"İzvestiya" qəzetinin Azərbaycan Prezidenti haqqında məqaləsi miniatür kitab şəklində nəşr edilmişdir

 

Respublika "Kitab" Cəmiyyəti bu il oktyabrın 17-də Rusiya Federasiyasının ən populyar və nüfuzlu "İzvestiya" qəzetində dövlətimizin başçısının fəaliyyətindən bəhs edən "İlham Əliyev: ümidlər və əminlik" adlı məqaləni rus və Azərbaycan dillərində miniatür kitab şəklində nəşr etdirmişdir.

Cəmiyyətin idarə heyətinin sədri Zərifə Salahova demişdir ki, müəllif Oleq Sıqanovun bu materialı öz səmimiliyi və obyektivliyi ilə diqqəti cəlb edir. O, girişdə yazır: "İlham Əliyevin ikinci müddətə prezident seçilməsi təkcə toplanmış səslərin hesablanmasının nəticələri və təkcə seçicilərin fəallığını, onların İlham Əliyevin həyata keçirdiyi xətti dəstəkləməsini ifadə edən faizlər deyildir. Başa çatmış prezident seçkiləri və onların keçirildiyi şəraitin özü həm də Azərbaycan xalqının ölkənin sabit inkişafına və tərəqqisinə ümidin təcəssümü, bu ümidlərin, bu planların hökmən gerçəkləşəcəyinə əminliyin ifadəsidir".

Məqalənin "İlham Əliyevin siyasi liderliyinin keyfiyyəti haqqında", "Beşillik üçün proqram", "Elm və texnologiyalar", "Sənayedə innovasiyalar", "İnkişafın canlı parametrləri", "Seçkilər prezidentin siyasətinə etimad barədə referendum idi" bölmələri oxucuya ötən beş ildə Azərbaycanın keçdiyi yola nəzər salmağa imkan verir.

Müəllif materialı maraqlı bir sonluqla bitirir: "Ötən beş ildə Azərbaycan xalqı bircə dəfə də olsa, öz seçiminə görə peşmançılıq çəkməmişdir və məhz bu səbəbdən də xalq ölkənin idarə olunmasını bu dəfə də ona etibar edir, özünün ən yaxşı ümidlərinin həyata keçirilməsini onunla bağlayır".

Düşünürəm ki, "AzRosProminvest" MMC-nin dəstəyi ilə "İndiqo" nəşriyyatında işıq üzü görmüş 38x53 millimetrlik, 132 səhifəlik, superüzlüklü bu kitab oxucuların böyük marağına səbəb olacaqdır. Kitabın forzasında Azərbaycanın tarixi memarlıq abidələri təsvir olunmuş xəritəsi verilmişdir.

Qeyd edək ki, dekabrın 26-da Miniatür Kitab Muzeyində yeni nəşrin təqdimatı olmuşdur. Tədbirdə məqalənin müəllifi Oleq Sıqanov iştirak etmişdir.

 

Azərbaycan.-2008.-27 dekabr.-S.4.