Milli Məclis Konstitusiya islahatları ilə bağlı
referenduma razılıq verdi
Dekabrın 26-da Milli Məclisin
növbəti iclası keçirildi. Parlamentin Sədri Oqtay Əsədov
gündəliyə təklif olunan məsələlər barədə
məlumat verdikdən sonra müzakirələr
başlandı.
Milli Məclisin deputatları
cari məsələlərlə bağlı fikirlərini
bildirdikdən sonra "Azərbaycan Respublikasının
Konstitusiyasında əlavələr və dəyişikliklər
edilməsi haqqında" Referendum Aktı layihəsi
müzakirəyə çıxarıldı. Xatırladaq ki,
parlament qanun layihəsini Konstitusiya Məhkəməsinə rəyə
göndərmiş və məsələ ilə bağlı
Konstitusiya Məhkəməsinin plenumu müvafiq qərar qəbul
etmişdir. Qərarda qeyd olunur ki, Referendum Aktı layihəsində
göstərilən təkliflər xalq hakimiyyəti və
dövlətin əsaslarına dair Konstitusiyanın ümumi
müddəaları ilə ziddiyyət
yaratmadığından və 155-ci maddəsinin tələblərinə
uyğun olduğundan ümumxalq səsverməsinə -
referenduma çıxarıla bilər.
Deputat Nizami Xudiyev Referendum
Aktı layihəsinin xalqın mütləq əksəriyyəti
tərəfindən müsbət qarşılandığını
bildirdi. Deputat qeyd etdi ki, bütövlükdə
Konstitusiyanın 29 maddəsinə 41 dəyişiklik təklif
olunub. 32-ci maddəyə edilən əlavəyə əsasən,
qanunla müəyyən olunmuş hallar istisna olmaqla, heç
kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə,
video və ya foto çəkilişinə, səs
yazısına və digər bu cür hərəkətlərə
məruz qoyula bilməz. Layihədə, həmçinin Milli
Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatı
sözünün isə Prezident Administrasiyası sözü
ilə əvəzlənməsi təqdir edilə bilər.
Konstitusiyada edilən dəyişikliklər zamanı dünya
təcrübəsinə də istinad edilmişdir. Deputat
bildirdi ki, Prezidentin iki dəfədən artıq seçilməsinə
qoyulan məhdudiyyətin aradan qaldırılması demokratik
prinsiplərə və xalqın maraqlarına tam cavab verir.
Konstitusiyada edilən əlavə
və dəyişikliklərə müsbət münasibət
bildirən deputat Qüdrət Həsənquliyev layihənin cəmiyyət
tərəfindən geniş müzakirə edildiyini bildirdi. Sənəddə
insan hüquq və azadlıqlarının qorunması ilə
bağlı mütərəqqi dəyişikliklər var.
Deputat cəmiyyətdə mülki, siyasi hüquqlarla
bağlı debatların aparılacağını qeyd etdi.
"1995-ci ildə qəbul edilmiş Azərbaycan
Respublikası Konstitusiyasına zamanın tələbinə
uyğun dəyişikliklərin edilməsi zəruri idi" -
deyən deputat Astan Şahverdiyev ölkəmizin sürətli
siyasi, iqtisadi inkişafına adekvat olaraq belə bir mütərəqqi
dəyişikliklərin edildiyini bildirdi. Layihənin 50-ci maddəsinə
edilən əlavəyə görə, hər kəsin
hüquqlarını pozan və ya mənafelərinə xələl
gətirən, kütləvi informasiya vasitələrində dərc
edilən məlumatı təkzib etmək və ya ona cavab verməmək
hüququna təminat verilir. Bu, çox müsbət məqamdır.
