Azərbaycanda idmançı adı çox şərəflidir

 

Milli Olimpiya Komitəsinin V hesabat-seçki Baş Məclisi keçirilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir

                               

Əlbəttə, hər bir Azərbaycan vətəndaşını sevindirən odur ki, bizim idmançılarımız Olimpiya oyunlarında Azərbaycanı ləyaqətlə təmsil etmişlər, çox böyük peşəkarlıqla, Vətən sevgisi ilə, vətənpərvərlik hissi ilə yarışmışlar, döyüşmüşlər və yüksək nəticələr göstərmişlər. Bir daha demək istəyirəm ki, 7 medalın qazanılması çox böyük nailiyyətdir. Onlardan biri qızıl, ikisi gümüş, dördü bürünc medaldır.

Növbəti Olimpiya oyunlarına hazırlıq yəqin ki, gələn ilin əvvəlindən başlanmalıdır. Olimpiya oyunlarında əldə edilmiş nəticələr bizi sevindirir. Ancaq bununla bərabər, biz Olimpiya oyunlarının nəticələrini çox düzgün təhlil etməliyik. Xüsusilə o idman növlərində ki, orada medallar qazanmaq mümkün olmamışdır. Yəni o idman növlərinin inkişafı üçün, orada işlərin daha da səmərəli şəkildə aparılması üçün əlavə tədbirlər görülməli və bunlar konkret xarakter daşımalıdır. Deyə bilərəm ki, bizim uğurlarımızın əsas səbəblərindən biri də ondan ibarətdir ki, qərarlarımız konkret xarakter daşıyır. Yəni heç vaxt şüar şəklində qalmır. Biz nə deyiriksə, onu da edirik və bir daha demək istəyirəm ki, görülən bütün işlər bir məqsədi güdür: Azərbaycanda idman inkişaf etsin, idmançılara daha yaxşı şərait yaradılsın və Azərbaycanda olimpiya hərəkatı genişlənsin.

Beləliklə, hesab edirəm ki, növbəti dörd il ərzində həm bizim üçün ənənəvi olan idman növlərinin inkişafından, orada daha da yaxşı şəraitin yaradılmasından ötrü əlavə tədbirlər görülməlidir və Olimpiya oyunlarında iştirak etmiş, amma medal qazana bilməmiş idmançıların fəaliyyəti əlbəttə, təhlil edilməlidir. Bəlkə, əlavə tədbirlər görülməlidir. Yəni onu demək istəyirəm ki, çox istəyirəm medal qazanan idmançıların sayı da çox olsun və idman növlərində qazanılan medalların sayı da çox olsun. Bunu etmək mümkündür. Mən hesab edirəm ki, növbəti dörd il ərzində bu məqsədlərə çatmaq üçün konkret işlər görüləcək və görülməlidir. Bir daha deyə bilərəm ki, bütün bu işlər konkret məsələlər üzərində dayanmalıdır.

Biz idmanda əldə edilmiş nailiyyətlərlə haqlı olaraq fəxr edə bilərik. Azərbaycanın idman ailəsi böyüyür. Doğrudan da, bu, bir ailədir. Mən bayaq qeyd etdim ki, idmanla məşğul olan bütün qurumlar bir komanda şəklində işləyirlər. Eyni zamanda idmançılar, idman mütəxəssisləri, məşqçilər, veteranlar - onlar da ümumi uğurumuza öz dəyərli töhfələrini verirlər. Bundan sonrakı illərdə də idmanda fərqlənmiş insanlar - idmançılar, veteranlar, məşqçilər dövlət tərəfindən daim dəstəklənəcəkdir. Azərbaycan dövləti öz qayğısını, diqqətini əsirgəməyəcəkdir. Azərbaycan dövləti bundan sonra da lazım olan bütün şəraitin yaradılmasında - həm idmanla məşğul olmaq üçün, peşəkarlığı artırmaq üçün, həm də məişət problemlərinin həlli üçün öz mühüm rolunu oynayacaqdır.

