Güclü dövlətin müstəqil siyasəti

 

Arxada qalan 5 il 1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik, dövlət quruculuğu kursu və 10 il ərzində siyasi, hüquqi, sosial-iqtisadi həyatda aparılan köklü və hərtərəfli islahat və yenidənqurma işlərinin real nəticələrinin əldə edilməsi mərhələsi oldu. 2003-2008-ci illərdə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu strategiyanın mühüm nailiyyətlərlə müşahidə olunması ulu öndərin başladığı prosesin bəhrələridir. Cənab İlham Əliyev eyni zamanda, özünün müasir dünyagörüşlü, yeni idarəçilik fəlsəfəsinə söykənən siyasətilə bu prosesə yeni çalar və impulslar gətirdi. Bu nöqteyi-nəzərdən Azərbaycanın xarici siyasəti də istisna deyil və bu yöndə gerçəkləşdirilən fəaliyyəti kifayət qədər uğurlu və məhsuldar hesab etmək olar.

 

Xarici siyasətə dəstək

 

Prezident İlham Əliyevin birinci dövr prezidentlik müddətindəki uğurlu fəaliyyətində nümayiş etdirilmiş xarici siyasətin, zamanın tələb və çağırışlarına qarşı sərgilənən operativ reaksiyanın, diplomatiyada təşəbbüsçü və hücum mövqeyindən çıxış etmə xəttinin, bütövlükdə xarici siyasətin bir konsepsiya forması almasının xüsusi yeri və anlamı var. Azərbaycanı keçmiş sovet respublikalarından bir çox parametrlərə görə fərqləndirmək mümkündür. Konkret olaraq xarici siyasətə gəldikdə isə qeyd etmək olar ki, ölkəmizdə ötən beş ildə sabiq müttəfiq respublikalardan fərqli olaraq xarici siyasətin effektiv formada qurulması və nümayiş etdirilməsi üçün daxildə mövcud ola biləcək bütün əngəllər aradan qaldırılmışdır. Söhbət nədən gedir?

Birincisi, digər postsovet təmsilçilərinin bir çoxundan fərqli olaraq bizdə daxili siyasət tam sivil məcraya yönəldilib, daxili siyasi həyat hüquqi çərçivələrdə sanksiyalaşdırılıb və Azərbaycanda siyasi qüvvələrin mübarizəsində inqilab və ya hərbi qarşıdurma kimi elementlər tam istisna olunur. Bu günün özündə də 15 illik bir zaman məsafəsinin ötməsinə baxmayaraq, keçmiş ittifaqın heç də bütün respublikalarında tam siyasi sabitlik bərqərar olmayıb. Siyasi qeyri-sabitliyi doğuran əsas səbəblərdən biri və bəlkə də vacibi, məlumdur ki, iqtisadi çətinliklərdir. Bu tendensiyanı biz bu gün aşkar şəkildə Ermənistanda izləyirik. Ancaq elə ölkələr də var ki, iqtisadi potensialları və imkanları yüksək olsa da, siyasi sabitliyə nail ola bilməyiblər. Burada söhbət təbii ki, Ukraynadan gedə bilər.

İkincisi, Azərbaycanda demək olar ki, köklü iqtisadi və sosial xarakterli problem qalmayıb. Əlbəttə, demək də olmaz ki, onların hamısı öz həllini tapıb, ancaq situasiyanın özəlliyi ondadır ki, ümumilikdə götürdükdə, Azərbaycan bu mərhələni sürətlə aşaraq mövcud iqtisadiyyatını bərpa deyil, yeni iqtisadiyyatın qurulması mərhələsinə daxil olub. Son 5 ildə ölkədə 45 faizlik yoxsulluq həddi 16 faizə enib. Bu göstəricinin özü prinsipcə, mövcud vəziyyəti aydın tərzdə sərgiləyir. Azərbaycan ümumi daxili məhsul istehsalı və iqtisadi artıma görə artıq neçənci ildir ki, nəinki postsovet məkanında, dünyada lider mövqelərə çıxıb. Ölkəmizdə həyata keçirilən vergi, torpaq, gömrük islahatlarının analoqu bütünlükdə Şərqi Avropada yoxdur. Və təqdirəlayiq faktdır ki, bu nailiyyəti dünyanın aparıcı və nüfuzlu maliyyə institutları da konstatasiya edirlər.

