İlham Əliyev hər bir vətəndaşın Prezidenti olmağı bacardı

 

 Sürətli sosial-iqtisadi yüksəliş, demokratik inkişaf tarixində mühüm hadisələrlə əlamətdar olan 2008-ci il başa çatmaq üzrədir. Bu il ərzində əldə edilən nailiyyətlər Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının töhfələri olmaqla yanaşı, perspektivdə daha uğurlu və genişmiqyaslı inkişaf təmayülünə də zəmin yaratdı. Cari ilin ən önəmli hadisəsi kimi qəbul edilən prezident seçkiləri isə həm Heydər Əliyev siyasi xəttinin, həm də Prezident İlham Əliyev faktorunun cəmiyyətdə alternativsiz siyasi güc olduğunu növbəti dəfə təsdiqlədi. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HƏSƏNOV da APA-ya müsahibəsində 2008-ci ilin yüksək inkişaf səviyyəsini dövlət başçısının qarşıda duran vəzifələrə praqmatik yanaşmasının, müasirlik, novatorluq, qətiyyətlilik və prinsipiallıq kimi xüsusiyyətlərlə şərtlənən fəaliyyətinin məntiqi nəticəsi kimi səciyyələndirib.

- Artıq başa çatmaqda olan 2008-ci ili dəyərləndirərkən, ilk növbədə, hansı məsələlərə diqqət yetirərdiniz?

- 2008-ci il Azərbaycanın inkişafında əlamətdar hadisələrin, böyük nailiyyətlərin zənginliyi ilə yadda qaldı. Əlbəttə, prezident seçkiləri ilin ən mühüm hadisəsi oldu. Lakin, ilk növbədə, ölkədəki sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirilmiş ardıcıl tədbirləri qeyd etmək istərdim. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, regionların hərtərəfli dirçəldilməsinə yönəldilmiş məqsədyönlü tədbirlərin davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, enerji və ərzaq təhlükəsizliyinin təmin olunması və digər mühüm məsələlər 2008-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətləri olub. Azərbaycan Prezidenti İlham Əliyevin real proqram və layihələrdən ibarət sosial-iqtisadi tərəqqi konsepsiyasının uğurla həyata keçirilməsi ölkəmizin hərtərəfli inkişafını şərtləndirən əsas faktor kimi çıxış edir.

Bu il həm də cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 5 ili tamam oldu. 2003-2008-ci illər Azərbaycanın sürətli sosial-iqtisadi və demokratik inkişafı, cəmiyyətin yeniləşməsi, müasirləşməsi və keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğu dövr kimi yadda qaldı. Prezident müasir dövrdə qloballaşmanın çağırışlarına cavab olaraq ölkənin inkişaf konsepsiyasına yeni yanaşma nümayiş etdirdi, müasir sosial-iqtisadi infrastrukturun formalaşdırılması, demokratik dəyərlərin möhkəmləndirilməsi yolu ilə Azərbaycanın daha yüksək inkişaf mərhələsinə transformasiyasını sürətləndirdi.

Azərbaycanın dinamik, hərtərəfli inkişafı öz-özünə, inert şəkildə baş verən proses kimi qəbul edilməməlidir. Birincisi, ölkənin ümumi inkişaf konsepsiyası, strateji hədəflər müəyyənləşdirilib, ikincisi, hər bir sahə üzrə elmi əsaslara malik proqram və layihələr işlənib hazırlanıb, üçüncüsü, onların həyata keçirilməsinə ciddi nəzarət olunub. Məhz bunun nəticəsidir ki, bütün proqram və layihələr uğurla icra edilib, başa çatdırılıb. Bu illər ərzində diqqətdən kənarda qalan sahə, sosial təbəqə olmayıb. Dövlət başçısı, ümumilikdə, cəmiyyətin rifahına xidmət etməklə, söz verdiyi kimi, hər bir vətəndaşın Prezidenti olmağı bacarıb. 2008-ci ildə müşahidə olunan yüksək inkişaf səviyyəsi dövlət başçısının qarşıda duran vəzifələrə praqmatik yanaşmasının, müasirlik, novatorluq, qətiyyətlilik və prinsipiallıq kimi xüsusiyyətlərlə şərtlənən fəaliyyətinin məntiqi nəticəsidir.

