Azərbaycanı davamlı inkişaf yoluna çıxaran lider

 

"İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək".

 

Heydər ƏLİYEV

 

Tarixin gedişinə təsir göstərən böyük siyasi liderlər irəli sürdükləri mütərəqqi ideyalarla xalqı öz ətrafında birləşdirməyə, hər bir addımda ictimai inam qazanmağa çalışmış, məhz bunun da sayəsində böyük uğurlara imza atmışlar. Fəaliyyətində daim ictimai mənafeni əsas götürən, xalqın dəstəyinə arxalanan siyasi lider konkret siyasi mərhələdə xalqın sabit inkişaf yolunu düzgün müəyyənləşdirmək, milli maraqları qorumaq əzmi ilə seçilir. Siyasətdə ictimai inam qazanmaq məramı demokratik dəyərlərin ön plana çıxdığı hazırkı "sürət əsri"ndə də qətiyyən aktuallığını itirmir. Hakimiyyəti millətə layiqli xidmət vasitəsi sayan və bunu əməli fəaliyyəti ilə sübuta yetirən liderlər milyonlarla insanın iradəsi əsasında dövlətə rəhbərlik şansını qazanırlar.

Dövrun sərt sınaqlarından üzüağ çıxan Azərbaycan xalqı da taleyini hər zaman qəlbən inandığı, etimad göstərdiyi siyasi liderlə bağlamışdır. Müstəqil Azərbaycan yeni minilliyin başlanğıcında ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ideyalarının layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyə doğru inamla irəliləyir, bu yolda qarşılaşdığı müxtəlif maneələrə, çətinliklərə mətinliklə sinə gərir. Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixiləşən 2008-ci ilin 15 oktyabr seçkiləri də mahiyyət etibarilə xalqın cənab İlham Əliyevə dərin inam və etimadının əyani təsdiqinə çevrilmiş, ölkə vətəndaşları respublikada uğurla həyata keçirilən islahatlar kursunun davam etdirilməsi naminə ciddi siyasi iradə və qətiyyət nümayiş etdirmişlər.

Prezident seçkiləri bir qayda olaraq konkret zaman kəsiyində reallaşdırılan siyasətin ictimai rəy tərəfindən adekvat dəyərləndirilməsi prosesi kimi də xarakterizə edilir. Seçkilər ərəfəsində hakimiyyət xalqın və dövlətin mənafeyi naminə həyata keçirdiyi kompleks tədbirlər barədə hesabat verərək seçicilərin səsini qazanmağa çalışır. Bu mənada cənab İlham Əliyevin son seçkilərdəki möhtəşəm zəfəri ilk növbədə son beş ildə ölkənin keçdiyi inkişaf yoluna verilən obyektiv ictimai qiymətdir. Dövlət başçısı ötən müddətdə konseptual əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş islahatları uğurla davam etdirmiş və yeni çalarlarla zənginləşdirmişdir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" deyən dövlət başçısının ötən 5 ildə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar onun daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev zaman baxımından o qədər də böyük olmayan bir müddətdə cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla, hər bir vətəndaşın marağına cavab verən, cəmiyyət həyatının müxtəlif sahələrində uğurlu nəticələrə yol açan çevik, qətiyyətli və düzgün qərarlar qəbul etmişdir. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü isə, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son illər əldə etdiyimiz uğurlar məhz bu amilə əsaslanır. Siyasi illüziyalardan, populizmdən uzaq olması, problemlərə rasional mövqedən və real situasiyadan yanaşması, praqmatizmi və yüksək idarəçilik keyfiyyətləri cənab İlham Əliyevin yetkin və peşəkar siyasətçi portretini formalaşdırır. Bütün bu keyfiyyətləri dövlət başçısının malik olduğu yüksək qətiyyət, intellekt, enerji, potensial, işgüzarlıq, novatorluq və birləşdiricilik məziyyətləri tamamlayır.

