Paytaxtın Heydər Əliyev prospekti əsaslı şəkildə
yenidən qurulmuşdur
Paytaxt Bakının əsas magistrallarından birinin - Heydər Əliyev prospektinin əsaslı yenidənqurmadan sonra dekabrın 25-də açılışı
olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev açılışda
iştirak etmişdir.
Əvvəllər yan yollarla birlikdə
magistralın eni 32 metr idi. İndi isə
prospektin eni 45 metrə çatdırılmış,
bəzi yerlərdə
isə 55 metrdir.
1500 metr uzunluğunda
istinad divarları çəkilmişdir. Hazırda yol
10 hərəkət zolaqlıdır.
Prospekt boyu yerləşən binaların hamısında
milli memarlıq üslubunda əsaslı yenidənqurma işləri
aparılmışdır. Müasir üslubda işıqlandırma
həm prospektin görünüşünə yaraşıq verir, həm də hərəkətin tənzimlənməsinə
kömək edir.
Prezident İlham Əliyev rəmzi açılışı
bildirən lenti kəsdi.
Nəqliyyat naziri Ziya MƏMMƏDOV dövlətimizin
başçısına müraciətlə
dedi:
- Cənab
Prezident, bu prospekt bizim ümummilli liderimiz, ulu öndərimiz Heydər Əliyevin adını daşıyır.
Biz də Sizin
tapşırığınıza uyğun olaraq bu prospektin yenidən
qurulmasına həqiqi
mənada çox böyük məhəbbətlə
yanaşdıq. Düşünürəm ki, sanki bu
anda ulu öndərimizin ruhu da bizimlə bərabərdir. Ona görə
də bir vətəndaş, bir insan kimi biz nəqliyyatçılar bu
işin icra olunmasına, Sizin tapşırığınızın yüksək səviyyədə
yerinə yetirilməsinə
çox böyük məhəbbətlə, sevgi
ilə yanaşmışıq.
Hesab edirəm ki, bu qiyməti Siz verəcəksiniz.
Ulu öndərimizin adına layiq
bir iş görmək üçün
əlimizdən gələni
əsirgəməmişik.
Prezident İlham
ƏLİYEV təşəkkür edərək dedi:
- Bəli,
mən bunu görürəm və bu prospektin yenidən
qurulması çox böyük bir hadisədir. Ulu öndərin adına
layiqdir. Eyni zamanda, bu prospekt şəhərə
girişdir. İndi şəhərə
aeroportdan bir-birindən
gözəl iki yol çəkilibdir.
Beton yol, hansı ki, ümumiyyətlə, heç vaxt olmamışdır, ən
yüksək dünya
standartlarına cavab verir. Bu, ənənəvi
yoldur, köhnə yol adlandırdığımız
aeroport - Bakı yoludur.
Əlbəttə, Heydər Əliyev prospektinin genişlənməsi,
burada abadlıq işlərinin aparılması,
gözəl plafonların
quraşdırılması, yerüstü, yeraltı keçidlərin, tunellərin,
körpülərin salınması
- bu, böyük, nəhəng layihədir. Mən çox
şadam ki, nəzərdə tutduğumuz
bütün planlar istədiyimiz kimi həyatda öz əksini tapıbdır.
Həm insanlara rahatlıq, həm də şəhərə gözəllik
verəcəkdir. Estetik zövq
çox yüksək
səviyyədədir və
istənilən böyük
şəhərə yaraşıq
verə biləcək
yollardır.
Mən bəlkə
dünyada az
böyük şəhər
sadalaya bilərəm ki, şəhərin mərkəzinə aeroportdan
iki yol olsun.
Adətən, bir yoldan istifadə olunur. İkinci yol ola bilər,
köməkçi yol
kimi istifadə oluna bilər. Amma bizim ən yüksək
səviyyədə, böyük
keyfiyyətlə, qısa
müddət ərzində
salınmış iki
magistral yolumuz hazırdır. Əminəm ki, gələcəkdə
nəzərdə tutduğumuz
bütün planlar keyfiyyətlə və bu sürətlə icra olunacaqdır. Artıq Bakının nəqliyyat infrastrukturunun təkmilləşməsi
üçün çox
böyük işlər
görülübdür və
növbəti illərdə
hələ çox işlər görülməlidir.
Mən fürsətdən istifadə
edib bütün bu işlərdə iştirak etmiş insanlara öz dərin minnətdarlığımı
bildirmək istəyirəm. Siz bunları
böyük məhəbbətlə,
keyfiyyətlə və
zövqlə yaratmısınız.
Bütün nəqliyyatçılara yeni
ildə yeni uğurlar arzulayıram.
AzərTAc
Azərbaycan.-2008.-26 dekabr.-S.1.