Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr
və dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Referendum Aktı
1. 12-ci maddənin I hissəsinə
"azadlıqlarının" sözündən sonra ",
Azərbaycan Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin" sözləri əlavə
edilsin.
2. 15-ci maddənin II hissəsinə
"əsasında" sözündən sonra "sosial
yönümlü" sözləri əlavə edilsin.
3. 17-ci maddə "Ailə,
uşaqlar və dövlət" adlandırılsın, maddəyə
aşağıdakı məzmunda III, IV, V və VI hissələr
əlavə edilsin:
"III. Valideynləri və
ya qəyyumları olmayan, valideyn qayğısından məhrum
olan uşaqlar dövlətin himayəsindədirlər.
IV. Uşaqları
onların həyatına, sağlamlığına və ya mənəviyyatına
təhlükə törədə bilən fəaliyyətə
cəlb etmək qadağandır.
V. 15 yaşına
çatmamış uşaqlar işə götürülə
bilməzlər.
VI. Uşaq
hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarət edir.".
4. 18-ci maddənin II hissəsində
"dinlərin" sözündən sonra "(dini cərəyanların)"
sözləri əlavə edilsin.
5. 19-cu maddənin II hissəsində
"Milli" sözü "Mərkəzi" sözü
ilə əvəz edilsin.
6. 25-ci maddəyə
aşağıdakı məzmunda IV və V hissələr əlavə
edilsin:
"IV. Heç kəsə
bu maddənin III hissəsində göstərilən əsaslara
görə zərər vurula bilməz, güzəştlər
və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin
və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
V. Hüquq və vəzifələrlə
bağlı qərarlar qəbul edən dövlət
orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin
daşıyıcıları ilə münasibətlərdə
hər kəsin bərabər hüquqları təmin
edilir.".
7. 29-cu maddənin IV hissəsindən
"və ya ictimai ehtiyaclar" sözləri
çıxarılsın.
8. 32-ci maddədə:
II hissənin ikinci
cümləsində "şəxsi həyata" sözləri
"şəxsi və ailə həyatına" sözləri
ilə əvəz edilsin və həmin hissəyə
aşağıdakı məzmunda cümlə əlavə
edilsin:
"Hər kəsin
şəxsi və ailə həyatına qanunsuz müdaxilədən
müdafiə hüququ vardır.";
III hissəyə
aşağıdakı məzmunda cümlə əlavə
edilsin:
"Qanunla müəyyən
edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri
olmadan və ya etirazına baxmadan izlənilə bilməz,
video və foto çəkilişinə, səs
yazısına və digər bu cür hərəkətlərə
məruz qoyula bilməz.";
aşağıdakı
məzmunda V hissə əlavə edilsin:
"V. Qanunla müəyyən
edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında
toplanmış məlumatlarla tanış ola bilər. Hər
kəsin onun barəsində toplanmış və həqiqətə
uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri
pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini
və ya çıxarılmasını (ləğv edilməsini)
tələb etmək hüququ vardır.".
9. 39-cu maddəyə
aşağıdakı məzmunda III və IV hissələr əlavə
edilsin:
"III. Heç kəs
ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən
edilmiş hədlərdən artıq təhlükə
törədə və ya zərər vura bilməz.
IV. Dövlət ekoloji
tarazlığın saxlanılmasına, yabanı bitkilərin
və vəhşi heyvanların qanunla müəyyən
edilmiş növlərinin qorunmasına təminat verir.".
10. 48-ci maddəyə
aşağıdakı məzmunda V hissə əlavə
edilsin:
"V. Heç kəs
öz dini etiqadını və əqidəsini ifadə etməyə
(nümayiş etdirməyə), dini mərasimləri yerinə
yetirməyə və ya dini mərasimlərdə iştirak
etməyə məcbur edilə bilməz.".
11. 50-ci maddəyə aşağıdakı
məzmunda III hissə əlavə edilsin:
"III. Hər kəsin
kütləvi informasiya vasitələrində dərc edilən
və onun hüquqlarını pozan və ya mənafelərinə
xələl gətirən məlumatı təkzib etmək və
ya ona cavab vermək hüququna təminat verilir.".
