Azərbaycanda idmançı adı çox şərəflidir

 

Milli Olimpiya Komitəsinin V hesabat-seçki Baş Məclisi keçirilmişdir

 

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi

 

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin nitqi

 

- Əziz dostlar!

Hörmətli Milli Olimpiya Komitəsinin üzvləri!

Sizin hamınızı ürəkdən salamlayıram. Bugünkü yığıncaq dörd ildə görülən işlərə yekun vuracaqdır. Azərbaycanda son dörd ildə həm idman hərəkatı, həm olimpiya hərəkatı çox uğurla inkişaf etmişdir. Azərbaycanda bundan əvvəlki illərdə əldə edilmiş uğurlar daha da möhkəmlənmişdir. Bizim idmançılarımız dörd il ərzində müxtəlif beynəlxalq yarışlarda, o cümlədən dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında, digər beynəlxalq yarışlarda çox yüksək nəticələr göstərmiş, Azərbaycana çoxlu medallar gətirmişlər. Bu, çox sevindirici haldır onu göstərir ki, Azərbaycanda gözəl gənc nəsil yetişir. Son Olimpiya oyunlarında medalçıların arasında bizim gənc idmançılarımız da var. Onlar son dörd il ərzində, demək olar ki, idmançı kimi yetişiblər. Yəni, Azərbaycanda idman ənənələri yaşayır, möhkəmlənir, yeni istedadlar meydana çıxır, yeni gözəl idmançılar yetişir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda idmana, olimpiya hərəkatına göstərilən diqqət öz praktik nəticələrini verir. Bütün bu nailiyyətlər bizi daha da ruhlandırır öz işimizi bundan sonra da düşünülmüş şəkildə, qəbul edilmiş konsepsiya şəklində aparacağıq.

Bu vaxta qədər görülən bütün işlərdə ardıcıllıq var, bütün işlər bir-birini tamamlayır. Azərbaycanda idmana, idmançıların yetişməsinə diqqət, məşqçilərə dəstək, idman mütəxəssislərinin bu işlərdə fəal iştirakı - bütün bu amillər bir məqsədi güdür. O da ondan ibarətdir ki, Azərbaycanda idman daha da sürətlə inkişaf etsin, idman hərəkatı, olimpiya hərəkatı genişlənsin, idmanla məşğul olmaq üçün bütün lazımi şərait yaradılsın.

Son dörd ildə olimpiya hərəkatında Azərbaycanın iştirakı çox uğurlu olmuşdur. Biz beynəlxalq Avropa olimpiya komitələrinin bütün tədbirlərində fəal iştirak etmişik. Son dörd il ərzində Azərbaycana həm Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, həm Avropa Olimpiya Komitəsinin baş katibi səfərlər etmişlər. Bu, Azərbaycana göstərilən böyük diqqətdir. Bizim uğurlarımıza verilən böyük qiymətdir. Beynəlxalq Avropa olimpiya komitələrinin ən yüksək vəzifəli şəxsləri Azərbaycanda idmanın uğurlu inkişafını vurğulamışlar. Qeyd etmişlər ki, Azərbaycan idman dövlətidir. İdmana dövlət dəstəyi bütün idman ictimaiyyətinin birgə fəaliyyəti nəticəsində Azərbaycan qısa müddət ərzində çox böyük uğurlara nail ola bilmişdir.

Bununla yanaşı, müxtəlif beynəlxalq idman federasiyalarının rəhbərləri dəfələrlə Azərbaycanda olmuşlar. Onların iştirakı ilə Azərbaycanda müxtəlif beynəlxalq yarışlar keçirilmişdir. Son dörd il ərzində Azərbaycanda dünya Avropa çempionatları ən yüksək səviyyədə keçirilmişdir. Güləş üzrə dünya çempionatının keçirilməsi bizim bütün imkanlarımızı göstərdi. Onu göstərdi ki, dünyanın ən böyük idman yarışlarından birinin Azərbaycanda keçirilməsi düzgün qərar idi. 100-dən çox ölkədən komandalar iştirak edirdi onların hamısı üçün yaxşı şərait yaradılmışdı. Yəni artıq bizdə bu təcrübə var, istənilən beynəlxalq yarışın keçirilməsi üçün Azərbaycanda imkanlar vardır.

İnfrastruktur güclənir, ölkəmizdə beynəlxalq səviyyəli olimpiya komplekslərinin tikintisi geniş vüsət almışdır. Bu proqram təxminən 8 il əvvəl başlanmışdır ondan sonrakı dövrdə, xüsusilə son dörd il ərzində yeni gözəl olimpiya komplekslərinin açılması idman infrastrukturunun möhkəmlənməsinə xidmət göstərir. Bu komplekslər bölgələrdə yaradılır. Bölgələrdə, Azərbaycanın rayonlarında həmişə çox böyük idman istedadları olmuşdur. İndi o bölgələrdə olimpiya komplekslərində işlər düzgün qurulmalıdır ki, onlar daim fəaliyyətdə olsun, idmançılar orada daim məşq etsinlər, uşaqlar, gənc nəsil yetişsin. Yəni onlar bölgələrdə bir növ idman mərkəzləri kimi fəaliyyət göstərir. O komplekslərdə bütün gözəl şərait yaradılıb, hər birində üzgüçülük hovuzu, müxtəlif ictimai binalar, mehmanxanalar vardır. Bu, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına töhfədir. Biz bütün bu işlərə Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər İdman Nazirliyinin birgə fəaliyyəti nəticəsində nail ola bilmişik.

