Fəal sosial siyasət və investisiya ili
Yekunlaşmaq üzrə olan
2008-ci il müstəqil dövlətçiliyini daha da möhkəmləndirərək
Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən,
transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə
çevrilən, demokratikləşmə yolunda
atdığı ardıcıl addımlarla Cənubi
Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil
Azərbaycan üçün bir sıra uğurlu hadisələrlə
yadda qalmışdır. Ümumilikdə, geridə qalan bir il
Azərbaycan dövlətinin yüksəlişi və strateji
hədəflərinə yetişməsi üçün zərrə-zərrə
formalaşdırdığı böyük potensialın
bütün əzəməti ilə reallığa
çevrildiyi əlamətdar mərhələdir.
2008-ci ilin sosial-iqtisadi
yekunlarına nəzərən əminliklə söyləmək
olar ki, siyasətə ideyaların
reallaşdırılması vasitəsi kimi yanaşaraq "Əsl
siyasət konkret, real iş görməkdən ibarətdir"
devizini fəaliyyətində rəhbər tutan Prezident
İlham Əliyev konseptual əsasları ulu öndər Heydər
Əliyev tərəfindən müəyyənləşdirilmiş
milli inkişaf strategiyasını daha da təkmilləşdirmiş,
keyfiyyətcə yeni mərhələdə inamla həyata
keçirmişdir. Azərbaycan Prezidentinin oktyabrın 24-də
keçirilmiş andiçmə mərasimindəki dərin məzmunlu
çıxışı ölkəmizin 2008-ci ildə
bütün sahələrdə dinamik inkişaf yolu
keçdiyini bir daha təsdiqləmişdir.
Azərbaycan Prezidentinin
2008-ci ildəki fəaliyyəti bölgələrin
inkişafına xidmət edən kompleks tədbirlərin,
xüsusilə, regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramının ardıcıl surətdə həyata
keçirilməsi ilə əlamətdar olmuşdur. Bölgələrin
inkişafındakı fərqi mümkün qədər
azaltmaq, bu sahədə balansa nail olmaq Prezidentin sosial-iqtisadi
siyasətinin əsas istiqamətlərindən olmuşdur. Bu
ilin fevralında regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramının 4 illiyinə həsr olunmuş
konfransda çıxış edən dövlət
başçısı İlham Əliyev regionların
inkişafı naminə həyata keçirilən tədbirlərin
qarşıdakı illərdə də davam etdiriləcəyini
vurğulamışdır. Sözügedən proqramın
ölkəmizin sosial-iqtisadi yüksəlişindəki əhəmiyyətini
nəzərə alan cənab İlham Əliyev son bir ildə
Azərbaycanın ayrı-ayrı bölgələrinə
ardıcıl səfərləri zamanı proqramın
icrası vəziyyəti ilə yerində
Dövlət
başçısı İlham Əliyev andiçmə mərasimindəki
çıxışı zamanı bölgələrə səfərlərinə
də toxunmuş, ötən beş ildə rayonlarla paytaxt
arasındakı fərqin azaldığını xüsusi
vurğulamışdır: "Bölgələrdəki vəziyyətlə
çox yaxından tanışam və göstərilən
bütün təşəbbüslər, atılan
bütün addımlar Azərbaycan xalqı tərəfindən
dəstəklənmişdir. Son beş il ərzində əksər
rayonlarda iqtisadi artım 2 dəfədən çox olubdur. Bəzi
rayonlarda ümumi daxili məhsul 2,5 dəfə, 2,7 dəfə,
3 dəfə artıbdır. Bizim rayonlarda neft hasilatı
yoxdur. Yəni, nəyin hesabına artıbdır? Bax,
yaradılan iş yerlərinin hesabına, qoyulan
investisiyaların hesabına, açılan zavodların,
fabriklərin hesabına. Bu gün Azərbaycanda işləmək
istəyən böyük dərəcədə iş tapa bilər".
