Azərbaycan gəncliyi İlham Əliyevin siyasi platforması ətrafında daha mütəşəkkil təşkilatlanır

 

Dünən "İrəli" İctimai Birliyinin təsis konfransı keçirildi. 355 nümayəndənin iştirak etdiyi konfransı giriş sözü ilə açan "İrəli" İctimai Birliyin təsisçisi Elnarə Qəribova bildirdi ki, dekabrın 9-da buraxılmış "İrəli" Ümumrespublika Gənclər Hərəkatı və onın ətrafında birləşən minlərlə gənc ictimai birlik formasında fəaliyyət göstərməyi qərara alıb. Birliyin yaradılması təşəbbüsü həm də Azərbaycandan xaricdə yaşayan gənclər, qurumlar və şəbəkələr tərəfindən irəli sürülüb. Həmtəsisçilərdən Elnur Məmmədov qeyd etdi ki, yaradılan yeni təşkilat "İrəli" Ümumrespublika Gənclər Hərəkatının mənəvi varisi olaraq daha fəal və geniş çərçivədə fəaliyyətə başlayır.

 

Konfransa sədrlik edən Könül Nurullayeva bildirdi ki, dekabrın 16-dan başlayaraq Bakının 11 rayonu, o cümlədən respublikanın əksər bölgələrindən 6000-ə yaxın gənci öz ətrafında birləşdirən 30-a qədər təşəbbüs qrupu təsis olunub, eyni zamanda 10-dan artıq nüfuzlu qeyri-hökumət təşkilatı ictimai birliyin formalaşdırılması prosesinin həyata keçirilməsində iştirak edib.

Gənclər və idman naziri Azad Rəhimov "İrəli" İctimai Birliyinin fəallarını təbrik edərək təməli qoyulan yeni təşkilatın ölkəmizin ictimai-siyasi həyatında xüsusi yeri və nüfuzu olacağını bildirdi: "İrəli" İctimai Birliyi Azərbaycanın ictimai həyatında bir neçə il əvvəl meydana gələn, layihələri ilə effektiv fəaliyyət göstərən gənclər hərəkatının bazası əsasında yaradılır. Bu illər ərzində Gənclər Hərəkatı öz sıralarında minlərlə əqidəli, vətənpərvər gənci birləşdirib. Hərəkatın fəalları ilk günlərdən öz fəaliyyətləri ilə dövlətimizin tərəqqisini həm öz yaşıdları arasında, həm də beynəlxalq miqyasda təbliğ etdi. Gənclər cəmiyyətin inkişafı və dövlət quruculuğu istiqamətində maraqlı layihələrin həyata keçirilməsinə başladılar. "İrəli" öz quruluşu, idarəetmə mexanizmi və fəaliyyəti ilə ölkə gənclər hərəkatına yeniliklər bəxş etdi. Lakin hər zamanın öz tələbi var. İndi bu gənclərin daha geniş fəaliyyət meydanına ehtiyac duyulur".

Gəncləri təbrik edən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "İrəli" İctimai Birliyinin yaradılması təşəbbüsünü alqışlayaraq bu təşkilatın ictimai əhəmiyyətli işlə məşğul olacağına əminliyini vurğuladı: "Hər bir təşkilat müəyyən amal ətrafında cəmləşən insanların birliyinə çevrilir. İctimai birliyin əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu qurumun adını daşıyan təşkilatların fəaliyyəti cəmiyyət üçün əhəmiyyət kəsb etməlidir. Azərbaycanda, sözün həqiqi mənasında, gənclərin təşkilatlanması, fəaliyyəti sahəsində ictimai boşluq hiss olunmaqda idi. 1991-ci ildə Azərbaycan müstəqilliyinə nail olduqdan sonra respublikamızda gənclər hərəkatının mütəşəkkilliyi pozuldu". Respublikamız müstəqillik əldə etdikdən sonra cəmiyyətdə müxtəlif təbəqələşmənin getməsi səbəbindən gənclər təşkilatlarının ayrı-ayrı təbəqələrin siyasəti istiqamətində təşkilatlanması prosesi gedirdi. Azərbaycan dövləti ilkin təşkilatlanma dövründə çox zəif gənclər siyasəti həyata keçirirdi. Dövlət guya gənclərin problemləri ilə məşğul olması barədə təsəvvür formalaşdırırdı. Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri bildirdi ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, gənclər siyasətinə də yenilik, mütəşəkkillik gətirdi. Təsadüfi deyil ki, ulu öndərin Azərbaycanda yaratdığı ilk nazirlik Gənclər və İdman Nazirliyi olmuşdur. Heydər Əliyevin respublikamızda qəbul etdiyi ilk dövlət proqramı gənclərin inkişafı ilə bağlı olmuşdur. Bundan sonrakı dövrdə dövlət siyasətində gənclər siyasəti ilk aparıcı yerlərdən birini tutdu və bu, indi də davam edir.