Deputat Yevda Abramov Konstitusiyada
edilən əlavə və dəyişikliklərin cəmiyyətin
sosial sifarişi olduğunu bildirdi. Bəzi müxalif dairələrin
Prezidentin iki dəfədən artıq seçilməsinə
qoyulan məhdudiyyətin aradan qaldırılmasına mənfi
münasibətini düzgün saymayan deputat qeyd etdi ki,
xalqın inamını doğruldan Prezidentin növbəti dəfə
seçilməsinə qadağa qoyulmasının özü
antidemokratik addımdır. Xalqın iradəsinin əleyhinə
heç bir addım atılmamalıdır. 48-ci maddəyə
edilən əlavəyə əsasən, heç kəs
öz dini etiqadını və əqidəsini ifadə etməyə,
dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə
iştirak etməyə məcbur edilə bilməz.
Deputat layihədə Milli
Bankın Mərkəzi Bankla əvəzlənməsindən
sonra vaxtilə dövriyyəyə buraxılmış pul
kütləsinin üzərində hər hansı dəyişikliklərin
aparılacağı məsələsi ilə maraqlandı.
Konstitusiyada edilən əlavə və dəyişikliklərin
xalq tərəfindən yüksək
qarşılanacağını deyən deputat Zahid Oruc bir
sıra maddələrdə edilən dəyişikliklərə
də münasibətini açıqladı. Bildirdi ki, 88-ci
maddəyə edilən əlavəyə görə, Milli Məclisin
83 deputatının tələb və ya Prezidentin təklifi ilə
Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının
qapalı iclası keçirilə bilər. Bununla
yanaşı, parlamentdə bələdiyyələrin
hesabatlarının dinlənilməsi məsələsinin də
layihədə əks olunması müsbət haldır.
Müharibə şəraitində hərbi əməliyyatların
aparılması zamanı prezident seçkiləri keçirmək
mümkün olmadıqda ölkə
başçısının səlahiyyət müddəti hərbi
əməliyyatların sonunadək uzadılır. Bu məqamın
da layihədə əks olunması müsbət qiymətləndirilə
bilər.
Qanun layihəsində
göstərilən təkliflərin Konstitusiyanın 155-ci
maddəsinin tələblərinə uyğun olduğunu deyən
deputat Gülhüseyn Əhmədov bir sıra dəyişikliklərə
də münasibət bildirdi. Qanunla müəyyən
edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında
toplanmış məlumatlarla
Deputat Əli Əhmədov
parlamentin əlamətdar tarixi günlərdən birini
yaşadığını bildirdi. Deputat qeyd etdi ki, Referendum
Aktı layihəsində göstərilən təkliflər
Konstitusiya əsaslarının möhkəmləndirilməsi,
insan hüquq və azadlıqlarının qorunması
baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu dəyişikliklərdən on yeddisi maddələrə
yeni hissələrin və ya bəndlərin əlavə edilməsi,
yeddisi maddələrdə sözlərin əvəz edilməsi,
yeddisi maddələrə yeni sözün və ya sözlərin
əlavə olunması, altısı maddələrə yeni
cümlələrin əlavə olunması, ikisi maddənin
yeni redaksiyada verilməsi, biri maddənin adının dəyişdirilməsi,
daha biri isə maddədən sözün
çıxarılması ilə bağlıdır. Əli Əhmədovun
fikrincə, layihədə prezidentin iki dəfədən
artıq seçilməsinə qoyulan məhdudiyyətin aradan
qaldırılması mütərəqqi addımdır. Bir
şəxsin iki müddətdən artıq Prezident
seçilməsinə məhdudiyyətin qoyulması bir yandan
vətəndaşın seçilmək hüququnu, digər
yandan xalqın seçmək hüququnu məhdudlaşdırır.
Belə məhdudiyyətin tətbiqi xalqın öz iradəsini
tam şəkildə ifadə etməyə imkan vermir. Məhdudiyyətin
olduğu şəraitdə xalqın, həqiqi mənada,
Prezident görmək istədiyi şəxsə səs vermək
imkanı olmadığından başqa bir şəxsin -
xalqın dövlət başçısı kimi görmək
istəmədiyi şəxsin Prezident seçilmək
imkanı yaranır. Bu da xalqın və ölkənin gələcəyinin
taleyin hökmünə buraxılması demək olardı. Əli
Əhmədov Azərbaycan vətəndaşlarının
ölkədə keçiriləcək Referendumda Konstitusiyaya
edilən dəyişiklikləri dəstəkləyəcəklərinə
əmin olduğunu bildirdi.
