Heydər Əliyev prospektində tunel yolun və yeraltı
piyada keçidinin açılışı olmuşdur
Azərbaycan Prezidenti
İlham Əliyev dekabrın 25-də paytaxtın Heydər Əliyev
prospektində tunel yolun və yeraltı piyada keçidinin
açılışında iştirak etmişdir.
Nəqliyyat naziri Ziya Məmmədov
dövlətimizin başçısına məlumat verdi ki,
prospektin bu hissəsində aparılmış yenidənqurma
işləri buradan keçən dəmir yol
körpüsünün çıxacaq hissəsində təhlükəsizliyin
təmin olunmasına imkan verir. Bundan əlavə, dəmir yolu
bu istiqamətdə hərəkət edən avtomobillərə
mane olmur. Əsas yola yardımçı olan bu tunel 2
zolaqlı və birtərəflidir. Eni 7 metr olan yoldan ən
çox ətraf qəsəbələrin sakinləri istifadə
edəcəklər. Mövcud tunelə paralel digər bir tunel
isə gələn ilin martında istifadəyə veriləcəkdir.
***
Yeraltı piyada
keçidinin açılışında Prezident İlham Əliyevə
məlumat verildi ki, 4 ay ərzində aparılan yenidənqurma
işləri nəticəsində 67 metr uzunluğu olan
keçid tamamilə yeni görkəm almışdır. Yenidənqurma
işlərini "Sanur holdinq" şirkətlər qrupu
yerinə yetirmişdir. Paytaxtda ilk dəfə bu keçidin
çıxışı üzərinə şüşə
örtük çəkilmişdir. Bu, həm də
keçidin memarlıq görünüşünə
xüsusi yaraşıq verir. Burada istifadə olunan inşaat
materialları İtaliya, İspaniya və Türkiyədən
gətirilmişdir. Bu keçid intensiv hərəkətin
olduğu magistral yolda piyadaların rahat hərəkətini təmin
edəcəkdir.
Dövlətimizin
başçısına, həmçinin məlumat verildi ki,
Heydər Əliyev prospekti və Ağa Nemətulla
küçəsinin kəsişməsində inşa olunan
avtomobil tunelində işlər davam edir. Tunelin gələn
ilin birinci rübündə istifadəyə verilməsi
planlaşdırılır. Onun hündürlüyü 5 metr,
eni 10 metr, uzunluğu 287 metr, hərəkət
zolağının eni isə 8,5 metr nəzərdə tutulur.
AzərTAc
Azərbaycan.-2008.-26 dekabr.-S.2.