Heydər Əliyev adına Bakı Dərin Özüllər
Zavodunun kollektivinə
Hörmətli
neftçilər!
Sizi - Heydər Əliyev
adına Bakı Dərin Özüllər Zavodunun kollektivini
müəssisənin təməlinin qoyulmasının 30 illiyi
münasibətilə ürəkdən təbrik edirəm!
Keçmiş Sovetlər
İttifaqında analoqu olmayan bu unikal müəssisə məhz
xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin
səyləri və təşəbbüskarlığı
sayəsində Azərbaycanda yaradılmışdır. Bilavasitə
ulu öndərin rəhbərliyi altında tikilən zavod
respublikamızın neft sənayesinin inkişafında əlamətdar
hadisəyə çevrilmiş, hələ keçən əsrin
80-ci illərində neft yataqlarının işlənilməsi
üçün zəruri metal konstruksiyaların
istehsalında müstəsna rol oynamışdır.
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin avanqardında
gedən Bakı Dərin Özüllər Zavodu bütün
postsovet məkanında zəngin texniki, kadr və intellektual
potensialı ilə bu tipli yeganə müəssisə olaraq
tanınır.
1984-cü ilin aprel
ayında istismara verilən zavod ötən dövr ərzində
nəhəng dəniz platformaları hazırlamaqla müstəqil
Azərbaycanın iqtisadiyyatına töhfələr
vermiş, ölkəmizin iştirakçısı olduğu
beynəlxalq layihələrdə özünəməxsus yer
tutmuşdur. Müəssisədə inşa edilən və dənizdə
quraşdırılan "Günəşli",
"Çıraq", "Mərkəzi Azəri",
"Qərbi Azəri", "Şərqi Azəri",
"Dərinsulu Günəşli" blokları və
müvafiq üst tikililəri Azərbaycanın neft
strategiyasının gerçəkləşməsində
mühüm əhəmiyyətə malik sənaye obyektlərindəndir.Təsadüfi
deyil ki, bu gün də əmək ənənələrinin
davamı kimi "Ümid" yatağının qazma və
texnoloji stasionar özüllərinin dayaq bloklarının
hazırlanması sizin çalışdığınız
flaqman müəssisədə həyata keçirilir.
Əminəm ki, Bakı
Dərin Özüllər Zavodunun daim öz peşəkarlığı,
zəhmətsevərliyi və fədakarlığı ilə
fərqlənən kollektivi gələcəkdə də Azərbaycanın
neft-qaz sənayesinin perspektiv inkişafı naminə səylərini
əsirgəməyəcək, ölkəmizin dünya
iqtisadiyyatına inteqrasiyasına layiqincə xidmət edəcəkdir.
Bir daha müəssisənizin
bütün kollektivinə ən xoş arzularımı
çatdırır, hər birinizə möhkəm
cansağlığı, firavan həyat və işlərinizdə
uğurlar diləyirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2008-ci il.
Azərbaycan.-2008.-25 dekabr.-S.1.