Müasir dünyadakı düzən göstərir ki, xarici siyasətdə imic və reputasiyanın nəzərə alınmaması təqdirində hansısa uğura ümid etmək mürəkkəb məsələdir. Son prezident seçkiləri bu nöqteyi-nəzərdən Azərbaycanın xarici siyasət "bank"ına da mühüm dividentlər əlavə etdi. Əgər son 5 ildə ölkəmiz dünyada iqtisadi müttəfiq və tərəfdaş kimi ciddi imic qazanmışdısa, şəffaf və bir çox müşahidəçilərin qeyd etdiyi kimi, bütün sabiq sovet məkanı üçün ideal xarakter daşıyan 15 oktyabr prezident seçkilərindən sonra Azərbaycan demokratik islahatlar və vətəndaş cəmiyyəti sferasında da mühüm irəliləyişə nail oldu. Bu iki faktor yaxın illərdə Azərbaycanın xarici siyasətdə daha effektiv, sərt, təşəbbüsçü, hücumameyilli kurs nümayiş etdirəcəyinə dəlalət edir.

 

Hər şeyi

kadrlar həll edir

 

Prezidentin xarici siyasətindən bəhs edərkən təbii ki, kadrlar məsələsinə toxunmamaq düzgün olmazdı. Nəzərdən keçirdiyimiz dövr göstərdi ki, cənab İlham Əliyevin kadr siyasəti mükəmməl şəkildə formalaşdırılmaqla yanaşı, bir növ dekorativ deyil, konkret məqsədlərə və vəzifələrin həllinə yönəlmişdir. Xarici siyasət sahəsi də istisna deyil. Bu sırada Xarici İşlər Nazirliyinin gerçək professionallardan təşkil olunmasını xüsusi vurğulamaq lazımdır. Razılaşmalıyıq ki, gənc dövlət olan Azərbaycanda bu istiqamətdə yaşanan kadr çatışmazlığı normal reallıq kimi qəbul olunmalıydı. 2003-cü ildən etibarən xarici siyasətin praktiki problemlərinin həllində, konkret olaraq Dağlıq Qarabağ münaqişəsində ciddi bir canlanmanın müşahidə olunması ilə yanaşı, sistemin bütövlüklə yenidən qurulması, özü də müasir tələblərə əsasən formalaşması prosesinin şahidi olduq. Bunlardan biri, heç şübhəsiz, kadr məsələsidir. Bu istiqamətdə XİN yanında yaradılmış Diplomatiya Akademiyası, burada keçirilən tədbirləri, oxunan mühazirələri, xaricdən tanınmış diplomatların cəlb edilməsini qeyd etmək lazımdır. Son illər ərzində bir neçə dəfə XİN-dəki vakant yerlərə imtahanlar keçirilmiş və bu sistemə yeni, bacarıqlı kadrlar cəlb olunmuşdur.

Son 5 ildə xarici siyasətdə daha bir ənənənin əsası qoyulmuşdur. Ölkə Prezidenti xaricdəki səfirliklərimizdə Azərbaycanı təmsil edən diplomatlarımızı Bakıda bir araya gətirərək dövlətimizin dünyada baş verən bu və ya digər problemlə bağlı mövqelərini çatdırmış, Azərbaycanın dünyada təbliği, eyni zamanda gözlənilən təhdidlərə qarşı preventiv addımların atılmasının vacibliyini izah etmiş və göstərmişdir ki, diplomatik missiyaların fəaliyyəti onun şəxsi nəzarəti altındadır.

Ən yaxşı müdafiə hücumdur - deyirlər. Azərbaycan dövlətinin xarici siyasətinin gücləndirilməsi, fəal və çevik diplomatiyanın həyata keçirilməsi, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil qüvvə kimi formalaşdırılması, diaspor və lobbi quruculuğu ötən dövrdə ölkə başçısının milli təhlükəsizliyin gücləndirilməsi istiqamətində atdığı mühüm addımlardandır. 2004-cü il iyulun 27-də XİN-də Azərbaycanın diplomatik korpus rəhbərləri - səfirlərlə ilk geniş tərkibli görüş keçirən Prezident İlham Əliyev xarici siyasət sahəsində qarşıda duran prioritet vəzifələri diqqətə çatdırmış, qarşıda yeni vəzifələr qoymuşdur: "Azərbaycan bu gün tam müstəqil siyasət aparan ölkədir və bu, bizim üçün ən böyük nemətdir. Yəni bu sahədə də müsbət imkanlar var. Biz bu gözəl imkanlardan səmərəli istifadə etməliyik. Çünki Azərbaycanın artan önəmi, iqtisadi potensialı, uğurlu xarici siyasəti, böyük dövlətlərlə olan strateji əməkdaşlığımız - bütün bunlar ölkəmiz üçün çox gözəl perspektivlər açır. Azərbaycan haqqında həqiqətləri dünya birliyinə çatdırmaq çox önəmlidir".