Mən bütün idmançıları, idman mütəxəssislərini bir daha salamlamaq istəyirəm. Bu gün bizim tədbirimizdə səslənəcək məruzələr görülmüş işlər haqqında bir daha geniş təəssürat yaradacaqdır. Bununla bərabər, bildiyiniz kimi, Milli Olimpiya Komitəsi çox böyük hesabat hazırlamışdır. Bu hesabat sizə paylanılıbdır. Əminəm ki, bundan sonrakı müzakirələr bizim əsas məqsədimizə çatmaq üçün öz rolunu oynayacaqdır.

Sizi bir daha salamlayıram. Sizə uğurlar arzulayıram.

Sağ olun.

Sonra iclasda çıxış edən gənclər və idman naziri, MOK-un vitse-prezidenti Azad Rəhimov 2008-ci ildə Azərbaycanda idman sahəsində qazanılmış nəticələr barədə məlumat verdi, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda 550 medal qazandığını açıqladı. Pekin Olimpiya oyunlarında ilk dəfə olaraq bədii gimnastika üzrə komanda yarışları və atçılıq turnirlərində təmsil olunduğumuzu bildirən nazir 22 idmançımızın müxtəlif növlərdə dünyanın ən güclü 8 atleti sırasına daxil olduğunu dedi. Pekin Paralimpiya oyunlarında isə İlham Zəkiyevin Azərbaycanın idman tarixində ilk dəfə olaraq ikiqat paralimpiya çempionu adı qazandığını xatırlatdı. Nazir daha sonra dedi:

- Cənab Prezident, bu nailiyyətlər Sizin idmana, Azərbaycan idmançılarına göstərdiyiniz yüksək diqqətin və Azərbaycan idmanının inkişafı naminə səmərəli fəaliyyətinizin nəticəsidir.

Əlamətdar hadisələrdən biri də ölkədə bədən tərbiyəsi və idmanın hərtərəfli inkişafı üçün 2009-2020-ci illəri əhatə edəcək Milli strategiya layihəsinin hazırlanmasıdır. Bu strategiyanın hazırlanmasında gənclər və idman, təhsil nazirlikləri ilə yanaşı, bütün müvafiq federasiyalar və aidiyyəti qurumlar da fəal iştirak edir. Milli Strategiya 2020-ci ilədək ölkəni idmanda lider etmək məqsədini qarşıya ali məqsəd kimi qoymuşdur. Bundan başqa, "Uşaq və yeniyetmələrin bədən tərbiyəsi və idmanı haqqında" qanun layihəsi hazırlanmış və Milli Məclisə təqdim edilmişdir.

Respublikamızda idman sahəsində əldə olunmuş nailiyyətlər, idmançılarımızın ən mötəbər beynəlxalq idman yarışlarında qazandığı uğurlar Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman federasiyaları, idman klubları və cəmiyyətlərinin sıx əməkdaşlığı sayəsində mümkün olmuşdur. Azərbaycanın ictimai həyatında mühüm amillərdən biri olan bədən tərbiyəsi və idmanın gündən-günə tərəqqisi naminə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ötən dörd ildə görülən işlər barədə məlumat verdi. Azərbaycanın həyatının bütün sahələrində tərəqqinin, o cümlədən idmanın və olimpiya hərəkatının inkişafında qazanılan uğurların əsasında Prezident İlham Əliyevin bilavasitə həyata keçirilən fəaliyyətinin dayandığını xüsusi vurğuladı. Bu müddət ərzində Milli Olimpiya Komitəsinin həyatında bir sıra əlamətdar hadisələr olduğunu söyləyən Çingiz Hüseynzadə paytaxt Bakının 2016-cı il Olimpiya oyunlarını təşkil etmək üçün iddiaçı şəhərlər sırasına düşdüyünü, Milli Olimpiya Komitəsinin 15 illik yubileyinin qeyd olunduğunu, Olimpiya Akademiyasının və "Olimpiya" jurnalının 10 yaşının tamam olduğunu vurğuladı. Hesabat dövründə Azərbaycan Prezidenti İlham Əliyevin FİLA-nın prezidenti Rafael Martinettini, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandini, Dünya Taekvondo Federasiyasının prezidenti Çanq Von Çunu, Beynəlxalq Bodibildinq Federasiyasının prezidenti Rafael Santoxanı, Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyeri, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Çinq Kuo Vunu, FİFA-nın prezidenti Yozef Blatteri və UEFA-nın prezidenti Mişel Platinini, Beynəlxalq Tennis Federasiyasının prezidenti Françesko Riççi və Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişevi, Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinosu, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Ulrix Feldhofu, FİDE-nin prezidenti Kirsan İlyumjinovu və digər rəsmi şəxsləri qəbul etdiyini bildirdi.