12. 67-ci maddədə:
maddənin adında
"ittiham edilənlərin" sözləri "təqsirləndirilən
şəxslərin" sözləri ilə, maddənin mətnində
"ittiham etdiyi" sözləri "təqsirləndirdiyi"
sözü ilə əvəz edilsin;
maddənin mövcud mətni
I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda
II hissə əlavə edilsin:
"II. Cinayət
törədilməsində təqsirləndirilən hər bir
şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir.".
13. 71-ci maddədə:
II hissəyə
aşağıdakı məzmunda cümlə əlavə
edilsin:
"Hər kəsin
hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda
müəyyən edilmiş əsaslarla, habelə digərlərinin
hüquq və azadlıqları ilə məhdudlaşır.".
aşağıdakı
məzmunda IX və X hissələr əlavə edilsin:
"IX. Hər kəs
qanunla qadağan olunmayan hərəkətləri edə bilər
və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri
etməyə məcbur edilə bilməz.
X. Dövlət
orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən
edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə
bilərlər.".
14. 72-ci maddənin I hissəsinə
aşağıdakı məzmunda cümlə əlavə
edilsin:
"Hər kəsin
üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə
və ya qanunla qoyula bilər.".
15. 75-ci maddənin
mövcud mətni I hissə hesab edilsin, maddəyə
aşağıdakı məzmunda II hissə əlavə
edilsin:
"II. Dövlət rəmzlərinə
hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən
edilmiş məsuliyyətə səbəb olur.".
16. 84-cü maddənin I
hissəsinə aşağıdakı məzmunda cümlə
əlavə edilsin:
"Müharibə
şəraitində hərbi əməliyyatların
aparılması Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərin keçirilməsini mümkün etmədikdə
Azərbaycan Respublikası Milli Məclisinin çağırışının
səlahiyyət müddəti hərbi əməliyyatların
sonunadək uzadılır. Bu barədə qərar seçkilərin
(referendumun) keçirilməsini təmin edən dövlət
orqanının müraciətinə əsasən Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən
qəbul edilir.".
17. 88-ci maddəyə
aşağıdakı məzmunda IV hissə əlavə
edilsin:
"IV. Azərbaycan
Respublikası Milli Məclisinin sessiyalarının iclasları
açıq keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin
83 deputatının tələbi ilə və ya Azərbaycan
Respublikası Prezidentinin təklifi ilə Azərbaycan
Respublikası Milli Məclisinin sessiyasının qapalı
iclası keçirilə bilər.".
18. 92-ci maddədə
"daimi və başqa" sözləri "komitələr
və" sözləri ilə əvəz edilsin.
19. 95-ci maddədə:
I hissənin 4-cü bəndinə
"dövlətlərarası" sözündən sonra
"və Azərbaycan Respublikasının qanunlarından fərqli
qaydalar nəzərdə tutan hökumətlərarası"
sözləri əlavə edilsin;
15-ci bənddə
"Milli" sözü "Mərkəzi" sözü
ilə əvəz edilsin;
aşağıdakı
məzmunda 20-ci bənd əlavə edilsin:
"20) bələdiyyələrin
hesabatlarının dinlənilməsi.".
20. 96-cı maddədə:
I hissəyə "Ali
Məhkəməsinə" sözlərindən sonra "Azərbaycan
Respublikasının seçki hüququ olan 40 min vətəndaşına,"
sözləri, II və IV hissələrinə "Ali Məhkəməsinin"
sözlərindən sonra "Azərbaycan
Respublikasının seçki hüququ olan 40 min vətəndaşının,"
sözləri əlavə edilsin;
III hissədə
"orqanın" sözü "subyektin" sözü ilə
əvəz edilsin;
aşağıdakı
məzmunda VI və VII hissələr əlavə edilsin:
"VI. Azərbaycan
Respublikasının seçki hüququ olan 40 min vətəndaşının
qanunvericilik təşəbbüsü hüququndan istifadə
etməsi qaydası qanunla müəyyən edilir.