 

Real gücə əsaslanan

tarazlaşdırma

 

Hər bir dövlətin xarici siyasətinin daha bir vəzifəsi bir neçə istiqamətdə mövcud olan problemlərin həllindən, maneələrin dəf edilməsindən, təhdidlərə tutarlı cavabın verilməsindən ibarətdir. Azərbaycanın xarici siyasəti enerji siyasəti və enerji təhlükəsizliyi konsepsiyası ilə sıx surətdə bağlıdır. Dünyada enerji mənbələri uğrunda açıq bir savaşın getdiyi və bu mücadilənin sərtləşəcəyi heç kimə sirr deyil. Belə bir mürəkkəb situasiyada xarici siyasətini quran Azərbaycan heç şübhəsiz, bu amili nəzərə almaya bilməz. İkincisi, Azərbaycanın yerləşdiyi mövqe mürəkkəb siyasi-coğrafi məkan olmaqla dünyanın iri güc mərkəzlərinin maraqlarının kəsişdiyi nöqtədir. Burada son 300 ilin əsas oyunçularından biri olan Rusiya var. Cənubi Qafqazdakı son hadisələr göstərdi ki, Moskva bölgədə təsirlərini getdikcə artırmaqdadır. Bu regionda Xəzər və Qara dəniz hövzəsini milli maraqları siyahısına salan ABŞ xüsusi fəallıq göstərir. Qafqaza gəldiyini real siyasi və iqtsadi impulsları ilə nümayiş etdirən Avropanı nəzərdən qaçırmaq mümkün deyil. Burada yuxarıda göstərilən güclərdən xeyli əvvəl bölgə uğrunda mübarizə aparan Türkiyə və İran da mövcuddur ki, onların əsas oyunçu siyahısına alınmaması bağışlanması mümkünsüz diplomatik səhv olardı. Bu baxımdan, rəsmi Bakı bütün bu güc sahiblərinin toqquşan, olduqca mürəkkəb və nadir hallarda üst-üstə düşən maraqlarını nəzərə almalıdır.

Siyasətdə, xüsusilə də xarici siyasi fəaliyyətdə bir neytrallıq anlayışı mövcuddur. Sabiq SSRİ məkanında rəsmi şəkildə neytrallığını elan etmiş ölkə Türkmənistandır. Bu, ola bilsin ki, həmin dövlət üçün ən optimal çıxış yoludur. Gözlənilir ki, Moldova da gələcəkdə neytrallığını elan etsin, çünki bu ölkədə mövcud olan Dnestryanı münaqişəsi rəsmi Kişinyovu belə bir addım atmağa vadar edə bilər. Neytral xarici siyasət yürütdüyünü deyən daha bir dövlət Ermənistandır. Dövlət səviyyəsində komplimentar xarici siyasət yürütdüyünü bəyan etsə də, rəsmi Yerevan işğalçı, təcavüzkar, öz merkantil maraqlarını güdən siyasət yeridir.

Ermənistanın dəqiq, səhih və konkret işlənmiş, vahid bir konsepsiyaya əsaslanmış xarici siyasəti yoxdur, çünki bu fəaliyyətində azad deyil. Bu ölkə iqtisadi cəhətdən bütünlüklə xarici bazardan, Rusiyadan asılıdır. Müstəqil xarici siyasətin qüdrəti isə iqtisadi imkanlarin genişliyi, suverenliyi və potensialı ilə səciyyələnir.

Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür. Bizim NATO kimi qüdrətli hərbi-siyasi blokla geniş əməkdaşlıq proqramımız mövcuddur. Eləcə də, Rusiya, Ukrayna, Türkiyə, Belarus, Pakistan və digər dövlətlərlə sıx hərbi əməkdaşlıq əlaqələri qurulub.

