Yeni Azərbaycan Partiyası "2008-ci il prezident seçkiləri: inkişafın yeni perspektivləri" mövzusunda
konfrans keçirmişdir
AzərTAc xəbər
verir ki, dekabrın 24-də "Hyatt
Regency-Naxçıvan" mehmanxanasında Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı ilə
"2008-ci il prezident seçkiləri: inkişafın yeni
perspektivləri" mövzusunda konfrans keçirilmişdir.
Konfransda dövlət rəsmiləri,
Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi, Milli Məclisin
deputatları, digər siyasi partiyaların təmsilçiləri,
alimlər və ictimaiyyətin nümayəndələri
iştirak etmişlər.
YAP sədrinin
müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov
konfransı açaraq, onun Azərbaycan Prezidenti İlham Əliyevin
anadan olması gününə təsadüf etdiyini
bildirmiş, dövlətimizin başçısını
doğum günü münasibətilə təbrik etmiş,
Azərbaycan xalqının və dövlətinin
inkişafı naminə şərəfli işində
uğurlar arzulamışdır.
Ə.Əhmədov
demişdir ki, əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş siyasəti Prezident İlham Əliyevin
yaradıcılıqla inkişaf etdirməsi nəticəsində
son beş ildə Azərbaycanda həm iqtisadiyyatın yüksəlməsi,
həm insanların rifahının yaxşılaşması,
həm bölgələrin simasının yeniləşdirilməsi,
həm də beynəlxalq münasibətlər sistemində
ölkəmizin mövqelərinin möhkəmlənməsi
istiqamətində çox ciddi addımlar atılmış,
böyük nailiyyətlər qazanılmışdır. Xalqımız
Azərbaycan dövlətçiliyinin inkişafı, əhalinin
rifahının yüksəldilməsi sahəsində
görülən işləri layiqincə dəyərləndirərək,
YAP sədri İlham Əliyevi yenidən Prezident
seçmişdir. Prezidentin uğurlu siyasətinin bəhrəsi
olan nailiyyətlər ölkəmizin həm regionda, həm də
bütün dünyada nüfuzunun artmasına səbəb
olmuşdur. Ötən 5 ildə Azərbaycanda sürətli
inkişaf davam etmiş, dövlətimizin
başçısının həyata keçirdiyi siyasət
bütün ölkəni gücləndirdiyi kimi,
başçılıq etdiyi YAP-ın da möhkəmlənməsinə
xidmət etmişdir.
XX əsrin 70-ci illərindən
etibarən Azərbaycan tarixinin otuz ildən artıq bir
dövrünün ulu öndər Heydər Əliyevin adı
ilə bağlı olduğunu xatırladan partiya sədrinin
müavini 2003-cü ildən xalqımızın tarixində
yeni bir mərhələnin başlandığını və
onun məhz Prezident İlham Əliyevin adı ilə
bağlı olduğunu vurğulamışdır.
Sonra konfransda Milli Məclisin
Elm və təhsil nəsələləri daimi
komissiyasının sədri, Azərbaycan Dövlət
İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev
"Azərbaycanda dinamik iqtisadi inkişaf: reallıqlar və
perspektivlər" mövzusunda məruzə ilə
çıxış etmiş, son beş ildə əldə
edilmiş iqtisadi uğurlardan danışmışdır.
Məruzəçi
demişdir ki, cəmiyyətin rifahının əsasında
iqtisadi inkişafın dayandığını dəfələrlə
vurğulayan ümummilli lider Heydər Əliyev müvafiq
strategiya hazırlamış və onun uğurla həyata
keçirilməsinin bünövrəsini qoymuşdur. Hazırda
həmin strategiya Prezident İlham Əliyev tərəfindən
yeni çağırışlara uyğun olaraq böyük
uğurla davam etdirilir və Azərbaycanı yalnız regionun
liderinə deyil, eyni zamanda, bütün dünyanın
xüsusi hörmətlə yanaşdığı dövlətə
çevirmişdir. Dövlətimizin
başçısının həyata keçirdiyi sürətləndirilmiş
iqtisadi inkişaf strategiyasının nəticələrindən
bu gün hər bir Azərbaycan vətəndaşı bəhrələnir.
Prezident İlham Əliyevin
iqtisadi siyasətinin səciyyəvi xüsusiyyətlərindən
danışan Ş.Hacıyev onun regional resursların da fəal
surətdə cəlb edildiyi, ictimai kapitalın hərəkətinə
ciddi nəzarətin təmin olunduğu, streotiplərdən
uzaq, ümummilli səviyyədə aparılan innovasiyalı
siyasət kimi cəhətlərini vurğulamışdır.