2008-ci ilin iqtisadi yekunlarını daha aydın təsəvvür etmək üçün onları 2003-cü illə müqayisəli şəkildə nəzərdən keçirmək lazımdır. İlk növbədə qeyd edilməlidir ki, 2003-cü ildən sonrakı dövrdə Azərbaycan iqtisadi inkişaf baxımından dünyada analoqu olmayan sıçrayış etdi və təbii olaraq dünya ölkələri arasında lider mövqeyə çıxdı. 2008-ci ilin icmal büdcəsinin 2003-cü illə müqayisədə 10 dəfədən çox artaraq 16 milyard dollara çatdırılması ölkəmizin iqtisadi potensialının artmasının əyani təzahürüdür. Eyni zamanda, 2003-2008-ci illərdə ümumi daxili məhsul və sənaye istehsalı 2,7 dəfə artıb, adambaşına düşən ümumi daxili məhsulun həcmi 5800 dollar təşkil edib. Ölkənin valyuta ehtiyatı 20 milyard dollara çatıb. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətinin artdığını göstərən şərtlərdir.

- 2007-ci ildən başlayan enerji və ərzaq təhlükəsizliyi, habelə dünya iqtisadiyyatında müşahidə olunan dərin böhran Azərbaycan iqtisadiyyatına, əhalinin sosial durumuna necə təsir göstərir?

- 2007-2008-ci illərdə dünyada enerji və ərzaq təhlükəsizliyi məsələləri özünü olduqca kəskin büruzə verdi, həmçinin dünyada iqtisadi tənəzzül hətta inkişaf etmiş ölkələrin iqtisadiyyatını çətin vəziyyətə saldı. Lakin razılaşaq ki, Azərbaycan vətəndaşı bu problemlərin heç birini gündəlik həyatında hiss etmədi. Məsələn, enerji təhlükəsizliyi məsələsi ilə bağlı qeyd etməliyəm ki, hələ bu problem başlamazdan əvvəl Azərbaycanda 700 meqavat gücündə 8 yeni modul tipli elektrik stansiyası tikilib istifadəyə verildi. 2009-cu ilin birinci yarısına qədər isə yeni stansiyaların tikiləcəyi və onların gücünün 1000 meqavat olacağı proqnozlaşdırılır. Beləliklə, 1700 meqavat əlavə güc yaradılması Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm şərtdir. Nəzərə alınmalıdır ki, Azərbaycan vaxtında həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində təkcə özünü deyil, həm də bir sıra region ölkələrini çətin vəziyyətdən sığortalaya bilir.

Eynilə ərzaq təhlükəsizliyi məsələsi kəskinləşdiyi dövrdə xüsusi dövlət proqramı qəbul edildi. "Aqrolizinq"in, aqroservislərin yaradılması, fermerlərə güzəştli şərtlərlə gübrə və yanacağın verilməsi, son beş il ərzində Azərbaycana dövlət xətti ilə 7 min kənd təsərrüfatı texnikası - traktorlar, kombaynlar, digər texnikaların gətirilməsi və icarə əsaslarla fermerlərə paylanması ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün preventiv tədbirlər oldu. Həmçinin anbarlar tikildi, taxıl istehsalı üçün lazım olan əlavə tədbirlər görüldü, habelə fermerlərə xarici ölkələrdən cins mal-qaranın alınması üçün sistemli tədbirlər həyata keçirildi və keçirilir. Bütün bunlar 2008-ci ildə kənd təsərrüfatı istehsalının 8,3 faiz artmasına imkan yaratdı, həmçinin bu il taxıl istehsalı 400 min ton artdı.

Ümumdünya iqtisadi böhranına gəldikdə, hətta inkişaf etmiş ölkələrin iqtisadiyyatında resessiya, staqnasiya kimi meyillər gücləndiyi halda, Azərbaycan iqtisadiyyatında artım tempi düşmədi. Çünki Azərbaycanda həyata keçirilən bütün tədbirlərin real əsasları, ən vacibi isə güclü maliyyə təminatı var. Azərbaycan inkişafın elə bir səviyyəsindədir ki, onun kənardan yardıma ehtiyacı yoxdur və ölkəmiz qarşılaşdığı problemlərin öhdəsindən öz gücü hesabına gəlmək iqtidarındadır.

- Bu il regionların sosial-iqtisadi inkişafı proqramının icra müddəti tamam olur. Proqramda qarşıya qoyulmuş məqsədlərə nail olmaq mümkün olubmu?

- Tamamilə. Həyata keçirilmiş tədbirlərin miqyası, həqiqətən də, heyrətamizdir. Əvvəla, Dövlət Proqramı təsdiq olunduqdan sonra Azərbaycan Prezidenti bütün bölgələrə dəfələrlə səfərlər edib, proqramda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi səviyyəsi ilə tanış olub, yerli hakimiyyət orqanlarının nümayəndələri, vətəndaşlarla görüşüb. Bunun nəticəsi olaraq dövlət başçısı ayrı-ayrı rayonların sosial-iqtisadi inkişafının sürətlənməsinə dair əlavə tədbirlər barədə 15 sərəncam imzalayıb. Həyata keçirilmiş tədbirlər nəticəsində rayonlarda çoxsaylı istehsal müəssisələri, iş yerləri yaradılıb, bölgələrin siması dəyişib, müasirləşib. Son beş il ərzində Azərbaycanda 750 min yeni iş yeri açılıb ki, bunun da 550 mindən çoxu daimidir. Üstəlik, yeni yaradılmış iş yerlərinin böyük əksəriyyəti bölgələrin payına düşür. 1600 yeni məktəb, 200-dən çox müasir standartlara uyğun tibb müəssisəsi tikilib istifadəyə verilib.