Azərbaycan eyni zamanda, Ermənistanla hərbi münaqişə vəziyyətindədir, torpaqlarımız işğal olunub. Ölkənin mürəkkəb geosiyasi bölgədə yerləşdiyini də əlavə etsək, yürüdülən incə və tarazlaşdırılmış, regionu həyati maraqları sferasına daxil edən güclərin mənafelərinin uzlaşdırılması siyasəti özünü tam doğruldur. Bu siyasətin artıq neçə illərdir ki, bəhrə verməsi isə balanslaşdırılmış kursun real əsaslara söykəndiyini göstərməklə yanaşı, həm də savadla, ən xırda nüansın belə nəzərə alınması şərtilə işlənildiyinin sübutudur. Azərbaycan ABŞ və NATO ilə təhlükəsizlik nöqteyi-nəzərdən yaxından əməkdaşlıq edir. Azərbaycan Avropa üçün yeni enerji daşıyıcıları mənbəyi və enerji təhlükəsizliyinin təminatçısı olan ölkələrdən biridir. Azərbaycan Rusiya ilə strateji tərəfdaş statusuna malikdir. Qarşılıqlı ticarət mübadiləsi 2 milyard dollara çatıb, Rusiyanın da Azərbaycanda müvafiq maraqları mövcuddur. Azərbaycan İranla sıx münasibətlərə malikdir. Türkiyə istiqamətinə isə məxsusi toxunmağa ehtiyac yoxdur. Bir-birinə zidd güc mərkəzlərinin hər birinin maraqlarının kiçik bir dövlətin timsalında uzlaşdırılması, yaxud ən azı onların maraqlarının münaqişəsinə yol verilməməsi, həqiqi və real tarazlaşdırma siyasətinin ən bariz göstəricisidir. Əslində, xarici siyasət və ya diplomatiya elə ümumi məxrəci tapmaq sənətidir.

Bu arada xüsusilə qeyd etmək yerinə düşər ki, avqust ayından etibarən Cənubi Qafqazda baş verən kardinal dəyişikliklər fonunda Prezident İlham Əliyevin həyata keçirdiyi xətti, xarici siyasət davranışı, qəbul etdiyi qərarlar, sözün əsil mənasında, dərin müdrikliyin təcəssümü olmuşdur. Təsadüfi deyildir ki, bunu hamı qeyd edir - həm Qərbdə, həm Rusiyada, həm də Gürcüstanın özündə siyasi-politoloji dairələr Prezident İlham Əliyevin nümayiş etdirdiyi müdrik siyasi xətti ən optimal və reallıqla uzlaşan variant kimi dəyərləndirirlər. Siyasət məlumdur ki, özünün uğurlu və uğursuz olduğunu fors-major situasiyalarda daha yaxşı büruzə verir. Gəlin diqqət yetirək: məntiqlə Abxaziya və Cənubi Osetiyada son proseslər zamanı separatçıların üstün gəlməsi Ermənistanda razılıq doğurmalı idi və ilkin görüntü də bu oldu ki, Yerevanda sanki toy-bayram içindədirlər. Ancaq cəmi bir neçə gün bəs etdi görünsün ki, bu hərbi-siyasi kampaniyadan ən çox ziyan Ermənistana dəydi. Paradoksal haldır: Rusiya Gürcüstana hərbi zərbələr endirdi, ancaq bundan real zərər Yerevana Tbilisidən çox vuruldu. Bu, ermənilərin həm vaxtlı-vaxtında düzgün xarici siyasət qura, həm də konkret çağırışlara yerində reaksiya nümayiş etdirə bilməmələrinin göstəricisidir.

 

Ənənələr diplomatiyası

 