Mübaliğəsiz demək olar ki, mövcud siyasi kursun ictimaiyyət tərəfindən birmənalı dəstəklənməsini təmin edən ən başlıca amil son beş ildə müstəqil Azərbaycanın əldə etdiyi misilsiz sosial-iqtisadi nailiyyətlərdir. Ötən müddətdə ölkənin davamlı və sabit inkişafı baxımından vacib amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmış, respublikamız iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasına yüksəlmiş, sosial problemlərin aradan qaldırılması istiqamətində ardıcıl addımlar atılmış, Azərbaycan Avropa geosiyasi arealında həyata keçirilən qlobal layihələrin təminatçısına çevrilmişdir. Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, son 5 ildə ümumi daxili məhsulun artım tempinə görə dünyada lider mövqeyini qoruyub saxlasın, qısa müddətdə dövlət büdcəsinin vəsaitlərini 10 dəfədən çox artıra bilsin. Azərbaycan isə bunlarla yanaşı, həm də regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını, fərman və sərəncamları uğurla icra etmiş, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması naminə sistemli addımlar atılmışdır.

Cəmiyyət həyatındakı fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş Qərb dövlətlərinin demokratik ənənələrinin mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Hər bir cəmiyyətdə demokratik dəyişikliklərin başlıca mahiyyəti insanı önə, diqqət mərkəzinə çəkməkdir - idarəetmədə demokratikləşmə prosesləri islahatlara yönəldilirsə, islahatlar cəmiyyətdəki hər bir insanın taleyinə təsir göstərir. Söhbət şəxsiyyət və hakimiyyətin qarşılıqlı əlaqələrinin prinsipcə yeni əsaslarının yaranmasından, şəxsiyyət və dövlətin qarşılıqlı münasibətlərində yeni üslubun formalaşmasından gedir. Bu baxımdan son illərdə Azərbaycanda demokratik transformasiya tamamilə yeni məzmun almışdır. Uğurla gerçəkləşdirilən iqtisadi strategiya nəticəsində vətəndaşların maddi rifah halının yüksəlməsi demokratikləşmə proseslərinin cəmiyyətdə adekvat dərkinə əlverişli zəmin yaradır. Aktiv inkişaf fazasına daxil olmuş respublikamızda demokratik dəyərlərin inkişafı və total şüurda mənimsənilməsi üçün son illər əlverişli iqtisadi, siyasi, mənəvi mühit formalaşır. Bu prosesin qayəsində respublikamızda liberal dəyərlərin, insan və vətəndaş hüquq və azadlıqlarının prioritetinə əsaslanan, cəmiyyətə təkamül yolu ilə əxz edilən suveren demokratiya modelinin formalaşdırılması məqsədi dayanır.

Respublikamız Qərb dövlətlərinin bir neçə yüzillikdə keçdiyi kapitalist inkişaf yolunu çox qısa müddətdə qət etmiş, siyasi mühitin liberallaşması, demokratikləşmə sahəsində həlledici uğurlar qazanmış, dünyaya inteqrasiya sahəsində inamlı addımlar atmışdır. 2003-cü ildə cənab İlham Əliyevin xalqın iradəsi ilə dövlət başçısı seçilməsi isə respublikamızdakı demokratik transformasiya proseslərinə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır. Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində qarşıda duran başlıca vəzifələrdən biri də dünyadakı qlobal proseslərə nəzərən Azərbaycanın demokratik inkişaf strategiyasının nəzəri əsaslarını müəyyənləşdirmək, fərqli yanaşmalar ortaya qoymaqdı. Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı dövlətin qət etdiyi demokratik yola nəzər salınması, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan çağdaş tariximizin gələcək nəsillər üçün obyektiv yazıya alınması elmi ictimaiyyətin üzərinə böyük məsuliyyət qoyur.

Son illər qloballaşma, demokratik inkişaf və modernləşmə məsələləri ilə bağlı cəmiyyətə təqdim olunan elmi tədqiqatlar sırasında Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin əsərləri elmi sanbalı, politoloji-fəlsəfi məzmunu, aktuallığı və ensiklopedik səciyyəyə malik olması ilə fərqlənir. Respublikamızda demokratik inkişaf proseslərinin politoloji müşayiətində akademik Ramiz Mehdiyevin tədqiqatları xüsusi rol oynayır və bu baxımdan onun qələmə aldığı əsərlər olduqca əhəmiyyətlidir. Bu əsərlərin elmi-fəlsəfi dəyəri həm də onların cəmiyyətdə bir qayda olaraq böyük maraqla qarşılanması, yeni polemikalara, diskussiyalara yol açması ilə ölçülür. Bir müddət əvvəl "Azərbaycan" qəzetində 11 noyabr 2008-ci il tarixli nömrəsində işıq üzü görmüş "Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" əsərində isə konkret zaman intervalında Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslərin dərin elmi-fəlsəfi təhlili ilə yanaşı, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində qarşıda duran mühüm vəzifələrdən, əldə olunan uğurlardan söz açılır, 2003-2008-ci illərin konseptual siyasi-iqtisadi mənzərəsi verilir.

