Özünün enerji təhlükəsizliyini
tam şəkildə təmin edən Azərbaycan həm də
ixrac imkanlarını genişləndirir
- Əziz
dostlar, mən sizin hamınızı "Səngəçal"
elektrik stansiyasının açılışı
münasibətilə ürəkdən təbrik edirəm. Stansiyanın
açılışı böyük nailiyyətdir. Bu müasir stansiya Azərbaycana xidmət göstərəcəkdir.
Azərbaycanın energetika potensialının
güclənməsində öz müsbət rolunu
oynayacaqdır.
Bildiyiniz kimi,
Azərbaycan dövləti elektroenergetika sahəsinə
çox böyük diqqət göstərir. Son illər ərzində
bu sahədə görülən işlər ölkəmizin
iqtisadi baxımdan inkişafı üçün çox
müsbət rol oynamışdır. Bu stansiya son
dörd il ərzində Azərbaycanda tikilən
altıncı modul tipli stansiyadır. Birinci
stansiya Astarada tikilmişdir. Ondan sonrakı
illərdə Xaçmazda, Şəkidə, Naxçıvanda,
Bakıda modul tipli stansiyalar tikilmişdir. "Səngəçal"
elektrik stansiyası onların arasında ən
güclüsüdür, burada 300 meqavat elektrik enerjisi istehsal
olunacaqdır. Bildiyiniz kimi, bunun bir
üstünlüyü də ondan ibarətdir ki, bu stansiya həm
qazla, həm mazutla, həm də dizel yanacağı ilə
işləyəcəkdir. Yəni bu
stansiyadan istənilən rejimdə istifadə etmək
mümkün olacaqdır.
Biz
bütün bu işləri ona görə görürük
ki, Azərbaycanda son illər ərzində iqtisadi inkişaf
çox sürətlə gedir və tələbatımız
da artır.
Yeni müəssisələr, fabriklər, zavodlar
yaradılır, yeni iş yerləri açılır. Təkcə
son beş il ərzində 750 min yeni iş
yeri açılmışdır ki, bunların böyük əksəriyyəti
Azərbaycanın bölgələrindədir. Təsadüfi
deyil ki, biz yeni modul tipli elektrik stansiyalarını ilk növbədə
Azərbaycanın bütün bölgələrində yerləşdirdik.
Əgər Azərbaycanın xəritəsinə
baxsaq, görərik ki, artıq hər bir bölgədə
modul tipli stansiya vardır. Bu gün isə
biz Səngəçalda da gözəl stansiyanın
açılışında iştirak edirik.
Ancaq bununla bərabər,
biz bu istiqamətdə öz işlərimizi davam etdirməliyik
və edirik. Hazırda üç böyük elektrik
stansiyasının tikintisi davam edir. Sumqayıtda
500 meqavat gücündə elektrik stansiyasının tikintisi gələn
ilin əvvəlində başa çatacaqdır. Şirvan şəhərində bir müddət
bundan əvvəl yeni, müasir, 800 meqavat gücündə
stansiyanın tikintisinə başlanmışdır. Eyni zamanda, Qubada modul tipli stansiyanın tikintisi nəzərdə
tutulubdur. Yaxın gələcəkdə
tikiləcək sadaladığım üç elektrik
stansiyasının ümumi gücü 1500 meqavat olacaqdır.
Yəni bu, bir daha onu göstərir ki, Azərbaycan
enerji təhlükəsizliyi baxımından özünü
tam təmin edir. Azərbaycanın bölgələrinə
24 saat ərzində elektrik enerjisi vermək üçün
bütün texniki imkanlar var. Yeni stansiyalar tikilib, elektrik xətləri
çəkilibdir. Beləliklə, bir daha
demək istəyirəm ki, bax bu stansiyalarla biz ölkəmizin
uzunmüddətli inkişaf strategiyasını gücləndiririk.
Energetika hər
bir ölkə üçün aparıcı sahədir. Hər bir
ölkənin inkişafı üçün ən
başlıca rol oynayan sahə energetikadır. Energetika olmasa, yaxud da kifayət qədər potensial
olmasa, heç bir layihəni icra etmək mümkün deyildir.