Prezident İlham Əliyev ötən 5 ildə ümummilli lider Heydər Əliyevin memarı olduğu siyasi kursu bütün sahələrdə uğurla davam etdirdi. Bu, şübhə yoxdur ki, xarici siyasi fəaliyyətə də aiddir. Dövlət başçısının ölkəyə rəhbərliyi dövründə birbaşa bölgədə və ya bu və digər formada regiona təsirsiz ötüşməyən mürəkkəb proseslər zamanı sərgilədiyi praqmatik diplomatiya ümummilli lider tərəfindən formalaşdırılmış, nəzəri cəhətdən işlənilmiş və təcrübədə həyata keçirilmiş balanslaşdırma xəttinin təntənəsi oldu. Xarici siyasətdə balanslaşdırma kursu ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilməyə başladı. Cox güman ki, bu, müasir Azərbaycanın təhlükəsizliyinin təmin olunmasının ən optimal yoludur. Bu gün heç kim deyə bilməz ki, Azərbaycan qütblərdən hansısa birinə konkret meyil edir, bu isə əslində elə tarazlaşdırma və müstəqil siyasət deməkdir. Qiymətləndirilən dövrdə Prezident İlham Əliyev özünün təşəbbüskar, effektiv, baş verənlərə və gözlənilən hadisələrə çevik xarici siyasətilə reaksiya vermə siyasətini uğurla həyata keçirib. Müasir dünyada effektli siyasəti o lider yürüdür ki, hansısa hadisənin baş verməsini gözləmir, özü hadisə yaradır. Azərbaycanın belə təşəbbüskar xarici siyasətinin bəhrələri ortadadır - regionda həyata keçirilən beynəlxalq layihələr bunun bariz və inkaredilməz göstəricisidir. Məsələn, Ermənistan bu gün Azərbaycanın 1994-cü ildə imzaladığı "Əsrin müqaviləsi" ilə başlayan yeni neft strategiyasının onlar üçün doğurduğu acı nəticələrdən qaçmağa cəhd göstərir, ancaq bu, çətin ki, mümkün olsun. Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilməyə başlayan Bakı-Tbilisi-Qars dəmiryolu xətti hələ bir ideya olaraq meydana çıxandan bəri Yerevanın xarici siyasi davranışında hansı dərin dəyişikliklərin baş verdiyini bütün dünya görür. Ermənistanda fevralda keçirilən prezident seçkiləri ərəfəsində sabiq dövlət başçısı Levon Ter-Petrosyan belə bir bəyanat verdi: "Biz indi Dağlıq Qarabağ nizamlanmasında kompromisə meyilli, reallıqla uzlaşan siyasət yürütsək, ən böyük uğurumuz o ola bilər ki, bəlkə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişini dayandıra bilək".

Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, tam müstəqil, özünün milli maraqlarına hesablanmış və xalqın istəklərini əks etdirən xarici siyasət yürüdür. Praktikada biz tez-tez bu siyasəti tarazlaşdırılmış və ya balanslaşdırılmış xarici siyasət adlandırırıq. Bu xətti düz 15 il əvvəl, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycanın rəhbərliyinə qayıtmış Heydər Əliyev qoymuşdur və arxada qalan bu dövr dəfələrlə sübut etmişdir ki, reallaşdırılan maraqların uzlaşdırılması və təmin olunması siyasəti sınaqlardan çıxmağa tam qadirdir.

 

Çoxvektorlu diplomatiya

 

Bu gün dünyadakı mövcud siyasi və iqtisadi ağırlıq mərkəzlərini təyin etmək üçün beynəlmiləl geopolitoloji leksikonda yeni coğrafi ünvanlar peyda olub. Məsələn, Rusiya, ABŞ, Çin və Qərb siyasi yarımkürəsini həmişə klassik güc mərkəzləri kimi təqdim etmişik. Son illərdə nümayiş etdirdikləri iqtisadi artım templərinə görə öz siyasətlərini daha qabarıq büruzə verməyə başlamış Hindistan, Türkiyə, Braziliya, İran, İslam Birliyi kimi güc mərkəzləri öz nüfuzlarını diktə etməyə başlamışlar. Ölkəmiz dünya siyasətinin həmin aktorlarının hər biri ilə konstruktiv, praqmatik, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələr qurmağa müvəffəq olub.

Avratlantik məkana inteqrasiya kursu seçməklə demokratik ideallara sadiqliyini sübuta yetirən müstəqil Azərbaycanın xarici siyasət strategiyasında sosializm dəyərlərindən imtina edərək yeni inkişaf yoluna qədəm qoymuş Mərkəzi və Şərqi Avropa dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın bütün səviyyələrdə davam etdirilməsi mühüm istiqamətlərdən biri kimi nəzərdən keçirilir. Bu, ilk növbədə, müasir dünyanın geosiyasi oriyentirlərinin müəyyənləşməsində həmin coğrafi arealda yerləşən postsosialist dövlətlərinin mövqeyinin və fəal xarici siyasətinin ciddi təsirə malik olması ilə şərtlənir.

Respublikamızın Qərbə inteqrasiya siyasətinin uğurla davam etdirilməsi nöqteyi-nəzərindən Avropa Birliyi ilə münasibətlərin yüksələn xətt üzrə inkişafı da xüsusi qeyd olunmalıdır. Qloballaşan dünyanın əsas güc və siyasət mərkəzlərindən biri kimi kifayət qədər geniş arealda iqtisadi, siyasi və sosial birlik modelinə çevrilmiş Avropa Birliyi əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövləti sayılan Azərbaycanla əməkdaşlığın dərinləşməsinə, respublikamızın avrostrukturlara dinamik inteqrasiyasına xüsusi maraq göstərir.