Bu gün Azərbaycanda istənilən beynəlxalq tədbiri keçirmək mümkündür. Bölgələrdə yeni olimpiya komplekslərinin tikintisi 2009-cu ildə davam edəcəkdir. Biz geniş proqramı qəbul edəndə, ilk növbədə, hər bölgədə bir kompleksin tikintisini nəzərdə tutmuşduq. Bu gün isə vəzifə qoyulub ki, hər bir rayonda, nəinki rayonda, eyni zamanda, qəsəbələrdə, Bakıətrafı qəsəbələrdə idman qurğuları tikilir. Yəni bu, Azərbaycanda idmanın inkişafına çox böyük xidmət göstərən proqram siyasətdir. Bununla bərabər, bu, gənc nəslin sağlam yetişdirilməsi üçün gözəl imkanlar yaradır.

Biz çox şadıq ki, Azərbaycanda yeniyetmələr, uşaqlar arasında idmanla məşğul olmaq üçün böyük həvəs var. Uşaqlar böyük həvəslə idman bölmələrinə gəlirlər, idmanla məşğul olurlar. Onlar xüsusilə görəndə ki, ölkəmizin şöhrətini ucaldan idmançılara diqqət göstərilir, Azərbaycanda olimpiyaçılar əslində idman qəhrəmanları kimi qəbul olunur onlara həm dövlət tərəfindən, həm ictimai qurumlar tərəfindən dəstək qiymət verilir, əlbəttə ki, daha da ruhlanırlar. Biz elə etməliyik, idmanla məşğul olmaq istəyənlərin sayı artsın deyə bilərəm ki, buna nail olmuşuq. Azərbaycanda idmançı adı çox qiymətlidir. Mən çox şadam ki, bizim tanınmış, görkəmli idmançılarımız gənc nəsil üçün nümunədirlər. Təkcə idman sahəsində əldə edilmiş nailiyyətlərlə yox, eyni zamanda, həyat tərzi ilə. Bizim idmançılarımız çox dəyərli vətəndaşlardır. Olimpiyaçılarımız, onların ictimai işlərdə fəaliyyəti, cəmiyyətdə nüfuzu, rolu artmalıdır. Gənc nəsil üçün bundan gözəl nümunə ola bilməz. Bir tərəfdən, bu amillər, digər tərəfdən, idmanla məşğul olmaq üçün yaradılmış şərait, dövlət tərəfindən idman hərəkatına, olimpiya hərəkatına göstərilən dəstək - bütün bunlar bizim uğurlarımızı şərtləndirir.

Bununla bərabər, mən bir cəhəti xüsusi vurğulamaq istəyirəm, çünki biz bunu heç hər ölkədə görmürük. Azərbaycanda bütün idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər İdman Nazirliyi, idman cəmiyyətləri, federasiyalar, klublar vahid komanda şəklində fəaliyyət göstərir. Bizim uğurumuzun, deyə bilərəm, əsas şərtlərindən biri ondan ibarətdir ki, burada heç bir anlaşılmazlıq yoxdur, heç bir ziddiyyət yoxdur. Mən ona görə bunu vurğulayıram ki, bir çox ölkələrdə idman qurumları arasında rəqabət aparılır bu, sağlam rəqabət deyildir. Yəni bu rəqabət gözəl nəticələrə gətirib çıxarmır. Azərbaycanda dövlət tərəfindən müəyyən edilmiş idman siyasəti çərçivəsində bütün idman qurumları öz fəaliyyətini sağlam əsaslarda həyata keçirirlər.

Mən çox şadam ki, Azərbaycanda idmanın inkişafı, olimpiya hərəkatının inkişafı çox sürətlidir, çox uğurludur. Bu, ölkəmizin potensialını göstərir. Olimpiya oyunları isə son dörd il ərzində görülən işlərin zirvəsidir. Yəni olimpiya hərəkatında görülən bütün işlərin son məqsədi Yay Olimpiya oyunlarında idmançılarımızın uğurlu çıxışlarını təmin etməkdən ibarət olmuşdur. Görülən bütün işlər bu məqsədi güdürdü. Mən çox şadam ki, Azərbaycanın idmançıları, Azərbaycanın milli komandası Pekin Yay Olimpiya oyunlarında çox yüksək nəticə göstərmişdir. 7 medalın qazanılması çox böyük nailiyyətdir.

Ötən hər il, hər olimpiya oyunlarından sonrakı illər çox məsuliyyətli dövr olmuşdur. Baxmayaraq ki, Sidney və Afina Olimpiya oyunlarında bizim idmançılarımız çox yüksək nəticələr göstərmişdilər, ancaq bu, heç də bizdə arxayınçılıq hissinin yaranmasına gətirib çıxarmadı. Əksinə, Olimpiya oyunları başa çatandan sonra növbəti dördillik müddətdə görüləcək işlər haqqında dərhal müvafiq qərarlar qəbul edilmişdir. Yəni Olimpiya oyunları çox mühüm bir mərhələdir. Yeganə beynəlxalq forumdur ki, orada ölkələr bir-biri ilə rəqabət aparır. Bildiyiniz kimi, bu rəqabət ildən-ilə daha da güclənir, artır. Bütün ölkələr çalışır ki, onların milli komandası daha da yüksək yer tuta bilsin.

 

Azərbaycan.-2008.-27 dekabr.-S.1-2.