Yeni Azərbaycan Partiyasının Ümumrespublika müşavirəsində martın 18- keçiriləcək referenduma hazırlıq məsələsi müzakirə olunmuşdur

 

AzərTAc xəbər verir ki, dekabrın 27-də Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin təşkilatçılığı ilə partiyanın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir.

Müşavirəni açan YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, yola salmaqda olduğumuz 2008-ci il həm sosial-iqtisadi inkişaf, həm də böyük əhəmiyyətə malik olan Prezident seçkilərinin qələbə ilə başa çatması baxımından bütün ölkəmiz və YAP üçün uğurlu olmuşdur. Əli Əhmədov demişdir ki, 2008-ci ilin prezident seçkiləri YAP üzvlərinin böyük fəallığı və yüksək peşəkarlığı ilə yadda qalacaqdır.

Qarşıdan bütün ölkəmiz üçün böyük əhəmiyyətə malik olan mühüm siyasi kampaniyanin gəldiyini diqqətə çatdiran sədr müavini, Milli Məclisin dekabrin 26-da keçirilmiş iclasında Azərbaycan Konstitusiyasına bir sıra əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında qərar qəbul edildiyini xatırlatmışdır. Həmin qərara əsasən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi 2009-cu il martın 18-də keçiriləcəkdir.

Əli Əhmədov vurğulamışdır ki, həmin əlavə və dəyişikliklərin başlıca məqsədi ölkəmizdə insan hüquq və azadlıqları sisteminin daha da təkmilləşdirilməsini nəzərdə tutur. Əminəm ki, Azərbaycan seçiciləri bu dəyişikliklərə müsbət münasibət göstərəcəklər. Çünki əlavə və dəyişikliklər xalqımızın və dövlətimizin mənafelərinə uyğundur.

Müşavirənin keçirilməsinin məqsədinin də həmin referendumla bağlı qarşıda duran vəzifələrin müəyyən edilməsindən, onun yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar fikir mübadiləsinin aparılmasından və tövsiyələrin verilməsindən ibarət olduğu qeyd edilmişdir.

Artıq YAP-ın müxtəlif səviyyəli seçkilərin keçirilməsində kifayət qədər təcrübə topladığını vurğulayan Əli Əhmədov, əmin olduğunu bildirmişdir ki, partiyanın şəhər və rayon təşkilatları bu mühüm siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsində də fəal iştirak edəcəklər.

Müşavirədə çıxış edən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov referenduma çıxarılacaq layihənin qəbulunun vacibliyini vurğulamışdır. Bildirmişdir ki, 1995-ci ildə ilk milli Konstitusiyanın qəbulundan artıq 13 il ötür. Bu müddətdə ölkədə aparılan sürətli siyasi, iqtisadi islahatlar, demokratik proseslər Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurətini yaratmışdır. Digər tərəfdən bu, həm də cəmiyyətin istəyidir. Xüsusilə də 101-ci maddənin 5-ci bəndi ilə müəyyənləşdirilmiş bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması sosial sifarişdir. Məhdudiyyətin ləğvi xalqın öz iradəsini ifadə etməsinə daha yaxşı imkan yaradacaqdır.

Qeyd olunmuşdur ki, Konstitusiyanın 29 maddəsinə təklif olunan əlavə və dəyişikliklərin çoxu insan hüquq və azadlıqlarının təminatını daha da möhkəmləndirəcəkdir. Seçki hüququ olan 40 min vətəndaşa qanunvericilik təşəbbüsü ilə çıxış etmək imkanı veriləcəkdir.

Layihədə müharibə şəraitində hərbi əməliyyatların aparılması Milli Məclisə seçkilərin və prezident seçkilərinin keçirilməsini mümkün etmədikdə parlamentin çağırış və Prezidentin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması da ölkənin milli maraqlarının qorunması baxımından xüsusi əhəmiyyətə malikdir.

 

Azərbaycan.-2008.-28 dekabr.-S.2.