Qeyd edək ki, əhalinin kommunal problemlərinin həlli, xüsusilə də bu məsələ ilə bağlı regionlarda yaranmış çətinliklərin aradan qaldırılmasına böyük diqqət göstərilib. Hal-hazırda ölkə əhalisi davamlı elektrik enerjisi, su və qazla təmin edilir. Bu illər ərzində hətta sovet dövründə qazlaşdırılmamış ucqar kəndlər də təbii yanacaqla təmin olunub. Bunun da təbii səbəbləri var. Əgər 2003-cü ildə Azərbaycanda qaz hasilatı 5,5 milyard kubmetr idisə, 2008-ci ildə 26 milyard kubmetr qaz hasil olunub. Nəzərəçarpacaq artım 2008-ci ildə ölkə ərazisinin 84%-nin qazlaşdırılmasını mümkün etdi. Müqayisə üçün söyləyim ki, dünyanı qazla təmin edən Rusiyada bu rəqəm 50%-i keçmir. Son beş il ərzində 14 rayon yenidən qazla tam təchiz olunub. İrəliləyiş təkcə təminat məsələsində deyil, həm də kommunal xidmətlərin haqqının ödənilməsində müşahidə olundu. Yadınızdadırsa, bir neçə il əvvəl kommunal xidmətlərin tarifləri qaldırılanda müxalifət bunun ölkədə "sosial partlayış"la nəticələnəcəyini iddia edirdi. Lakin bu, baş vermədi. Vətəndaşları kommunal xidmətlərlə təmin etmək dövlətin borcudur, lakin vətəndaş da istifadə etdiyi xidmətlərin haqqını ödəməyə borcludur. Üstəlik, həmin dövrdə qiymətlər artırılanda onların dünyada olan səviyyəsi ilə əhalinin real ödəmə qabiliyyəti uzlaşdırılmışdı. Əldə olunmuş əlavə vəsait isə yenə də müxtəlif sosial ödəmələr vasitəsilə əhaliyə qaytarılır.

Artıq Azərbaycan Prezidentinin göstərişi ilə 2009-2013-cü illəri əhatə edəcək yeni proqramın hazırlanmasına başlanıb. Yeni Dövlət Proqramı regionlarda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun, o cümlədən sənaye sahələrinin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni müəssisələrin yaradılması, eləcə də mövcud müəssisələrdə istehsal fəaliyyətinin gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun müasirləşdirilməsi və s. üzrə qarşıdakı illərdə həyata keçiriləcək tədbirləri əhatə edəcək.

- Ötən dövrdə sosial sahədə hansı nəticələr əldə olunub?

- Azərbaycan Prezidenti həyata keçirilən bütün tədbirlərin son məqsədinin ölkə vətəndaşının rifah halının yaxşılaşması olduğunu dəfələrlə vurğulayıb və göründüyü kimi, insan amili dövlət başçısının həyata keçirdiyi siyasətin əsasını təşkil edib. Böyük maliyyə imkanlarının insan kapitalına - təhsilə, səhiyyəyə, infrastruktura, regional inkişafa yönəldilməsi sosial siyasətin vacib elementini təşkil edib. 2003-2008-ci illərdə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya 8 dəfə artıb və hazırda 92 dollar təşkil edir. Orta əməkhaqqı 4 dəfə artaraq 335 dollara çatıb. Artıq 600 min nəfərə ünvanlı sosial yardım verilir. Orta hesabla hər ailəyə 122 dollar düşür. Hələ 2003-cü il prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev bəyan etmişdi ki, Azərbaycanda bir çadır şəhərciyi belə qalmayacaq, qaçqın və məcburi köçkünlər müasir qəsəbələrdə məskunlaşdırılacaqlar. Beləliklə, son beş il ərzində 12 çadır şəhərciyi ləğv edilib, 36 yeni qəsəbə salınıb, orada 47 min məcburi köçkün məskunlaşdırılıb. Bu qəsəbələrdə 34 məktəb, 24 tibb məntəqəsi tikilib. Məhz həyata keçirilmiş kompleks tədbirlərin nəticəsidir ki, 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz olduğu halda, 2008-ci ilin əvvəlində 16 faiz təşkil edib. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, onun əsas məqsədi Azərbaycanda yoxsulluğun tam ləğv edilməsinə nail olmaqdır.

