Azərbaycan Prezidenti İlham Əliyev "İnter Qlass" ASC-nin şüşə məmulatları zavodunun açılışında iştirak
etmişdir
Dekabrın 24-də
paytaxtın Qaradağ rayonu ərazisində "İnter
Qlass" Açıq Səhmdar Cəmiyyətinin
şüşə məmulatları zavodu istifadəyə
verilmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyev açılış mərasimində
iştirak etmişdir.
Dövlətimizin
başçısı müasir tələblərə cavab
verən zavodun baş planı ilə tanış oldu. Məlumat
verildi ki, 2004-cü ilin aprelində İqtisadi İnkişaf
Nazirliyi tərəfindən "Qaradağ Rezin Qarışığı"
ASC-nin səhmlərinin satışı üzrə
keçirilən müsabiqədə "Xəzər Menecment
Sistem" MMC qalib gəlmişdir. Bundan sonra müəssisənin
istehsal istiqaməti dəyişdirilərək, şüşə
məmulatları istehsal olunması üçün lazımi
avadanlıq alınmış, əsaslı tikinti və yenidənqurma
işləri aparılmışdır. 2004-2008-ci illərdə
bütün infrastruktur və kommunikasiya sistemi yenidən
qurulmuş, zavoddaxili avtomobil yolları çəkilmiş, dəmir
yolu xətti tam bərpa edilmişdir. Müəssisəyə
52 milyon ABŞ dolları sərmayə qoyulmuşdur.
Prezident İlham Əliyev
düyməni basaraq müəssisəni işə saldı.
Bildirildi ki, İtaliyadan
gətirilmiş ən müasir avadanlığın
quraşdırıldığı müəssisə ildə
100 milyon ədəd şüşə məmulatı istehsal
etməyə qadirdir. Hazırda 250 işçinin
çalışdığı zavodda sutkada 270 min ədəd
şüşə məmulatının buraxılması nəzərdə
tutulmuşdur.
Əsas xammal Gəncə
və Qazaxdan, habelə Ukrayna və Rusiyadan gətirilir. Daxili
tələbat ödənildikdən sonra məhsul Rusiya və
Gürcüstana da ixrac olunacaqdır.
Prezident İlham Əliyev
müəssisənin idarəetmə mərkəzi, istehsal sahələri
ilə tanış oldu, istehsal prosesini, hazır məhsulun
qablaşdırılması prosesini izlədi.
Dövlətimizin
başçısı görülən işləri yüksək
qiymətləndirərək, yeni istehsal sahələrinin fəaliyyətə
başlamasının iqtisadi baxımdan əhəmiyyətli
olduğunu bildirdi, müəssisənin kollektivinə
uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.-2008.-25 dekabr.-S.3.