XXI əsrdə bəşəriyyəti ağuşuna almış qloballaşma dalğası, xüsusən də müstəqilliyini yenicə qazanmış dövlətlər qarşısında zamanla ayaqlaşmaq, onun tələblərinə uyğun siyasət yeritmək, müasir dünya siyasətinin reallıqlarını düzgün dəyərləndirmək kimi mühüm vəzifələr qoymuşdur. Akademik Ramiz Mehdiyev yeni əsərində "sürət", "dinamika", "temp" anlayışlarının yeni yüzilliyin əsas simvoluna çevrildiyini diqqətə çəkərkən məhz bu reallığa istinad etmiş, çevik siyasət yetirməyən, müasir dünyanın inkişaf tendensiyalarını nəzərə almayan dövlətlərin ciddi uğurlar qazanmasının qeyri-mümkünlüyünü vurğulamışdır. Amerikalı nəzəriyyəçi T.Fridmandan iqtibas gətirən akademik onun bu fikrini də bölüşür ki, əgər ötən əsrdə böyük dövlətlər kiçikləri udurdularsa, XXI əsrdə "sürətli" dövlətlər "ləng", "astagəl" dövlətləri öz təsiri altına salacaqlar.

Akademik bununla hazırda dünya nizamında yeni geosiyasi reallıqların meydana çıxdığına, çevik xarici və daxili siyasət yeridən kiçik dövlətlərin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin əsaslı dərəcədə möhkəmləndiyinə işarə edir. Bu qiymətləndirmə fonunda müəllif eyni zamanda Azərbaycanın son beş ildə keçdiyi inkişaf yoluna nəzər salaraq bir sıra maraqlı mülahizələrini oxucularla bölüşür. "Ötən beş ilin başlıca yekununun statistik mənzərədən başqa, simvolik mənası da vardır. Qarşıya qoyulan hər bir məqsəd, hər bir söz, milli layihə, dövlət proqramları kimi praktik fəaliyyətdə həyata keçirilmiş, həm də son dərəcə qısa müddətdə gerçəkliyə çevrilmişdir. Zamanın "sürət" simvolu siyasi liderin həssas fəhmi sayəsində fəth edilmiş, sürət tempi milli məqsədlərə tabe olunmuşdur. Bu, Azərbaycanın XXI yüzillikdə "gecikən ölkələr" qismində tarixi proseslərin autsayderi deyil, dəyişikliklərin dinamik lideri olan ölkə imici qazanmasının nəticəsi kimi ötən beş ilin dövlətçilik tarixində həmişəlik qalacağına dəlalət edir. İnkişaf tempi uğurlarımızın səbəbidir, onun nəticəsi isə növbəti mərhələyə daha yüksək sürətlə, üstün start imkanları ilə qədəm qoymaq şansıdır" - deyən akademik Ramiz Mehdiyev Azərbaycanın yeni dünya nizamının reallıqlarına uyğun çevik və rasional siyasət yeritdiyini, maraq və mənafeyini etibarlı şəkildə təmin etdiyini, dünya miqyasında cərəyan edən proseslərə əsaslı təsir imkanları qazandığını vurğulayır.

Əsərdə Qərb dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf yolunu qısa müddətdə adlayan Azərbaycanın həlledici uğurlarının son beş ilə təsadüf etdiyi vurğulanmaqla yanaşı, 2003-cü ildə cənab İlham Əliyevin dövlət başçısı seçilməsini zəruri edən iqtisadi-siyasi amillərdən söz açılır. Eyni zamanda bu tarixi seçimin Azərbaycanın demokratik inkişafında rolu, ölkənin siyasi sisteminin müasirləşməsində əhəmiyyəti, sosial-iqtisadi və mədəni-intellektual sferada aparılan islahatlara yeni ruh və müasirlik çalarları gətirməsi barədə fikirlər konkret arqumentlərlə əsaslandırılır. "...beş il əvvəl xalq öz seçimi ilə cənab İlham Əliyevə etimad göstərməsəydi, ölkənin tarixi hansı axarla gedərdi?" sualını verən görkəmli akademik özünəməxsus siyasi peşəkarlıqla bu suala cavab tapmağa çalışır.