Geridə qalmış illər, xüsusilə də 2008-ci il çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə yadda qaldı. Həm yerli, həm də regional əhəmiyyətli nəqliyyat, kommunikasiya və digər sahələrdə indiyə kimi həlli mümkün olmayan problemlərin aradan qaldırılmasına başlandı. Tarixi əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı Azərbaycan, Türkiyə və Gürcüstan arasında sazişə müvafiq olaraq ötən il dəmir yolunun Gürcüstan, bu ilin iyulunda isə Türkiyə hissəsinin təməlqoyma mərasimi keçirildi. Şərqlə Qərbi birləşdirən bu mühüm nəqliyyat xətti gələcəkdə həm Azərbaycana, həm də region ölkələrinə böyük dividendlər qazandıracaq.

Bakını üç sərhədlə birləşdirən, müasir standartlara uyğun Bakı-Rusiya, Bakı-İran, Bakı-Gürcüstan avtomobil yolları tikilir. Naxçıvan, Gəncə, Zaqatala və Lənkəranda 4 beynəlxalq aeroport istifadəyə verilib. Bakıda çoxsaylı körpü, yeraltı keçid tikilib, bəzilərinin tikintisi davam etdirilir. Böyük ekoloji proqram qəbul olunub, görülən tədbirlər nəticəsində artıq 10 minlərlə vətəndaş təmiz içməli su ilə təmin edilib, hal-hazırda Oğuz-Qəbələ-Bakı su kəməri, Samur-Abşeron su kanalı, Taxtakörpü su anbarı tikilməkdədir.

İnvestisiya siyasətində mühüm dəyişiklik baş verib, Azərbaycanda həyata keçirilən layihələrin ölkənin daxili imkanları hesabına maliyyələşdirilməsinə başlanıb. Həmçinin ilk dəfə olaraq Azərbaycan xarici ölkələrdə aktivlər əldə etməyə başlayıb, bu məqsədlə ARDNŞ Gürcüstanda yanacaqdoldurma məntəqələri açıb, Kulevi limanının modernləşdirilməsini başa çatdırıb, Türkiyənin kimya nəhəngi olan "Petkim" şirkətinin əsas səhmlərini alıb. Ümumilikdə, 2003-2008-ci illərdə Azərbaycan iqtisadiyyatına təxminən 44 milyard dollar investisiya qoyulub.

Azərbaycan elminin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib, dövlət başçısı Azərbaycan elminin inkişafı ilə bağlı xüsusi proqram təsdiq edib. Bu müddət ərzində elm adamlarının sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib, onların maaşları, alimlik dərəcəsinə görə aldıqları vəsait dəfələrlə artırılıb. Hətta tələbələrin təqaüdləri son beş il ərzində 15 dəfə artıb və indi bakalavr pilləsində yaxşı qiymətlərlə oxuyan tələbə ayda 67 dollar təqaüd alır.

Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, mədəni irsinin qorunub saxlanması mühüm əhəmiyyət kəsb edir. Bu günə kimi mədəniyyətlə bağlı məsələlərə 900 milyon dollar vəsait xərclənib, bütün tarixi binalar, muzeylər, teatrlar təmir olunub.

Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, idmanın inkişafına dövlət səviyyəsində diqqət verilir, müasir idman infrastrukturu formalaşır. Həm Bakıda, həm də regionlarda idman meydançaları, kompleksləri tikilir, idmanla məşğul olmaq istəyən gənclər üçün lazımi şərait yaradılır. 2003-2008-ci illərdə 14 olimpiya idman kompleksi tikilib istifadəyə verilib, bütövlükdə onların sayı 19-a çatıb, 17 olimpiya idman kompleksinin tikintisi isə davam edir. Artıq Azərbaycan idmançıları nüfuzlu beynəlxalq turnirlərdə yüksək yerlər tuturlar. 2008-ci ildə Çində keçirilmiş Olimpiadada da Azərbaycan 10 idman növü üzrə 44 idmançı ilə təmsil olunub, 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanılıb.

Göründüyü kimi, 2008-ci il də daxil olmaqla son 5 ildə həyata keçirilmiş tədbirlərin miqyası çox genişdir. Təbii ki, bütün bunların həyata keçirilməsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın uğurlu neft strategiyası mühüm rol oynayıb. Əgər neft hasilatı 2003-cü ildə 15,4 milyon ton idisə, 2008-ci ildə 52 milyon ton təşkil edib. Enerji resurslarının ixracının şaxələndirilməsi uğurla həyata keçirilib, hal-hazırda Azərbaycanın 7 neft-qaz kəməri var. Azərbaycan artıq həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm çəkiyə malik ölkə statusunu qazanıb.