Son dörd ildə idmançılara, məşqçilərə, idman veteranlarına, Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinə verilən təqaüdlərin, mükafatların həcminin, habelə maddi və mənəvi qayğının da xeyli artırıldığını qeyd etdi.

Çingiz Hüseynzadə daha sonra dedi:

- Xalqımızın ümummilli lideri Heydər Əliyev 2001-ci ildə indi toplaşdığımız bu salondakı çıxışında demişdir: "Bu gün məmnuniyyətlə qeyd etmək olar ki, Olimpiya Komitəsinin yeni rəhbərliyi Azərbaycanın güclü idman potensialını inkişaf etdirmək üçün artıq düz yoldadır. Ümid edirəm ki, düz yolda da olacaqdır. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi qarşısında böyük vəzifələr durur. Birincisi, bütün bu imkanlardan istifadə edib, gəncliyimizi idmana, bədən tərbiyəsinə daha çox cəlb etməkdir. İkincisi də, görülən işlərin ən son nəticəsinin beynəlxalq yarışlarda əksini tapmasıdır".

Ulu öndərimizin dahiyanə sözləri indi reallığa çevrilmişdir. Hesabat dövründə cənab İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin səyləri, həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkədə olimpiya hərəkatı və idmanın dinamik inkişafı təmin olunmuşdur. İdmana dövlət səviyyəsində göstərilən qayğı və bu sahədə həyata keçirilən kompleks tədbirlər sayəsində Azərbaycan qabaqcıl idman ölkəsinə çevrilmişdir.

Baş Məclisdə olimpiya çempionu Nazim Hüseynov Təftiş Komissiyasının hesabatını oxudu və hesabat qəbul olundu.

Pekin Olimpiya oyunlarının çempionu Elnur Məmmədli 2008-ci ilin onun həyatında əlamətdar il kimi yadda qaldığını bildirdi. O dedi:

- Möhtərəm cənab Prezident, Pekində yarışda çıxış edəndə Sizin tribunada tamaşaçılar arasında olmağınız mənə sanki güc və qüvvət verdi, özümə olan inamımı artırdı. Mən yalnız qələbə haqqında fikirləşirdim. Qalib gəlmək mənim borcum idi və sevinirəm ki, bu borcumu yerinə yetirdim və bildiyiniz kimi, cənab Prezident, 2008-ci ildə məni ən güclü cüdoçu seçdilər.

Deyirlər, olimpiya çempionu adını qorumaq, onu qazanmaqdan çətindir. Bu adı qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Sizə söz verirəm ki, iki yox, üç dəfə olimpiya çempionu olacağam.

Pekin Olimpiya oyunlarında yunan-Roma, sərbəst güləş və qadın güləşi növləri üzrə ölkəmizi hakim kimi təmsil edən Hicran Şərifov idmançılara və məşqçilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi:

- Möhtərəm cənab Prezident, mən Azərbaycan idmanının bütün qələbələrinin Sizin adınızla bağlı olduğunu bir daha təsdiq edərək Azərbaycanın rifahı, tərəqqisi naminə Sizə işlərinizdə uğurlar, cansağlığı arzulayıram.