VII. Qanun və qərar
layihələri əsaslandırılmalı və onların
qəbul edilməsinin məqsədləri göstərilməlidir.".
21. 101-ci maddənin V
hissəsi aşağıdakı redaksiyada verilsin:
"V. Müharibə
şəraitində hərbi əməliyyatların
aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin
keçirilməsini mümkün etmədikdə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi
əməliyyatların sonunadək uzadılır. Bu barədə
qərar seçkilərin (referendumun) keçirilməsini təmin
edən dövlət orqanının müraciətinə əsasən
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
tərəfindən qəbul edilir.".
22. 108-ci maddənin
mövcud mətni I hissə hesab edilsin, maddəyə
aşağıdakı məzmunda II hissə əlavə
edilsin:
"II. Əvvəllər
Azərbaycan Respublikasının Prezidenti seçilmiş
şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə
müəyyən edilir.".
23. 109-cu maddənin I
hissəsində:
10-cu bənddə
"Milli" sözü "Mərkəzi" sözü
ilə əvəz edilsin, bəndə aşağıdakı
sözlər əlavə edilsin:
"Azərbaycan Respublikası
Mərkəzi Bankı İdarə Heyətinin üzvləri
sırasından Azərbaycan Respublikası Mərkəzi
Bankının sədrini təyin edir;";
13-cü bənddə
"İcra Aparatını" sözləri
"Administrasiyasını" sözü ilə əvəz
edilsin;
17-ci bənddə
"dövlətlərarası beynəlxalq" sözləri
"dövlətlərarası və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə
tutan hökumətlərarası" sözləri ilə əvəz
edilsin.
24. 125-ci maddəyə
aşağıdakı məzmunda VII hissə əlavə
edilsin:
"VII. Məhkəmə
icraatı həqiqətin müəyyən edilməsini təmin
etməlidir.".
25. 129-cu maddənin
mövcud mətni I hissə hesab edilsin, maddəyə
aşağıdakı məzmunda II və III hissələr əlavə
edilsin:
"II. Məhkəmə
qərarının icra olunmaması qanunla müəyyən
edilmiş məsuliyyətə səbəb olur.
III. Məhkəmə qərarı
qanuna və sübutlara əsaslanmalıdır.".
26. 130-cu maddənin IX
hissəsinə aşağıdakı məzmunda cümlə
əlavə edilsin:
"Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarları
dərc edilməlidir.".
27. 131-ci maddəyə
aşağıdakı məzmunda III hissə əlavə
edilsin:
"III. Azərbaycan
Respublikası Ali Məhkəməsinin qərarları dərc
edilməlidir."
28. 146-cı maddənin
mövcud mətni V hissə hesab edilsin, maddəyə
aşağıdakı məzmunda I, II, III və IV hissələr
əlavə edilsin:
"I. Bələdiyyələr
öz səlahiyyətlərini həyata keçirməkdə
müstəqildirlər, bu isə bələdiyyə ərazisində
yaşayan vətəndaşlar qarşısında onların
məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin
seçilməsi, səlahiyyətlərinin
dayandırılması və ya səlahiyyətlərinə
xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl
buraxılması halları və qaydası qanunla müəyyən
edilir.
II. Bələdiyyələrin
öz səlahiyyətlərini müstəqil həyata
keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl
gətirə bilməz.
III. Dövlət bələdiyyələrin
fəaliyyətinə nəzarət edir.
IV. Qanunla müəyyən
edilmiş hallarda və qaydada bələdiyyələr öz
fəaliyyətləri barəsində Azərbaycan
Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.".
29. 149-cu maddəyə
aşağıdakı məzmunda VIII hissə əlavə
edilsin:
"VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc
edilməmiş normativ
hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə
məsuliyyətə cəlb
edilə bilməz.
Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.".
Azərbaycan.-2008.-27 dekabr.-S.3.