"Beşmərtəbə" yeni görkəm almışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də ailə üzvləri ilə birlikdə paytaxtın Füzuli meydanına gələrək, 1930-cu ildə tikilmiş Bakı sakinləri arasında "Beşmərtəbə" adı ilə məşhur olan binada görülmüş təmir bərpa işləri ilə tanış olmuşdur.

Prezidentə məlumat verildi ki, yaşayış binasında bu işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən görülmüşdür. Bərpa işlərində dam örtüyü üçün 3720 kvadratmetr dəmirdən, 5600 kvadratmetr üz daşından, 730 kvadratmetr dəmir məhəccərdən, 1000 kvadratmetrdən çox kronşteyndən 1400 kvadratmetr karnizdən istifadə olunmuş, balkonlar tamamilə yenidən qurulmuşdur. İtaliya mütəxəssisləri ən müasir işıqlandırma sistemi quraşdırmışlar.

Hazırda üzbəüz binada təmir işləri aparılır. Maddi-mədəniyyət abidələrinin bərpa və təmiri ilə bağlı Prezidentin göstərişlərinə uyğun olaraq Füzuli meydanı da yenidən qurulacaqdır.

Dövlətimizin başçısı görülmüş işlərdən razı qaldı, müvafiq tapşırıqlarını verdi.

 

AzərTAc

 

Azərbaycan.-2008.-25 dekabr.-S.3.