Bakı Olimpiya Kompleksinin direktoru, Milli Məclisin deputatı Eyvaz Qurbanov da çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkədə olimpiya hərəkatının və idmanın dinamik inkişafının təmin olunduğunu bildirdi. O, daha sonra dedi:

- Ölkəmizdə bu gün 19 olimpiya kompleksi fəaliyyət göstərir. Bilirsiniz ki, bütün işlərin başlanğıcı bir az çətin olur. İlk olimpiya kompleksi Bakıda tikilərkən cənab Prezident bu işlə çox ciddi maraqlanırdı, tez-tez gəlirdi, görüşürdü, öz tövsiyələrini verirdi. Ancaq bu gün deməliyəm ki, Azərbaycanın ən ucqar regionlarında tikilən olimpiya kompleksləri Bakı Olimpiya Kompleksindən, sözün əsl mənasında, çox-çox geniş, çox-çox imkanlı və texniki cəhətdən təchiz olunmuş komplekslərdir. Şübhəsiz ki, bu, ölkə Prezidentinin və Milli Olimpiya Komitəsinin prezidentinin Azərbaycan idmanına, idmançılarına, ümumiyyətlə, bölgələrin sosial inkişafına olan qayğısının ən gözəl təzahürüdür.

Sonra MOK-un İcraiyyə Komitəsinin üzvü Zərifə Salahova çıxış edərək dedi:

- Cənab Prezident, qardaşım Tahir Salahovun yubileyi ilə əlaqədar ona göstərdiyiniz diqqətə görə ailəmizin üzvləri adından şəxsən Sizə təşəkkür etmək istəyirəm. Ona "Heydər Əliyev" ordeni kimi yüksək mükafat verilməsinə görə Sizə xüsusi təşəkkür etmək istəyirəm. Srağagün Tahir Berlindən 60 kilometr aralıda yerləşən reabilitasiya mərkəzinə köçürülmüşdür. Ayın 25-də mən onunla danışmışdım, mənim oğlum oradan gəlmişdir. Tahir məndən bir daha xahiş etmişdir ki, bizim hamımızın adından Sizə səmimi minnətdarlığımızı bildirim.

Hörmətli İlham Heydər oğlu, Siz bu vəzifəyə 1997-ci il avqust ayında seçilmişdiniz, sentyabr ayında isə İcraiyyə Komitəsinin ilk iclasını keçirdiniz. İş elə gətirib ki, İcraiyyə Komitəsinin hər il keçirilən yekun iclasında mən Sizə gül bağışlayırdım, sonrakı illərdə, Mehriban xanım İcraiyyə Komitəsinin üzvü seçiləndən bəri Sizə miniatür kitablar bağışlamışam. Bu ənənələr davam edir. Düzdür, bu gün mən buraya gülsüz gəlmişəm, ancaq, Mehriban xanım, Sizə bu Quranı təqdim etmək istəyirəm. Onun 160 yaşı var. Bu Quranı Miniatür Kitab Muzeyinə yaşlı bir qadın gətirmişdir. O, Quranın orada olmasını arzu etdiyini bildirdi. Lakin muzeydə mənim XVII əsrdə yazılmış iki Quranım var.

Bilirsinizmi, mən kitab kolleksiyası yığmağa başlayanda təsadüfən elə oldu ki, bu kitablar hamısı miniatür nəşrlər idi. Moskvada belə bir kitab görəndə məndə də bir növ "xəstəlik" yarandı. Balaca Heydərə sertifikatlı metal pul kolleksiyasını bağışlamaq istəyirəm. Ola bilsin, bu da onda kolleksiyaçılığa həvəs oyadar.