Deputat Əhməd Vəliyev
Konstitusiyada edilən dəyişiklikləri müsbət qiymətləndirdi.
Referendum Aktının layihəsində göstərilən təkliflərin
hüquqi nöqteyi-nəzərdən Konstitusiyanın bir
çox normalarını təkmilləşdirməyə xidmət
etdiyini bildirdi. Bələdiyyələrin Milli Məclis
qarşısında hesabat verməsini, Prezidentin iki dəfədən
artıq seçilməsinə məhdudiyyətin aradan
qaldırılmasını demokratik prinsiplərə uyğun
olduğunu qeyd etdi. Deputat Fəzail İbrahimli də Referendum
Aktı layihəsini dəstəklədiyini və 29 maddədə
edilən dəyişikliklərin mütərəqqi xarakter
daşıdığını söylədi.
Konstitusiyaya əlavələr
və dəyişikliklər edilməsinə dair referendumun
keçirilməsi haqqında Milli Məclisin qərarının
layihəsi parlamentin günortadan sonra keçirilən
iclasında da müzakirə olundu. Milli Məclisin Sosial siyasət
daimi komissiyasının sədri Hadi Rəcəbli bildirdi ki,
ölkəmizin reallıqları baxımından Konstisusiya
islahatlarının həyata keçirilməsi zərurətdir.
Hadi Rəcəblinin sözlərinə görə,
1992-2006-cı illərdə dünyanın 36 ölkəsində
Konstitusiyaya dəyişikliklər edilib. Bu onu göstərir
ki, Konstitusiya mütəhərrik olmalıdır. Komissiya sədri
onu da bildirdi ki, Konstitusiyaya təklif olunan əlavələrin
və dəyişikliklərin böyük əksəriyyəti
sosial xarakter daşıyır, insan hüquqlarının təminatına
xidmət edir. Hadi Rəcəbli 101-ci maddənin 5-ci hissəsinə
təklif olunan dəyişikliklə bağlı bildirdi ki,
bununla əslində xalqın hüququ özünə verilir.
Bu, xalqın istəyidir və cəmiyyətimiz bu dəyişikliklərə
hazırdır.
Konstitusiyanın ictimai
münasibətləri tənzimləyən ana qanun olduğunu
deyən deputat Rafael Cəbrayılovun sözlərinə
görə, zaman keçdikcə, cəmiyyət inkişaf
etdikcə, Konstitusiya ictimai münasibətləri dolğun
şəkildə tənzimləyə bilmir. Hazırda
Konstitusiyaya təklif olunan əlavələr və dəyişikliklər
həm hüquqi, həm də cəmiyyətimizin daha da
demokratikləşməsi baxımından mühüm
addımdır.
Konstitusiyaya nəzərdə
tutulan əlavələrin və dəyişikliklərin məqsədi
dövlətimizin siyasi sabitliyinin və milli təhlükəsizliyinin
daha da möhkəmləndirilməsi, demokratiyanın davamlı
inkişafının təmin edilməsidir. Bunu deyən Milli Məclisin
İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət
Aslanovanın sözlərinə görə,
yaşadığımız XXI əsr bu dəyişiklikləri
zəruri edir. Konstitusiyaya dəyişikliklərlə
bağlı beynəlxalq təcrübədən misallar gətirən
Rəbiyyət Aslanova dedi ki, ABŞ Konstitusiyasına indiyədək
edilən 27 dəyişikliyin 17-si son 30 ildə olmuşdur.
Komissiya sədri onu da bildirdi ki, Konstitusiyaya əlavə və
dəyişikliklərə ciddi və hörmətlə
yanaşmaq lazımdır. Çünki hər bir əlavə
və dəyişiklik dövlətimizin və
xalqımızın gələcəyinə yönəlib.