Əsərdə Azərbaycan Prezidenti İlham Əliyevin ilk gündən dövlətçiliyin möhkəmləndirilməsi ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində həyata keçirdiyi prinsipial addımlardan da söz açılır, dövlət başçısının ekstremal situasiyalara hazır qətiyyətli lider olduğu da vurğulanır. Həmin dövrdə cərəyan edən prosesləri dövlətçilik maraqları kontekstindən şərh edən müəllif haqlı olaraq bu qənaətə gəlir ki, 2003-cü ilin 15 oktyabr seçkiləri Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Xalqın iradəsi ilə hakimiyyətə yüksələn İlham Əliyev məğlubiyyətilə heç cür barışmaq istəməyən aqressiv müxalifətin ölkədə kütləvi itaətsizlik və xaos mühiti formalaşdırmaq, kütləvi kataklizmlər törətmək cəhdlərinin qarşısını qətiyyətlə almış, həmin qüvvələrə hakimiyyətə qeyri-konstitusion yolla gəlməyin qeyri-mümkünlüyünü bir daha sübuta yetirmişdir.

Akademik Ramiz Mehdiyev əsərdə demokratik cəmiyyətin yaradılmasında təkamül yoluna üstünlük verilməsi ideyasını da əvvəldən-axıradək müdafiə edir. Həqiqətən də, son illər bir sıra MDB dövlətlərində yaşanan "məxməri inqilab" ssenariləri təsdiqləmişdir ki, demokratik proseslərin inqilabi yolla sürətləndirilməsi, demokratik dəyərlərin kor-koranə transferi mümkün deyildir. Hər bir ölkənin daxilində mütləq demokratik proseslərin getməsinə real iqtisadi-siyasi, ideoloji zəmin yaradılmalı, tətbiq olunan yeniliklər ictimai şüur tərəfindən tam şəkildə mənimsənilməlidir.

Azərbaycan reallığında isə müəyyən kənar dairələrin xalqın iradəsi əleyhinə hansısa addım atmasının qeyri-mümkünlüyü konkret reallıqlar fonunda tam təsdiqini tapmışdır. Xalqın inamına söykənən cənab İlham Əliyev 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkiləri zamanı bəzi destruktiv qüvvələrin ölkəni yenidən 90-cı illərin əvvəlindəki xaos və anarxiyaya, vətəndaş qarşıdurmasına sürükləmək cəhdlərini puça çıxarmış, milli maraq, mənafe naminə böyük siyasi qətiyyət nümayiş etdirmişdir. Xüsusən də parlament seçkiləri ərəfəsində dövlətçiliyə yönəlmiş cinayətkar qəsdlərin zərərsizləşdirilməsi naminə atılan cəsarətli addımlar xalq-iqtidar birliyinin növbəti təzahürünə çevrilməklə, ifrat radikalizm mərəzindən qurtula bilməyən qaragüruhun siyasi iflası ilə nəticələnmişdir.

Bu nöqteyi-nəzərdən Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən inkişaf modelinin formalaşması faktı artıq tam təsdiqini tapmışdır. Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bir bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə özünəməxsus tərəqqi modeli formalaşmaqdadır. Bir sıra postsovet dövlətlərində analoji tranzit "məxməri inqilab" ssenarilərinə əsaslandığı halda, Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Bu elmi-fəlsəfi yanaşma tərzi öz iddiasını dünyaya qəbul etdirməyə çalışan, milli özünəməxsusluğa arxa çevirib dünyaya yeni mövcudluq üsulu vermək istəyən ayrı-ayrı siyasi mərkəzlərə, alimlərə, fikir sahiblərinə ən tutarlı cavabdır.