Təsadüfi deyil ki, dünyanın bir çox analitik mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın sosial-iqtisadi inkişafını yüksək qiymətləndirməklə yanaşı, həm də biznes mühitinin liberallaşdırılması, sahibkarlar üçün münasib şərait yaradılmasını xüsusi qeyd ediblər. Misal üçün, Davos İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 66-cı yeri tutub. Dünya Bankı Doing Business proqramının əsas göstəricilərinə görə Azərbaycan dünyanın əksər ölkələrini qabaqlayıb və 33-cü yeri tutub, həmçinin dünyanın bir nömrəli islahatçı ölkəsi elan edilib. Enerji resurslarının ixracından əldə olunmuş gəlirlərlə bağlı şəffaflığın təmin edilməsi BMT tərəfindən qeyd edilib və bu nüfuzlu təşkilat Dövlət Neft Fondunu şəffaflığa görə mükafatla təltif edib.

"Qodman Saks", "Moodys İnvestors Service", "Fitch Ratings", "Standart and Poors" kimi nüfuzlu beynəlxalq reytinq agentliklərinin apardığı metodoloji araşdırmalarda və qiymətləndirmə əmsallarında respublikamız Avropanın inkişaf etmiş dövlətlərinin reytinq göstəricilərinə yaxınlaşıb. Elə bu ayın 16-da "Standart and Poors" reytinq agentliyi ilk dəfə olaraq Azərbaycana "BB+" suveren uzunmüddətli kredit reytinqi verdiyi barədə məlumat yayıb. Reytinq üzrə proqnoz "sabit" olub. Hal-hazırda beynəlxalq maliyyə sisteminin ağır böhran, dünya iqtisadiyyatının dərin tənəzzül keçirməsinə və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, "Standart and Poors" tərəfindən Azərbaycana verilmiş bu qiymət ölkə iqtisadiyyatının böyük imkanlarını və dayanıqlığını nümayiş etdirir. Qeyd etməliyik ki, "Moodys İnvestors Service" beynəlxalq reytinq agentliyi tərəfindən verilən kredit reytinqi "Bal", "Fitch Ratings" beynəlxalq reytinq agentliyi tərəfindən verilən kredit reytinqi isə "BB+" dir.

- 2008-ci ildə ictimai-siyasi prosesləri necə xarakterizə edərdiniz? Hansı hadisələr daha çox yadda qaldı?

- 2008-ci ildə vətəndaş cəmiyyəti quruculuğu prioritet istiqamət olmaqla ictimai-siyasi prosesləri şərtləndirən əsas faktor kimi çıxış edib. Azərbaycan qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, qanunların tətbiqində qarşıya çıxan problemlərin aradan qaldırılması, əsas insan hüquq və azadlıqlarının təminatı, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsi, seçki prosesinin təkmilləşdirilməsi, eyni zamanda ölkədə sabitliyin, vətəndaş həmrəyliyinin gücləndirilməsi və digər məsələlərə xüsusi diqqət ayrılıb.

Mübaliğəsiz, prezident seçkiləri 2008-ci ildə ən mühüm hadisə oldu. Azərbaycan vətəndaşları, seçicilər cənab İlham Əliyevə tam etimadlarını ifadə edərək onun yenidən Prezident seçilməsinə səs verdilər. Əslində, bu təbii idi və hələ seçkilərdən xeyli əvvəl həm ictimaiyyət, həm də ekspertlər hesab edirdilər ki, Azərbaycanda cənab İlham Əliyevə alternativ ola biləcək siyasətçi yoxdur. Bir tərəfdən, İlham Əliyevin bu illər ərzində həyata keçirdiyi siyasət, gördüyü işlər, Azərbaycanın bugünkü müasir mənzərəsi, mövcud reallıqlar, digər tərəfdən isə, dövlət başçısının şəxsi xüsusiyyətləri, müasir idarəçilik üslubu, peşəkar keyfiyyətləri onun opponentlərinə heç bir şans qoymadı.

2008-ci il prezident seçkilərini şərtləndirən mühüm bir məsələ seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və bunun bütün dairələr tərəfindən etiraf edilməsi oldu. Məlum olduğu kimi, seçkilər ərəfəsində Azərbaycanın seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində Avropa Şurası Venesiya Komissiyası ilə birgə iş aparıldı. İrəli sürülmüş təkliflərin böyük əksəriyyəti nəzərə alındı və sonda qəbul olunmuş əlavə və dəyişikliklər Seçki Məcəlləsini daha da təkmilləşdirdi. Həmin ərəfədə qəbul olunmuş "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun vətəndaşların toplaşmaq hüququnu daha da genişləndirdi. Mərkəzi Seçki Komissiyası seçkilərin qanuna uyğun təşkili ilə bağlı genişmiqyaslı tədbirlər gördü, mövcud problemlər yerində müəyyənləşdirilərək aradan qaldırıldı. Seçkilərin demokratikliyini təmin edən faktorlar arasında hakimiyyətin siyasi iradəsini xüsusi qeyd etmək lazımdır. Təsadüfi deyil ki, əvvəlki seçkilərdə müdaxilələrlə bağlı bir neçə fakt müəyyənləşdirildiyi halda, 2008-ci il prezident seçkilərində nə yerli, nə də beynəlxalq müşahidəçilər belə faktlar müşahidə etmədilər. Yeri gəlmişkən, builki seçkiləri 1200-dən artıq beynəlxalq müşahidəçi, çoxsaylı müşahidə missiyaları izlədi. Onların hamısı seçkilərin demokratik keçirildiyinə dair rəylər verdi. Yerli QHT-lər tərəfindən keçirilmiş "exit-poll" tədqiqatları həm seçicilərin fəallığını, həm də cənab İlham Əliyevin böyük üstünlüklə qələbə qazandığını təsdiq etdi.