Hörmətli İlham Heydər oğlu, burada çoxları çıxış etdi, mən də demək istəyirəm ki, sovet hakimiyyətinin mövcud olduğu 70 ildə Azərbaycanda idman üçün Sizin bu 10 ildə gördüyünüz işlərin heç bir faizi də görülməmişdi. Biz hamımız Sizə minnətdarıq ki, Azərbaycan Respublikasının Prezidenti kimi yüksək vəzifəyə seçiləndən sonra Siz bütün başqa yüksək vəzifələrdən, hətta Avropa Şurasındakı vəzifənizdən də imtina etdiniz, lakin Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində qaldınız. Allah Sizə cansağlığı versin və Siz uzun illər boyu Azərbaycana rəhbərlik edəsiniz və bizimlə birlikdə olasınız.

Baş Məclisin üzvləri MOK-un dördillik fəaliyyətini qənaətbəxş hesab etdilər.

Sonra təşkilati məsələlərə baxıldı. Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə yenidən 8 il müddətinə Milli Olimpiya Komitəsinin prezidenti seçildi.

MOK-un Nizamnaməsinə əsasən, yeni 17 nəfərdən ibarət İcraiyyə Komitəsi seçildi. "Neftçi" İdman Cəmiyyətinin sədri Sadıx Sadıxov MOK-un İcraiyyə Komitəsinə yeni üzv seçildi. 5 nəfərdən ibarət Təftiş Komissiyasının tərkibi də təsdiqləndi.

* * *

Sonra 2008-ci ilin yekunlarına görə idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin son olimpiya oyunlarında uğur qazanan idmançılar üçün təsis etdiyi qızıl nişanı Elnur Məmmədliyə, gümüş nişanı Rövşən Bayramova və Vitali Rəhimova, bürünc nişanı isə Şahin İmranova və Mövlud Mirəliyevə təqdim etdi.

Dövlətimizin başçısı Azərbaycanın bütün olimpiya çempionlarına - Rəfiqə Şabanovaya, Lyudmila Şubinaya, Nazim Hüseynova, Zemfira Meftahəddinovaya, Namiq Abdullayevə, Fərid Mansurova və Elnur Məmmədliyə MOK-un "Olimpiya" ordenlərini təqdim etdi.

Sonra "Azərbaycan idmanının inkişafında xüsusi xidmətlərinə görə İlham Əjdər oğlu Zəkiyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının mətni oxundu. Dövlətimizin başçısı "Şöhrət" ordenini və yeni mənzilin orderini İlham Zəkiyevə təqdim etdi.

Paralimpiya oyunlarının çempionu Oluxan Hüseynova və digər 21 idmançıya, məşqçi və idman ictimaiyyətinin nümayəndəsinə yeni mənzillərin orderləri təqdim olundu.

Azərbaycan Prezidenti, MOK-un prezidenti İlham Əliyev onları təbrik edərək dedi:

- Əziz dostlar, bununla da bizim iclasımız başa çatır. İlk növbədə, mənə yenidən etimad göstərdiyinizə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin edirəm ki, bundan sonra da mən bu yüksək vəzifədə Azərbaycanda idmanı və olimpiya hərəkatının inkişafında öz xidmətlərimi göstərəcəyəm.

Sizi bütün mükafatlara görə təbrik edirəm. Sizə yeni ildə cansağlığı, uğurlar arzulayıram. Sizi və bütün Azərbaycan xalqını, xüsusən dünya azərbaycanlılarını Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Sizə yeni-yeni uğurlar arzulayıram.

Sonra MOK-un yeni tərkibdə İcraiyyə Komitəsinin iclası keçirildi.

Mərkəzi Ordu İdman klubunun rəisi, MOK-un İcraiyyə Komitəsinin üzvü Natiq Əliyev Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edərək dedi ki, cənab Prezident, Sizin tövsiyənizlə hərbçilər arasında boks üzrə 52-ci dünya çempionatı Bakı şəhərində çox yüksək səviyyədə keçirildi. Sizin tapşırığınız ən yüksək səviyyədə yerinə yetirildi. Sizə çempionatın Təşkilat Komitəsinin və İdman Şurasının adından bu xatirə hədiyyəsini təqdim edirəm.

