Yeni minilliyin çağırışına cavab verən milli inkişaf strategiyası

 

Xalqların milli varlıq və özünüdərkinin parlaq təcəssümünə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının formalaşması bir qayda olaraq xarizmatik liderlərin adı ilə bağlı olur. XX əsrdə taleyin Azərbaycana bəxş etdiyi Heydər Əliyev dühası da məhz belə fenomenal liderlərdən olaraq müstəqil dövlətçilik konsepsiyasını irəli sürmüş, xalqın gələcək inkişaf yolunu müəyyənləşdirməklə əbədiyaşarlıq zirvəsinə yüksəlmişdir. Ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin hər iki mərhələsində bütün varlığı ilə sevdiyi Azərbaycanı çox çətin sınaq və imtahanlardan üzüağ çıxarmış, milli inkişaf prioritetlərini müəyyənləşdirmişdir.

 

Ulu öndər Heydər Əliyevin müdrikliyi, dünyada gedən prosesləri düzgün dəyərləndirmək, təhlil edib modelləşdirmək və siyasi davranışın ən əlverişli sxemlərini gerçəkləşdirmək qabiliyyəti Azərbaycanı XXI əsrə dinamik inkişaf edən dövlət kimi çıxarmış, dayanıqlı milli tərəqqisini təmin etmişdir. Ulu öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə yeni dünya düzənində gedən proseslərin məcrasını düzgün müəyyənləşdirərək respublikanın yeni əsrə və həm də yeni minilliyə qüdrətli, güclü dövlət kimi çıxmasını təmin etmişdir. Heydər Əliyev cəmiyyət həyatının bütün sahələrində dinamik uğurları gerçəkləşdirməklə, Azərbaycanı qloballaşma dövrünün sərt fəsadlarından hifz etmiş, ölkəmizi yeni minilliyə sivil və dinamik inkişaf edən ölkə kimi çıxarmışdır. Ötən əsrin 90-cı illərinin ortalarından ölkədə uğurla həyata keçirilən yeni sosial-iqtisadi inkişaf strategiyası, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təmini istiqamətində həyata keçirilən kompleks addımlar yeni minilliyin və əsrin başlanğıcında respublikanı davamlı inkişaf yoluna çıxarmışdır. Ulu öndər bu istiqamətdə həyata keçirdiyi tədbirlərlə Azərbaycanın yeni minillikdə də azad bazar iqtisadiyyatı və demokratiya yolu ilə irəliləməsinə etibarlı təminat yaratmışdır.

Ümummilli lider Heydər Əliyev 2000-ci il dekabrın 29-da yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına dərin məzmunlu müraciətində xalqın ötən yüzillikdə keçdiyi kəşməkəşli və şərəfli yola, ən müxtəlif sahələrdə qazandığı uğur və nailiyyətlərə tarixi-politoloji aspektdə nəzər salmış, qloballaşma proseslərinin daha da genişlənəcəyi yeni əsrdə qarşıda duran vəzifələrdən söz açmışdır: "İki əsrin şahidi olmaq səadəti hər insana nəsib olmur. Bu, bizim payımıza düşübdür. Azərbaycanda bu gün XIX əsrdə anadan olmuş xeyli insan da yaşayır. Deməli, onlar bu tarixi anda üç əsrin şahidlərinə çevriliblər. Bizim gənc nəslin nümayəndələri, əlbəttə ki, xüsusi hisslər keçirirlər və XXI əsrdə Azərbaycanın layiqli vətəndaşları olaraq bu tarixi günləri dönə-dönə xatırlayacaqlar. Orta nəslin nümayəndələri isə yeni əsrə, yeni minilliyə XX əsrin bir çox hadisələrinin bilavasitə iştirakçısı və şahidi olaraq qədəm qoyurlar. Beləliklə, zamanın və tarixin bu nadir anları, əslində, bütün nəsilləri tarixə qovuşdurur... Başa vurduğumuz yüzillik bəşəriyyətin yaddaşında sürətli elmi-texniki tərəqqi ilə və iki dünya müharibəsində tökülmüş qanlarla, imperiyaların süqutu və yeni suveren dövlətlərin yaranması ilə, "soyuq müharibə"nin doğurduğu gərginliklə, sülh, sabitlik və əmin-amanlıq naminə göstərilən kollektiv səylərlə qalacaqdır".

