Azərbaycan Avropa İttifaqı ilə əlaqələrini qarşılıqlı
maraqlar əsasında
uğurla inkişaf etdirir
Azərbaycan Avropa Birliyi
(AB) ilə əməkdaşlıq əlaqələrini ildən-ilə
genişləndirməkdədir. Avratlantik məkana inteqrasiya
kursunu seçən respublikamızın təşkilatla
1993-cü ildən əsası qoyulmuş diplomatik münasibətləri
son 15 ildə yüksələn xətlə inkişaf
etmişdir. Ulu öndər Heydər Əliyev Avropa Birliyi ilə
çoxşaxəli əməkdaşlığı Azərbaycanın
xarici siyasət strategiyasının mühüm istiqamətlərdən
biri kimi müəyyənləşdirmişdir. Eyni zamanda, Azərbaycanın
strateji mövqeyi AB-nin üzv dövlətlərinin ölkəmizlə
siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək
marağını artırır. Avropa İttifaqı tərəfindən
irəli sürülmüş Vahid Avropa Birliyi modeli də Azərbaycan
üçün çox əhəmiyyətlidir. Ötən
müddət ərzində ölkəmiz bu mötəbər
qurumla bir sıra hüquqi sazişlər də
imzalamışdır.
Avropa Birliyinə üzv
olan ölkələr arasında münasibətlər milli sərhəd
və maraqlara deyil, ümumbəşəri dəyərlərə
- vətəndaş cəmiyyəti quruculuğu, insan və vətəndaş
hüquqlarının təminatı, o cümlədən birgə
iqtisadi əməkdaşlıq məramına söykənir. AB-nin
yeni müstəqillik əldə etmiş ölkələri
Ümumavropa inteqrasiyasına cəlb etmək siyasəti bu
qurumun genişlənməsi, inkişaf etməsi məqsədinə
xidmət edir. Azərbaycanın Avropanın nüfuzlu təşkilatlarından
sayılan Avropa Birliyi ilə qarşılıqlı maraqlar əsasında
əməkdaşlığını yüksəltməsi də
bu baxımdan diqqətəlayiqdir.
Bakıda Avropa Birliyinin
MDB ölkələrinə texniki yardım proqramı nümayəndəliyinin
(TACİS) açılması ilə Azərbaycan
iqtisadiyyatının bütün sahələrinin Avropa modeli
üzrə yenidən qurulması prosesi
başlanmışdır. Bu proqram çərçivəsində
1993-cü ildə Brüsseldə Avropa Birliyinin təşəbbüsü
ilə "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi"
(TRASEKA) layihəsi irəli sürülmüş, Azərbaycan,
Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan, Tacikistan nümayəndələrinin
iştirakı ilə onun müzakirəsi
keçirilmişdir. Müzakirələrin yekunu olaraq
Brüssel Bəyannaməsi adlı iki rəsmi sənəd
imzalanmış və qədim "Şərq-Qərb İpək
yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya
infrastrukturlarının yenidənqurulması və inkişaf
etdirilməsi qərara alınmışdır. Azərbaycanın
bu mötəbər qurumla münasibətləri TRASEKA və
"Tərəfdaşlıq və əməkdaşlıq
sazişi" çərçivəsində deyil, eyni
zamanda, Cənubi Qafqazda həyata keçirilən ümumi
regional əməkdaşlıq layihəsi formatında da
uğurla gerçəkləşdirilir.
Prezident İlham Əliyev
ümummilli lider Heydər Əliyevin xarici siyasət kursuna
sadiq qalaraq Avropa təşkilatları ilə milli maraqlarımıza
uyğun əməkdaşlığın genişləndirilməsinə
xüsusi önəm vermişdir. Ölkə
başçısının 2004-cü ilin may ayında
Belçika Krallığına reallaşan işgüzar səfərinin
yekunları göstərdi ki, təşkilat gələcəkdə
Azərbaycanı öz sıralarında görmək istəyir.
Qurumun ölkəmizə zəruri maddi-texniki dəstəyi
vermək niyyətini açıqlaması bunu bir daha təsdiqlədi.
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin
təyin olunması və Cənubi Qafqaz ölkələri ilə
yeni qonşuluq proqramı təşkilatın regiona ciddi maraq
göstərdiyini bir daha sübuta yetirdi. Azərbaycan Prezidenti
bu günlərdə Avropa İttifaqının Cənubi Qafqaz
üzrə xüsusi nümayəndəsi Peter Semnebini qəbul
edərək ölkəmizlə təkşilat arasında əməkdaşlığın
hazırkı vəziyyəti və perspektivləri, regional əməkdaşlıq
məsələləri ətrafında geniş fikir
mübadiləsi aparmışdır. Qurum təmsilçilərinin
vaxtaşırı ölkəmizə səfərləri əməkdaşlıq
əlaqələrinin genişlənməsini göstərir. Cənubi
Qafqazın lider dövləti olan Azərbaycana Avropa
İttifaqının böyük maraq göstərməsi və
bütün sahələrdə əməkdaşlığı
genişləndirmək niyyətini açıqlaması əlaqələrin
yüksələn xətt üzrə inkişafından xəbər
verir.