Siyasətdə inteqrativ funksiya cəmiyyətin bütövlüyü və sabitliyinin qorunmasına, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənir. Mövcud siyasi kursun inteqrativ-birləşdirici mahiyyəti də ilk növbədə onun hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Heydər Əliyev siyasi kursu son 15 ildə milli birlik və həmrəyliyə ciddi zəmin yaratmış, azərbaycançılıq ideologiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilişdir. Son beş ildə bu siyasət uğurla davam etdirilmiş, ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyinin təmin edilməsi istiqamətində ardıcıl siyasət yürüdülmüşdür. Nəticədə cəmiyyət üçün təhlükəli sayıla biləcək hər cür radikal meyillər aradan qalxmış, seçkilərin obyektiv nəticələrini əsassız yerə qəbul etmək istəməyən nihilist və inkarçı qüvvələr sivil dialoqa, konstruktiv əməkdaşlığa dəvət olunmuşlar. Ölkədə həyata keçirilən liberal ruhlu daxili siyasət eyni zamanda əks siyasi qüvvələr arasında əvvəllər mövcud olmuş xoşagəlməz münasibətlərin, psixoloji barışmazlığın aradan qaldırılmasına xidmət etmişdir.

Akademik Ramiz Mehdiyev "Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" əsərində bu həssas məqamlara toxunaraq 2003-cü ilin 15 oktyabr seçkilərindən sonra ölkədə yeni siyasi münasibətlər sisteminin və siyasi mədəniyyətin formalaşdığını qeyd edir. Əsərdə, həmçinin vurğulanır ki, müasir dövrdə siyasi hakimiyyətin demokratik yolla əvəzlənməsində, ictimai sabitliyin və sistemli varisliyin təmin olunmasında siyasi mədəniyyət amili bütün dünyada qəbul edilmiş zəruri siyasi texnologiyadır. "2003-cü ilin prezident seçkiləri siyasi sistemin demokratik transformasiyasında siyasi mədəniyyəti sarsılmaz ənənəyə, Azərbaycanda demokratik dövlət quruculuğunun siyasi-intellektual fenomeni səviyyəsinə yüksəltdi. Ölkəmizdə davamlı və işlək siyasi texnologiyanın gerçəkləşməsinin başlanğıcını qoydu.

...Onun yeni siyasətinin böyük uğurlarından biri olan sivil müxalifətə demokratik Azərbaycan cəmiyyətində "tələbat" böhranının deyil, konstruktiv, dövlətçilik mənafeyindən çıxış edən siyasi opponentlərin olmamasını və onların "təkliflərinin" böhranının mövcudluğunu aşkar-aydın sübut etməsi oldu. Radikal qarşıdurma, savaş məntiqi, əsassız müqavimət görüntüləri, bloklaşma təfəkkürü kimi inkar vasitələrinə alternativ olan yeni rasional siyasi baxış Prezident İlham Əliyevin milli siyasi düşüncəyə və təcrübəyə gətirdiyi özəl yenilikdir" - deyən akademik Ramiz Mehdiyev həmçinin vurğulayır ki, siyasi mədəniyyət Azərbaycanda səmərəli dövlətçilik mərhələsinin nailiyyətlərini təhlil etmək baxımından çox önəmli, empirik təhlillərə imkan yaradan anlayışdır. Filosofun fikrincə, müasir dövrdə "vətəndaş mədəniyyəti"nin sinonimi kimi işlədilsə də, siyasi mədəniyyət özündə hər bir dövlətin yüksəlişində siyasi imkanların bütün spektrini, səfərbərliyini, siyasi davranışın və münasibətlərin hakim stereotiplərini ehtiva edir. Ənənəvi, davamlı olaraq təkmilləşən siyasi mədəniyyət dövlətin sabitliyini təmin edən ən ümdə şərtlərdəndir.

Əsərdə vurğulanır ki, hər bir ölkədə seçkilərin gedişi ərazi quruluşu, idarəetmə formaları və ən başlıcası, siyasi mədəniyyət və ənənələrdən asılı olaraq fərqlənir. Siyasi stratifikasiyanın tərkibindən asılı olaraq, təşviqat və təbliğat sivil və ya qəddar formalarda həyata keçirilir. Yalnız zaman duyumu, vətəndaşla dialoqa can atan siyasi liderin şəxsi nümunəsi və iradəsi hər hansı formanın seçimini, sivil istiqamətə yönəlməsini təmin edə bilər. Bu mənada, dünya birliyi 2008-ci ilin seçkilərinə nəzərən Azərbaycanda qeyri-korrekt texnologiyaların, falş-piarların tətbiqi mərhələsinin geridə qaldığını etiraf etmiş, xalqımız siyasi yetkinliyə doğru ciddi nailiyyətlər qazanmışdır. Əsərdə son prezident seçkiləri eyni zamanda müstəqil Azərbaycanın tarixində yeni dövrün başlanğıcı kimi dəyərləndirilir. Əldə olunan nailiyyətlər gələcək inkişaf perspektivlərini, yeni siyasi məkanı və mədəniyyəti, siyasi və iqtisadi strukturu təkmilləşdirməyi, cəmiyyətin növbəti illər üçün inkişaf istiqamətlərinin əsas cizgilərini nəzərdən keçirməyə, vətəndaşların azad və firavan ölkədə, ədalətli cəmiyyətdə yaşayacaqlarına inamının artmasına imkan verir.