Hesabat dövrünün
yekunları bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda
sosial məsələlərin həllinin daim diqqət mərkəzində
olduğunu, hakimiyyətin fəaliyyətində
sosialyönümlü layihələrin dominantlıq təşkil
etdiyini bir daha təsdiqləmişdir: 2003-cü ildə cəmi
1,2 milyard dollar təşkil edən Azərbaycanın dövlət
büdcəsi 2008-ci ildə 16 milyard manata çatmış,
hərbi xərclər 11 dəfə artmışdır. Əgər
2003-cü ildə adambaşına düşən milli gəlirin
həcmi 888 ABŞ dolları təşkil edirdisə, 2008-ci
ildə 5800 dollara çatmışdır. Ötən
müddətdə ölkə iqtisadiyyatı ümumilikdə
2,7 dəfə artmış, yoxsulluğun səviyyəsi 49
faizdən 15,7 faizə düşmüşdü, Mərhələlərlə
qaldırılan minimum əməkhaqqı 2008-ci il yanvarın
1-dən 60 manata, sentyabrın 1-dən 75 manata
qaldırılmışdır. 2008-ci ildə dövlət
büdcəsindən maliyyələşən əksər
strukturlarda əməkhaqqı qaldırılmış, hərbi
qulluqçuların sosial vəziyyətinin
yaxşılaşdırılması sahəsində əsaslı
tədbirlər görülmüşdür.
2009-cu ildən pensiyaların
baza hissəsi yenidən artırılacaq, eyni zamanda
pensiyaların sığorta hissəsi illik inflyasiya faizinə
uyğun indeksləşdiriləcək və nəticədə
qiymət artımının pensiyaçıların sosial vəziyyətinə
heç bir təsiri olmayacaq. Bütün bu tədbirlər
sosial müdafiənin keyfiyyətcə yeni mərhələyə
keçid alması kimi dəyərləndirilə bilər. Bu
konsepsiyanın davamı yeni beşillikdə, 2009-2013-cü illərdə
respublikamızın sosial siyasətində tərəqqi
dövrü kimi xarakterizə olunacaqdır. "Uzaq və
yaxın tarixdən də bilirik ki, köklü islahatlar
müvəqqəti olaraq insanların yaşayış səviyyəsini
endirir. Azərbaycanda isə biz bunun əksini
görürük. Biz köklü iqtisadi islahatlar aparmaqla bərabər,
sosial məsələlərin həllində böyük
işlər görmüşük. Son beş il ərzində
minimum pensiyanın məbləği 4 dəfə
artırılmışdır. Minimum əməkhaqqı 8 dəfə,
orta əməkhaqqı 3,6 dəfə
artırılmışdır. Bu gün dövlətdən
birbaşa ünvanlı sosial yardım alan insanların
sayı 600 minə çatmışdır. Dövlət
ehtiyacı olan vətəndaşlarının
yaşayış səviyyəsinin
yaxşılaşdırılması üçün öz
köməyini göstərir və biz gələcəkdə
bu siyasəti davam etdirəcəyik. Azərbaycanda
yoxsulluğun azaldılması məni çox sevindirir. Əgər
2003-cü ildə yoxsulluq şəraitində
yaşayanların sayı 49 faiz idisə, 2007-ci ilin
yekunlarına görə, bu rəqəm 16 faizə
düşübdür" - deyə Azərbaycan Prezidenti
andiçmə mərasimində vurğulamışdır.
