Ədliyyə Nazirliyində
kollegiya iclası keçirilmişdir
AzərTAc xəbər
verir ki, Ədliyyə Nazirliyinin dekabrın 24-də keçirilmiş
kollegiya iclasında ulu öndər Heydər Əliyevin siyasi kursunun dövlət başçısı
İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi, iqtisadiyyatın sürətli
inkişafına görə
ölkəmizin lider dövlətə çevrilməsi,
demokratik hüquqi dövlət quruculuğunda,
xüsusilə məhkəmə-hüquq
islahatlarının nailiyyətləri
diqqətə çatdırılmışdır.
Ölkə Prezidentinin
ədliyyə sisteminə
göstərdiyi yüksək
diqqət və qayğısı, Azərbaycan
ədliyyəsinin 90 illik
yubileyi ərəfəsində
nazirliyin yeni embleminin və Ədliyyə Akademiyasının
nizamnaməsinin təsdiq
edilməsi, işçilərin
maddi təminatının
yaxşılaşdırılması, bir qrup ədliyyə
işçisinin yüksək
dövlət təltiflərinə
və fəxri adlara layiq bilinməsi
vurğulanaraq, "Tərəqqi"
və "Hərbi xidmətlərə görə"
medalları ilə təltif edilmiş ədliyyə işçilərinə
nazir Fikrət Məmmədov tərəfindən
bu yüksək dövlət mükafatları
təqdim edilmişdir.
Ədliyyə orqanlarında qulluqda fərqləndiklərinə görə
təltif olunmuş əməkdaşlar çıxışlarında
onlara göstərilən
yüksək etimadı
bundan sonra da doğruldacaqlarını
söyləmiş, ölkəmizin
başçısına dərin
minnətdarlıqlarını və doğum günü münasibətilə
səmimi təbriklərini
ifadə etmişlər.
İclasda, həmçinin
ümumbəşəri sosial
bəla olan korrupsiya ilə mübarizə sahəsində
təsirli tədbirlərdən
danışılmış, ölkə Prezidentinin
2007-ci il 28 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Şəffaflığın
artırılması və
korrupsiyaya qarşı
mübarizə üzrə
Milli Strategiyanın ədliyyə orqanlarında
icrası üzrə
2009-cu ildə görüləcək
antikkorupsiya tədbirləri
geniş müzakirə
olunmuşdur.
Bununla yanaşı, istintaq zamanı müasir texnologiyaların köməyi
ilə konkret cinayət işinin eksperimental elektron versiyasının ilk dəfə
təcrübədə tətbiqinin
müsbət nəticələri
müzakirə olunmuş,
onun həm məhkəmə prosesinin
tərəfləri, həm
də ictimaiyyət tərəfindən alqışlandığı
bildirilmiş və bu praktikanın gələcəkdə geniş
istifadə olunması
məsələsinə baxılmışdır.
Eyni zamanda, qeyri-kommersiya hüquqi şəxslərin
dövlət qeydiyyatı
prosedurunu ətraflı
tənzimləyən, müsbət
təcrübəni özündə
əks etdirməklə
hazırlanmış yeni
Qaydalar müzakirə
olunaraq bəyənilmiş,
onların qeydiyyat işinin daha səmərəli qurulmasına
və səviyyəsinin
yükəldilməsinə xidmət edəcəyi vurğulanmışdır.
İclasda digər məsələlərə
baxılmış, 50-yə yaxın qeyri-kommersiya təşkilatı, həmçinin
Azərbaycan Milli Demokrat Partiyası dövlət qeydiyyatına
alınmışdır.
Azərbaycan.-2008.-25 dekabr.-S.6.