Deputat Siyavuş Novruzov isə
bildirdi ki, müxalifətçi deputatların bu məsələyə
dair fikirləri demaqogiyadan başqa bir şey deyil. 101-ci maddə
ilə bağlı münasibətini ifadə edən
Siyavuş Novruzovun sözlərinə görə, xalqın
demokratik şəkildə öz seçimini etməsinin
qarşısına sipər çəkmək olmaz. Siyavuş
Novruzov Konstitusiya islahatına qarşı çıxan
müxalifətin özünün müxtəlif bəhanələrlə
seçkidən qaçdığını, seçki
kampaniyası aparmaq üçün intellektual bazasının
olmadığını, hətta 40 min seçici imzası belə
toplamağa gücünün çatmadığını
bildirdi.
Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu məsələləri daimi
komissiyasının sədri Əli Hüseynov dedi ki, 1995-ci ildə
ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə
Konstitusiya layihəsi hazırlanarkən, o cümlədən
Konstitusiyaya 2002-ci ildə dəyişikliklər edilərkən
müxalifət onu tənqid etməyə cəhd göstərib.
Amma Azərbaycan müxalifəti heç vaxt indi olduğu kimi
zəif çıxış etməmişdi. Əli
Hüseynovun sözlərinə görə, heç kim Konstitusiyanın
101-ci maddəsinin 5-ci hissəsinin qeyri-demokratik olduğunu
demir. Amma indi təklif olunan variant günün tələbləri
baxımından daha demokratikdir.
Milli Məclisin Sədri Oqtay
Əsədov məsələnin yetərincə müzakirə
edildiyini bildirdi. "Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsinə dair referendumun keçirilməsi
haqqında" Azərbaycan Respublikası Milli Məclisi qərarının
layihəsi səsə qoyuldu və təsdiq olundu.
Milli Məclisin İqtisadi
siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadənin
təqdimatından sonra deputatlar "Azərbaycan
Respublikası Hesablama Palatasının auditorlarının təyin
edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin
qərar layihəsinə müsbət münasibət bildirdilər.
Sonra "Azərbaycan
Respublikası Milli Məclisinin Fəxri medalının Əsasnaməsinin
və təsvirinin təsdiq edilməsi haqqında" Milli Məclisin
qərar layihəsi müzakirəyə
çıxarıldı. Azərbaycan Respublikası Milli Məclisinin
Fəxri medalı Azərbaycan vətəndaşlarına, əcnəbi
vətəndaşlara və vətəndaşlığı
olmayan şəxslərə parlamentarizmin inkişafında
xidmətlərinə, parlamentlərarası əlaqələrin
möhkəmləndirilməsində, Milli Məclisdə
uzunmüddətli vicdanlı fəaliyyətinə və qanun
layihələrinin hazırlanmasında xüsusi əməyinə
görə veriləcək. Qısa müzakirədən sonra
qərar layihəsi təsdiq olundu.
Parlamentin dünənki
iclasında son olaraq "Təhsil haqqında" qanun layihəsi
ikinci oxunuşda müzakirə edildi. Layihə ilə
bağlı Milli Məclisin Elm və təhsil məsələləri
daimi komissiyasının sədri Şəmsəddin Hacıyev
ətraflı məlumat verdi. Onun sözlərinə görə,
qanun layihəsinin Milli Məclisdə birinci oxunuşda
müzakirəsindən ötən bir il ərzində ölkəmizin
ictimai-siyasi həyatında olduğu kimi, təhsil
sferasında da mühüm keyfiyyət dəyişiklikləri
baş verib. Bu müddətdə Prezident İlham Əliyev təhsilin
inkişafı ilə bağlı iki mühüm sərəncam
imzalayıb.
Bu sərəncamlardan irəli
gələn məsələlər "Təhsil
haqqında" qanun layihəsində olan boşluqların
aradan qaldırılmasında mühüm rol oynayıb. Layihənin
birinci oxunuşda müzakirəsi zamanı 40-dan çox deputat
təklif və iradlarla çıxış etmişdilər,
eyni zamanda bu müddətdə layihə ilə bağlı
komissiyaya 200-dən artıq təklif, tövsiyə və irad
daxil olub.