Əsərin ideya məzmununda yer almış elmi-politoloji qənaətlərdən biri də budur ki, müstəqil Azərbaycanın bir çox aparıcı dünya ölkələrinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edərək bütövlükdə Cənubi Qafqaz regionunda mühüm rolu və mövqeyi ilə seçilən lokomotiv dövlətə çevrilməsi heç də yalnız respublikanın zəngin təbii sərvətləri, intellektual resursları ilə şərtlənmir. Analoji tərəqqi yolu keçmiş əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu zəngin maddi-intellektual potensialın xalqın mənafeyinə uyğun realizə edilməsi, hər bir fərdin maraq və mənafeyinə cavab verən milli siyasət strategiyasının həyata keçirilməsi lider amili ilə bilavasitə bağlıdır. Bu mənada, son beş ildə Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı uğurların inanılmaz miqyası həm də respublikanın milli inkişaf modeli ilə şərtlənir. Akademik bütün bunlara nəzərən yazır ki, inkişafın Azərbaycan modeli inkişaf etmiş bir sıra dövlətlərdə də ciddi maraqla qarşılanır: "Bütövlükdə, ötən beş ilin yekunları Prezidentin son nitqlərində, beynəlxalq miqyasda etirafını tapan statistik göstəricilərdə bariz əks olunmuşdur. Bu illər dünya birliyi tərəfindən qəbul edilən yeni, suveren inkişaf modelinə doğru təkamül dövrü, Azərbaycan torpağının liderlər yetişdirmək potensialının davamlı ənənəyə çevrilməsinin sübutu olmuşdur. Həmin illər tariximizin ən yeni mərhələsində İlham Əliyev dövrünün başlanğıcı və uğurlu nəticələrin həkk olunduğu illər kimi yadda qalmışdır. Nə "qərbləşmə", nə də Şərq və Asiya modelinin təqlidi olmayan, yalnız Azərbaycana xas olan və onun "dövlət identikliyi" kimi milli köklərdən qaynaqlanan nadir xüsusiyyətini ifadə edən, beynəlxalq aləmdə təkzibedilməz amilə çevrilən milli inkişaf modelinin formalaşdığı illər olmuşdur".

Əsərdə müasir qloballaşma dövründə milli-mənəvi dəyərlərin, xalqın milli özünəməxsusluğunun qorunub saxlanılması vacibliyinə də toxunulur. Həqiqətən də, XXI yüzillikdə dünya xalqlarının sosial-siyasi, iqtisadi, mənəvi-əxlaqi və mədəni aspektlərdə planetar universallaşma prosesinə qoşulması onların həm də milli-mənəvi dəyərlərə qayıdışı ilə müşahidə olunur. Qarşısıalınmaz qloballaşma prosesinin müxtəlif xalqlar üçün yaratdığı milli-mənəvi aşınma təhlükəsi indi bu dəyərlərə əvvəlki dövrlərdə olduğundan daha həssaslıqla yanaşmağı tələb edir. Etnik-milli mövcudluğun siyasi, iqtisadi, mədəni-mənəvi suverenliyi ilə bağlı milli konsepsiya və konseptual ideyalar isə yekcins deyildir. Bu prosesi sosial-siyasi, iqtisadi və elmi-intellektual müstəvilərdə vahid qlobal harmoniya hesab edənlər də, kainatın daha çox vahid mərkəzdən idarə olunan bürokratik-texnoloji ərazi vahidinə çevrilmə prosesi olduğunu iddia edənlər də var.