Azərbaycan hazırda Avropa Birliyi məkanına və Ümumdünya Ticarət Təşkilatına inteqrasiya istiqamətində sürətli addımlar atır. Azərbaycanın bu təşkilatlara üzvlüyünün mühüm özəlliyi ondan ibarətdir ki, biz özü-özünü təmin edə bilən, zəngin neft-qaz ehtiyatlarına malik dövlətik. Bizim bu təşkilatlarla müzakirə edib razılaşdırası problemlərimiz çoxdur və tələskənlik Azərbaycanın milli maraqlarına cavab vermir.

Azərbaycanın xarici siyasətində NATO istiqaməti xüsusi rol oynayır. Ölkəmiz inteqrasiya və üzvlük, habelə əməkdaşlıq məsələlərində hisslərə qapılmır, real, praqmatik platformada hərəkət edir. Ordumuz NATO standartlarına uyğunlaşdırılır, Azərbaycan NATO-nun əsas üzvlərindən olan ABŞ-la strateji tərəfdaşdır. Həyata keçirilən enerji layihələri demək olar ki, ABŞ-ın ciddi dəstəyi nəticəsində reallaşmışdır. Vaşinqtonla Bakının təmaslarında təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət kəsb edir, Azərbaycan ABŞ-ın antiterror koalisiyasında akvtivlik nümayiş etdirir. Əməkdaşlığımız ümumiyyətlə, bir çox sahələri əhatə edir və strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Vaşinqtonda rəsmi səfərdə olub. ABŞ-ın yüksək rütbəli rəsmiləri, o cümlədən vitse-prezident Dik Çeyni Bakıya səfərlər ediblər.

Fransa Azərbaycanın Avropada ən çox təmas saxladığı dövlətdir. Fransa bu gün Cənubi Qafqazda faktiki olaraq bütün Avropanın adından çıxış edir. Görünür, elə bu səbəbdən həm ümummilli lider Heydər Əliyev, həm də Prezdident İlham Əliyev ilk xarici səfərlərini adətən Fransaya edirlər. Baxmayaraq ki, burada güclü erməni lobbisi var və o, həm qanunverici, həm də icraedici hakimiyyətə təsir etmək imkanına malikdir. Rəsmi Bakı bu ilişkilərin inkişaf etdirilməsilə dünyadakı ən iri erməni lobbi və diasporlarından birini neytrallaşdırmaq niyyəti güdür. Bakı-Paris münasibətləri sabitliyi ilə seçilir. Fransa, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir.

Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş "Bir millət, iki dövlət" şüarı real həyatda bütün sferalarda özünü əməli şəkildə sübuta yetirir. Bu gün Türkiyə ilə Azərbaycan arasında viza rejimi yoxdur. Bakı-Tbilisi-Qars dəmiryolu xətti işə düşdükdən sonra təmaslar daha da intensivləşəcək. Azərbaycan özünün enerji layihələrində prioriteti Türkiyəyə verməklə bu şüarı bir növ gerçək həyatda iqtisadi sferaya transformasiya edir. Prezident İlham Əliyevin dövründə bu şüar keyfiyyət etibarilə yeni mərhələyə qədəm qoymuşdur. Məhz dövlət başçısının təşəbbüsləri ilə iki dövlətin dünyadakı diaspora təşkilatlarını vahid mərkəzdə cəmləşdirmək siyasəti öz bəhrələrini vermişdir. Bu, hər iki dövlətə imkan yaradır ki, lobbi və diaspor fəaliyyətini daha mütəşəkkil və məhsuldar formada koordinasiya edə bilsin. Prezident İlham Əliyevin fəaliyyətilə faktiki olaraq "türk diasporu" və "Azərbaycan diasporu" anlayışları eyni məna kəsb etməyə başlamışdır.

Prezident İlham Əliyevin iki dövlət arasındakı münasibətlər tarixinə yazılmış daha bir addımı Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin dəmiryolu analoqu olan Bakı-Tbilisi-Qars xətti ideyasını irəli sürməsi və onun inşası üçün əməli addımlar atması oldu. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu münasibətlər daha praqmatik və real həyata əsaslanan iqtisadi çalarlar almağa başladı.

