ATAF-ın üzvləri Milli Məclisin fəaliyyəti ilə tanışlıqdan məmnun qalmışlar

 

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dekabrın 27-də Milli Məclisdə Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) bir qrup nümayəndəsi ilə görüş keçirilmişdir. Görüşün məqsədi bu qurumun üzvlərini Milli Məclisin fəaliyyəti ilə yaxından tanış etmək olmuşdur.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev ATAF üzvlərinə parlamentin fəaliyyəti barədə ətraflı məlumat vermiş, qanun yaradıcılığı, cəmiyyət və parlament münasibətləri, Aparatının və onun ayrı-ayrı strukturlarınınfəaliyyəti, beynəlxalq əlaqələri və digər fəaliyyət istiqamətlərindən danışmışdır.

S.Mirzəyev gənclərə yaşadıqları ölkələrdə doğma Azərbaycanımızı daha yüksək səviyyədə təmsil və tərənnüm etmək barədə tövsiyələrini vermiş, onlara uğurlar arzulamış, suallarını cavablandırmışdır.

Bildirilmişdir ki, ATAF-ın Bakı ofisi bu günlərdə Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Şurasının maliyyə dəstəyi ilə seminar keçirmişdir. Əsas məqsəd Avropa ölkələrində təhsil alan və yaşayan azərbaycanlı gənclərə lobbiçilik və şəbəkələşmə mövzusunda təlimlər keçməklə, onlara Avropa İttifaqı ölkələrinin strukturunu öyrənməyin, əməkdaşlığın, eləcə də Azərbaycanın maraqlarını xarici ölkələrdə lazımıncatəmsil etməyin yollarını göstərməkdir.

Şuranın sədri Milli Məclisin deputatı Azay Quliyev təşkilatın bu cür tədbirlərinə bundan sonra da dəstək veriləcəyini bildirmişdir.

Forumun üzvləri bu görüşdən məmnun qaldıqlarını bildirmiş, Milli Məclis rəhbərliyinə təşəkkür etmişlər.

ATAF 2006-cı ildə Brüsseldə yaradılmışdır və Avropa Parlamentində rəsmi qeydiyyatdan keçmişdir. Ötən 3 il ərzində təşkilat Almaniya Bundestaqında, Fransa Senatında, Böyük Britaniya Lordlar Palatasında forumlar təşkil etmişdir.

 

Azərbaycan.-2008.-28 dekabr.-S.2.