Biz bütün bunları ona görə edirik
ki, Azərbaycanın artan imkanlarını təmin edək.
Çünki bizim iqtisadi inkişafımız gələcəkdə
də yüksək sürətlə davam edəcəkdir.
Son dörd il ərzində Azərbaycan
iqtisadi artım baxımından bütün dünyada birinci
ölkədir. Azərbaycanda mövcud olan
iqtisadi artım heç bir başqa ölkədə
olmamışdır və yəqin ki, gələcəkdə
olmayacaqdır. Yəni biz qısa müddət
ərzində ölkəmizin inkişafı üçün
çox böyük işlər görürük. Məhz
energetika sahəsində yeni iş yerləri
açıldı, yeni infrastruktur layihələri icra olunur,
ölkəmizin bütün bölgələrində sosial
obyektlərin tikintisi, infrastruktur obyektlərinin tikintisi
uğurla davam edir. Bütün bunlar gələcəkdə
də davam edəcəkdir. Növbəti beş
il üçün regionların sosial-iqtisadi
inkişafının yeni geniş Dövlət proqramı
hazırlanır və o proqramda bu vaxta qədər həll
olunmamış bütün məsələlər öz əksini
tapacaqdır. O cümlədən elektroenergetika sahəsinin
inkişafı üçün lazımi tədbirlər nəzərdə
tutulur.
Əlbəttə,
növbəti illərdə yeni stansiyaların tikintisi nəzərdə
tutulacaqdır.
Ancaq bir halda ki, artıq biz öz tələbatımızı
təmin etmişik və hətta Azərbaycan elektrik enerjisini
xaricə də ixrac etməyə başlamışdır,
qarşıdakı illərdə biz gərək daha çox
su elektrik stansiyalarının tikintisinə diqqət göstərək.
Bu məsələnin həlli üçün
müvafiq göstərişlər verilibdir. "Azərenerji"də lazımi tədbirlər,
işlər görülübdür. Demək
olar ki, proqram hazırdır. Biz
bütün su ehtiyatlarımızdan səmərəli şəkildə
istifadə etməliyik və su elektrik stansiyalarının
tikintisi Azərbaycanda geniş vüsət almalıdır.
Artıq bu proses başlamışdır. Naxçıvanda
Vayxır gölündə su elektrik stansiyası artıq fəaliyyətdədir.
Orada növbəti elektrik stansiyası tikilməkdədir.
Azərbaycanın bütün bölgələrində,
harada ki, imkan var, biz bunu etməliyik. Əlbəttə,
bu, həm enerji potensialımızı daha da gücləndirəcək,
həm də iqtisadi cəhətdən çox sərfəlidir.
Onu da qeyd etmək istəyirəm ki, - energetiklər
bunu yaxşı bilirlər, - əvvəllər Azərbaycanda
fəaliyyət göstərən elektrik stansiyalarında
şərti yanacağın sərfi həddindən artıq
yüksək idi. Biz yeni stansiyalarda bu məsələni
bütün beynəlxalq normalara, standartlara uyğun şəkildə
həll etmişik. Əvvəlki stansiyalardan fərqli
olaraq, bu stansiyada, demək olar ki, iki dəfə az yanacaq sərf ediləcəkdir. Bu da böyük qənaətdir. Bu stansiya həm qazla, həm də mazutla işləyəcəkdir.
Biz bu qənaət hesabına öz ixrac
imkanlarımızı daha da artıracağıq və beləliklə,
ölkəyə daha da çox vəsait gələcəkdir.
Bütün bu işlər bir-biri ilə sıx
bağlıdır.
Bir daha demək
istəyirəm, bu sahədə görülən işlər
ilk növbədə bir məqsəd güdürdü ki, Azərbaycanın
elektrik enerjisinə olan tələbatı tam şəkildə
ödənilsin. Mən bu gün böyük qürur hissi ilə deyə
bilərəm ki, biz buna nail ola bilmişik.
