Azərbaycan Respublikası Milli Məclisinin
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında təkliflərinə rəy verilməsi
barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
plenumunun Qərarı
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev
(sədrlik edən), S.Salmanova, F.Babayev (məruzəçi-hakim),
S.Həsənova, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim),
İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibləri
İ.İsmayılov və Z.Quliyevin,
xüsusi konstitusiya
icraatında maraqlı subyektin nümayəndələri Azərbaycan
Respublikası Milli Məclisinin Hüquq siyasəti və
dövlət quruculuğu məsələləri daimi
komissiyasının sədri Ə.Hüseynov, Azərbaycan
Respublikası Milli Məclisinin İnsan hüquqları daimi komissiyasının
sədri R.Aslanova və Azərbaycan Respublikası Milli Məclisinin
Aparatının rəhbəri S.Mirzəyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VIII hissəsinə
müvafiq olaraq, açıq məhkəmə iclasında
xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan
Respublikası Milli Məclisinin Azərbaycan Respublikası
Konstitusiyasının 153-cü maddəsinə uyğun olaraq
"Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
Referendum Aktının layihəsinə rəy verilməsinə
dair 2008-ci il 19 dekabr tarixli 745-IIIQR saylı qərarı ilə
bağlı konstitusiya işinə baxdı.
İş üzrə
hakimlər F.Babayev və E.Məmmədovun məruzələrini,
maraqlı subyektin nümayəndəsi Ə.Hüseynovun
çıxışını dinləyib müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
M Ü Ə Y Y Ə N E
T D İ:
"Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2008-ci il tarixli 745-IIIQR saylı qərarı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün Referendum Aktının layihəsi təqdim olunmuşdur.
Referendum Aktının layihəsindən göründüyü kimi, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasında aşağıdakı dəyişiklikləri etməyi məqsədə müvafiq hesab edir:
1. 12-ci maddənin I hissəsinə "azadlıqlarının" sözündən sonra ", Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin" sözləri əlavə edilsin;
2. 15-ci maddənin II hissəsinə "əsasında" sözündən sonra "sosial yönümlü" sözləri əlavə edilsin;
3. 17-ci maddə "Ailə, uşaqlar və dövlət" adlandırılsın, maddəyə aşağıdakı məzmunda III, IV, V və VI hissələr əlavə edilsin:
"III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadırlar.
IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.
V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.
VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.";
4. 18-ci maddənin II hissəsində "dinlərin" sözündən sonra "(dini cərəyanların)" sözləri əlavə edilsin;
5. 19-cu maddənin II hissəsində "Milli" sözü "Mərkəzi" sözü ilə əvəz edilsin;
6. 25-ci maddəyə aşağıdakı məzmunda IV və V hissələr əlavə edilsin:
"IV. Heç kəsə yuxarıda göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.";
7. 29-cu maddənin IV hissəsindən "və ya ictimai ehtiyaclar sözləri" çıxarılsın;
8. 32-ci maddədə:
II hissənin ikinci cümləsində "şəxsi həyata" sözləri "şəxsi və ailə həyatına" sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
"Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.";
III hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
"Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.";
aşağıdakı məzmunda V hissə əlavə edilsin:
"V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.";
9. 39-cu maddəyə aşağıdakı məzmunda III və IV hissələr əlavə edilsin:
"III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.
IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.";
10. 48-ci maddəyə aşağıdakı məzmunda V hissə əlavə edilsin:
"V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.";
11. 50-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:
"III. Hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.";
12. 67-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 67. Tutulanların, həbsə
alınanların və cinayət törədilməsində təqsirləndirilənlərin
hüquqları
I. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.
II. Cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dinlənilməlidir.";
13. 71-ci maddədə:
II hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
"Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.";
aşağıdakı məzmunda IX və X hissələr əlavə edilsin:
"IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.";
X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.";
14. 72-ci maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
"Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər";
15. 75-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
"II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.";
16. 84-cü maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
"Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.";
17. 88-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
"IV. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.";
18. 92-ci maddədə "daimi və başqa" sözləri "komitələr və" sözləri ilə əvəz edilsin;
19. 95-ci maddədə:
I hissənin 4-cü bəndinə "dövlətlərarası" sözündən sonra "və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası" sözləri əlavə edilsin;
aşağıdakı məzmunda 20-ci bənd əlavə edilsin:
"20) bələdiyyələrin hesabatlarının dinlənilməsi.";
20. 96-cı maddədə:
I hissəyə "Ali Məhkəməsinə" sözlərindən sonra "Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına" sözləri, II və IV hissələrinə "Ali Məhkəməsinin" sözlərindən sonra "Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının" sözləri əlavə edilsin;
III hissədə "orqanın" sözü "subyektin" sözü ilə əvəz edilsin;
aşağıdakı məzmunda VI və VII hissələr əlavə edilsin:
"VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.
VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.";
21. 101-ci maddənin V hissəsi aşağıdakı redaksiyada ifadə edilsin:
"V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.";
22. 108-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
"II. Əvvələr Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir.";
23. 109-cu maddənin I hissəsində:
10-cu bənddə "Milli" sözü "Mərkəzi" sözü ilə əvəz edilsin, bəndə aşağıdakı sözlər əlavə edilsin:
", Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir;";
13-cü bənddə "İcra Aparatını" sözləri "Administrasiyasını" sözü ilə əvəz edilsin;
17-ci bənddə "dövlətlərarası beynəlxalq" sözləri "dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası" sözləri ilə əvəz edilsin;
24. 125-ci maddəyə aşağıdakı məzmunda VII hissə əlavə edilsin:
"VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.";
25. 129-cu maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II və III hissələr əlavə edilsin:
"II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
III. Məhkəmə qərarı əsaslandırılmalı və sübuta yetirilmiş olmalıdır.";
26. 130-cu maddənin IX hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
"Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir.";
27. 131-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:
"III. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir.";
28. 146-cı maddənin mövcud mətni V hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda I, II, III və IV hissələr əlavə edilsin:
"I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.
II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.
III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.
IV. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.";
29. 149-cu maddəyə aşağıdakı məzmunda VIII hissə əlavə edilsin:
"VIII.
Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs
dərc edilməyən normativ hüquqi aktın icrasına
(ona riayət olunmasına) məcbur edilə bilməz və
belə aktın icra olunmamasına (ona riayət olunmamasına)
görə məsuliyyətə cəlb edilə bilməz.
Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya
qanunu ilə müəyyən edilir.".
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr və
dəyişikliklər edilməsi haqqında" Referendum
Aktı layihəsinin Konstitusiya Məhkəməsinə
göndərilməsi barədə" Azərbaycan
Respublikası Milli Məclisinin 19 dekabr 2008-ci il tarixli 745-IIIQR
saylı qərarı ilə təqdim olunmuş Referendum
Aktının layihəsinə dair
aşağıdakıların qeyd olunmasını zəruri
hesab edir.
Referendum xalq hakimiyyətinin
və xalqın iradəsinin ali və
bilavasitə təzahürü olmaqla, dövlətin həyatı
üçün ən vacib məsələlərin
ümumxalq səsverməsi yolu ilə həllinin forması
kimi demokratiyanın mühüm institutudur. Referendum
açıq və ictimai qaydada məhz bütün xalq
üçün böyük əhəmiyyət kəsb edən
məsələlərin həlli məqsədi ilə
keçirilir.
Azərbaycan
Respublikasında referendumun keçirilməsinin hüquqi əsasları
Azərbaycan Respublikası Konstitusiyasının xalq hakimiyyətinə
dair müddəalarında öz əksini tapmışdır. Bu müddəalara
müvafiq olaraq, sərbəst və müstəqil öz
müqəddəratını həll etmək və öz
idarəetmə formasını müəyyən etmək Azərbaycan
xalqının suveren hüququdur. Azərbaycan
xalqı öz hüquqları və mənafeləri ilə
bağlı olan hər bir məsələni referendumla həll
edə bilər. Azərbaycan Respublikası
Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər
edilməsi yalnız referendumla həll oluna bilər (Azərbaycan
Respublikası Konstitusiyasının 2-ci maddəsinin I hissəsi,
3-cü maddəsinin I hissəsi və II hissəsinin 1-ci bəndi).
Azərbaycan
Respublikası Konstitusiyasının 152-ci maddəsində də
qeyd olunur ki, Azərbaycan Respublikasının Konstitusiyasına
dəyişikliklər yalnız referendumla qəbul edilə bilər.
Azərbaycan Respublikası
Konstitusiyasının mətnində dəyişikliklərin
edilməsi qaydasını nəzərdə tutan Azərbaycan
Respublikası Konstitusiyasının 153-cü maddəsi Azərbaycan
Respublikasının Milli Məclisinə hüquq verir ki, belə
dəyişiklikləri təklif etsin və bununla əlaqədar
əvvəlcədən rəy alınması
üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
müraciət etsin.
