Konstitusiya Məhkəməsi
"Azərbaycan Respublikası
Konstitusiyasına əlavələr
və dəyişikliklər
edilməsi haqqında"
Referendum Aktı layihəsinə rəy vermişdir
AzərTAc xəbər
verir ki, dekabrın 24-də Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun iclası
keçirilmişdir.
Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev iclası açaraq bildirdi ki, bu
gün xüsusi Konstitusiya icraatı qaydasında Azərbaycan
Respublikası Milli Məclisi tərəfindən Azərbaycan
Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə
əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
rəyinin alınması üçün təqdim olunmuş
"Azərbaycan Respublikası Konstitusiyasına əlavələr
və dəyişikliklər edilməsi haqqında"
Referendum Aktının layihəsi ilə bağlı məsələyə
baxılır.
Məhkəmə
iclasının katibi İ.İsmayılov bildirdi ki, iclasda
xüsusi Konstitusiya icraatı üzrə maraqlı subyekt
qismində Azərbaycan Respublikası Milli Məclisi
Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri
daimi komissiyasının sədri Əli Hüseynov, İnsan
hüquqları daimi komissiyasının sədri Rəbiyyət
Aslanova iştirak edirlər.
Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev məhkəmənin tərkibini elan
etdi, "Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
haqqında" Qanunun 43-cü maddəsində nəzərdə
tutulmuş maraqlı subyektlərin qanuni nümayəndələrinin
hüquq və vəzifələrini izah etdi. Bildirdi ki, qanuna əsasən,
onlar Konstitusiya Məhkəməsi Plenumunun iclasında
iştirak və çıxış edə, sübutlar və
digər materialları təqdim edə, vəsatət və təkliflər
verə, onlara ünvanlanan sualları cavablandıra, şahid və
ekspertlərin dəvət olunmasını xahiş edə və
yekun söz söyləyə bilərlər.
Sonra F.Abdullayev məruzəçi
hakimlərə söz verdi.
Konstitusiya Məhkəməsinin
hakimləri F.Babayev və E.Məmmədov məruzə etdilər.
Əvvəlcə Azərbaycan
Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər
edilməsi qaydaları haqqında məlumat verildi. Bildirildi ki,
1995-ci ildə ümumxalq səsverməsi ilə
Konstitusiyanın qəbulundan sonrakı dövrdə Azərbaycanın
iqtisadi inkişafı, siyasi həyatında baş verən
müsbət dəyişikliklər və beynəlxalq əlaqələrinin
daha da genişlənməsi Konstitusiyaya müəyyən dəyişikliklərin
edilməsi zərurətini ortaya
çıxarmışdı. 2002-ci ildə Azərbaycan
Konstitusiyasına edilmiş dəyişikliklər də bu zərurətdən
yaranmışdı.
Son illər Azərbaycanın
iqtisadi inkişafı, sürətlə gedən siyasi
islahatlar, demokratik inkişaf istiqamətində əldə
edilmiş nailiyyətlər Konstitusiyanı təkmilləşdirmək
zərurətini yenidən meydana gətirmişdir. Son vaxtlar
Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi
haqqında vətəndaşlar və ziyalılar tərəfindən
irəli sürülən təkliflər, bununla bağlı
cəmiyyətdə gedən müzakirələr, nəhayət,
Milli Məclisin deputatlarının təklif etdikləri əlavə
və dəyişikliklər bunun bariz nümunəsidir. Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu, İnsan
hüquqları daimi komissiyalarının birgə iclasında
Konstitusiyaya əlavələr və dəyişikliklər
edilməsi məsələsi geniş müzakirə
olunmuş və parlamentin gündəliyinə
çıxarılmışdır.
Milli Məclisdə
müzakirələr zamanı təklif olunmuş əlavə
və dəyişikliklərin vətəndaşların
hüquq və azadlıqlarının təminatının
genişləndirilməsinə, milli qanunvericiliyin daha da
möhkəmləndirilməsinə xidmət edəcəyi əsas
götürülmüşdür.
Milli Məclisin "Azərbaycan
Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsi haqqında" Referendum Aktı layihəsinin
Konstitusiya Məhkəməsinə göndərilməsi barədə
2008-ci il 19 dekabr tarixli qərarı ilə bağlı
hüquqi məqamlara toxunuldu. Bildirildi ki, Konstitusiyanın
153-cü maddəsi Milli Məclisə hüquq verir ki, belə
dəyişiklikləri təklif etsin.
Diqqətə
çatdırıldı ki, referendum keçirilməsinə
dair hüquqi əsaslar Konstitusiyanın xalq hakimiyyətinə
dair müddəalarında öz əksini tapmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi
və ona dəyişikliklərin edilməsi yalnız referendum
yolu ilə mümkündür. Konstitusiyanın mətnində
dəyişiklikləri Milli Məclis və ya Azərbaycan
Prezidenti təklif etdikdə bununla bağlı əvvəlcədən
Konstitusiya Məhkəməsinin rəyi alınmalıdır. Konstitusiya
Məhkəməsi təklif olunan dəyişikliklərin Azərbaycan
Respublikasının Konstitusiyasının 155-ci maddəsinin tələblərinə
uyğunluğu haqqında əsaslandırılmış rəy
qəbul etməlidir.
Bildirildi ki, Milli Məclisin
təqdim etdiyi Referendum Aktı layihəsindəki təkliflər
hüquqi nöqteyi-nəzərdən Konstitusiyanın bir
çox normalarını təkmilləşdirmək məqsədi
daşımaqla, insan hüquq və azadlıqlarının
daha səmərəli müdafiə və təmin
olunmasına, ali dövlət hakimiyyəti orqanlarının,
habelə məhkəmə hakimiyyəti orqanlarının, bələdiyyələrin
işinin təkmilləşdirilməsinə istiqamətlənmişdir.
Sonra Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri
daimi komissiyasının sədri Əli Hüseynov
çıxış edərək Milli Məclis tərəfindən
təqdim olunmuş "Azərbaycan Respublikası
Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsi haqqında" Referendum Aktının layihəsində
əksini tapan təkliflər haqqında məlumat verdi.
Bildirildi ki, təklif
olunan əlavələr və dəyişikliklər insan
hüquqları ilə bağlı təminatları daha da
genişləndirir, dəqiqləşdirir və beynəlxalq
müqavilələrdə əksini tapmış təminatları
özündə əks etdirir.
Konstitusiyanın
"Dövlət hakimiyyəti" bölməsinə təklif
olunan əlavələr və dəyişikliklər ilk
növbədə Azərbaycan dövlətinin konstitusion əsaslarının
daha da möhkəmləndirilməsi zərurətindən irəli
gəlir. Bütövlükdə, əlavələr və dəyişikliklər
demokratik, hüquqi dövlətdə hakimiyyətin
bölünməsi prinsipinə tam uyğundur.
Komissiya sədri məhkəmənin
hakimlərinin suallarını ətraflı
cavablandırdı.
Məhkəmə
araşdırmaları bitdikdən sonra Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev "Azərbaycan Respublikası Milli
Məclisinin Azərbaycan Respublikasının
Konstitusiyasında dəyişikliklər edilməsi haqqında
təkliflərinə rəy verilməsi barədə" Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını
oxudu.
(Konstitusiya Məhkəməsinin
Qərarı qəzetin bugünkü nömrəsində dərc
olunur).
***
Bununla da Konstitusiya Məhkəməsi
Plenumunun iclası bağlı elan edildi.
Azərbaycan.-2008.-25 dekabr.-S.5-6.