Mən bu münasibətlə bu sahədə, "Azərenerji"
sistemində işləyən bütün əməkdaşlara
bir daha öz minnətdarlığımı bildirmək istəyirəm
ki, siz qısa müddət ərzində yüksək keyfiyyətlə
6 modul tipli elektrik stansiyasının tikintisinə nail ola bilmisiniz. Bax, bu stansiya cəmi
ilyarım ərzində tikilibdir. Yəni
bu, 300 meqavat gücündə olan stansiyanı cəmi
ilyarıma tikmək tarixdə görünməmiş bir hadisədir.
Ondan kiçik olan stansiyaları 6 aya, 8 aya
tikmisiniz. Yəni bu, böyük nailiyyətdir.
Onu göstərir ki, indi bizim texniki
imkanlarımız çox böyükdür və Azərbaycan
dövləti, Azərbaycan şirkətləri əgər
hansısa işi başlayırsa, onu qısa müddət ərzində
və böyük keyfiyyətlə icra edir.
Mən bu
gün çox da müqayisə aparmaq istəmirəm. Amma bir məsələni
demək istəyirəm. Biz elektroenergetika sahəsinin
inkişafı üçün lazımi tədbirləri
görməyə başlayanda, təxminən 4-5 il bundan əvvəl Azərbaycanın maliyyə
imkanları bugünkü kimi deyildi. Yəni biz
daha çox xarici kreditlərdən asılı idik. Çalışırdıq ki, xarici kreditləri cəlb
edək və bu kreditlər hesabına energetika sahəsini
gücləndirək. Sumqayıt buxar-qaz
elektrik stansiyasının tikintisi məhz o əsaslarla icra
olunur. Tikinti çoxdan
başlanmışdır, biz 2005-ci ildə Sumqayıt elektrik
stansiyasının təməlini qoymuşuq. Mən şəxsən o mərasimdə iştirak
edirdim. Artıq indi 2008-ci il başa
çatır, hələ stansiya hazır deyil, yəni biz onun
açılışını, yəqin ki, gələn ilin əvvəlində
qeyd edəcəyik. Yəni biz demək olar ki, beş
il ərzində 500 meqavat gücündə bir elektrik
stansiyasının tikintisinə nail oluruq.
Ancaq öz gücümüz
hesabına, Azərbaycanın maliyyə imkanları hesabına
və "Azərenerji"nin birbaşa
iştirakı hesabına bu müddət ərzində təkcə
modul tipli elektrik stansiyalarının sayı altıya
çatıbdır. Ondan əlavə, mövcud
olan stansiyalarda təmir işləri aparılıbdır.
Biz enerji gücümüzü böyük dərəcədə
artırmışıq. Yəni budur Azərbaycanın
reallıqları. Budur Azərbaycanın
imkanları. Azərbaycanda çox peşəkar
mütəxəssislər, fəhlələr var və "Azərenerji"
şirkəti dövlət tərəfindən verilən
bütün göstərişləri uğurla icra edir.
Bir daha əvvəlki
fikrimə qayıtmaq istəyirəm, ilk növbədə, bu
stansiyaların tikintisi Azərbaycanın tələbatını
ödəməlidir və ödəyir. Növbəti
illərdə biz güclü ixrac potensialının
yaranmasına çalışmalıyıq. Yəni növbəti illərdə istismara veriləcək
stansiyaların əsas məqsədi bizim həm daxili tələbatımızı
ödəmək, həm də ixrac imkanlarımızı
genişləndirmək olacaqdır. Beləliklə,
Azərbaycan özünün enerji təhlükəsizliyini
tam şəkildə təmin edir. Bizim
çox zəngin neft-qaz yataqlarımız var. Azərbaycan çox
uğurlu neft strategiyasını icra edir. Bu
siyasət, strategiya bizə imkan veribdir ki, öz büdcə xərclərimizi
böyük dərəcədə artırmışıq.