Azərbaycan bu gün gənclərə, təhsilə, idmana yönəlik dövlət proqramları, ayrı-ayrı layihələr həyata keçirmək sahəsində dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib. Əli Həsənov qeyd etdi ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı planlaşdırdığı, əsasını qoyduğu siyasətin bəhrəsidir: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin böyük qismini gənclərlə bağlı iş təşkil edir. Milli Olimpiya Komitəsinin prezidenti kimi idmanın, təhsilin inkişafına, respublikamızda bütövlükdə gənclərin tərəqqisinə, fiziki, mənəvi kamilləşməsinə, sosial problemlərin həllinə yönəltdiyi diqqət digər dövlət orqanları tərəfindən gənclərə yönəlik siyasətin əsasını təşkil edir. Biz sevinirik ki, "İrəli" Ümumrespublika Gənclər Hərəkatı İctimai Birliyə çevrilir". Təşkilatın üzvü olan gənclərin Azərbaycan cəmiyyətini təmsil etməyə, onun qürur mənbəyinə çevrilməyə hazır olduqlarını söyləyən Əli Həsənov xatırlatdı ki, ümummilli lider Heydər Əliyevn gənclərlə bağlı çox böyük arzuları var idi: "Gənclərin forumlarından birində ulu öndər müdrikcəsinə söylədi ki, mən gələcək Azərbaycan gəncliyini öz dilini, mədəniyyətini mükəmməl qavrayan, ictimai əxlaq normalarına əməl edən, ədəbiyyatı, incəsənəti, milli adət-ənənələri özündə daşıyan, lakin müasir xarici dilləri bilən, dünya mədəniyyətinə, siyasətinə inteqrasiya etmək gücünə malik gənclər kimi görmək istəyirəm. Əminəm ki, siz belə formalaşacaqsınız. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət sizi bu istiqamətə aparır. Bu gün təməli qoyulan təşkilatınız Azərbaycanı, xalqımızı İlham Əliyev kimi sevəcək, bütün üzvləriniz ölkə Prezidenti kimi dövlətimizə bağlı olacaq. Dövlət sizə istənilən dəstəyi verməyə hazırdır. Yetər ki, təşəbbüs irəli sürülsün".

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirdi ki, "İrəli" İctimai Birliyi gələcəkdə yeni təşəbbüslər, ideyalar müəllifi kimi yadda qalacaq: "Bu gün respublikamızda yüzlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Lakin etiraf etmək lazımdır ki, elə sahələr mövcuddur ki, orada ideya qıtlığı, boşluğu var. Ümid edirəm ki, bu boşluq sizin tərəfinizdən aradan qaldırılacaq. Şuramız sizin bütün ideyalarınızı dəstəkləməyə hazırdır. Çox istərdik ki, ictimai birlik yalnız gənclər sektoru ilə məhdudlaşmasın, cəmiyyəti qayğılandran, gənclərimizin potensialını ümummilli problemlərin həllinə səfərbər edən layihələriniz tezliklə hazırlansın və dövlət qurumlarına təqdim edilsin".

Azərbaycan Yazıçılar İttifaqının katibi Rəşad Məcid qurumda təmsil olunan gənclərin böyük ideyalarla, yeni təkliflərlə gələcəyə doğru addımladıqlarını bildirdi. Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva gənclərlə birlikdə təşkilat daxilində maraqlı layihələr hazırladıqlarını xatırlatdı: "Biz qüdrətli və müstəqil Azərbaycan gəncləri, vətəndaşlarıyıq. Bu qüruru və şərəfi bizə ümummilli lider Heydər Əliyev bəxş etdi. Qürur yerimiz olan Azərbaycanın müqəddəratını düşünmək hər birimizin borcudur. Bu gün yaradıcı gənclərimizə ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin yüksək diqqət və qayğısını hiss edirik".

Sonra ictimai birliyin yaradılması münasibətilə beynəlxalq təşkilatların təbrik məktubları oxundu. Tədbirdə iclasın katibliyi, say komissiyası seçildi, ictimai birliyin nizamnaməsi təsdiq edildi. Qurumun həmtəsisçilərindən Ceyhun Osmanlı təşkilatın rəhbəri seçildi. Sonda İctimai Birliyin ictimaiyyətə müraciəti qəbul edildi.

 

Anar RASİMOĞLU

 

Azərbaycan.-2008.-25 dekabr.-S.6.