Müraciətdə o da vurğulanırdı ki, bütün bəşəriyyətlə birgə Azərbaycan xalqı da XXI əsrə, üçüncü minilliyə böyük nikbinliklə qədəm qoyur. Əsrlərin və minilliklərin qovuşduğu bu gün tarixin xüsusi bir anıdır - hər bir bəşər övladı kimi, Azərbaycan vətəndaşı da belə tarixi hadisənin məhz onun taleyinə, onun həyatına təsadüf etməsindən böyük şərəf və qürur hissi duyur. Ulu öndər müdrikliklə qeyd edirdi ki, dünya inkişafının çağdaş mərhələsinin başlıca meyilləri mədəni inteqrasiya və qloballaşmadır.

Əgər bəşəriyyət XX əsri elmi inkişafın nailiyyətlərinin yaratdığı xoş ümidlərlə qarşılamışdısa, qloballaşma prosesi birmənalı nikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamını düşündürür. Müraciətdə bu fikir də önə çəkilirdi ki, qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabilliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir. Beynəlxalq hüquq prinsipləri və normalarının aliliyi, dəyişikliklərin təkamül xarakteri, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı, hər bir ölkənin səciyyəvi milli cəhətlərinin də nəzərə alınması bu prosesin müəyyənedici istiqamətləri olmalıdır.

"Minilliyin müraciəti"ndə bu fikir də xüsusi qeyd olunurdu ki, qloballaşmanın bir çox dövlət üçün yaratdığı problemlər Azərbaycanı da ciddi şəkildə düşündürür. Bir tərəfdən respublikamız qloballaşmanın inkişafına öz töhfəsini verir. Azərbaycan dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək Şərq ilə Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirir. Azərbaycan Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli üçün səylər göstərir. Bunlar səmərəli beynəlxalq əməkdaşlığa təkan verməklə qlobal inkişafa müsbət təsir edir. Digər tərəfdənsə, Azərbaycan hələ də müasir texnologiyaların mənimsənilməsi və geniş istifadəsi yolunda bir çox çətinliklərlə qarşılaşır: "Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq, ümdə vəzifələrimizə uyğun müvafiq proqramları həyata keçirməyə nail ola bilək" - deyən böyük strateq hələ o zaman yeni əsrdə hər bir dövlətin sürətli və davamlı inkişafının informasiya kommunikasiya texnologiyaları ilə bağlı olacağını uzaqgörənliklə qeyd etmişdir.

Müraciətdə vurğulanırdı ki, XX əsrdə xalqımızın ən böyük nailiyyəti müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq keçmiş Sovetlər İttifaqında və bütün dünyada gedən ictimai-siyasi proseslərin zəruri nəticəsi idi. Bu tarixi və obyektiv proseslər nəticəsində SSRİ-nin dağılmasına, müttəfiq respublikaların hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxarmışdır. Bunun ardınca baş verən hadisələr - yeni müstəqil dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması təbii bir hal və beynəlxalq hüquq normalarının qanuni təzahürü idi. Bu, tarixi obyektiv proseslərin qanunauyğun nəticəsi, taleyin Azərbaycan xalqına və bütün keçmiş SSRİ respublikalarının xalqlarına əvəzsiz töhfəsi idi: "Müstəqillik yoluna qədəm qoymuş hər bir ölkə kimi, Azərbaycan üçün də öz daxili və xarici siyasət konsepsiyasını təxirə salmadan hazırlayıb onun həyata keçirilməsinə başlamaq aktual və taleyüklü vəzifə idi. Təəssüf ki, 1991-1992-ci illərdə bu istiqamətdə heç bir iş aparılmadı. Ermənistanın təcavüzü ilə yanaşı, Azərbaycanda daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və respublikamızın daxilində qızğın hakimiyyət çəkişməsi gedirdi. Təbiidir ki, müxtəlif qüvvələrin özlərinə məxsus silahlı dəstələrdən istifadə edərək apardığı bu hakimiyyət mübarizəsi Azərbaycana böyük zərbələr vurdu".

