Heydər Əliyev adına Beynəlxalq Hava Limanı - Əzizbəyov dairəsi avtomobil yolunun açılışı olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, Bakının yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər paytaxtın simasına yeni görkəm verir. Dekabrın 25-də paytaxtda Heydər Əliyev adına Beynəlxalq Hava Limanı - Əzizbəyov dairəsi avtomobil yolunun açılışı olmuşdur.

Prezident İlham Əliyev açılışda iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, 2007-ci ilin mart ayından bu yolun yenidən qurulmasına başlanmışdır. Burada 3 yolötürücü tikilmişdir. Ramana və Suraxanı qəsəbələri istiqamətində hərəkəti tənzimləyən körpü avtomobillərin magistral yoldan ayrılaraq həmin qəsəbələrə rahat getməsinə imkan verir.

"Azvirt" Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi yolda hərəkət zolaqlarının eni 3,75 metrdir. Yol Əzizbəyov dairəsindən Sabunçu dairəsinədək 12 zolaqlı, Sabunçu dairəsindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanına qədər isə 8 zolaqlıdır. Asfalt örtüyünün qalınlığı 27 santimetrdir. Piyadalar üçün 6 yerüstü keçid tikilmişdir. Yol boyu avtomobillərin sürət həddini tənzimləmək üçün 8 yerdə elektron tablolar qoyulmuşdur. Yağış və qurunt sularının axıdılması üçün drenaj sistemi yaradılmış, bununla, əvvəllər yolboyu görünən gölməçələr qurudulmuşdur. Regionda ilk dəfə qırmadaş-polimer asfalt-betondan məhz bu yolda istifadə edilmişdir. Armaturlanmış torpaq istinad divarının tikintisi və yolun idarə olunmasının intellektual sistemi də yeniliklərdən biridir. Bu yolun istifadəyə verilməsi ilə hava limanı istiqamətində avtomobillərin hərəkətindəki sıxlıq aradan qaldırılacaqdır.

 

AzərTAc

 

Azərbaycan.-2008.-26 dekabr.-S.1.