Daha bir vacib amili heç cür unutmaq olmaz ki, cənab İlham Əliyev birinci prezidentliyi dövründə xarici səfərlərində Türk dünyasını təmsil edən dövlətlərə də xüsusi yer verdi. Prezident belə səfərlərini Özbəkistan və Qazaxıstana, habelə Türkiyəyə etdi. Bununla da dövlət başçısı göstərdi ki, Azərbaycan Türk dünyasında aparıcı rollardan birini oynamaq fikrindədir, habelə xarici siyasətində bu istiqamətə xüsusi önəm verir.

Azərbaycanın Rusiya ilə münasibətləri qarşılıqlı maraq əsasında, sabit və mehriban qonşuluq şəraitində davam edir. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya bir neçə dəfə səfərlər edib. Dövlətlər arasında ticarət dövriyyəsi 2 milyard dollara çatıb. Bu rəqəm Ermənistanın toplam büdcəsinə bəradərdir. Rusiya ilə Azərbaycanı bir sıra ümumi siyasi, iqtisadi, enerji, nəqliyyat maraqları birləşdirir. Rusiya ilə Azərbaycan Xəzər dənizinin ortaqlarındandırlar. Son illər Moskva-Bakı əlaqələrinin dinamik inkişafı ilə yadda qalıb və burada Azərbaycan Prezidentinin uğurlu xarici siyasətinin böyük önəmi var. Rusiya Dağlıq Qarabağ münaqişəsində sabit neytral mövqedə durur, baxmayaraq ki, əvvəllər açıq Yerevanmeyilli yanaşma sərgiləyirdi. Rusiyanın yeni Prezidenti Dmitri Medvedev ilk səfərlərindən birini məhz Azərbaycana etməklə ölkəsinin yaxın xaricdə dövlətimizə prioritet önəm verdiyini göstərdi. Bu, ikitərəfli münasibətlərdə özülün olduqca möhkəm qoyulduğunun və rəhbərliklər arasında səmimi işgüzar mühitin mövcudluğunun bariz göstəricisidir.

Islam dünyası dövlətləri, xüsusilə də İslam Konfransı təşkilatı ilə əlaqələrin möhkəmlənməsi Azərbaycanın xarici siyasətində hər zaman prioritet istiqamət olub. Azərbaycan bu təşkilat vasitəsilə Dağlıq Qarabağ problemi, konkret olaraq Ermənistanın Azərbaycanın torpaqlarının işğalı gerçəkliyinə münasibətdə bir müsəlman təəssübkeşliyinin əldə edilməsinə nail olub. Bu təşkilat Azərbaycanın 20 faiz ərazisinin işğialı faktına ən sərt münasibət bildirən ilk iri regional qurumdur.

Prezident İlham Əliyevin hakimiyyəti illərində müsəlman dünyası, konkret olaraq İKT ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə çıxdı. Bu, özünü parlaq formada BMT müstəvisində büruzə verdi. Hər ilin payızında BMT Baş Məclisinin sessiyasının gündəliyində Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı hansısa məsələ olur. Bu artıq neçə ildir ki davam edən praktikadır. İslam təəssübkeşliyi burada öz rolunu oynayır. Təsadüfi deyildir ki, marağımızda olan problemlərin BMT Baş Məclisinə çıxarılması üçün səslərin əldə olunmasında müsəlman dövlətlərinin yekdil mövqeyi başlıca amil kimi çıxış edir. Bu bizə imkan verir ki, Ermənistanı bir növ hər zaman qorxu altında saxlayaq. Ötən 5 ildə Yerevan danışıqları dayandırmağa, dondurmağa yönəlmiş təxribatlara əl atdıqda, Azərbaycan cavab gedişilə məsələni BMT-də fəallaşdırıb və yalnız bundan sonra Ermənistan danışıqlar masası arxasına qayıdıb.

İslam dünyasında üç dövlət - Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı bizim üçün əlahiddə vacibdirlər. Bu üç dövlət Ermənistana münasibətdə daha sərt mövqe tutublar, bu ölkələrin rəhbərliyinin qəti və sərt yanaşmasının nəticəsidir ki, Ermənistanın onların heç birində səfirliyi fəaliyyət göstərmir.