Ümummilli lider həmçinin bildirirdi ki, müstəqillik illərində Azərbaycan xalqı öz Konstitusiyasını qəbul etmiş, qanunvericiliyini dünya standartlarına uyğunlaşdıraraq digər dövlətlərlə hərtərəfli əməkdaşlığa hazır olduğunu bəyan etmişdir. Bu illər ərzində cəmiyyətin bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmişdir. Azərbaycanın yeni neft strategiyası uğurlu başlanğıc götürmüş, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələr bağlayaraq dünya iqtisadiyyatına qovuşmasını təmin etmişdir. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın siyasi həyatında ümid çırağı yandırmış, ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya cəlb edilmişdir. Ölkədə bir sıra beynəlxalq layihələrin icrasına başlanılmış, dövlətimiz Cənubi Qafqaz regionunda aparıcı söz sahibinə çevrilmişdir. Azərbaycan sosial-iqtisadi, mədəni-siyasi inkişaf yoluna qədəm qoymuş, bu inkişafın sürət tempi ilbəil daha da yüksəlmiş, vətəndaşların maddi rihaf halının yaxşılaşdırılması, işsizliyin, yoxsulluğun ləğvi, ölkədə demokratiyanın, informasiyalı cəmiyyətin, söz və mətbuat azadlığının inkişafı istiqamətində ardıcıl addımlar atılmışdır.

Müraciətdə Azərbaycanın ötən əsrin sonlarına doğru xarici siyasət və diplomatiya, beynəlxalq əməkdaşlıq, sosial-iqtisadi tərəqqi, demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı, ordu qurucuğulu sahəsində qazandığı uğurlara nəzər salınır, respublikamızın yeni əsrə və minilliyə böyük perspektivlərlə daxil olduğu razılıqla bildirilirdi. Ulu öndər Heydər Əliyev Azərbaycanın ötən əsrdə keçib gəldiyi kəşməkəşli yolu xalqın şərəf tarixi adlandırırdı: "Əlbəttə, iki əsrin qovuşuğunda min illərin tarixi faktlarını, inkişaf salnaməsini araşdırmaq, bu barədə söhbət açmaq həftələrlə, aylarla vaxt apara bilərdi. Qısaca olaraq yalnız bunu deyə bilərəm ki, Azərbaycan xalqının bizim eranın iki min ili ərzində keçib gəldiyi yol yenilməz, zəngin, mərdanə bir qəhrəmanlıq tarixidir!.. Bu gün hər bir azərbaycanlının fəxr etməyə haqqı var ki, bizim ata-babalarımız olduqca qısa bir zaman içində kütləvi savadsızlığa son qoymuş, vətənimiz bütün insanları oxuyub-yazmağı bacaran məmləkətə çevrilmişdir. Xalqımız ellikcə maariflənmə prosesini uğurla başa vurmuşdur. Ziyalılar ordusunun yüksək vətəndaş fəallığı ilə Şərqdə ilk teatr, ilk opera, ilk kino və sair Azərbaycanda meydana gəlmişdir. Şəhər və kəndlərin memarlıq siması sürətlə dəyişərək qədim ənənələri hifz edib saxlamaqla yeniləşmişdir. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur".

Ulu öndər Heydər Əliyev yeni minillik münasibətilə xalqa müraciəti ilə dövlətin və xalqın qarşısında duran vəzifələrdən də söz açaraq, ölkənin bütün potensialının bu yolda realizə edilməsi vacibliyini önə çəkirdi. Həmin müraciətdən ötən 8 ildə qazandığımız uğurlar bir daha təsdiqləyir ki, müstəqilliyin dövlətləşdirilməsi, nəzəriyyədən praktikaya keçid Heydər Əliyev siyasətinin prioritet istiqamətini təşkil edir. Bu siyasi kurs bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər müstəqillik amilinin praktiki baxımdan tam bərqərar olmasına yönəlmişdir.

Ulu öndərin hələ 8 il öncə - əsrlərin qovuşuğunda milli inkişaf nöqteyi-nəzərindən müəyyənləşdirdiyi strateji vəzifələr bu gün onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla gerçəkləşir. 2008-ci ilin 15 oktyabrında xalqın iradəsi ilə ikinci müddətə dövlət başçısı seçilmiş cənab İlham Əliyev hələ andiçmə mərasimində Azərbaycanın hazırkı uğurlarının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bir daha vurğulamış, bu strateji siyasi kursun bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir. Ötən beş ildə qazandığımız inanılmaz uğurlar bir daha göstərir ki, cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirmək üçün böyük əzmlə çalışır. Əminliklə demək olar ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempini sürətləndirəcək və qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

 

S.ELMANOĞLU

 

Azərbaycan.-2008.-28 dekabr.-S.3.