2008-ci il prezident seçkiləri həm də Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, cəmiyyət həyatının bütün sahələrinin yeniləşməsi ilə şərtlənən müasir siyasi mədəniyyətin bərqərar olduğunu açıq nümayiş etdirdi. İlk dəfə olaraq Azərbaycanda məğlub olmuş namizədlər öz məğlubiyyətlərini etiraf etməklə yanaşı, həm də qalibi təbrik etdilər. Digər tərəfdən, seçkilər cəmiyyətin artıq radikallığı, dağıdıcılığı, destruktiv fəaliyyəti qəbul etmədiyini, ölkəmizdə siyasi qüvvələr arasında sivil mübarizə metodlarının bərqərar olduğunu göstərdi. Artıq radikal müxalifət qüvvələrinin siyasi proseslərdən kənarlaşması, yeni, konstruktiv müxalifətin formalaşması prosesləri dərinləşib və yekun mərhələyə qədəm qoyub. Bütün bunlar Azərbaycanda demokratiyanın, vətəndaş cəmiyyətinin möhkəmlənməsini təsdiq edən faktorlardır.

Azərbaycanda demokratiya inkişafının elə bir mərhələsinə çatıb ki, vətəndaş cəmiyyəti institutları həyatımızın dəyişməz atributuna, onların sərbəst fəaliyyəti isə ölkədə azadlıqların göstəricisinə çevrilib. Elə bir taleyüklü məsələ yoxdur ki, orada QHT-lərin, medianın iştirakı görünməsin və ya zəif müşahidə olunsun. Hakimiyyət qanunları maksimum liberallaşdırmaqla bir tərəfdən, vətəndaş cəmiyyəti institutlarının inkişafını stimullaşdırır, digər tərəfdənsə, onların sərbəst fəaliyyətinə şərait yaratmaqla dövlətin idarəçiliyinə cəlb edir və öz məsuliyyətini onlarla bölüşür. Bu baxımdan respublikamızda "üçüncü sektor"un fəaliyyətində şəffaflığın təmin olunması da strateji vəzifələrdən biri kimi önə çəkilirdi. Qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyəti quruculuğu prosesində müstəsna rolunu nəzərən alan Azərbaycan Prezidenti onların dövlətlə əməkdaşlığının təmin olunmasına xidmət edən ardıcıl tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin 27 iyul 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"nın əsas məqsədi də məhz dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin sabit və səmərəli sisteminin yaradılması, qeyri-hökumət təşkilatlarının dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət daşıyan problemlərin həllinə cəlb olunması, vətəndaş cəmiyyətinin inkişafının sürətləndirilməsidir. Bu il Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı, şuranın strukturu formalaşdırıldı. Dövlət büdcəsindən şuraya ayrılmış 1,5 milyon manat vəsait 191 QHT-nin müxtəlif layihələrinin maliyyələşdirilməsinə yönəldildi. 2009-cu ilin dövlət büdcəsində QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədilə 2,75 milyon manat nəzərdə tutulub. Belə bir konsepsiyanı təsdiq etməklə cənab Prezident dövlət - vətəndaş cəmiyyəti münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu. QHT-lərin tərəfdaş kimi tanınmasını rəsmiləşdirən və onların Azərbaycanın siyasi sistemində yerini daha da möhkəmləndirən bu addım demokratik quruluşların mühüm atributlarından olan vətəndaş cəmiyyətinin əsaslarının gücləndirilməsinə yönəlib.