İşçi qrup onlara
baxaraq bir çoxunu nəzərə alıb. Üç maddə
layihədən tamamilə çıxarılıb. Elm və
təhsil məsələləri daimi komissiyasının bir
neçə gün bundan əvvəl keçirilən
iclasında da səslənən təkliflərin bir qismi nəzərə
alınıb. Hazırda müzakirəyə təqdim olunan
qanun layihəsi ölkəmizin milli maraqlarına tam cavab verir.
Bu qanun vətəndaşların Azərbaycan Konstitusiyasında
təsbit olunmuş təhsil hüquqlarının təmin
edilməsi sahəsində dövlət siyasətinin əsas
prinsiplərini müəyyən edəcək, təhsilin
ayrı-ayrı pillələri üçün müvafiq
qanunlar və digər qanunvericilik aktlarının qəbul
edilməsində baza rolunu oynayacaqdır. Layihədə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq və dövlətlərarası müqavilələrdən
irəli gələn məsələlər də öz əksini
tapıb.
Komissiya sədri müzakirələr
zamanı mübahisə obyekti olan məsələlər barədə
də ətraflı məlumat verdi. Layihəyə əsasən,
Azərbaycanda ümumi orta məktəb təhsili
üçpilləlidir: ibtidai təhsil, ümumi orta təhsil
və tam orta təhsil. Orta məktəbdə icbari təhsil
11 ildən 9 ilə endirilir. Tam orta təhsilin isə təmayülləşdirilməsi
nəzərdə tutulur. Layihəyə əsasən, ali təhsil
sistemi də üç tsikldən ibarətdir: bakalavriat,
magistratura və doktorantura. Ali təhsilin hər bir tsikli tam təhsil
sayılacaq. Layihədə aspirantura sözü işlədilmir,
tələbə qəbulu zamanı test sistemi
saxlanılır. Şəmsəddin Hacıyev təhsilin
maliyyələşdirilməsi və idarə edilməsi ilə
bağlı məsələlərə də aydınlıq
gətirdi.
Qanun layihəsinin müzakirəsi
zamanı deputat Mübariz Qurbanlı bildirdi ki, ölkəmiz
bütün sahələrdə olduğu kimi, təhsil sahəsində
Cənubi Qafqazda liderdir. Layihənin dil baxımından saf
olmasının vacibliyini diqqətə çatdıran
Mübariz Qurbanlı bir sıra terminlərin Azərbaycan dilinə
uyğunlaşmasını təklif etdi, eyni zamanda test
sisteminin saxlanılmasını müsbət dəyərləndirdi.
Onun sözlərinə görə, layihə ikinci oxunuşun
tələblərinə tam cavab verir. Deputatlardan Fazil
Mustafayev, İqbal Ağazadə, Pənah Hüseyn və Qənirə
Paşayeva da qanun layihəsi ilə bağlı fikirlərini
bildirdilər.
İclasda iştirak edən
təhsil naziri Misir Mərdanovun sözlərinə görə,
"Təhsil haqqında" qanun layihəsinin ikinci
oxunuşda parlamentin müzakirəyə
çıxarılması böyük əhəmiyyətə
malikdir. Bu gün Azərbaycanda təhsillə bağlı yeni
qanunun qəbulu günün tələbidir. Bu qanun qəbul
olunduqdan sonra təhsilin ayrı-ayrı pillələri üzrə
qanunlar qəbul ediləcək. Təhsil naziri məktəbəqədər
təhsilin icbari və orta məktəb təhsilinin
üçpilləli olmasının, eyni zamanda orta icbari təhsilin
11 ildən 9 ilə endirilməsinin çox mühüm məsələlər
olduğunu dedi. Misir Mərdanov onu da bildirdi ki, bu gün Azərbaycanda
orta təhsil ödənişsizdir və layihəyə əsasən,
icbari təhsilin 11 ildən 9 ilə endirilməsinə
baxmayaraq, gələcəkdə də tam orta təhsil ödənişsiz
olacaq.
Qanun layihəsinin müzakirəsi
Milli Məclisin növbəti iclasında davam etdiriləcək.
Azərbaycan.-2008.-27
dekabr.-S.3-4.