaycanın son illərdə dünya enerji satışı bazarında çəkisinin və rolunun xeyli dərəcədə artması müşahidə olunur. Respublikamızın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı hazırda istər fövqəlgüc dövlətləri, istərsə də aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı etiraf olunur. Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan bu gün regionda hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir. Respublikada uğurla həyata keçirilən enerji siyasətinin məqsədi Azərbaycanın dünya bazarına çıxışını artırmaq, həmin bazarlar üçün alternativ mənbə yaratmaq, habelə dünya bazarına çıxışın şaxələndirilməsini təmin etməkdən ibarətdir və bu da beynəlxalq ictimaiyyətin maraqlarına tamamilə cavab verir.

Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi hazırkı şəraitdə respublikamızın bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi diqqəti çəkir. Ötən ay Bakıda keçirilmiş IV Beynəlxalq Enerji Sammiti mühüm nəticələrlə yadda qalmaqla, Xəzər, Qara dəniz və Baltik hövzəsində enerji təhlükəsizliyi ilə bağlı yeni əməkdaşlıq formatının yaranması ilə bağlı aparılan müzakirələrin uğurlu sonluğa yetişdiyini göstərir. Krakov, (Polşa) Vilnüs (Litva) və Kiyevdən (Ukrayna) sonra Bakıda (Azərbaycan) keçirilmiş sayca IV Beynəlxalq Enerji Sammitinin yekunu olaraq imzalanmış Bəyannamə yaxın perspektivdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq daha bir qlobal layihənin gerçəkləşdirilməsində əhəmiyyətli mərhələ olmuşdur.

Bakıda keçirilmiş IV Enerji Sammiti Azərbaycanın neft və qaz kəmərlərinin şaxələndirilməsi siyasətinin hazırkı şəraitdə Avropa ölkələri üçün də müstəsna əhəmiyyət kəsb etdiyini təsdiqləmişdir. Xatırlatmaq yerinə düşər ki, həmin qəbildən ilk sammit hələ 2007-ci ilin may ayında Polşa Prezidenti Lex Kaçinskinin təşəbbüsü ilə bu ölkənin Krakov şəhərində keçirilmiş, bu mühüm tədbir enerji təhlükəsizliyi məsələsinin Avropa üçün getdikcə daha qlobal səciyyə daşıdığını, geosiyasi reallıqlarla şərtləndiyini növbəti dəfə təsdiqləmişdir. Polşa, Azərbaycan, Gürcüstan, Litva və Ukrayna prezidentlərinin, eləcə də Qazaxıstanın yüksək səviyyəli dövlət rəsmilərinin iştirak etdiyi sammitin yekunları regionda Rusiyanın enerji asılılığından çıxmaq istəyən dövlətlərin yeni subregional inteqrasiya modeli formalaşdırmaq niyyətini qabarıq şəkildə üzə çıxarmışdır. Krakov Enerji sammitində mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi zəruriliyi vurğulanmış, enerji və nəqliyyat sahəsində işbirliyi üçün geniş perspektivlərin olduğu qeyd edilmişdir. Sammit çərçivəsində müzakirə olunmuş Odessa-Brodı-Qdansk marşrutu Qara dənizə çıxarılan neftin Baltik dənizi sahilinə çatdırılmasını, oradan Avropa və dünya bazarlarına daşınmasını nəzərdə tutur.

2007-ci ilin oktyabrında Litvada keçirilən "Vilnüs enerji təhlükəsizliyi konfransı 2007: Məsul tərəfdaşlar üçün məsul energetika" mövzusunda beynəlxalq konfrans isə mahiyyətcə Krakov Enerji Sammitində qarşıya qoyulmuş strateji məqsədlərin daha geniş müzakirəsi ilə yadda qalmışdır. Vilnüs konfransının yekunu kimi Azərbaycan, Gürcüstan, Litva, Polşa, Ukrayna və Qazaxıstanın dövlət başçıları 10 oktyabr 2007-ci ildə birgə kommunike imzalamış, Xəzər neftinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına daşınması üçün milli şirkətlərin iştirakı ilə yeni konsorsiumun - Sarmatiyanın yaradılması barədə razılığa gəlmişlər. Yeni konsorsiumun əsas məqsədi Azərbaycan Respublikası, Gürcüstan, Ukrayna, Polşa respublikalarının ərazisindən keçməklə Xəzər dənizindən Avropa bazarlarına və beynəlxalq bazarlara gedən daşınma sistemlərinin reallaşdırılmasının mümkünlüyünü təhlil etməkdir.

Bakıda təşkil olunmuş IV Enerji Sammiti isə bir daha təsdiqləmişdir ki, etibarlı enerji təhlükəsizliyinin təminatı məsələsi düşünülmüş strategiya əsasında genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün ilk növbədə qabaqcıl texnologiya əsasında alternativ enerji daşıyıcıları şəbəkəsi yaradılmalı, zəruri infrastruktur formalaşdırılmalıdır. Xaricdən enerji asılılığının azaldılması baxımından boru kəmərlərinin geosiyasi nöqteyi-nəzərdən təhlükəsiz marşrutlarla çəkilişi təmin olunmalı, habelə alternativ enerji mənbələrinin işə salınması istiqamətində ciddi addımlar atılmalıdır. Bu baxımdan Xəzər hövzəsinin qaz ehtiyatlarının nəqlində əsas ağırlığı üzərinə götürəcək "Nabukko" layihəsinin əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Respublikamız neft kəmərlərinin şaxələndirilməsi siyasətini həyata keçirir və bu da ölkənin enerji təhlükəsizliyinin daha səmərəli təşkilinə xidmət edir. Hazırda Azərbaycan nefti üç boru kəməri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk xətti vasitəsilə Avropa bazarlarına çıxarılır. Növbəti layihə kimi Odessa-Brodı-Plotsk-Qdansk marşrutunun reallaşdırılması nəzərdə tutulur. Bu məqsədlə "Sarmatiya" adlı müştərək şirkətin təsis edilməsi də prosesin yaxın perspektivdə sürətlənəcəyinə işarədir. Hazırda şirkət layihənin texniki-iqtisadi əsaslandırma işlərini həyata keçirir. Bundan sonra Xəzər dənizinin nəhəng enerji resursları üçün Avropa bazarlarına əlavə nəqledilmə marşrutunun reallaşdırılması istiqamətində əməli addımlar atılacaqdır. Eyni zamanda həmin layihə Xəzər-Qara dəniz-Baltik dənizi regionlarında yerləşən dövlətlər arasında səmərəli regional əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.

 

Ümumilikdə, son 5 ilin yekunları deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, son seçkilərdə öz taleyini yenidən İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Azərbaycan xalqı İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir, respublikanın mənafelərinə xidmət göstərən amalların həyata keçirilməsində öz Prezidentinə dəstəyini əsirgəmir.

 

Qüdrət KƏRİMOV,

"Xəzər" Səhmdar Cəmiyyətinin sədri,

iqtisad elmləri doktoru

 

Azərbaycan.-2008.-24 dekabr.-S.6.