Dövlətimizin başçısı, MOK-un prezidenti İlham Əliyev İcraiyyə Komitəsinin iclasını açaraq dedi:

- Biz İcraiyyə Komitəsinin yığıncağında Milli Olimpiya Komitəsinin baş katibini və vitse-prezidentlərini seçməliyik. Bütövlükdə, bu fikirlər bu gün də səsləndi ki, son dörd il ərzində Milli Olimpiya Komitəsi uğurla fəaliyyət göstərmişdir. Bu fəaliyyət nəticəsində çoxlu nailiyyətlər əldə edilmişdir. Bunlar haqqında bu gün danışıldı, təkrarlamaq istəmirəm. Ona görə bütün bu müsbət nəticələri nəzərə alaraq, hesab edirəm ki, biz Milli Olimpiya Komitəsinin rəhbərliyində sınanmış adamlara öz etimadımızı bir daha göstərməliyik. Onların fəaliyyəti çox uğurlu olmuşdur, hərə öz yerində idmanın inkişafında çox böyük işlər görmüşdür.

Beləliklə, mənim təklifim bundan ibarətdir ki, Milli Olimpiya Komitəsinin baş katibi vəzifəsinə Ağacan Əbiyev, vitse-prezidentlər vəzifəsinə Azad Rəhimov, Çingiz Hüseynzadə və Xəzər İsayev seçilsinlər. Sizə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram və İcraiyyə Komitəsinin bütün üzvlərinə Yeni ildə cansağlığı, yeni nailiyyətlər arzulamaq istəyirəm.

İcraiyyə Komitəsinin çox mühüm funksiyaları var. Komitənin üzvləri həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlərdə iştirak edirlər. Bir daha demək istəyirəm ki, bu gün seçdiyimiz tərkib qarşıda duran vəzifələrin həlli üçün bütün imkanlardan istifadə edir. Növbəti dörd il ərzində, - mən bu gün artıq bunu qeyd etdim, - biz gərək bütün müsbət dinamikanı saxlayaq. Azərbaycanda müxtəlif beynəlxalq yarışların keçirilməsi üçün əlavə təşəbbüslər göstərilməlidir. Baxmalıyıq ki, hansı beynəlxalq tədbirləri Azərbaycanda keçirək. Onların bəziləri regionlarda keçirilə bilər. İndi bunun üçün bütün imkanlar var. Yeni müasir idman kompleksləri bizim üçün belə şəraiti yaradır.

Əlbəttə, idmançılarımızın təlim-məşq toplanışları lazımi səviyyədə keçirilməlidir. Keçən müddət ərzində bu sahədə heç bir problem, çətinlik olmamışdır. Nazirliyin büdcəsi kifayət qədər böyükdür, ildən-ilə artırılır. Gələn il daha da artırılmalıdır. Biz bu vəsaitdən həm yeni olimpiya komplekslərinin tikintisinə istifadə edəcəyik və həm də idmançıların lazım olan bütün beynəlxalq yarışlarda iştirakını təmin edəcəyik.

Təlim-məşq toplanışları üçün indi ölkədə yeni imkanlar var. Bir daha demək istəyirəm ki, onların bir neçəsini bölgələrdə keçirmək olar. Bu, həm idmançılar üçün maraqlı olar, həm də bölgələrdə yaşayan idmançılar da tanınmış idmançılarla ünsiyyətdə ola bilərlər.