Müstəqillik illərində davamlı olaraq həyata keçirilmiş islahatların nəticəsi kimi bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsində vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Respublikada elektron KİV-lərin, mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etməsinə bütün imkanlar yaradılıb. Hazırda Azərbaycanda 4 minə yaxın kütləvi informasiya vasitəsi mövcuddur. Onların əksəriyyəti qəzet və jurnal, 30-dan çoxu informasiya agentliyi, 44-ü elektron kütləvi informasiya vasitəsidir. Ölkədə 7 ümumrespublika, 14 regional televiziya kanalı, 12 kabel televiziyası və 11 radiostansiya, çoxlu sayda jurnalist təşkilatları və ictimai birlikləri fəaliyyət göstərir. Bu gün kütləvi informasiya vasitələri istənilən məsələ ilə bağlı mövqeyini açıq ifadə edə bilir, xüsusən də müstəqil fəaliyyət göstərən qəzetlərin bu sahədə problemi yoxdur. Ölkədə azad fikrə, tənqidi mövqeyə dözümlü münasibət mövcuddur. Jurnalistlər istənilən dövlət orqanını, yüksək vəzifəli məmuru ən sərt şəkildə tənqid edə bilirlər. Peşə etikasını, mənəvi-əxlaqi dəyərləri aşmayan tənqid bəzən qərəzli olsa belə, bütün səviyyələrdə qəbul olunur.

Təəssüflə qeyd etmək lazım gəlir ki, Azərbaycanda KİV azadlığı sahəsində yaradılmış əlverişli şəraitdən sui-istifadə halları müşahidə olunur. Jurnalistlərin peşəkarlığının, KİV-lərin maddi texniki bazasının və iqtisadi müstəqilliyinin aşağı səviyyədə olması, Azərbaycan qanunvericiliyinin, jurnalistlərin peşə davranışı qaydalarının tələblərinin kobud şəkildə pozulması, sadə vətəndaşların, ziyalıların, məmurların, iş adamlarının təhqir və şantaj olunması faktları günümüzün reallığıdır. Bu problemləri nəzərə alan Prezident "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nı təsdiq etdi. KİV-in inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək və sairdir. Hazırda KİV-lərə dövlət dəstəyini həyata keçirəcək təsisatın Əsasnaməsi üzərində iş yekunlaşmaqdadır. Məlum olduğu kimi, gələn il dövlət büdcəsində bu məqsədlər üçün 1,3 milyon manat nəzərdə tutulub. Fond formalaşdırıldıqdan sonra KİV-lərin layihə və proqramları, digər tədbirlərinin maliyyələşdirilməsinə başlanacaq. Ümid edirik ki, həyata keçirilmiş tədbirlər Azərbaycanda demokratik, müstəqil mətbuatın inkişafına mühüm təsir göstərəcək, bir tərəfdən onların problemlərinin aradan qaldırılmasında, digər tərəfdən isə sabit inkişafında mühüm rol oynayacaq.

Azərbaycanda insan hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edilir, Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında qəbul olunmuş Fəaliyyət Planının dəstəklənməsinə yönələn 2007-2010-cu illər üçün Azərbaycan üzrə Milli İndikativ Proqramında nəzərdə tutulmuş məsələlərin həlli mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda insan haqları sahəsində BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq gücləndirilib.

Beləliklə, əminliklə demək olar ki, ölkədə əsas insan hüquq və azadlıqlarının qorunması, demokratik institutların inkişaf etdirilməsi, demokratik inkişafı təmin edən qanunvericilik bazasının formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr uğurla icra edilir. Azərbaycanda nüfuzlu ekspertlərin, politoloqların iştirakı ilə demokratiyanın inkişafı, korrupsiyaya qarşı mübarizə, sivilizasiyalararası dialoqun gücləndirilməsi mövzularında çoxsaylı beynəlxalq tədbirlər keçirilməsi bunu bir daha sübut edir.

- 2008-ci ildə həm də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi intensivləşdirildi, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona çoxsaylı səfərlər etdilər və artıq razılaşmanın bəzi konturları mətbuatda da müzakirə olunur. Sizcə, yaxın zamanlarda münaqişənin həlli mümkündürmü?

- Başa çatmaqda olan ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylər daha da gücləndirildi, Azərbaycanın hücum mövqeyi Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması, münaqişə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi. BMT, Avropa Şurası, İslam Konfransı Təşkilatı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdar olduğunu nümayiş etdirən sənədlər qəbul etdi, həmçinin Avropa Birliyinin rəsmiləri, bu Birliyə üzv olan bir sıra dövlətlərin rəsmi nümayəndələri Azərbaycanın ədalətli mövqeyini dəstəklədilər. Bununla bağlı martın 14-də BMT Baş Məclisinin sessiyasında Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyini əks etdirən sənəd qəbul olunması xüsusi qeyd edilməlidir. Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında imzalanmış Moskva Bəyannaməsinin əks etdirdiyi elementlər Azərbaycanın maraqlarına tam cavab verir. Sənəddə yalnız Ermənistanla Azərbaycanın münaqişə tərəfi kimi göstərilməsi, tərəflərin problemin beynəlxalq hüquq normaları çərçivəsində və mərhələli variantda həllinə tərəfdar olduqlarını nümayiş etdirən müddəaların əksini tapması Azərbaycanın ciddi diplomatik uğurudur. Azərbaycanın müharibə vəziyyətində olduğunu nəzərə alaraq, dövlət başçısı ordu potensialının inkişaf etdirilməsi, Silahlı Qüvvələrin müasirləşdirilməsi, orduda xidmət edən zabit və əsgərlərimizin təminatının yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət ayırıb. 2003-cü ildə Azərbaycanın ümumi hərbi xərcləri 163 milyon dollar olduğu halda, 2008-ci ildə bu rəqəm 1 milyard 850 milyon dollar təşkil edib. Ümumilikdə, 2003-2008-ci illərdə hərbi məqsədlərə 4,5 milyard dollar vəsait xərclənib. Beləliklə, artıq 2008-ci ildə Azərbaycan Ordusuna ayrılmış vəsait Ermənistanın dövlət büdcəsinə bərabər olub. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb və hərbi məhsulların istehsalına başlanıb.