Dövlət
başçısı cənab İlham Əliyev haqlı
olaraq bu fikirdədir ki, Azərbaycan vətəndaşlarının
normal yaşayışı üçün kommunal xidmətlərin
səviyyəsi yüksəldilməli, zəruri infrastruktur
layihələri gerçəkləşdirilməli, əhali
fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su
ilə təmin olunmalıdır. Eyni zamanda yolların bərpası
və yenidən çəkilişi, zəruri abadlıq
işlərinin aparılması dövlətin bir nömrəli
vəzifəsi olmalıdır. Son bir ildə nəticə
etibarilə insan resurslarının inkişafına xidmət
edən mühüm investisiya layihələri Azərbaycanı
hər bir sahədə mütərəqqi yeniliklərə
istinad edən, müasir dövlətə çevirmək məqsədi
daşıyır. Dövlət başçısı
haqlı olaraq vurğulayır ki, Azərbaycanda iqtisadi modernləşmənin
başlıca şərti hər bir sahədə yeni
dövrün tələblərinə cavab verən
infrastrukturun yaradılması yolu ilə insan
resurslarının inkişafıdır. Respublika əhəmiyyətli
magistral yolların təmiri, bölgələrin elektrik
enerjisi, işıq, qaz, su kimi problemlərinin həlli, kommunal
xidmət sferasında mütərəqqi islahatların
aparılması kimi tədbirlər bütövlükdə Azərbaycan
vətəndaşlarının firavan və rahat
yaşayışının təmin edilməsi məqsədindən
irəli gəlir. Xatırlatmaq yerinə düşər ki,
son 5 ildə hökumətin investisiya vəsaitləri
hesabına bir çox ucqar rayonlara qaz kəməri çəkilmiş,
təmirinə ciddi ehtiyac olan yollar düzəldilmiş,
İsmayıllı-Oğuz bölgəsindən Bakıya
içməli su kəmərinin çəkilişinə
başlanılmış, paytaxtda müasir körpülərin
və yol qovşağının salınması, şəhər
infrastrukturunun yeniləşdirilməsi, tarixi memarlıq və
mədəniyyət abidələrinin, park və
xiyabanların yenidənqurulması istiqamətində kompleks tədbirlər
həyata keçirilmişdir. Dövlət
başçısı İlham Əliyev andiçmə mərasimindəki
çıxışında infrastrukturun yeniləşdirilməsi
vacibliyini bir daha önə çəkmişdir: "Bizim
böyük infrastruktur layihələrimiz həyata
keçirilir. Son beş il ərzində 4 beynəlxalq aeroport
istismara verilibdir. Səkkiz elektrik stansiyası tikilibdir. Minlərlə
kilometr yollar salınıbdır. Qazlaşdırma prosesi
uğurla gedibdir. Əgər 2003-cü ildə Azərbaycanda
qazlaşdırma 62 faiz idisə, bu gün 85 faizdir. Su kəmərləri
çəkilir. Yəni, bütün bu infrastruktur layihələri
Azərbaycanı gücləndirir. Amma bununla bərabər,
insanların yaşayış səviyyəsinin qalxması,
yoxsulluq içində yaşayanların vəziyyətinin
yaxşılaşması - bu, mənim üçün az əhəmiyyət
kəsb etmir, bəlkə daha da böyük əhəmiyyət
kəsb edir. Çünki bizim bütün siyasətimiz Azərbaycan
xalqının yaxşı yaşamasına, Azərbaycanın
möhkəmlənməsinə yönəldilibdir".
Bütün bunlar bir daha təsdiqləyir
ki, 2008-ci il Azərbaycanın bütün həyati əhəmiyyətli
sahələrdə inkişaf və tərəqqisi
baxımından əhəmiyyətli hadisələrlə zəngin
olmuşdur. 2008-ci ili fəal sosial siyasət və investisiya
ili elan etmiş cənab İlham Əliyev qarşıdakı
ildə də sosial məsələlərə geniş diqqət
ayırmaq niyyətindədir. Cari ilin büdcə göstəriciləri
deməyə əsas verir ki, 2009-cu ildə Azərbaycan vətəndaşlarının
maddi rifah halı daha da yaxşılaşacaq, sosial-iqtisadi
inkişaf və sabitlik kursunun respublikamıza gətirdiyi dividendləri
hər bir azərbaycanlı öz gündəlik həyatında
qabarıq hiss edəcəkdir.
S.ELMANOĞLU
Azərbaycan.-2008.-24 dekabr.-S.9.