Bildirilmişdir ki, qeyri-neft sektorunun və xarici ticarət
kvotasının inkişafının diqqət mərkəzində
saxlanması, liberalizm tətbiq edilməklə institusional
inkişaf, idarəetmə piramidasının zirvəsində
deyil, mərkəzində dayanmaq kimi xüsusiyyətlər də
bu siyasətin səciyyəvi cəhətləridir.
"Azərbaycan təhsili
köklü islahatlar ərəfəsində" mövzusunda
məruzə ilə çıxış edən təhsil
naziri Misir Mərdanov demişdir ki, dövlət
başçımızın "qara qızılı"
insan kapitalına çevirmək barədə
tapşırığı uğurla həyata keçirilir. Məktəbəqədər
təhsildən tutmuş peşə, peşə-ixtisas təhsilini
və ali təhsilin bütün pillələrini əhatə
edən 14 dövlət proqramının ardıcıl və məqsədyönlü
şəkildə həyata keçirilməsi ölkəmizin
gələcəyi olan uşaq və gənclərin hərtərəfli
inkişafı üçün geniş imkanlar açır. Nazir
təhsil sahəsində aparılan islahatların müsbət
nəticələr verdiyini, son bir ildə təkcə
Bakıda uşaq bağçalarına gedən
uşaqların sayının 1300 nəfərdən çox
artdığını, Azərbaycan ali məktəblərində
təhsil alan əcnəbi tələbələrin
sayının 1860 nəfərdən 7000-ə
çatdığını, xaricdə təhsil alan azərbaycanlıların
sayının 4000 nəfərdən çox olduğunu
bildirmişdir.
Sonra rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasov
"İKT-iqtisadi modernləşmənin əsas istiqamətləri"
mövzusunda məruzə ilə çıxış
etmiş, İKT sahəsinin dövlətimizin
başçısı tərəfindən prioritet istiqamət
elan edildiyini bir daha vurğulamışdır. İKT sektorunun
neft və tikinti sahəsindən sonra ən böyük vergi
ödəyicilərindən biri olduğunu deyən nazir
hazırda Azərbaycanda 1,5 milyon nəfərin internet istifadəçisi
olduğunu xatırlatmışdır. Sahənin
inkişafı ilə bağlı Prezident tərəfindən
təsdiq edilmiş dövlət proqramlarına əsasən,
İKT-nin 4 istiqamətdə - nana texnologiyalar, kosmik sənaye,
nüvə texnologiyaları və biotexnologiyalar istiqamətində
inkişaf etdiriləcəyi və 2018-ci ildə bu sahənin gəlirlərinin
neft gəlirləri ilə bərabər səviyyəyə
çatacağı bildirilmişdir.
"Etibarlı sosial
müdafiə: yeni yanaşma zərurəti" mövzusunda məruzə
ilə çıxış edən Dövlət Sosial
Müdafiə Fondunun sədri Səlim Müslümov son
beş ildə sosial sahədə ciddi dəyişikliklərin
baş verdiyini, insanların həyat şəraitinin əsaslı
şəkildə yaxşılaşdığını, əməkhaqqının
8, pensiyaların məbləğinin 4 dəfə artırıldığını
vurğulamışdır. S.Müslümov bildirmişdir ki,
Prezident İlham Əliyev tərəfindən son beş ildə
bu sahə ilə bağlı 62 fərman və sərəncam
imzalanması Azərbaycan dövlətinin vətəndaşların
sosial problemlərinin həllinə qayğısının
bariz nümunəsidir.
"Beynəlxalq
münasibətlərdə Azərbaycanın artan əhəmiyyəti"
mövzusunda məruzə ilə çıxış edən
Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr daimi
komissiyasının sədri Səməd Seyidov bildirmişdir
ki, əsrin möhtəşəm layihələri -
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
tikintisi başa çatdıqdan sonra Azərbaycanın Avropa və
ümumən Qərb üçün artan əhəmiyyəti
göz qabağındadır. İdeya müəllifi ulu
öndər Heydər Əliyev olan bu nəhəng layihələr
məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində
reallığa çevrilmiş, Azərbaycanın Avropanın
enerji təhlükəsizliyində rolu əhəmiyyətli dərəcədə
artmışdır. Məruzəçi
vurğulamışdır ki, ölkəmizdə baş
vermiş dəyişikliklərin mahiyyəti, onun getdikcə
qüdrətli dövlətə çevrilməsi, bu müvəffəqiyyətlərin
əldə edilməsində Prezidentin rolu hər bir vətəndaşımız
tərəfindən aydın dərk olunur.
Prezidentin xarici siyasətinin
uğurlarından danışan S.Seyidov bu siyasətin ulu
öndərin azərbaycançılıq ideologiyasına əsaslandığını
bildirmişdir.
YAP sədrinin müavini
Əli Əhmədov konfransa yekun vurmuşdur.
Azərbaycan.-2008.-25 dekabr.-S.4.