Azərbaycanda çoxlu infrastruktur layihələri
icra olunur. Dövlət investisiya xərcləri
artır. Gələn il
üçün dövlət investisiya xərcləri ən
azı 5 milyard manat səviyyəsində nəzərdə
tutulubdur. Beləliklə, biz bu imkanlardan da
istifadə edib ölkəmizi hərtərəfli inkişaf
etdiririk.
Azərbaycanda son illər ərzində
tikilən 1600 məktəb, çoxsaylı tibb ocaqları,
idman kompleksləri, yollar, körpülər, qaz, su xətləri
- bütün bunların həyata keçməsi
üçün maddi imkanlar lazımdır. Biz
maddi imkanları, ilk növbədə, iqtisadi artımın
hesabına əldə edirik. Azərbaycanda aparılan
iqtisadi islahatlar və əlbəttə, uğurlu neft
strategiyamızın hesabına biz buna nail
ola bilmişik. 1994-cü ildə ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə
başlanmış və bu gün uğurla davam etdirilən
Azərbaycanın neft strategiyası xalqımıza xidmət
göstərir, bizim iqtisadi gücümüzü
artırır. Beləliklə, bizim siyasi
imkanlarımız da artır, Azərbaycan bölgədə
çox böyük imkanlara, çox böyük nüfuza
malik ölkəyə çevrilmişdir. Bizim
beynəlxalq mövqelərimiz möhkəmləndikcə, əlbəttə,
ölkəmizin milli maraqlarının təmin olunması
üçün daha da böyük imkanlarımız
yaranır.
Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət
göstərir və uzun illər ərzində, bundan sonra
onilliklər ərzində Azərbaycan xalqına xidmət
göstərəcəkdir. Bir daha demək istəyirəm
ki, bu böyük, gözəl, müasir "Səngəçal"
elektrik stansiyasının tikintisi Azərbaycanda aparılan
işlərin təzahürüdür. Bizim
işlərimizin bariz nümunəsi, məntiqi nəticəsidir.
Mən bu
gözəl stansiyanın açılışı
münasibətilə sizi bir daha ürəkdən təbrik
etmək istəyirəm. Sizə cansağlığı, yeni
uğurlar arzulayıram. Sağ olun.
* * *
"Azərenerji"
Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti MARLEN ƏSGƏROV
dövlətimizin başçısına müraciətlə
dedi:
- Möhtərəm cənab
Prezident, icazə verin, bu gün Sizi ad gününüz
münasibətilə bütün xalqımızın
adından təbrik edim. Biz bu gün deyə bilərik,
Azərbaycanda ənənə halını almışdır
ki, dekabrın 24-də və bu ərəfədə yeni
obyektlərin açılışında iştirak edirsiniz,
xalqımızı təbrik edirsiniz, onun sosial vəziyyətinin
yaxşılaşdırılması üçün bu
imkanları bəxş edirsiniz. 2006-cı il
dekabrın 7-də Xaçmazda, dekabrın 20-də
Naxçıvanda stansiyanı işə qoşduq. Keçən
il dekabrın 24-də Şirvanda "Cənub"
elektrik stansiyasının təməlqoyma mərasimini
keçirdik. Bu gün isə biz Səngəçalda
bu stansiyanın açılışı mərasimində
iştirak edirik.
Biz,
xalqımız bu gündə Sizə hədiyyə verməkdən,
Sizi təbrik etməkdənsə, Siz bizi təbrik edir, belə
gözəl stansiyanın, müasir avadanlıqla təchiz
olunmuş, çox zövq oxşayan obyektin
açılışında iştirak edirsiniz.
İcazə
verin, Sizi ad gününüz münasibətilə
bütün xalqımız adından bir daha təbrik edim. Sizə cansağlığı,
uzun ömür, xalqımızın rifah halının
yüksəldilməsi naminə gördüyünüz
mürəkkəb və çətin işlərdə
müvəffəqiyyət arzu edim. Sizin ailənizə
- Mehriban xanıma, övladlarınıza, nəvələrinizə
Allahdan xoşbəxtlik diləyim.
Azərbaycan.-2008.-25 dekabr.-S.1-2.