Ən müxtəlif mövqe və münasibətlərdən asılı olmayaraq, qloballaşmaya doğru istiqamətlənmiş nəhəng inteqrasiya magistralı bəşəriyyəti öz ardınca aparır. Mümkün optimal variant isə bu prosesə hər bir etnosun milli-mənəvi "mən"ini dərk edərək qoşulmasından ibarət ola bilər. Bəlkə də bu zərurətin dərkindən doğan həqiqətin nəticəsidir ki, indi qloballaşma ayrı-ayrı xalqların etnik-mənəvi köklərinə yenidən dönüşü ilə xarakterizə olunur. Cəmiyyətin tarixi inkişaf qanunauyğunluğunun özünüqoruma instiktindən doğan bu müqavimət hissinin reallaşması isə milli lider amilindən asılıdır. Yeni siyasi şəraitdə Azərbaycanda bu ağır və məsuliyyətli missiyanı məhz cənab İlham Əliyev çiyinlərinə götürərək milli-mənəvi dəyərlərimizin, o cümlədən türk əxlaqının, türk tarixinin böyük himayədarı qismində çıxış etmişdir.

"Son illər ərzində dəyərlərimizi, tarixi köklərimizə bağlılığı, milli-mənəvi inkişaf istiqamətlərini yenidən, dərindən təhlil və tədqiq etməyə başlamışıq. Bu dövrdə yaşanan siyasi, iqtisadi problemlər əsas diqqəti multikulturalizmin (yeni dünya nizamında mədəniyyətlərin və sivilizasiyaların müxtəlifliyini və qarşılıqlı münasibətlərini əks etdirən anlayış) önəmli mövqe tutduğu çoxqütblü yeni dünya nizamının formalaşmasına, monosentrik dünyanın transformasiyasına yönəldir. Qlobal maliyyə böhranı hazırkı dünya sisteminin yeni tənzimləyici mexanizmlərinin işlənib hazırlanmasını, maliyyə-iqtisadi subyektlərin, dövlətlərin öz məsuliyyətlərini dərk etməsini zəruri edir. Belə bir şəraitdə dəyərlərimizi anlamaq, onları həyatımızın tərkib, ayrılmaz hissəsinə çevirmək və milli əsaslara söykənən siyasi-iqtisadi inkişaf istiqamətlərimizi uğurla davam etdirmək günün tələbidir. Bu, gələcək üçün bizim ən ümdə məqsədlərimizdən biridir" deyən akademik Ramiz Mehdiyev, həmçinin vurğulayır ki, qloballaşmanın doğurduğu mənfi təzahürlərin milli maraqlara əks-təsiri unudulmamalı, mühüm məsələ kimi gündəlikdə qalmalıdır. Belə olan halda, dövlətin milli ideologiyası mənəvi dəyərlərə söykənərək, müxtəlif mənbəli təzyiqlərə qarşı mənəvi müqavimət və sanksiya statusu alır.

Akademik Ramiz Mehdiyev əsərdə milli elitanın formalaşma xüsusiyyətlərinə də toxunur. Xüsusi vurğulanır ki, milli elitanı birləşdirən başlıca meyar dövlətçiliyə xidmət, milli maraqların prioriteti, problem və vəzifələrin qoyuluşu və həllinə həssas münasibətlə fərqlənməkdir. Siyasətin elmi əsaslar üzərində bərqərar olması elitanın zamanın çağırışlarına uyğun, strateji düşüncə tərzinə malik olmasını, yenilik və dəyişikliklərə tələbat duyumunu önə çəkmişdir.

Akademik Ramiz Mehdiyevin "Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" əsərində yer almış başlıca fikir bundan ibarətdir ki, ölkəmizin ən müxtəlif sahələrdə qazandığı uğur və nailiyyətlərin əsasında cənab İlham Əliyevin fenomenal liderlik keyfiyyətləri dayanır. Dövlət başçısı məhz bu keyfiyyətləri ilə insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək iqtidarında olduğunu tam sübuta yetirmiş, cəmiyyətin həlledici kəsimini arxasınca apara bilmişdir. Bu baxımdan da Prezident İlham Əliyev hazırda nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın fenomen liderlərindən biri kimi qəbul olunur.

 

İradə HÜSEYNOVA,

təhsil nazirinin müavini,

tarix elmləri doktoru, professor,

Azərbaycan Respublikasının

əməkdar müəllimi

 

Azərbaycan.-2008.-27 dekabr.-S.6.