Konstitusiya hüququndan istifadə
edərək, Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin
edilməsi təklifi ilə çıxış etmiş,
"Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr
və dəyişikliklər edilməsi haqqında"
Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə
göndərilməsi barədə" 19 dekabr 2008-ci il tarixli
745-IIIQR saylı qərarı qəbul edərək, Referendum
Aktının layihəsini əvvəlcədən rəy
alınması üçün Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təqdim
olunmuş Referendum Aktının layihəsində 29 maddədə
41 dəyişiklik təklif olunur. Bu dəyişikliklərdən
on yeddisi maddələrə yeni hissələrin və ya bəndlərin
əlavə edilməsi, yeddisi maddələrdə sözlərin
əvəz edilməsi, yeddisi maddələrə yeni
sözün və ya sözlərin əlavə olunması,
altısı maddələrə yeni cümlələrin əlavə
olunması, ikisi maddənin yeni redaksiyada verilməsi, biri maddənin
adının dəyişdirilməsi, daha biri isə maddədən
sözün çıxarılması ilə
bağlıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 153-cü maddəsinə
görə, Azərbaycan Respublikası Konstitusiyasının mətnində
dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi
və ya Azərbaycan Respublikasının Prezidenti təklif
etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi
alınır.
Həmin rəyin
çıxarılması ilə əlaqədar məsələyə
baxılmasının qaydası "Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Belə ki, bu
Qanunun 61.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsi
təklif olunan dəyişikliklərin Azərbaycan
Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə
uyğunluğu haqqında əsaslandırılmış rəy
qəbul edir.
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təqdim
olunmuş "Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsi haqqında" Referendum Aktının layihəsində
göstərilən təkliflər hüquqi nöqteyi-nəzərdən
Konstitusiyanın bir çox normalarını təkmilləşdirmək
məqsədi daşımaqla, əsasən dövlətin
sosial yönümlüyünün artırılmasına,
insan hüquq və azadlıqlarının daha səmərəli
müdafiə və təmin olunmasına, ali dövlət
hakimiyyəti orqanlarının, habelə məhkəmə
hakimiyyəti orqanlarının və bələdiyyələrin
işinin təkmilləşdirilməsinə istiqamətlənmişdir.
Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təqdim
olunmuş Referendum Aktının layihəsində göstərilən
təkliflər sırasında Azərbaycan Respublikası
Konstitusiyasının 155-ci maddəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikasının Konstitusiyasında
dəyişikliklər təklif edilməsi təşəbbüsünün
məhdudlaşdırılması halları mövcud deyildir.
Göstərilənlərə
əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu belə nəticəyə gəlir ki, "Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr və
dəyişikliklər edilməsi haqqında" Referendum
Aktı layihəsinin Konstitusiya Məhkəməsinə
göndərilməsi barədə" Azərbaycan
Respublikası Milli Məclisinin 19 dekabr 2008-ci il tarixli 745-IIIQR
saylı qərarı ilə təqdim olunmuş Referendum
Aktının layihəsində göstərilən təkliflər
xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan
Respublikası Konstitusiyasının ümumi müddəaları
ilə ziddiyyət yaratmadığından və 155-ci maddəsinin
tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə
- Referenduma çıxarıla bilər.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VIII hissəsini və
153-cü maddəsini, "Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan Respublikası Qanununun 61-63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
1. Azərbaycan Respublikası
Milli Məclisinin Azərbaycan Respublikasının
Konstitusiyasında dəyişikliklər edilməsi haqqında
təkliflərinə aşağıdakı rəy verilsin:
"Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr və
dəyişikliklər edilməsi haqqında" Referendum
Aktı layihəsinin Konstitusiya Məhkəməsinə
göndərilməsi barədə" Azərbaycan
Respublikası Milli Məclisinin 19 dekabr 2008-ci il tarixli 745-IIIQR
saylı qərarı ilə təqdim olunmuş Referendum
Aktının layihəsində göstərilən təkliflər
xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan
Respublikası Konstitusiyasının ümumi müddəaları
ilə ziddiyyət yaratmadığından və 155-ci maddəsinin
tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə
- Referenduma çıxarıla bilər.
2. Qərar elan olunduğu
andan qüvvəyə minir.
3. Qərar "Azərbaycan",
"Respublika", "Xalq qəzeti", "Bakinski
raboçi" qəzetlərində və "Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı"nda
dərc edilsin.
4. Qərar qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv
edilə, dəyişdirilə və yaxud rəsmi təfsir
edilə bilməz.
Sədrlik edən Fərhad Abdullayev
Azərbaycan.-2008.-25 dekabr.-S.5.