Xüsusi qeyd etmək lazımdır ki, 2008-ci ilin iyununda keçirilmiş hərbi parad Azərbaycanın hərbi qüdrətini əyani nümayiş etdirdi. Bir daha Azərbaycan Silahlı Qüvvələrinin gücü, imkanları aydın göründü və düşmənlərimiz hansı hərbi potensialla qarşı-qarşıya dayandığını dərk etmək imkanı qazandılar.

Münaqişənin yaxın zamanlarda həll edilib-edilməyəcəyi barədə birmənalı fikir bildirmək çətindir. Yalnız onu demək olar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq və hər hansı digər variant Azərbaycan üçün məqbul deyil.

Qeyd etməliyik ki, son illər bəşəriyyəti təhdid edən təhlükələrin artması ilə yanaşı, həm də beynəlxalq təhlükəsizlik sisteminə zərər vuran problemlər müşahidə olunmaqdadır. Dünyanın ayrı-ayrı bölgələrində, hətta yaşadığımız regionda baş verən münaqişələr sabitliyi pozur, ölkələr arasında səmərəli əməkdaşlıq potensialını azaldır. Lakin bütün bu təhdidlərə və təhlükələrə baxmayaraq, Azərbaycan özünü regional əməkdaşlığın mərkəzi, sabitlik məkanı kimi təsdiq etməyə müvəffəq olub. Azərbaycan iqtidarının həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət xətti bizə, bir tərəfdən, mövcud təhlükələrin qarşısını almağa, digər tərəfdən isə, region, ayrı-ayrı dünya ölkələri, həmçinin nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə imkan yaradır. Məhz bunun nəticəsidir ki, son illər Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin sayı artıb. Buna misal kimi bu il noyabrın 14-də Bakıda IV Enerji Sammitinin keçirilməsini göstərmək olar. Məlum olduğu kimi, tədbirdə Azərbaycan, Türkiyə, Litva, Ukrayna, Gürcüstan, Polşa prezidentləri, Bolqarıstanın vitse-prezidenti, Macarıstan və Estoniyanın baş nazirləri, ABŞ-ın energetika naziri, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı, ümumən 21 ölkənin nümayəndələri və diplomatlar iştirak etdilər. Eyni zamanda dekabrın 2-3-də Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin mədəniyyətlərarası dialoqa həsr olunmuş beynəlxalq konfrans keçirildi.

İstər ötən 5 ildə, istərsə də 2008-ci ildə əldə edilmiş mühüm nailiyyətlər gələcəkdə Azərbaycanın hərtərəfli, dinamik inkişafına təminat verir. Bu gün Azərbaycan artıq nüfuzlu, dünyada və regionda gedən proseslərə təsir imkanlarına malik, müstəqil siyasət yürüdən, demokratiya yolu ilə inkişaf edən güclü ölkədir. Bütün bunlar başlanğıcdır və görülmüş işlərin, uzunmüddətli planların gələcəkdə davam etdirilməsi zəruridir. Heydər Əliyev siyasəti Azərbaycana tərəqqi, milli həmrəylik və sabitlik gətirdi, buna görə də Azərbaycan vətəndaşları bu siyasətin yaxın və uzaq gələcəkdə davam etdirilməsini uğurlu inkişafımızın əsas şərti kimi qiymətləndirirlər.

- Sizcə, 2008-ci ilin ən kədərli hadisəsi hansıdır?

- Böyük sənətkarımız Müslüm Maqomayevin vəfatını xalqımız üçün ən kədərli hadisə hesab edirəm.

- Bəs ən sevindirici?

- Cənab Prezidentin nəvələrinin anadan olması minlərlə azərbaycanlı kimi, məni də həm sevindirdi, həm də təsirləndirdi.

 

Azərbaycan.-2008.-27 dekabr.-S.3-5.