Bakının Heydər Əliyev, Xətai Babək prospektlərinin kəsişməsindəki körpü-tunel kompleksinin növbəti hissələri istifadəyə verilmişdir

 

"Akkord" şirkətlər qrupunun paytaxtın Heydər Əliyev, Xətai və Babək prospektlərinin kəsişməsində tikdiyi körpü-tunel kompleksində 4 yolötürücünün, 2 tunelin inşası, habelə həmin ərazidəki dəmir yol körpüsünün yenisi ilə əvəz edilməsi nəzərdə tutulmuşdu. Bu ilin iyulunda Təbriz küçəsi ilə Heydər Əliyev prospekti istiqamətində yolötürücü və "Excelsior" mehmanxanası yaxınlığında tunel istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 25-də körpü-tunelin digər hissələrinin açılışında iştirak etmişdir.

Buraya yanaşma yollarla birlikdə uzunluqları 439 metr, 512 metr və 390 metr olan üç yolötürücü daxildir. Kompleksə daxil olan 428 metr uzunluğundakı tunel də hazırdır. 9 metr eni olan tunel avtomobillərin rahat hərəkətinə imkan verir. Layihədə nəzərdə tutulduğundan əlavə, Yusif Səfərov küçəsinin Xocalı küçəsinə qədər olan hissəsi də yenidən qurulmuşdur. 26,7 min kvadratmetr sahədə yaşıllaşdırma işləri aparılmışdır. Kompleksdə 11 min metr uzunluğunda paslanmayan materialdan hazırlanan məhəccər və işıqlandırma dirəkləri qoyulmuşdur. 25,5 min kvadratmetr sahədə isitmə sistemi quraşdırılmışdır. Yanaşma yolları ilə birlikdə uzunluğu 81 metr olan dəmir yol körpüsü yenidən qurulmuşdur.

Körpü kompleksinin sınaqdan çıxarılması uğurla keçmişdir. Rusiyanın "İMİDİS" İnstitutu Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən sınaq prosedurları zamanı layihə və icra sənədləri öyrənilmiş, kompleksin ayrı-ayrı hissələrinin statik və dinamik xüsusiyyətləri, körpülərin yükgötürmə qabiliyyəti, dayanıqlığı, hərəkətin rahatlığı və digər keyfiyyətlər yoxlanıb. Mütəxəssislər sınaqların nəticəsini uğurlu hesab edərək, körpü-tunel kompleksinin bütün standartlara cavab verdiyini və istifadəyə tam yararlı olduğunu bildirmişlər.

Kompleks ölkədə ilk dəfə tətbiq olunan texnologiya əsasında xüsusi isitmə sistemi ilə təchiz edilmişdir. Bu da sərt qış aylarında yolun donmasının qarşısını alacaqdır. Belə ki, havanın temperaturu 0-4 dərəcə arasında dəyişdikdə sistem avtomatik işə düşür, temperatur yüksəldikdə isə dayanır.

 

AzərTAc

 

Azərbaycan.-2008.-26 dekabr.-S.2.