Paradoksal təsir bağışlasa da, elə müsəlman ölkələri var ki, burada ciddi qüvvəyə malik erməni diasporu mövcuddur. Bu sırada Livan, Misir, Suriya, BƏƏ, Fələstini qeyd etmək olar. Prezident İlham Əliyevin səyləri nəticəsində islam dünyası istiqamətində aktivləşdirilmiş xarici siyasətin bəhrələrindən biri də budur ki, məhz ermənilərin bu əlaqələri neytrallaşdırılmış oldu. 3 il əvvəl bunu görən ermənilər yenidən ərəb dünyası ilə əlaqələrə "əl gəzdirməyə" çalışdılar, Ermənistan hətta İKT-də müşahidəçi statusu əldə etmək iddiasına da düşmüşdü, o vaxtkı nazir Vardan Oskanyan çox cəhd etsə də, hər hansı nəticəyə nail ola bilmədi.

 

Xarici siyasətin

"Qordi düyünü"

 

Ötən beş ildə xarici siyasətimizi məşğul etmiş prioritet məsələlərdən söhbət düşərkən şübhəsiz ki, Dağlıq Qarabağ probleminə toxunmamaq olmur. Prinsipcə, bu istiqamətdə yeni nə isə demək çətindir. Dövlət başçısı bəyan edir ki, Azərbaycanın qarşısında duran problemlərdən yalnız torpaqlarımızın işğalının aradan qaldırılması məsələsi öz həllini tapmayıb. Çox güman ki, bu, cənab İlham Əliyevin yenə də əsas diqqət yetirdiyi problem olacaqdır. Burada yalnız bir məqama toxunmağa xüsusi ehtiyac var. Məlumdur ki, Rusiya-Gürcüstan müharibəsi bölgədəki qüvvələr konfiqurasiyasına, təhlükəsizlik arxitekturasına və oyunçuların düzülüşünə kardinal yeniliklər gətirdi. İndi Qərb də, Rusiya da bəyan edirlər ki, münaqişələrin hərbi yolla həlli variantı özünü doğrultmur və ağrılı nəticələrə səbəb olur. Bu, təbii olaraq Yerevandakıları arxayınlaşdırır, bir növ "başlarının altına yastıq qoyurdu". Ermənistanda tez-tez bəyan edirdilər və bu, artıq bir növ adət halına düşməyə başlamışdı ki, Gürcüstan hadisələrindən sonra Azərbaycanın hərbi ritorikasından əsər-əlamət qalmayıb.

Prezident İlham Əliyev bütün bu ehtimal və şərhləri tam alt-üst edərək göstərdi ki, birincisi, Azərbaycan müstəqildir və torpaqlarını istənilən yolla qaytarmağa haqqı çatır. İkincisi isə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olduğundan bu yolda vasitə seçimi də onun özünə məxsusdur. Prezident bu qətiyyətli, prinsipial və dəyişməz mövqeyini Ağdamda seçiciləri ilə görüşündə və Nazirlər Kabinetinin iclasında 5 ilki fəaliyyətinə yekun vurarkən çıxış etdiyi proqram xarakterli nitqində bir daha nümayiş etdirdi. Oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində isə Prezident İlham Əliyev rəsmi Bakının bu problemə yanaşmasını bir daha təkrarladı: "Xarici siyasətimizin əsas prioritet məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olmuşdur. Əfsuslar olsun ki biz bu istiqamətdə hələ ki heç bir nəticə əldə edə bilməmişik. Amma bununla bərabər, deyə bilərəm ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi, Azərbaycanın baxışları və bizim tərəfimizdən irəli sürülmüş əsas təməl prinsiplər çox böyük dəyər qazanmışdır. Bu gün deyə bilərəm ki, danışıqların mahiyyəti Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında aparılır, bu, heç kimdə şübhə yaratmır və yarada da bilməz".

 

Cənab İlham Əliyevin birinci prezidentliyi dövründə dövlət idarəçiliyi məsələlərində xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasdakı uğurlu və cəsarətli addımları, milli məqsədlər naminə ən nüfuzlu kürsülərdən bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin gələcəyi baxımından son dərəcə əhəmiyyətli fəaliyyət idi. Qarşıda Azərbaycanı inkişafla, təkamüllə, eləcə də problemlərlə zəngin növbəti beş il gözləyir. Fəqət, narahatçılığa heç bir əsas yoxdur. Çünki tarixi inkişafının növbəti ünvanlarına şütüyən Azərbaycanın sükanı etibarlı və möhkəm əllərdədir.

 

Xalid NİYAZOV

 

Azərbaycan.-2008.-26 dekabr.-S.4.