Növbəti dördillik fəaliyyət planı hazırlanmalıdır. Biz onu həmişə olduğu kimi, təsdiq edəcəyik. Hər bir federasiya üzrə konkret praktik işlər aparılmalıdır. Mən bunu qeyd etdim, bizim üçün ənənəvi olan idman növlərinin inkişafına, həmişə olduğu kimi, diqqət göstərilməlidir. Çünki bu, bizim əsas bazamızdır. Son Olimpiya oyunlarında cüdo, güləş və boks idman növləri üzrə Azərbaycan 7 medal qazanmışdır. Əlbəttə, çox istəyərdim ki, bu federasiyaların sayı daha da çox olsun. Medal qazanmış idmançıların imkanları onu göstərir ki, işlər lazımi səviyyədə görülübdür. Ancaq o da sirr deyil ki, medalların sayı çox ola bilərdi. Bir neçə idmançı medalın, demək olar ki, bir addımlığında idi. Bəzi hallarda hakimlərin qeyri-ədalətli yanaşması, bəzi hallarda sadəcə olaraq, bəxtin gətirməməsi. İdmanda bu da olur. Ona görə bizim üçün ənənəvi olan idman növlərinə lazımi dəstək göstəriləcəkdir.

Bununla bərabər, mən ümid edirəm ki, bizim idmançılarımız növbəti dörd il ərzində digər idman növlərində Avropa və dünya çempionatlarında medallar qazana bilərlər.

Çalışmalıyıq ki, növbəti tsikl ərzində, xüsusilə London Olimpiya oyunlarına yaxın dövrdə Azərbaycanda müxtəlif lisenziya turnirləri, təsnifat turnirləri keçirək. Artıq bu praktika var, bir neçə idman növü üzrə həm son dövr ərzində, həm də ondan əvvəlki illərdə lisenziya turnirləri keçirilmişdir. Əlbəttə, Azərbaycanda keçirilən bu tədbirlərdə bizim idmançılarımızın şansı daha da yüksəlir. Yenə də qeyd etmək istəyirəm ki, biz bütün bu işləri birlikdə görməliyik, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, İcraiyyə Komitəsinin üzvləri fəal iştirak etməlidirlər. Mən hesab edirəm ki, biz İcraiyyə Komitəsinin üzvlərini bu işlərə - məsələn, Azərbaycanda keçirilən çempionatlara, beynəlxalq tədbirlərə daha geniş şəkildə qoşmalıyıq.

Bizim xarici əlaqələrimiz genişlənir. Yəqin ki, növbəti müddət ərzində daha çox beynəlxalq tədbirlərdə iştirak etməliyik. İndi bizim Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin maddi imkanları da böyük dərəcədə artıbdır. Yəni bizim nümayəndələrimizin istənilən tədbirdə iştirakı təmin oluna bilər. Bu, həm İcraiyyə Komitəsinin üzvləri üçün maraqlı olar, həm də ümumi işimizə töhfə verər. Bir sözlə, artıq bu gün bu barədə geniş danışıldı. Bir də demək istəyirəm ki, son dörd ildə Azərbaycanda idmanın inkişafında, müxtəlif sahələrdə doğrudan da çox böyük nailiyyətlər əldə edilibdir. Bunun bariz nümunəsi qazanılan medallardır.

Bütövlükdə, bu gün məruzələrdə səsləndi, bizim idmançılarımız müxtəlif beynəlxalq yarışlarda hər il yüzlərlə medal qazanırlar. Əlbəttə, olimpiya oyunları bütün beynəlxalq yarışların, çempionatların zirvəsidir. Biz bu zirvəyə qalxmışıq və ildən-ilə, hər olimpiadadan o biri olimpiadaya getdiyimiz yol uğurlu yol olmuşdur. Son Olimpiadadan 7 medal Azərbaycanın xəzinəsindədir və elə etməliyik ki, bu müsbət dinamika gələcəkdə də özünü göstərsin.

Mən, ilk növbədə, sizə son dörd il ərzində gördüyünüz işlərə görə öz təşəkkürümü bildirmək istəyirəm və növbəti müddət ərzində yeni uğurlar arzulayıram. Sağ olun.

 

AzərTAc

 

Azərbaycan.-2008.-27 dekabr.-S.2.