Ölkəmiz Avropa
Birliyinin həyata keçirdiyi "Yeni qonşuluq siyasəti"
proqramının fəal iştirakçısı olaraq birgə
iqtisadi layihələri reallaşdırır. Proqram çərçivəsində
Azərbaycan Avropa Birliyi ilə iqtisadi, siyasi, hüquqi və
inzibati islahatları həyata keçirmək imkanı əldə
etmişdir. Azərbaycan "Yeni qonşuluq siyasəti"
proqramı çərçivəsində təşkilatdan
onun daxili bazarlarına çıxış kvotası,
işçi, əmtəə, xidmət, investisiya-kapital
resurslarının sərbəst dövriyyə imkanını
əldə edir. Bununla yanaşı, yeni proqram çərçivəsində
əməkdaşlıq Azərbaycana Avropa ölkələri
ilə qarşılıqlı iqtisadi əlaqələrin
qurulması, güzəştli ticarət və kredit rejiminin
yaradılması, əmək, bazar münasibətləri və
miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıqla
mübarizə, Ümumavropa Ticarət Təşkilatına qəbulunun
tezləşdirilməsi imkanları açır.
2006-cı il 14 noyabr
tarixdə Avropanın "Yeni qonşuluq siyasəti üzrə
fəaliyyət planı" təsdiq edilmişdir. Ölkəmiz
qoşulduğu fəaliyyət planı üzrə
razılaşdırılmış prinsiplərə uyğun
işlər görəcək. Avropa Birliyi 2007-2013-cü illəri
əhatə edəcək yeni qonşuluq siyasəti üzrə
fəaliyyət planı üçün büdcəsindən
11 milyard 181 milyon avro dəyərində vəsait
ayırıb. Bu pullar Avropa Birliyinin qonşu dövlətlərlə
qarşılıqlı əməkdaşlığı
möhkəmlətmək üçün milli və beynəlxalq
proqramların həyata keçirilməsinə xərclənəcək.
Azərbaycanın qoşulduğu 7 ili əhatə edən fəaliyyət
planı təkcə Avropa Birliyinin imkanları hesabına həyata
keçirilməyəcək. Azərbaycanda yerinə yetirilməsi
nəzərdə tutulan böyük sayda öhdəliklərin
reallaşması üçün başqa maliyyə mənbələrindən
də istifadə olunacaq. Sənəddə Avropa qonşuluq
siyasətinin əsas istiqamətləri - iqtisadi inteqrasiya,
mütəmadi siyasi və mədəni əlaqələr, eləcə
də sərhəd əməkdaşlığı nəzərdə
tutulub.
Ölkəmiz
Avropanın enerji təhlükəsizliyində də
mühüm rola malikdir. Azərbaycanın bilavasitə
iştirakı ilə bölgədə gerçəkləşdirilən
iri enerji layihələri bunu bir daha təsdiqləyir. Bakıda
beynəlxalq enerji təhlükəsizliyinə həsr
edilmiş IV Enerji Sammiti Xəzər dənizi hövzəsində
hasil edilən enerji daşıyıcılarının Qara dəniz,
Baltik dənizi regionlarına və Mərkəzi Avropaya
çatdırılması üçün Odessa-Brodı neft
kəmərinin yaradılması məsələlərinə
həsr edilmişdi. Enerji sahəsində birgə əməkdaşlığı
nəzərdə tutan Bakı sammitinin yekununda
iştirakçı dövlətlərin imzaladıqları bəyannamənin
də mühüm əhəmiyyəti vardır. Prezident
İlham Əliyev bildirmişdi: "Bəyannaməyə
qoşulanlar arasında Avropa İttifaqının üzvü
olan 9 dövlət var, Avropa Komissiyası da var. Bu, Qafqaz və
Xəzər regionu üçün mühüm amildir. Avropa
İttifaqı ilə bizim münasibətlərimiz həm
qonşuluq siyasəti, həm enerji əməkdaşlığı
çərçivəsində çox müsbət
inkişaf edir. Əlbəttə ki, gələcək
uğurlar üçün biz müsbət meyilləri davam
etdirməliyik. Avropa İttifaqının 9 üzvünün -
üçdə bir hissəsinin bu bəyannaməyə
qoşulan ölkələr arasında olması faktı
özlüyündə önəmlidir".
Azərbaycan-Avropa
İttifaqı arasında enerji sahəsində əməkdaşlığın
genişləndirilməsi üçün konkret addımlar
atılmışdır. Ölkəmizdə hasil edilən
qazın müəyyən həcmi Türkiyədən
ötürücü qurğu vasitəsilə Yunanıstana
verilir. Xəzər dənizi hövzəsində hasil edilən
enerji daşıyıcılarının Mərkəzi Avropaya
çatdırılması üçün Odessa-Brodı neft
kəmərinin də yaradılması enerji sahəsində əməkdaşlığın
daha da dərinləşməsinə mühüm töhfə
olacaq. Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə
əməkdaşlığını gücləndirməklə
daha böyük iqtisadi dividendlər əldə edəcəkdir.
E.HACIALIYEV
Azərbaycan.-2008.-26 dekabr.-S.3.